Ali qonağın şərəfinə

 

Ziyafətdə Şimon Peresin nitqi

 

İsrail Prezidenti Şimon PERES təşəkkür edərək dedi:

- Hörmətli dostum cənab Prezident!

Hörmətli xanım Əliyeva!

Xanımlar və cənablar!

Mən, sadəcə, qarşınızda bildirmək istəyirəm ki, cənab Prezident burada yüksək səviyyədə olan münasibətlərimizin gözəl təsvirini verdi. Mən bundan çox məmnunam və zənnimcə, hətta bundan sonra uzun-uzadı danışsam da, onun qədər gözəl danışa bilməyəcəyəm. Bu qəbula görə Sizə, sözün əsl mənasında, səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Siz mənə və mənim nümayəndə heyətimə bu qonaqpərvərliyi göstərdiniz. Bu, sözün əsl mənasında, bizim yadımızda daim qalan bir qəbuldur və eyni zamanda, mən bildirmək istəyirəm ki, atanız Azərbaycanın tarixində çox görkəmli şəxsiyyətlərdən biridir. Mən onun rolunu xüsusilə vurğulamaq istəyirəm.

Cənab Prezident, qeyd etmək istəyirəm ki, əgər Siz neftinizi mədəniyyətdən daha əvvəl tapsaydınız, aşkar etsəydiniz nə baş verərdi? Bu, düzgün, yoxsa qeyri-düzgün olardı? Bilirsiniz ki, ölkənizin təbiəti sizin torpağınızda, insanlarınızın qonaqpərvərliyində öz əksini tapmışdır. Siz mənə bu gün bildirdiniz ki, öz işlərinizi davam etdirəcəksiniz. Çünki neft-neftdir, qaz-qazdır, mədəniyyət-mədəniyyətdir. Bütün bunlar xalqa lazımdır. Siz qeyd etdiniz ki, öz xalqınızın naminə yorulmadan çalışırsınız.

Ermənistanın Azərbaycan ərazisini işğal etməsi ilə bağlı ətraflı məlumata malik olduqlarını deyən İsrail Prezidenti Şimon Peres zəngin mədəni irsə malik respublikamızın dost ölkələrə daim kömək əlini uzatdığını qeyd etdi. Bu həqiqəti yəhudi xalqının yaxşı bildiyini söylədi:

- Biz çox minnətdarıq ki, Azərbaycanda, burada yəhudi icmasına xüsusi xoş münasibət bəslənilir. Biz bilirik ki, Azərbaycandan İsrailə gələn şəxslər ölkənizlə bağlı ən xoş təəssüratlarını daim bölüşürlər.

Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, insanlar arasında sıx münasibətlərin yarandığını deyən İsrail Prezidenti məhz belə şəraitdə demokratiyanın da uğurla inkişaf etdiyini bildirdi. İsrailin dövlət başçısı Heydər Əliyev Fondunun və fondun prezidenti Mehriban Əliyevanın fəaliyyətini də yüksək dəyərləndirərək dedi:

-Xanım Əliyeva, Sizin burada olmağınızdan böyük şərəf hissi duyuram. Biz Sizin işinizlə də tanış olduq. Biz Sizin fondda olarkən gördük ki, Heydər Əliyevin təhsil haqqında şəhadətnaməsində qiymətlərinin hamısı əla olmuşdur. Biz bu məlumatları topladıq. Biz bunu öyrənməkdən çox şad olduq.

Bizi birləşdirən məsələlər çoxdur. Hesab edirik ki, bizim sizinlə münasibətlərimiz həm sizin üçün, həm bizim üçün çox faydalıdır. Eyni zamanda, hesab edirəm ki, bizim gələcək potensialımız çoxdur. Biz nəinki əməkdaşlıq yolu ilə, o cümlədən işlərimizin əlaqələndirilməsi yolu ilə daha böyük nəticələr əldə edə bilərik.

Prezident Şimon Peres ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anaraq dedi:

- Mən Sizin atanızla görüşmüşəm və onun mənə söylədiyi məsələlərdən bir çox vacib meyarları özüm üçün qeyd etmişəm. O, Azərbaycanın gələcəyi ilə bağlı uzaqgörənliyi və müdrik mövqeyi ilə daim seçilirdi.

Güclü ordunun xalqlarımızın və ölkələrimizin milli mənafeyini qorumaq üçün lazım olduğunu vurğulayan Prezident Şimon Peres nitqini dahi Azərbaycan şairi Nizami Gəncəvinin kəlamı ilə tamamladı:

-Dahi Azərbaycan şairi Nizami Gəncəvi demişdir: "Ünsiyyəti hansı kəs arayıbdır yaxşıda, Məqamında işinə yarayıbdır yaxşı da". Bu gün məhz bu kəlam aktual hesab olunur. Hesab edirəm ki, Sizin müdrikliyinizlə bu ölkə daha da inkişaf edəcəkdir. Mən badəmi bizə əziz olan, hamımıza əziz olan dostluğun, Azərbaycan ilə İsrail arasındakı əməkdaşlığın şərəfinə qaldırıram.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 30 iyun.- S. 3.