Xalqına xoşbəxtlik bəxş edən
dahi
Məşhur rus
yazıçısı N.V.Qoqol "Nevski prospekti" povestində
yazmışdır: "....İnsan elə bir ilahi
varlıqdır ki, heç zaman birdəfəlik onun bütün
xüsusiyyətlərini sadalaya bilməzsən, nə qədər
ona çox diqqət yetirirsən, onda bir o qədər
çox yeni xüsusiyyətlər aşkarlanır və
onların təsviri sonsuza qədər uzanır". Azərbaycan
xalqının ümummilli lideri, dünyanın siyasət
ponteonunda öz yeri olan Heydər Əliyev də məhz belə
insanlardandır. Ömrü boyu xalqına, vətəninə
sədaqətlə xidmət edən bu dahi 40 il əvvəl Azərbaycanda
siyasi hakimiyyətə gəldi. Amma onun doğma Azərbaycan
qarşısında xidmətləri təkcə hakimiyyət
olimpində olduğu illərlə bitmir.
Heydər Əliyev
bütün həyatını canı qədər sevdiyi Azərbaycana,
onun tərəqqisinə, inkişafına, müstəqilliyinə,
təhlükəsizliyinə, əmin-amanlığına həsr
edən böyük vətəndaş olmuşdur. İstər
sovet rejiminin hakim olduğu illərdə milli təhlükəsizlik
orqanlarında çalışarkən, istər həmin
dövrdə Azərbaycana rəhbərlik edərkən, istər
nəhəng bir dövlətin əsas rəhbərlərindən
biri olanda, istər Qorbaçovun ədalətsizliyi
üzündən dövlət işindən
uzaqlaşdırılanda, istərsə də müstəqil
Azərbaycana rəhbərliyi öz üzərinə
götürəndən sonra.
Ulu öndərin həyatının
mübarizələrlə dolu olan mərhələlərini
öyrəndikcə görürük ki, Heydər Əliyev həqiqətən
böyük xarakterə malik, misilsiz şəxsiyyət
olmuşdur. Filosoflar belə şəxsiyyətlər
haqqında deyiblər: "Böyük xarakterə malik belə
insanlar öz əməlləri, fəaliyyətləri ilə
böyük məqsədlərə çatır, obyektiv tələblərə
uyğun, ağıllı şəkildə əsaslandırılmış
və sosial əhəmiyyətli idealları əldə edir və
başqaları üçün mayaka çevrilirlər".
Ulu öndər Heydər
Əliyevin ən ali məqsədi, böyük amalı
heç şübhəsiz müstəqil, azad və firavan Azərbaycan
dövlətini qurmaq olmuşdur. Bu məqsəd və amal
bütün həyatı boyu onu mübarizəyə,
çevik siyasi gedişlərə məcbur etmişdir. Bu
gün şəxsiyyəti və fəaliyyəti dövlətimizin
atributu, simvolu səviyyəsinə qalxmış Heydər Əliyevin
irsi - vətənə, xalqa sədaqətlə xidmət etmək,
müstəqilliyimizi göz bəbəyi kimi qorumaq və bu
yolda canını belə əsirgəməmək kimi müqəddəs
dəyərləri təkcə siyasi elita üçün
yox, bütün vətəndaşlarımız
üçün həyat məktəbidir.
Bu dahi insan harada
olur-olsun, əzmkarlığı, dərin düşüncəsi,
məntiqi və polad iradəsi sayəsində
saysız-hesabsız uğurlara imza atmışdır. Xüsusi
xidmət orqanlarında, imperiya rejiminin sərt tələblərinə
və azərbaycanlılara olan ögey münasibətlərə
baxmayaraq, sıravi əməliyyat işçisi olan Heydər
Əliyev az bir zamanda şöbə rəisi, Dövlət Təhlükəsizlik
Komitəsinin sədr müavini və daha sonra general-mayor
rütbəsi alaraq DTK sədri vəzifəsinə qədər
yüksəldi.
Hər dəfə bu
qapalı təşkilatın yüksək vəzifəli rəhbərləri
ona rəy verərkən yazırdılar: "Zəhmətkeş,
iradəli və prinsipial rəhbər işçidir. Xidməti problemlərin həll
olunmasında yoldaş Əliyev prinsipiallıq və qətiyyətlilik
nümayiş etdirir. Daha mürəkkəb tədbirlərin
keçirilməsində şəxsən özü
iştirak edir...."
