Yəhudi icmalarının üzvləri ilə görüş
Ölkəmizə rəsmi
səfəri çərçivəsində İsrail
Prezidenti Şimon Peres iyunun 29-da Bakıdakı
"Aşkenaz" sinaqoqunu ziyarət etmiş, Azərbaycandakı
yəhudi icmalarının üzvləri ilə
görüşmüşdür.
Prezident Şimon Peres əvvəlcə
sinaqoqun birinci mərtəbəsindəki ibadət
otağında Bakıda fəaliyyət göstərən yəhudi
"Xabat Oravnı" tədris məktəbinin şagirdlərinin
ifasında "İsrail torpağı"
mahnısını dinləmiş, onların ifasında yəhudi
milli rəqslərinə tamaşa etmiş, xatirə şəkli
çəkdirmişdir.
İsrail Prezidenti
sinaqoqda toplaşan yəhudi gəncləri ilə
görüşərək onlarla söhbət etmişdir. Bakıya
səfərindən razılıq edən Prezident Şimon
Peres Azərbaycanda belə bir sinaqoqun və yəhudi tədris
məktəbinin olmasından məmnun qaldığını
vurğulamışdır.
Sinaqoqun ikinci mərtəbəsində
yerləşən ibadət otağında İsrail Prezidenti
Şimon Peres ölkəmizdə fəaliyyət göstərən
yəhudi icmalarının nümayəndələri, ibadətə
gələn yəhudilər ilə
görüşmüşdür. Azərbaycanın və
İsrailin dövlət himnləri oxunmuşdur.
İsrail Prezidentinin
ölkəmizə səfərini mühüm tarixi hadisə
hesab edən Dağ Yəhudiləri İcmasının sədri
Semyon İxiilov yəhudilərin Azərbaycanda 2700 il əvvəl
məskunlaşdığını və bu günədək
daim sülh və əmin-amanlıq şəraitində
yaşadıqlarını bildirmiş, Azərbaycanda heç
bir zaman antisemitizm əhval-ruhiyyəsinin
olmadığını qeyd etmişdir.
Azərbaycan Avropa Yəhudiləri
İcmasının sədri Gennadi Zelmanoviç bir icma kimi
üç əsrə yaxın dövrdə Azərbaycanda
yaşadıqlarını və respublikamızın
tolerantlıq baxımından bir çox ölkələrə
örnək olduğunu vurğulamışdır. Azərbaycanı
öz vətənləri hesab etdiklərini deyən icma rəhbəri
dövlətimizin onlara daim diqqət və qayğı
göstərdiyini bildirmişdir.
Quba rayonunda
"Qırmızı qəsəbə" dağ yəhudiləri
icmasının sədri Boris Simanduev vətənləri olan Azərbaycanda
hər bir qayğı ilə əhatə olunduqlarını
qeyd etmişdir. O, ulu öndər Heydər Əliyev kimi,
Prezident İlham Əliyevin də onları daim diqqətdə
saxladığını bildirmişdir.
Sonra Azərbaycan və
İsrail xalqlarının dostluğunun əbədi olması
üçün dualar oxunmuşdur.
İsrail Prezidenti
Şimon Peres Azərbaycana səfərindən danışaraq
ona göstərilən diqqət və qayğıya görə
Prezident İlham Əliyevə təşəkkürünü
bildirmişdir. Keçirdiyi bir sıra görüşlərdən
məmnun qaldığını deyən İsrail Prezidenti Azərbaycanda
müxtəlif dinlərdən olan insanların sülh və əmin-amanlıq
şəraitində yaşamalarını mühüm hadisə
adlandırmışdır. Torpaqlarının 20 faizinin
işğal olunmasına, qaçqın və məcburi
köçkün problemi ilə üzləşməsinə
baxmayaraq, Azərbaycanın bu gün sürətlə
inkişaf etdiyini bildirən Prezident Şimon Peres ölkəmizin
əsl dost və etibarlı tərəfdaş olduğunu qeyd
etmişdir. Ölkəmizə səfərindən sonra Azərbaycan-İsrail
dostluğunun daha da inkişaf edəcəyini deyən Şimon
Peres Prezident İlham Əliyevi və Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanı İsrailə dəvət
etdiyini vurğulamışdır.
Prezident Şimon Peres
ölkəmizdə fəaliyyət göstərən dini
icmaların rəhbərlərinə hədiyyələr təqdim
etmişdir.
İsrail Prezidentinə
tablo hədiyyə olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 30 iyun.- S. 5.