Azərbaycan Prezidenti İlham Əliyevin və
Rusiya Prezidenti Dmitri Medvedevin birgə mətbuat konfransı
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
- Hörmətli Dmitri Anatolyeviç!
Hörmətli qonaqlar,
xanımlar və cənablar!
Mən Rusiya Prezidentini
ölkəmizdə yenidən salamlamağa şadam. Ölkələrimiz
arasında çox yüksək səviyyədə
qarşılıqlı siyasi fəaliyyət, çox sıx əlaqələr
mövcuddur. Münasibətlər yüksək dərəcədə
dinamikliyi ilə xarakterizə edilir. Prezidentlər səviyyəsində
müntəzəm görüşlər keçirilir ki, bu da
münasibətlərimizin xarakterini əks etdirir və ölkələrimizi
daha da yaxınlaşdırır.
Biz hamımız
Prezident Medvedevin düz bir il əvvəl Azərbaycana rəsmi
səfərini çox yaxşı xatırlayırıq.
Yüksək qiymətləndiririk ki, bu, Prezident kimi Dmitri
Anatolyeviçin ilk rəsmi səfərlərindən biri idi
və həmin səfər çərçivəsində
imzalanmış sənədlər bu gün yerinə yetirilir.
Dostluq və strateji əməkdaşlıq haqqında
müqavilə uğurla yerinə yetirilir və bu gün
imzalanmış sənədlər son bir il müddətində
əldə etdiklərimizin məntiqi davamıdır.
Bizim aramızda bir
neçə görüş olmuşdur və onların hər
biri çox mühüm idi. Biz həm bu gün və həm
də gələcəkdə münasibətlərimizin
xarakterini və regional prosesləri xeyli dərəcədə
müəyyənləşdirən qərarlar qəbul
etmişik.
İqtisadi planda müxtəlif
layihələr də uğurla həyata keçirilir.
Dünyada baş vermiş maliyyə böhranı ilə əlaqədar
əmtəə dövriyyəsinin bir qədər
azalmasına baxmayaraq, bunun dinamikliyi, strukturu deməyə imkan
verir ki, bu müvəqqəti hal tezliklə aradan
qaldırılacaqdır. Həm də bu gün
imzalanmış sənədləri nəzərə almaqla
inanıram ki, növbəti ildə biz əmtəə
dövriyyəsinin kəskin surətdə artacağını
görəcəyik.
Biz humanitar sahədə
əməkdaşlığın inkişaf etməsindən
çox məmnunuq. Bu sahə ölkələrimiz
üçün çox mühüm əhəmiyyətə
malikdir. Biz öz tərəfimizdən hər şeyi etməyə
çalışırıq ki, bu sahədə əməkdaşlıq
ölkələrimiz arasında həm siyasi və həm də
iqtisadi münasibətlərə həmişə uyğun gəlsin.
Şadam ki, bu baş verir.
Bu gün biz qaz sahəsində
səmərəli əməkdaşlıq üçün
yaxşı zəmin yaratdıq. Bu gün "Qazprom" və
ARDNŞ arasında münasibətlərimizdə yeni səhifə
açan müqavilə imzalamışıq. Hesab edirəm
ki, bu əməkdaşlıq çox uğurlu,
qarşılıqlı faydalı olacaq, Rusiya və Azərbaycanın
maraqlarını tam təmin edəcəkdir. Təməli
qoyulan bu işlərin, bu təşəbbüslərin
uğurla həyata keçirilməsi, təbii ki, ölkələrimiz
arasında energetika sahəsində genişmiqyaslı əməkdaşlıqdan
çox asılı olacaqdır. Bu, neft, qaz və həm də
elektroenergetikadır və bütün bu istiqamətlərdə
yaxşı nəticələr vardır.
Bu gün
imzalanmış müqavilə energetika üzrə münasibətlərimizin
yeni istiqamətidir. Qaz amilinin regionda və dünyada vacibliyini
nəzərə alaraq, hesab edirəm ki, imzalanmış
müqavilənin mühümlüyü xüsusi şərh
tələb etmir.
Bu gün ölkələrimiz
arasında sərhədin yekun delimitasiyası işində də
mühüm addım atdıq. Bundan sonra bu istiqamətdə irəliləyəcəyimiz
və müqavilələrin imzalanmasına imkan verən
prinsiplər razılaşdırılmışdır.