Həmin dövrdən o
da məlumdur ki, SSRİ dövlət təhlükəsizlik orqanlarında
belə nailiyyətlərə imza atmaq, vəzifə pillələrilə
sürətlə irəliləmək hər azərbaycanlıya
nəsib olmamışdır. Heydər Əliyev öz əzmkarlığı, qətiyyəti,
ağlı və istedadı sayəsində pillə-pillə
ucaldı.
Ötən əsrin
37-ci il repressiyalarına məruz qalmış Azərbaycan
ziyalılar nəslinin ən qabaqcıl nümayəndələrinin
sonradan bəraət alması, yetişməkdə olan gənc,
istedadlı, yaradıcı insanların repressiya məngənəsindən
qorunması və onlara həmişə dayaq durması misilsiz
xidmətlərinin çox az hissəsidir.
Heydər Əliyev Azərbaycan
tarixinə, ən azından onun milli təhlükəsizlik
orqanlarının tarixinə, bir strukturun milliləşdirilməsi
ilə son dərəcə böyük töhfələr
vermiş, XX əsrin ikinci yarısında Azərbaycan təhlükəsizlik
orqanları üçün kadr potensialı yaratmış,
onu yeni, milli mənafeyə və maraqlara xidmət etmək
istiqamətinə yönəltmiş bir şəxsiyyət
kimi də daxil olmuşdur. Məhz həmin dövrdə Heydər Əliyev Azərbaycanın
dövlət təhlükəsizlik orqanlarını milli
kadrlarla möhkəmləndirdi.
Məşhur klassiklərdən
Viktor Hüqo yazmışdır: "Həqiqi dövlət
xadimlərinin üstün keyfiyyəti ondadır ki, hər bir
zərurətdən fayda götürməyi bacarsın, hətta
şəraitin ən qorxunc axarını belə dövlətin
xeyrinə dəyişə bilsin". Heydər Əliyev rəhbər
olduğu bütün işlərində bunu bacarmış və
həyata keçirmişdir.
1969-cu il iyulun 14-də
SSRİ Dövlət Təhlükəsizlik xidmətinin 46
yaşlı generalı Heydər Əliyev Azərbaycanın
lideri oldu. Postsovet məkanında, sosial-iqtisadi inkişaf tempinə
görə "qardaş sovet respublikaları"n
sırasında sonuncu yerlərdən birini tutan Azərbaycanda
nailiyyətlərdən danışmaq çox çətin
idi. Ölkənin istər neft sənayesində, istər kənd
təsərrüfatında, istərsə digər sahələrində
ətalət hökm sürürdü. Heydər Əliyevin
hakimiyyətə gəlişi ilə qısa vaxtda hər
şey kökündən dəyişməyə
başladı. Respublikada sanki möcüzə baş verirdi.
Azərbaycan böyük bir tikinti meydanına
çevrilmişdi. Harada genişmiqyaslı işlər
gedirdisə, respublikanın yeni rəhbərini orada görmək
olardı. Hər şeyi nəzarətdə saxlayır,
göstərişlər verir, problemləri öyrənir və
lazımi məsələlərin həllinə kömək
edirdi.
O zamanlar Heydər Əliyevin
kadr siyasəti hamını hərəkətə gətirmişdi.
Onun diqqət yetirmədiyi sahənin adını çəkmək
qeyri-mümkündür. Yadımdadır, o dövrlər
respublikanın ticarət obyektlərində baş alıb gedən
özbaşınalığa da məhz Heydər Əliyevin həyata
keçirdiyi inzibati tədbirlər nəticəsində son
qoyuldu. Onun rəhbərliyi ilə keçirilən
müşavirələrin birində Azərittifaqın fəaliyyəti
geniş müzakirə edildi, ciddi nöqsanlar kəskin tənqid
olundu və qısa zamanda ticarətdə qayda
yaradılması ilə bağlı konkret
tapşırıqlar verildi. Respublikanın bütün ticarət şəbəkələrində
hamı bilirdi ki, Heydər Əliyev istənilən məqamda
vəziyyəti aydınlaşdırıb səhvlərə
görə ən yüksək vəzifəli adamları cəzalandıra
bilər. Ona görə də hamı ticarət xidmətini tələblər
səviyyəsində qurmağa çalışırdı.
