Azərbaycan Ordusu Ermənistanı
vahiməyə salır
Qlobal maliyyə
böhranı şəraitində belə Azərbaycan bu
gün də bütün aparıcı sahələr üzrə
öz dinamik inkişaf tempini qoruyub saxlamaqda davam edir. Xüsusən
də ölkəmizin iqtisadi cəhətdən
günü-gündən qüdrətlənməsi Azərbaycanı
təkcə mövcud olduğu regionda yox, daha böyük bir
coğrafi məkanda lider dövlətə çevirir. Qüdrətli
Azərbaycan mövqelərinin daha da gücləndiyi bir vaxtda
ona yarana biləcək hər hansı təhlükəni
önləmək, eləcə də ərazi
bütövlüyünü tələb olunacağı təqdirdə
güc yolu ilə bərpa etmək üçün silahlı
qüvvələrinin inkişafını, maddi-texniki
bazasının güclənməsini də xüsus diqqət
mərkəzində saxlayır.
Azərbaycanın Dağlıq Qarabağ
münaqişəsilə bağlı mövqeyinin arxasında
real gücü dayanır
Bu gün Cənubi
Qafqazda ən güclü ordunun məhz Azərbaycana məxsus
olması dünya, həmçinin region dövlətlərinin
özü tərəfindən də etiraf olunur. Azərbaycan
Ordusunun günü-gündən qüdrətlənməsi isə
təbii olaraq işğalçı Ermənistanın ciddi
narahatlığına səbəb olmaqdadır.
Erməniləri narahat
edən əsas məqam Azərbaycanın işğal
edilmiş ərazilərini azad etmək üçün hərbi
əməliyyatlara başlaya biləcəyi və bu zaman Azərbaycan
Ordusunun qarşısında qısa zaman kəsiyində olsa
belə tab gətirə bilməyəcəklərini
yaxşı başa düşmələridir. Azərbaycan isə
beynəlxalq hüquq çərçivəsində ərazilərini
işğaldan azad etmək üçün hərbi əməliyyatlara
başlamaq hüququna malik olduğunu dəfələrlə bəyan
edib. Bu məqama toxunan Prezident İlham Əliyev bildirir:
"15 il ərzində - atəşkəs rejimi bağlanandan
sonra aparılan danışıqlar heç bir nəticə
vermir. Belə olan halda təbii ki, biz ordumuzun gücünə
güvənməliyik. Məhz bu məqsədlə son illər
ərzində mütəmadi qaydada ordu potensialının
gücləndirilməsi üçün praktiki tədbirlər
görülübdür. Bu gün bizim ordumuz bölgədə
ən qüdrətli ordudur. Azərbaycanda istənilən vəzifəni
icra etməyə qadir olan silahlı birləşmələr fəaliyyət
göstərir və Azərbaycanın ərazi
bütövlüyünün bərpası üçün
biz lazım olan halda hərbi gücdən də istifadə edə
bilərik. Bu, bizim suveren hüququmuzdur. Beynəlxalq hüquq
normaları da bizə bu imkanı verir".
Prezident İlham Əliyevin
bu bəyanatı, eləcə də iyunun 24-də Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin
yaradılmasının 91-ci ildönümü münasibətilə
Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin
və Daxili Qoşunların birləşmə və hissələrinin
irimiqyaslı birgə əməliyyat-taktiki təlimi yenidən
Ermənistanda ciddi narahatlıq doğurub. Məhz bu səbəbdən
Prezident İlham Əliyevin bəyanatı, eləcə də
sözügedən irimiqyaslı birgə əməliyyat-taktiki
təlim Ermənistanda əsas müzakirə predmetlərindən
birinə çevrilib. Prezident İlham Əliyevin şəxsən
bu təlimlərdə iştirakı Ermənistanda ən
müxtəlif prizmalardan izah olunur. Məsələn, Ermənistanın
"Ayasor" portalının yazdığına görə,
Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə
bağlı mövqeyinin arxasında real gücün
dayandığını bu təlimlərlə nümayiş
etdirib. Portal təlimlərin gələn ay Moskvada Prezident
İlham Əliyevin Serj Sarkisyanla görüşü ərəfəsində
baş tutmasını da təsadüfi saymır. Bildirilir ki,
Azərbaycan bu təlimlərlə aparılan
danışıqlarda Ermənistanı indiyə qədər
olan mövqeyindən geri çəkilməyə də vadar
edir.