Ümumiyyətlə mən münasibətlərimizin inkişafından
çox razıyam.
Rusiya və Azərbaycan
arasında münasibətlər barədə çox
danışmaq olar. Bu gün geniş formatın yalnız bir
hissəsi müzakirə edildi və biz mühüm
razılaşmaya nail olduq.
Təbii, bu gün biz
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizama salınması məsələlərini
müzakirə etdik. Biz Rusiyaya və şəxsən onun
Prezidentinə münaqişənin nizama salınması
prosesində fəal iştiraka görə çox minnətdarıq.
Bu ayın əvvəllərində Peterburqda Rusiya Prezidentinin
iştirakı ilə Ermənistan və Azərbaycan prezidentləri
arasında keçirilmiş görüş əminəm ki,
danışıqların davam etdirilməsi üçün
yaxşı mühit yaratmışdır. Biz vasitəçi
kimi, Azərbaycanın qonşusu kimi bu mürəkkəb məsələnin
nizama salınmasında Rusiyanın gələcəkdə də
fəal iştirakına ümid bəsləyirik.
Bir daha bu gün
keçirilmiş görüşlər və
imzalanmış sənədlərə, həm də
bütövlükdə, ölkələrimiz arasında
münasibətlərə görə məmnunluğumu ifadə
etmək istəyirəm.
Əminəm ki, gələcəkdə
onlar uğurla inkişaf edəcəkdir.
Sağ
olun.
Rusiya Prezidenti Dmitri Medvedevin bəyanatı
- Hörmətli
İlham Heydər oğlu!
Hörmətli kütləvi
informasiya vasitələrinin nümayəndələri!
Həqiqətən, Azərbaycan
Prezidenti ilə bizim çox yaxşı və səmərəli
danışıqlarımız oldu.
Demək istərdim ki,
doğrudan da, görüşlərimizin tez-tez baş
tutması və dinamikliyi, bu danışıqları fərqləndirən
şərait, mühit bizi çox sevindirir. Ona görə ki,
bu, məlum dərəcədə danışıqları necə
aparmağın, ən müxtəlif iqtisadi, siyasi məsələlər
üzrə razılığa necə gəlməyin nümunəsidir.
Biz, həqiqətən,
tez-tez görüşürük. Bu, Rusiya və Azərbaycanı
birləşdirən strateji münasibətlərin
xalqlarımızın rifahı naminə möhkəmlənəcəyinə,
davamlı və çox qarşılıqlı faydalı surətdə
inkişafına təminatdır. Bu gün burada, belə
gözəl yerdə biz ən müxtəlif məsələlər
üzrə danışıqlar apardıq. Lakin əlbəttə,
buna qədər bizim nümayəndə heyətləri də
işləmişlər. Buna görə də biz, sadəcə,
daxili və xarici mövzuları müzakirə etmək
üçün deyil, sənədlər üzərində
işi yekunlaşdırmaq üçün
görüşmüşük. Elə indicə mənim həmkarım
- Azərbaycan Prezidenti də həmin sənədlərin
adını çəkdi. Əlbəttə, mən də qaz
üzrə müqaviləni qeyd etmək istərdim.
Çünki bu, qaz sahəsində əməkdaşlığa
başlamağın mərhələ anıdır. Ölkələrimiz
enerji daşıyıcılarının ən iri təchizatçılarıdır.
Biz neft sahəsində işləmişik və işləməkdə
davam edirik, lakin qaz sahəsində əməkdaşlığın
inkişafını birbaşa indi açırıq. Deməli,
bu, hələlik başlanğıcdır. Lakin mənə elə
gəlir ki, həmin istiqamətdə əlaqələri daha
da təkmilləşdirmək, qaz sahəsində
qarşılıqlı faydalı əməkdaşlıqla məşğul
olmaq üçün yaxşı başlanğıcdır. Mən
hesab edirəm ki, biz yaranan böyük imkanları və
get-gedə artması ehtimal olunan böyük həcmləri nəzərə
almaqla, bu işi bundan sonra da davam etdirə bilərik. Hər
halda, bu gün imzaladığımız sənəd
yaxşı başlanğıcdır.