Heydər Əliyev
hakimiyyətdə olduğu birinci mərhələdə - 13
ildə yüzlərlə müəssisə tikildi,
maşınqayırma sənayesinin təzə sahələri
yaradıldı, neftayırma sənayesi, dəmir yol nəqliyyatı
rekonstruksiya edildi, kimya, yeyinti və digər sənaye sahələri
yeni inkişaf mərhələsinə qədəm qoydu. Neft hasilatı yüksəlməyə
başladı və artıq 1975-ci ildə ümumi neft və
qaz hasilatının həcmi 1941-ci ildəki ən yüksək
neft və qaz hasilatı səviyyəsini ötüb
keçdi.
Azərbaycanın şəhər
və qəsəbələrinin, kəndlərinin siması
sürətlə dəyişməyə, insanların
sosial-rifah halı durmadan yaxşılaşmağa
başladı. Az zamanda
Azərbaycanın keçmiş sovetlər birliyində
qabaqcıllar sırasına çıxması Heydər Əliyevə,
ölkənin gələcəyinə ünvanlanan bir sıra
strateji planlarının həyata keçirilməsinə
şərait yaradırdı. Əvvəla, Azərbaycan və
azərbaycanlılara hər yerdə münasibət
kökündən dəyişdi, respublika təkcə
İttifaqda deyil, ondan kənarda da tanınmağa
başlandı. İkinci tərəfdən Azərbaycanı
inkişaf etdirəcək kadr hazırlığı
strategiyası üçün imkanlar açıldı.
Bunlardan ən vacibi hərbi kadrların hazırlanması idi.
Heydər Əliyevin ciddi səyləri, mübarizəsi sayəsində
Bakıda C.Naxçıvanski adına hərbi məktəb
açıldı. Ən müxtəlif səviyyələrdə
təzyiq və təsirlərə baxmayaraq, Heydər Əliyev
şəxsi nüfuzundan istifadə edərək ittifaq rəhbərliyindən
bu işə razılıq almağa nail oldu.
Digər əzəmətli
planlardan biri Heydər Əliyevin bilikli, istedadlı Azərbaycan
balalarını ittifaqın nüfuzlu ali məktəblərinə
təhsil almağa göndərməsi idi. Heydər Əliyev buna da nail oldu və
1970-80-ci illərdə onun təşəbbüsü ilə
keçmiş SSRİ-nin 50-dən artıq şəhərinin
170-dən çox məşhur ali məktəbində ölkəmizin
iqtisadiyyatı, təhsili və mədəniyyətinin
bütün əsas sahələrini əhatə edən və
ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə
15 mindən çox azərbaycanlı ali təhsilli mütəxəssis
hazırlandı. Çox-çox sonralar ulu öndər bu
kontingenti "Azərbaycanın milli sərvəti"
adlandırmışdır.
Ümummilli lider Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi həmin illərin
tarixə mədəniyyətimizin, ədəbiyyatımızın
və incəsənətimizin intibah dövrü kimi daxil
olması da təsadüfi deyil. Məhz bu böyük dahinin sonsuz diqqəti,
qayğısı sayəsində neçə-neçə
şair, yazıçı, bəstəkar, rəssam və digər
sənət ustalarımız SSRİ-nin ən ali
mükafatlarına layiq görüldü.
Bütün bunlarla
yanaşı Heydər Əliyev sovet rejiminin ikili
standartlarına, təzyiqlərinə baxmayaraq, Azərbaycan
dilinin qorunmasına və inkişafına da böyük
töhfələr vermişdir. Məhz onun siyasi gedişləri sayəsində Azərbaycan
dili Azərbaycanda rus dili ilə yanaşı dövlət dili
kimi respublikamızın o zamanlar qəbul edilmiş
Konstitusiyasına daxil edilmişdir.
Böyük dövlət
xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi
ilk dövrdə gördüyü işlərin miqyasına və
yönünə, əhəmiyyətinə və
ünvanına dərindən nüfuz edəndə qəti olaraq
bu qənatə gəlirik ki, böyük düşüncə,
güclü məntiq, sahibi olan insan qabaqcadan Azərbaycanın
müstəqilliyini, azadlığını görməyə,
hiss etməyə bilməzdi.
"Bəli, mən istəyirdim
ki, Azərbaycan müstəqil olsun, hər şeydən əvvəl
iqtisadi cəhətdən. Çünki, istənilən müstəqilliyin əsasında
iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu
elektrik stansiyaları tikdirirdim. Məndən soruşurdular ki,
bunlar sənin nəyinə lazımdır? Mən onlara demirdim
nə üçün bu lazımdır....