Ermənistan isə
yaxşı başa düşür ki, danışıqlar
prosesində mövqeyində dəyişiklik etməsə, Azərbaycanla
hərbi qarşıdurmaya getməsi qaçılmaz olacaq. Lakin
bu dəfə Ermənistan üçün belə
qarşıdurma arzuedilməz hal sayılır. Qeyd olunur ki, Azərbaycanla
yenidən müharibəyə başlamaq üçün əvvəla,
Ermənistanın iqtisadi gücü yoxdur, ikincisi bu gün Azərbaycanın
müasir texnika ilə silahlanmış güclü ordusu var:
"Belə şəraitdə isə müharibənin
başlanması arzuolunmaz nəticələrə gətirib
çıxara bilər". Bütün bunların fonunda isə
Prezident İlham Əliyevlə növbəti görüşə
Serj Sarkisyanın bir qədər zəifləmiş mövqedən
qatılacağı proqnozlaşdırılır.
Azərbaycanla yenidən hərbi qarşıdurma Ermənistanın
məhvi deməkdir
Ermənistanın
"Arminfo" agentliyi isə qeyd olunan irimiqyaslı birgə əməliyyat-taktiki
təlimindən sonra beynəlxalq ictimaiyyətin hərbi əməliyyatların
başlanmasına qarşı nümayiş etdirdiyi mövqeyi
daha çox qabardır və müharibənin
başlanmasını yolverilməz sayır. Lakin beynəlxalq
ictimaiyyətin antimüharibə
çağırışlarını yada salan agentlik nədənsə
beynəlxalq təşkilatların, o cümlədən
BMT-nin, Avropa Şurasının Azərbaycanın ərazi
bütövlüyünün bərpasına dair qəbul
etdiyi sənədləri xatırlatmır. Azərbaycanın hərbi
qüdrətini etiraf edən agentlik istənilən halda
müharibənin başlanmasını Ermənistan
üçün fəlakət sayır.
Erməni politoloq Suren
Surenyanın isə iyunun 24-də keçirilmiş
irimiqyaslı birgə əməliyyat-taktiki təlimlə
bağlı fikirləri daha çox maraq doğurur. Onun
sözlərinə görə, təlimdə istifadə olunan
texnikalar Azərbaycan Ordusunun müasir hərbi avadanlıq və
silahla təmin edilməsinə dair deyilənlərin əsassız
olmadığını bir daha nümayiş etdirdi: "Bu
gün Azərbaycan Ordusunda elə silahlar var ki, bizdə
onların bir nümunəsi belə yoxdur. Həmçinin
yaddan çıxmamalıdır ki, say etibarı ilə də
Azərbaycan Ordusu bizim silahlı qüvvələri üstələyir.
Maddi təminat baxımından da vəziyyət bizim xeyrimizə
deyil. Bu gün Serj Sarkisyan və Robert Koçaryan
cütlüyü ordunu elə hala salıb ki, bura daha çox
rüşvətxorluq, cinayət mənbəyinə
çevrilib".
Belə ordu ilə Azərbaycanın
qarşısında duruş gətirməyin çətin
olduğunu etiraf edən politoloq Ermənistanın əsas
çıxış yolunun Dağlıq Qarabağ
münaqişəsi ətrafında danışıqlar yolu ilə
tərəqqiyə nail olunmasında görür. Suren Surenyan
onu da bildirir ki, Dağlıq Qarabağ münaqişəsi həll
olunmayanadək Ermənistan müstəqil dövlət ola bilməz.
Çünki yaranmış çətin vəziyyətdən
çıxmaq üçün ölkənin heç bir
resursu yoxdur. Onun fikrincə, Azərbaycan işğal
olunmuş 7 rayonun qaytarılması müqabilində
Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə
tam zəmanət verərsə, rəsmi Yerevan bu təklifi
qiymətləndirməlidir. Əks təqdirdə, Suren Surenyan
Dağlıq Qarabağın özünün də tezliklə
Azərbaycanın nəzarətinə keçəcəyini
istisna etməyib.