Əməkdaşlığın
digər istiqamətlərinə gəldikdə isə, həqiqətən,
son illər az iş görülməmişdir. Ötən il
yeni strateji sənəd - dostluq və strateji əməkdaşlıq
haqqında bəyannamə imzaladıq. Bu sənəd indi icra
olunur və bu gün imzaladığımız müqavilə
həmin baza sənədinin konkretləşdirilməsidir.
Ayrıca onu da qeyd etmək
istərdim ki, biz İlham Heydər oğlu ilə müntəzəm
görüşürük və əgər hər hansı
yeni təklif yaranırsa, onlar təcili və olduqca konstruktiv
şəkildə nəzərdən keçirilir. Buna görə
də mən dedim ki, bu, xarici siyasi işlərin
aparılması baxımından nümunəvi xarakter
daşıyır.
Bu gün
imzaladığımız bütün sənədlər, -
bu, Xəzər dənizi üzrə birgə bəyannamədir,
- biz elə indi bu dənizin sahilindəyik və belə bir
yerdə həmin sənədləri necə imzalamamaq olar?! Bu,
Xəzər tematikası üzrə birgə işimizin
növbəti mərhələsidir; bu həmçinin
diplomatik məsələdir, bizim çoxdan müzakirə
etdiyimiz və yekunlaşdırılması lazım gələn
və bu gün həllinə nöqtə qoyulmuş
daşınmaz əmlak məsələsidir; bu, sərhədin
yekun delimitasiyası məsələsi üzrə gələcək
irəliləyişə dair memorandumdur - burada da iş
görülmüş, kompromislər tapılmış və
biz, əlbəttə, həmin prosesi yaxın vaxtlarda başa
çatdırmaq üçün bu işi davam etdirəcəyik.
Bu gün gördüyümüz bütün işlər
münasibətlərimizin çoxcəhətli - iqtisadi və
humanitar sahələr üzrə mənzərəsini əks
etdirir.
Son illər iqtisadiyyat, həqiqətən,
heç də pis inkişaf etməmişdir. Ötən il əmtəə
dövriyyəsi 2 milyard 400 milyon dollar səviyyəsinə
qalxmışdır. Bu il, əlbəttə, əmtəə
dövriyyəsində azalma müşahidə edilir. Lakin qeyd
etmək istəyirəm ki, bu, bizim münasibətlərimizə,
Rusiya və Azərbaycan arasında münasibətlərə
aid edildikdə faciəvi azalma deyildir. Təəssüf ki, bəzi
hallarda sürətli enmə baş verir, bizdə isə bu belə
deyildir. Biz əldə olunan səviyyəni saxlamaq istərdik.
Bu gün imzalanan sənədləri nəzərə almaqla
İlham Heydər oğlunun dedikləri ilə tam həmrəyəm,
hər şeydən əvvəl, burada hətta itirilmiş əmtəə
dövriyyələrini bərpa etmək imkanı vardır.
Ölkələrimiz və
xalqlarımız arasında münasibətlərin dostluq
xarakterini nəzərə alaraq deməliyəm ki, humanitar
istiqamət ənənəvi olaraq çox vacibdir. Humanitar sahəyə
başqa yerdə olmadığı qədər göstərdiyi
diqqətə görə, Azərbaycan Prezidentinə məxsusi
minnətdarlığımı bildirmək istərdim. Rusiya
ali məktəblərinin filiallarının
açılmasına dair qəbul edilən qərarlar, əlbəttə,
qarşılıqlı faydalı xarakterə malikdir. Biz
çox şadıq ki, burada əməkdaşlıq sürətlə
və güman etdiyimiz tərzdə çox səmərəli
davam edir. Yaxın vaxtlarda müxtəlif tədbirlər
olacaqdır.
Praktik olaraq bu gün
Rusiyada Azərbaycan günləri başlayır və bir
sıra humanitar tədbirlər olacaqdır. Beləliklə,
humanitar istiqamətdə bizdə hər şey
qaydasındadır və istərdik ki, inkişaf edən
iqtisadi və xarici siyasət istiqamətlərindəki əlaqələrimiz
kimi, onlar da uğurla və səmərəli inkişaf etsin.