Mən istəyirdim mənim
ölkəm, mənim xalqım istənilən şəraitdə
müstəqil yaşaya bilsin".
Heydər Əliyev
dünya siyasətində yer tutan şəxsiyyət kimi Azərbaycanın
qismətinə düşsə də, 70 il ömür
sürmüş SSRİ kimi böyük bir ölkənin
ictimai-siyasi həyatında da özünəməxsus yeri,
nüfuzu olmuşdur.
Sovet İttifaqı Kommunist
Partiyası MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini Heydər Əliyev ona bəslənən
inam və etimadı Moskvada da şərəflə
doğrultdu. Ağır iqtisadi böhran qarşısında
olan nəhəng dövlətin ən ağır sahələrinə
rəhbərlik etmək, istehsal sənayesində, dəmir
yolunda qayda yaratmaq, Baykal Amur Magistralının tikintisini
sürətləndirmək, daha nələr və nələr
bu əzəmətli insanın sanki potensialını,
işgüzarlığını, iradəsini və qətiyyətini,
idarəçilik imkanlarının yeni keyfiyyətlərini
üzə çıxarmaq üçün idi. Böyük
türk Kremlin oturuşmuş siyasi intriqalarını öz
tükənməz enerjisi, əzmkarlığı, yüksək
insani keyfiyyətləri ilə heyrətdə qoymuşdu. Onun
tabeçiliyində işləyən minlərlə insan bu
müdrik insanla işləməkdən zövq alır və
ondan çox şey öyrənirdi.
Yüksək mənəvi
dəyərləri özündə birləşdirən Heydər
Əliyev şəxsiyyətinin siyasi iradəsinin gücü
onun dünyagörüşünü tamamlayırdı. Onunla işləmək həm
çətin, həm asan, həm də şərəfli idi.
Ciddi, tələbkar olduğu qədər də
qayğıkeş, diqqətli bir insan olaraq hər kəsin dəyərini
bilirdi. Onun az bir zamanda Sovetlər İttifaqının
bütün regionlarında yüksək nüfuz qazanması
Kremldəki siyasi elitanın bir çox nümayəndələrini
qıcıqlandırmağa başlamışdı.
XX əsrin 80-ci illərinin
ortalarında Moskvada hakimiyyət olimpində gedən yerdəyişmələr
zamanı dünya mətbuatı Heydər Əliyev şəxsiyyətinə
diqqət göstərir, politoloqlar, siyasi analitiklərsə
onu dövlət başçısı postuna əsas namizəd
sayırdılar.
Lakin hakimiyyətə gələn
Qorbaçov Heydər Əliyevin artan nüfuzuna seyrci qala bilmir
və onunla bir cərgədə durmağa belə ehtiyat
edirdi. Ədalətsiz
prinsipi qəbul etməyən Heydər Əliyev mərdi-mərdanə
mübarizə apardı.
Tanrı onu qorudu, qorudu
ki, yenidən yüksəltsin, ucaltsın, layiq olduğu zirvəyə
qaldırsın, xalqına əbədi müstəqillik,
xoşbəxtlik bəxş etsin.
Qorbaçov hakimiyyətinin
eybəcər idarəçilik üsulları regionlarda
qızışdırılan münaqişələrə rəvac
verdi. Erməni
şovinistlərinin toruna düşən Qorbaçov
1990-cı il yanvarın 20-də təpədən-dırnağa
silahlanmış muzdlularla Bakını qanına qəltan etdi.
Xalqı bu oyuna sürükləyən, dövlət idarəçiliyindən
xəbərsiz olan Azərbaycanın o vaxtkı rəhbərləri
isə Moskvanın qərarlarını can-başla yerinə
yetirirdilər.
Təqiblər
altında qürbətdə yaşayan Heydər Əliyev bu ədalətsizliyə,
xalqına qarşı yönələn bu təcavüzə
biganə qala bilməzdi və qalmadı. Moskvadakı Azərbaycan nümayəndəliyinə
gəlib orada verdiyi bəyanat ildırım sürətilə
bütün dünyanı dolaşdı. Faciəsini təkbaşına
yaşayan xalqımız məhz bu bəyanatdan sonra
özünə gəlməyə, mübarizənin hələ
yenicə başladığını və başsız
qalmadığını hiss etməyə başladı.
