İsrail Prezidenti Şimon Peres Azərbaycan Dillər Universitetində olmuşdur
İsrail Prezidenti
Şimon Peres Azərbaycana rəsmi səfəri çərçivəsində
iyunun 29-da Azərbaycan Dillər Universitetində müəllim
və tələbə heyəti ilə
görüşmüşdür.
Ali qonağı təhsil
ocağında salamlayan universitetin rektoru Səməd Seyidov
burada tələbələrə İsrail tarixinin, mədəniyyətinin
və dilinin öyrədildiyini dedi.
Azərbaycan Dillər
Universitetində İsrail Mədəniyyət Mərkəzinin
fəaliyyət göstərdiyini diqqətə
çatdıran rektor bildirdi ki, xalqlar arasında dost
münasibətlər bir çox məsələlərin həllinə
yardım edir.
Səməd Seyidov
Prezident Şimon Peresin Azərbaycana səfərinin iki ölkə
arasında münasibətlərin daha da möhkəmləndirilməsinə
əsaslı töhfə olacağını dedi. Səfər,
həmçinin Azərbaycan və İsrail təhsil
ocaqları arasında əməkdaşlığın
genişlənməsinə də mühüm töhfədir.
Sonra İsrail Prezidenti
Şimon Peres tələbələri maraqlandıran
sualları cavablandırdı.
Sualların əksəriyyətinin
qonağın doğma ivrit dilində verilməsi İsrail Prezidentində
xoş təəssürat yaratdı.
Enerji sahəsinə aid
sualın cavabında ali qonaq Azərbaycanın zəngin təbii
ehtiyatlara malik olduğunu və bəzi ölkələrdən
fərqli olaraq bunun məsuliyyətini dərk etdiyini bildirdi. O,
alternativ enerji mənbələrinin axtarışını da
vacib hesab etdiyini diqqətə çatdırdı.
Dünyada mövcud
münaqişələrlə bağlı sualı
cavablandıran Şimon Peres əminliklə bildirdi ki,
bütün problemlər danışıqlar masası
arxasında həll oluna bilər.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunan
Şimon Peres məsələ ilə bağlı ölkəsinin
mövqeyini bir daha açıqladı:
- İsrailin mövqeyi
çox aydındır. Biz Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyirik. Bir
dövlətin digərinin ərazisini işğal etməyə
haqqı yoxdur. Biz Azərbaycan Prezidentinin torpaqları sülh
yolu ilə qaytarmaq siyasətini dəstəkləyirik.
Tələbələrə
müraciət edən Şimon Peres bir daha elmə, təhsilə
yiyələnməyin vacibliyini vurğuladı, dedi ki, ölkənin
inkişafı bu amilin sayəsində mümkündür.
Ölkəsi barədə
məlumat verən ali qonaq İsraildə bir çox nailiyyətlərin
məhz elmin inkişafı nəticəsində mümkün
olduğunu bildirdi.
Çıxışının
sonunda Ş.Peres dedi ki, Azərbaycan gələcəyi olan
ölkədir. Çünki bu ölkənin ilk növbədə
zəngin mədəniyyəti vardır.
İsrail dövlətinin
başçısına universitetdən xatirə hədiyyəsi
olaraq ivrit dilini öyrənən tələbələrin və
İsrail Mədəniyyət Mərkəzinin fəaliyyətini
əks etdirən fotoalbom hədiyyə edildi.
AzərTAc
Azərbaycan.- 2009.- 39 iyun.- S. 5.