Biz, əlbəttə,
Dağlıq Qarabağ probleminin nizama salınması məsələsinə
toxunmaya bilməzdik. Biz Peterburqda görülən işlər
barədə danışdıq. Mənim üçün
eşitmək xoşdur ki, Azərbaycan Prezidenti həmin məsləhətləşmələr
mərhələsini kifayət qədər səmərəli
qiymətləndirir. Rusiya bu prosesdə bundan sonra da kömək
etməyə, həmin prosesin davam etməsinə və təbii
ki, problemin yekun həllinə doğru irəliləməsi
üçün bütün imkanları və vasitəçilik
xidmətlərini göstərməyə hazırdır.
Buna görə də
demək istərdim ki, bu gün əldə etdiyimiz nəticələrdən
məmnunuq və Azərbaycan Prezidentinə məni və bizim
nümayəndə heyətini Azərbaycana işgüzar səfərə
dəvət etdiyinə görə təşəkkürümü
bildirirəm.
Sağ
olun, İlham Heydər oğlu!
* * *
Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.
SUAL: (Mixail Petrov, İTAR-TASS). Mənim sualım hər iki Prezidentədir. Elə indicə özünüzün bəyanatlarınızda siz qaz müqaviləsini xatırlatdınız. İstərdim ki, bunu bir qədər geniş şərh edəsiniz. Sizin fikrinizcə, bu nədir? İki ölkə arasında əməkdaşlığın inkişafı istiqamətində növbəti addım, yeni tərəqqinin sübutudur və ya dünyada müasir meyillərə, müasir böhranlara cavab reaksiyasıdır?
İLHAM ƏLİYEV: Hesab edirəm ki, ilk növbədə, həmin müqavilə burada, bu sarayda apardığımız və əldə etdiyimiz razılaşmalardan irəli gəlir. Bir il əvvəl Dmitri Anatolyeviçin rəsmi səfəri zamanı bu mövzu müzakirə edilmişdi. Bundan əvvəl "Qazprom"un prezidenti cənab Miller ölkəmizə səfər etmişdi. Beləliklə, minimum bir il müddətində şirkətlərimiz arasında həmin mövzu ilə bağlı danışıqlar aparılmış, prinsiplər, kommersiya parametrləri razılaşdırılmışdır. Danışıqlar konstruktiv, xoş məram ruhunda aparılmış və tərəflər razılığa gəlmişlər, bu da təbii olaraq, bizdə müsbət hisslər yaradır. Ona görə ki, bu gün qeyd edildiyi kimi, Azərbaycan qazının Rusiyaya ixrac olunması münasibətlərimizin yeni sahəsidir.
Azərbaycan bu yaxınlarda qaz ixrac edən ölkəyə çevrilmişdir. Bu gün Azərbaycan qazı artıq dünyanın dörd ölkəsinə nəql edilir və gələn ildən başlayaraq, həm də Rusiyaya ixrac olunacaqdır. Ölkəmizin qaz potensialı kifayət qədərdir və mən deyə bilərəm ki, bu il qaz hasilatının səviyyəsi təqribən 27 milyard kubmetr olacaqdır. Növbəti ildə isə biz 30 milyard kubmetrdən çox qaz çıxarmağı planlaşdırırıq. Bizim üçün Rusiya ilə qaz sahəsində əməkdaşlıq həm də yeni bazara çıxmaq, qaz təchizatının şaxələndirilməsini təmin etmək imkanıdır. Hərdən "şaxələndirmə" sözü eşidiləndə, əsasən istehlakçılar üçün şaxələndirmə nəzərdə tutulur. Lakin Rusiya kimi və artıq Azərbaycan kimi istehsalçılar üçün nəqletmənin şaxələndirilməsi, istehsalçılar üçün təchizat mənbələrinin şaxələndirilməsi kimi vacibdir. Bu müqavilə maraqlarımıza bütünlüklə cavab verir və deyə bilərdim ki, Rusiyanın da maraqlarına cavab verir. Həmin müqavilə yaxşı perspektivlərə malikdir. Gələcəkdə Azərbaycanda qaz hasilatı artdıqca, nəql olunacaq qaz həcmlərini də artırmağı planlaşdırırıq.
Bu müqavilə kommersiya xarakterinə malikdir və ona görə çox vacibdir ki, təəssüf, son vaxtlar qaz münasibətləri mövzusu süni surətdə və tamamilə əsaslandırılmamış şəkildə siyasiləşdirilir. Bu müqavilə ilə Rusiya və Azərbaycan qaz sahəsində siyasiləşdirilməyən, hər iki dövlətin marağına xidmət edən, azad rəqabət və bazar iqtisadiyyatı ruhuna cavab verən münasibətlər mədəniyyətini nümayiş etdirir. Belə olan halda heç bir məsələ meydana çıxmaz.
