Azərbaycan-Rusiya sənədlərinin imzalanması

 

İyunun 29-da Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Rusiya sənədlərinin imzalanması mərasimi olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev Xəzər dənizi üzrə birgə bəyannaməni və dövlət sərhədlərinin delimitasiyasının başa çatdırılmasının əsas prinsipləri və Samur çayının su resurslarının Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında bölüşdürülməsi barədə birgə bəyannaməni imzaladılar.

Azərbaycan təbii qazının alış-satışı üzrə müqavilənin əsas şərtlərini Azərbaycan tərəfdən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Rusiya tərəfdən "Qazprom" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin prezidenti Aleksandr Miller imzaladılar.

Azərbaycan Respublikası və Rusiya Federasiyasının Kabardin-Balkar Respublikası hökumətləri arasında ticarət-iqtisadi, elmi-texniki, mədəni əməkdaşlıq haqqında razılaşmanı Azərbaycan tərəfdən Baş nazirin birinci müavini Yaqub Eyyubov, Rusiya tərəfdən isə Kabardin-Balkar Respublikasının Prezidenti Arsen Konokov imzaladılar.

Azərbaycan Respublikası və Rusiya Federasiyası hökumətləri arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasında və Rusiya Federasiyasının Azərbaycan Respublikasında diplomatik nümayəndəliklərinin yerləşdirilməsi və xidmət göstərilməsi üzrə şərtlər haqqında sazişin hazırlanması barədə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında birgə bəyannaməni Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov imzaladılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 30 iyun.- S. 4.