Canlı şahidi
olduğumuz bu hadisələrin bütün təfərrüatlarını
söyləməklə qurtaran deyil. Heydər Əliyevin xilaskarlıq
missiyası 1991-ci ildən, onun Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinə sədr seçiləndən
sonra başladı. Heydər Əliyev Azərbaycanın
xilasına blokada, aclıq və səfalət içində
olan, Ermənistan silahlı qüvvələrinin aramsız
hücumlarına məruz qalan Naxçıvan
torpağından başladı. Onun bu missiyasını
xatırlayarkən alman filosofu Hegelin belə bir ifadəsi yada
düşür: "Sürətlə iflasa yaxınlaşan
xalqın taleyi yalnız dahi tərəfindən xilas oluna bilər".
1993-cü ilin iyun
ayında Azərbaycan dövlətçiliyi məhv olmaq həddinə
yaxınlaşmışdı. Kim bilir, Tanrı bu dahini vaxtında yetirməsəydi, məmləkətin
aqibəti necə olacaqdı. Bir tərəfdən qəsəbə,
kənd və şəhərlərimiz ermənilər tərəfindən
işğal olunur, minlərlə insan yurd-yuvalarından didərgin
düşür, başıpozuq orduda əlinə yenicə
silah götürmüş gənclərimiz
qırılır, digər tərəfdən ölkə
daxilində hakimiyyət uğrunda qruplar arasında gedən
mübarizə silahlı münaqişəyə çevrilir,
qardaş qanı tökülür, ölkə vətəndaş
müharibəsi həddinə çatırdı.
O günlərdən
söz açanda insanlar "getsin o günlər, bir də gəlməsin"
deyirlər. O günləri
tarixin arxivinə göndərən, xalqa əmin-amanlığı
bəxş edən, nəinki müstəqilliyimizi,
bütövlükdə Azərbaycanımızı xilas edən
Heydər Əliyevin misilsiz xidmətləri heç vaxt
yaddaşlardan silinməyəcək.
Bu böyük şəxsiyyətin,
xilaskarın hakimiyyətə qayıdışından az sonra
nazir kimi hökumətdə təmsil olunmaq şərəfi mənim
də qismətimə düşüb. Etiraf etməliyəm ki, öz dövlət
rəhbərimin beynəlxalq aləmdə nüfuzunu, hadisələrə
təsir imkanlarını, qeyri-adi iş qabiliyyətini
görüb qürur hissləri yaşamış və
çox sevinmişəm. O bənzərsiz insanın
bütün varlığı Azərbaycana sonsuz və ülvi
bir məhəbbətlə yoğrulmuşdu.
Yadımdadır, Azərbaycanın
haqlı səsi dünyada zəif eşidiləndə, ölkəmiz
informasiya blokadasında olanda mənə tapşırdı ki,
respublikanın xarici ticarət əlaqələrini genişləndirin,
qabaqcıl ölkələrlə əlaqələr qurun,
onları respublikamıza dəvət edin, perspektivlərimizi,
imkanlarımızı onlara ətraflı
açıqlayın. Təbii
ki, bu tapşırıqların hər birinin arxasında gənc,
müstəqil Azərbaycanı dünyaya tanıtmaq, ticarət-iqtisadi
əməkdaşlıq münasibətlərini siyasi əməkdaşlığa
çevirmək məqsədi dururdu.
Heydər Əliyev son dərəcə
praqmatik və realist bir siyasətçi, dövlət
başçısı idi. Xalq bilirdi ki, milli dövlətçiliyin xilası
yalnız Heydər Əliyevin dərin təfəkkürü,
rəhbərliyi və nüfuzu ilə mümkündür.
Çünki Heydər Əliyev dövlət quruculuğunun və
idarəetmənin qeyri-adi istedadı ilə yanaşı, beynəlxalq
aləmdə çoxdan qəbul olunmuş siyasi nüfuzu da
var idi.
Heydər Əliyev şəxsiyyətinin
Azərbaycanın hakimiyyət olimpinə gəlməsindən
40 il keçir. Bunun 34
ili onun respublikamıza rəhbərliyi dövrünü əhatə
edir. Platon deyir ki, "dünya o vaxt xoşbəxt ola bilər
ki, dövlət başçıları müdrik olsunlar və
ya müdriklər dövlət başçısı
olsunlar". Heydər Əliyev də Azərbaycan dövlətinə
ömrünün sonunadək müdrikcəsinə rəhbərlik
etdi.
Miri QƏNBƏROV,
Milli Məclisin deputatı,
"Azərkontrakt" SC-nin sədri
Azərbaycan.- 2009.- 30 iyun.- S. 6.