Gizlətmirəm ki, bu müqavilənin əldə olunması üçün potensial nəqledənlərlə çoxlu məsləhətləşmələr və danışıqlar aparmaq lazım olmamışdır. Rusiya və Azərbaycan arasında heç bir nəqledən yoxdur. Bizə, habelə qaz kəmərləri çəkmək üçün vəsait axtarmaq lazım deyildir. Qaz kəməri vardır və o, işlək vəziyyətdədir. Bizə isə yalnız texniki və kommersiya parametrləri üzrə və bir il əvvəl imzalanmış dövlətlərimizin milli maraqlarını təmin edən dostluq və strateji əməkdaşlıq haqqında bəyannamənin ruhuna uyğun müqavilə lazım idi. Mən sizin sualınızı belə şərh edərdim.
DMİTRİ MEDVEDEV: İlham Heydər oğlunun söylədiklərinə, demək olar heç nə əlavə edə bilməyəcəyəm. Çünki Azərbaycan Prezidentinin imzalanmış həmin müqavilələrin məzmunu, əməkdaşlığımızı inkişaf etdirən həmin sazişlərin istiqaməti və mahiyyətinə dair söylədiklərinin altından qol çəkməyə hazıram. Yeganə olaraq nəyi demək istərdim: Rusiyanın əslində, təbii qazı az deyil və biz, həqiqətən, müxtəlif bazarlarda işləyirik. Lakin məhz belə sazişlər bizə gələcəyə baxmağa imkan verir. Niyə? Ona görə ki, enerji daşıyıcılarını özlərinin baza milli sərvəti kimi nəzərdən keçirən iki ölkə nəinki sivil şəkildə razılığa gəlir, həmçinin perspektivi bunda görür.
Həm də bu, siyasi motivlərə görə deyil, bayaq düzgün deyildiyi kimi, qarşılıqlı faydadan irəli gələrək edilir. Bizim əməkdaşlığımıza heç kimin mane ola bilməyəcəyi şəraitdə edilir və yalnız əlavə imkanlar yaradır. Mənim fikrimcə bu, hamımızın belə intensiv şəkildə can atdığımız, haqqında çox danışdığımız və onunla bağlı xüsusi enerji layihəsi, yəni, yaxın gələcəkdə energetika sahəsində necə işləyəcəyimiz barədə razılaşma qəbul olunmasını təklif etdiyimiz enerji təhlükəsizliyinin özünə dair nümunədir. Buna görə də hesab edirəm ki, bu cür, yenidən bu termini işlədirəm, nümunəvi münasibətlər digər energetika münasibətlərinin, bu sahədə digər münasibətlərin istiqamətləndiyi indikator rolunu oynaya bilər.
Hesab edirəm ki, imzalanmış müqavilənin yaxşı gələcəyi vardır. Bu, yalnız başlanğıcdır. Ümid edirik ki, bu əməkdaşlıq gözlədiyimiz bəhrəni verəcəkdir, bunun üçün bütün şərait vardır.
O zaman əməkdaşlığın miqyası genişlənəcəkdir. Biz bu sahədə hansısa digər birgə layihələr barədə düşünə bilərik. Ən əsası nədənsə başlamaqdır. Bu gün elə həmin əməkdaşlığın başlanğıcıdır. Bu gün Rusiya-Azərbaycan qaz münasibətləri üçün mühüm gündür. Ümid edirəm ki, biz hamımız bu günü yadda saxlayacağıq.
SUAL: (Səbinə Məmmədova, AzTV). Mənim sualım hər iki Prezidentədir.
Moskva bəyannaməsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və beynəlxalq təşkilatların qərarları əsasında nizama salınması barədə dəqiq deyilmişdir. Bu müddəa beynəlxalq birliyin prinsipial mövqeyinə uyğundur. Həmin müddəanın gələcək həyati təcəssümünü necə görürsünüz?
