Ali qonağın
şərəfinə Ziyafətdə
İlham Əliyevin nitqi
İyunun 28-də
"Gülüstan" sarayında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin adından
İsrail dövlətinin Prezidenti Şimon Peresin şərəfinə
rəsmi ziyafət təşkil edilmişdir.
Dövlət başçıları ziyafətdə nitq
söyləmişlər.
Azərbaycan Prezidenti
İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:
- Hörmətli cənab
Prezident!
Əziz qonaqlar!
Hörmətli
xanımlar və cənablar!
Mən İsrail
Prezidentini Azərbaycanda bir daha salamlamaq istəyirəm. Bu
gün bizim çox yaxşı müzakirələrimiz oldu.
Münasibətlərimiz uğurla inkişaf edir. Biz cənab
Prezidentlə bir neçə dəfə
görüşmüşük və bu görüşlər
beynəlxalq tədbirlər çərçivəsində
müxtəlif ölkələrdə baş tutub. İndi isə
cənab Prezident Azərbaycana rəsmi səfərə gəlib.
Bu səfər böyük əhəmiyyət
daşıyır.
Səfər ikitərəfli
münasibətlərin inkişafı üçün yeni
imkanlar açacaq. Bu gün biz ikitərəfli əlaqələrə
dair vacib məsələləri, regional inkişaf məsələlərini,
o cümlədən beynəlxalq əhəmiyyət
daşıyan məsələləri nəzərdən
keçirdik.
İkitərəfli əlaqələr
haqqında danışarkən əminəm ki, əlaqələrimiz
bundan sonra daha da güclənəcəkdir. Bizim iqtisadi əməkdaşlığımızın
çox yaxşı perspektivləri var. Bu gün belə məsələlər
çox geniş formatda müzakirə olundu. İqtisadi
münasibətlərimiz inkişaf edir və bu sahədə
dövriyyəmiz 2 milyard dollara yaxındır. Zənnimcə,
gələcək illərdə bu rəqəm daha da artacaq.
Biz kənd təsərrüfatı,
turizm, elm, texnologiyalar sahəsində əməkdaşlıq
haqqında da danışdıq, səhiyyə sahəsinə
də toxunduq. Əminəm ki, bu sahələrdə və bir
çox digər yeni sahələrdə yaxşı həll
variantlarını tapa bilərik ki, onlar bizi bir-birimizə daha
yaxın etsin.
Azərbaycanda
xalqımızın yəhudilərlə daim dinc şəraitdə
birgə yaşadığını vurğulayan Prezident
İlham Əliyev respublikamızdakı yəhidi
icmasının ölkəmizin inkişafı
üçün töhfələrini əsirgəmədiyini
bildirdi. Dövlətimizin başçısı İsraildəki
Azərbaycan diasporunun da çox məhsuldar fəaliyyətini
xüsusi qeyd edərək dedi:
- Onlar məhz Azərbaycanı
tərk etmiş yəhudilərdir. Lakin onlar ölkəmizi tərk
etmələrinə baxmayaraq, Azərbaycanla hər zaman təmaslarını
saxlayırlar və ikitərəfli münasibətlərdə
müstəsna rol oynayırlar ki, bu da bizi çox fərəhləndirir.
Mən şübhə etmirəm ki, bu səfərdən sonra
ikitərəfli münasibətlərimiz uğurla davam və
inkişaf edəcəkdir.
Dövlətimizin
başçısı İsrail Prezidenti Şimon Pereslə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi barədə də ətraflı fikir
mübadiləsi apardıqlarını diqqətə
çatdıraraq dedi:
-Bu münaqişə
regionda ən böyük hədə mənbəyidir və bu
münaqişə beynəlxalq hüququn norma və prinsipləri
əsasında həll olunmalıdır. Yalnız o yolla ki, Azərbaycanın
ərazi bütövlüyü təmin edilsin. Bildiyiniz kimi,
işğalçı qüvvələr Azərbaycan ərazisindən
qeyd-şərtsiz çıxarılmalıdır və Ermənistanın
azərbaycanlılara qarşı apardığı etnik təmizləmə
siyasətinin qurbanına çevrilmiş
soydaşlarımız öz yurd-yuvalarına
qayıtmalıdırlar.
Prezident İlham Əliyev
Azərbaycan ilə İsrail arasında iqtisadi sahədə əməkdaşlığın
genişləndirilməsi üçün böyük
potensialın olduğunu bildirdi və həmin potensialın
reallaşdırılması üçün ölkəmizdə
əlverişli biznes mühitinin
yaradıldığını vurğuladı.
Dövlətimizin
başçısı dedi:
- Azərbaycanda çox
münbit sərmayə mühiti var və dünyanın
bütün ölkələrindən olan şirkətlər
ölkəmizdə rahat işləyə bilərlər.
Mən bir daha cənab
Prezident, Sizi və nümayəndə heyətinizi Azərbaycanda
salamlamaq istəyirəm və bu badəni Sizin şərəfinizə,
İsrail ilə Azərbaycan xalqlarının şərəfinə
qaldırmaq istəyirəm.
AzərTAc
Azərbaycan.- 2009.- 30 iyun.- S. 2, 3.