İLHAM ƏLİYEV: Bəli, siz haqlısınız. Moskvada imzalanmış bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hansı prinsiplər üzrə nizama salınması dəqiq göstərilmişdir: beynəlxalq hüquq prinsipləri hamıya məlumdur, indiki halda beynəlxalq təşkilatların qərarlarını, təbii ki, ən nüfuzlu beynəlxalq təşkilatın - Birləşmiş Millətlər Təşkilatının qərarını əsas götürürük. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz surətdə çıxmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Digər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT də müvafiq qərarlar qəbul etmişdir. ATƏT-in Lissabon sammitinin qərarı da indiyədək qüvvədədir. Təbii ki, həmin münaqişə bu prinsiplər əsasında nizama salınmalıdır. Ərazi bütövlüyü prinsipi pozulmazdır. Xalqların öz müqəddəratını təyin etməsinə gəldikdə isə o, vahid Azərbaycan dövlətinin ərazi bütövlüyü çərçivəsində uğurla reallaşdırıla bilər.
Bu gün danışıqlar prosesi mən deyərdim ki, yekun mərhələsinə daxil olur. Bu gün biz Dmitri Anatolyeviçlə birlikdə qeyd etdik ki, bu ay Sankt-Peterburqda keçirilmiş danışıqların növbəti mərhələsi kifayət qədər səmərəli olmuşdur. Biz irəliyə doğru daha bir neçə addım ata bilmişik. Əlbəttə, Azərbaycanda, yəqin ki, Ermənistanda və dünyada münaqişənin mümkün qədər tez nizama salınmasına dair böyük ümidlər vardır. Lakin biz irəliyə doğru hərəkət edirik. Bu, nikbinlik təlqin edir, danışıqlar prosesini möhkəmlədir. Baxmayaraq ki, atəşkəs barədə qərarın qəbul edildiyi 1994-cü ildən bəri münaqişə nizama salınmamışdır, bir neçə il əvvəllə müqayisədə bu gün münaqişənin nizama salınmasına ümidlər daha çoxdur. Buna görə də hesab edirəm ki, münaqişəni bütün tərəflərin konstruktiv əməkdaşlığı, anlaşma üstünlükləri və maraqları ruhunda nizamlaya biləcəyik. Biz bunu istəyirik, buna can atırıq və öz tərəfimizdən buna nail olmaq üçün hər şeyi edirik.
DMİTRİ MEDVEDEV: Mən, əlbəttə tamamilə razılaşmaq istəyirəm ki, bu cür problemlər yalnız möhkəm beynəlxalq hüquqi baza əsasında nizama salına bilər. Həmin baza məlumdur. O, elə indicə İlham Heydər oğlu tərəfindən ifadə olunmuşdur. Həqiqətən, söhbət bir vaxtlar sivil adlandırılan xalqlar tərəfindən işlənib hazırlanmış beynəlxalq hüququn ümumi prinsiplərindən gedir. Söhbət təbii ki, əsas beynəlxalq təşkilatların və ilk növbədə, Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair qərarlarından və qətnamələrindən gedir. Mənim fikrimcə, ən başlıcası heç də o deyil ki, bu prinsiplər mövcuddur - onları heç kim inkar etmir, başlıcası odur ki, tərəflər bütün məsələləri məhz bu ruhda nəzərdən keçirməyə hazır olmalı və münaqişəni hansısa başqa şeylər düşünmədən həmin baza prinsipləri əsasında nizama salmalıdırlar. Bax, elə bu, mənim fikrimcə, ümid verir ki, həmin mürəkkəb və kifayət qədər uzun sürən münaqişənin həll edilməsi şansı vardır. Sankt-Peterburqda keçirilmiş sonuncu görüş göstərdi ki, fikrimizcə, tərəfləri qəbul edən Rusiya Federasiyasının fikrincə, danışıqların iştirakçıları, - mən Azərbaycanı və Ermənistanı nəzərdə tuturam, - müxtəlif məsələlər üzrə mövqelərdə mövcud olan fikir ayrılıqlarını tədricən aradan qaldırmağa və Azərbaycan Prezidentinin irəliyə doğru hərəkət barədə söylədiyi kimi, irəliləməyə hazırdırlar.
Münaqişənin çox yaxın perspektivdə həll olunması üçün bütün imkanlar vardır və Rusiya digər dövlətlərlə birlikdə, - burada heç bir qısqanclıq ola bilməz, - bu münaqişənin maksimum səmərəli şəkildə nizama salınmasına çalışacaqdır.
AzərTAc
Azərbaycan.- 2009.- 30 iyun.- S. 4. 5.