Digər erməni
politoloq Levon Məlik-Şahnazaryan da belə hesab edir ki,
resursların müqayisəsi baxımından Azərbaycanla
yenidən hərbi qarşıdurma Ermənistan
üçün böyük miqyaslı itkilərə gətirib
çıxara bilər. Onun fikrincə, Azərbaycanın hərbi
güc nümayişi artıq bu ölkənin Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyətin
bir müddət də davam etməsilə barışmaq niyyətində
olmadığını göstərir: "Azərbaycan bu
gün ordusuna milyardlarla dollar xərcləyir və bundan sonra
orduya daha böyük miqdarda vəsait
ayıracağını açıq bəyan edir. Bu gün
Azərbaycanın ordu xərcləri Ermənistanın dövlət
büdcəsinə bərabərdir. Əlbəttə ki, belə
vəziyyət ordunun hərbi-texniki və digər maddi vəsaitlərlə
təmini baxımından Azərbaycan və Ermənistan
arasında ciddi fərq yaradır". Yaranmış vəziyyət
politoloqa görə, Ermənistanın Azərbaycan tərəfindən
təkcə iqtisadi yox, həm də hərbi təzyiqlərə
məruz qalması deməkdir ki, sonda belə durum
Dağlıq Qarabağ münaqişəsi ətrafında rəsmi
Yerevanın mövqe dəyişikliyi etməsinə gətirib
çıxara bilər.
Belə vəziyyətdə
Ermənistan ordusunun Azərbaycanın qarşısında
duruş gətirə bilməyəcəyi sabiq prezident Levon
Ter-Petrosyan tərəfindən də bir neçə dəfə
etiraf olunub. Onun sözlərinə görə, ac-yalavac vəziyyətdə
saxlanılan Ermənistan ordusunu ən müasir
avadanlıqlarla təchiz edilmiş nizamlı Azərbaycan
Ordusu ilə müqayisə etmək mümkünsüzdür:
"Sarkisyan da yaxşı bilir ki, ac-yalavac Ermənistan
ordusunu, ən müasir avadanlıqlarla təchiz edilmiş
nizamlı Azərbaycan Ordusu ilə müqayisə etmək belə
mümkün deyil. Bu səbəbdən də o, Bakının
münaqişənin hərb yolu ilə həllini istisna etməyən
açıqlamalarından qorxuya düşüb və
danışıqlarda geri addım atmağa məcburdur".
Azərbaycan və Ermənistan orduları arasında fərq
durmadan artır
Qarşıdakı
dövr ərzində isə Azərbaycan və Ermənistan
orduları arasında fərqin daha da böyüyəcəyini
ermənilər özləri də etiraf edir və bunun əsas
səbəbi olaraq Ermənistanın iqtisadi
çöküşünü göstərirlər. Qeyd
olunur ki, iqtisadi böhran yaşayan Ermənistan Azərbaycandan
fərqli olaraq ordunu nəinki müasir silahlarla, heç
gündəlik ərzaqla belə təmin etməkdə çətinlik
çəkir.
Qarşıdakı
dövr üçün isə Ermənistanın daha
böyük iqtisadi problemlərlə üzləşəcəyi
artıq rəsmi dairələrdə də etiraf edilir. Ermənistan
Mərkəzi Bankının keçmiş sədri Baqrat
Asatryan isə iqtisadi vəziyyətin daha da pisləşəcəyini
konkret faktlarla izah edir: "Mahiyyət etibarı ilə bu
gün Ermənistanda heç bir ixracat yoxdur. Əgər ilin əvvəlindən
bu sahədə başlanan tendensiya davam etsə, onda ilin sonuna
kimi Ermənistanın ixracatı cəmi 5-6 milyon dollar təşkil
edəcək. İxracatı bugünkü xarici borcla
müqayisə etsək, onda ixrac bu borcun cəmi 20 faizini
ödəyə bilər. Bu, sadəcə dəhşətdir".
Ermənistanın xarici
borc sahəsində ciddi problemlər yaşaya biləcəyi
bu ölkə parlamentinin maliyyə-kredit və büdcə
daimi komissiyasının sədri Haqik Minasyan tərəfindən
də etiraf olunub. Onun sözlərinə görə,
böhran şəraitində tikinti sahəsinin
inkişafına çalışaraq Ermənistan xarici borcların
bağlanmasında ciddi problemlərlə üzləşə
bilər: "Tikinti ixrac sahəsinə aid
olmadığından bu gün buraya böyük həcmdə
vəsaitlər ayrılması risklidir".
Ermənistanın sabiq
baş naziri Qrant Baqratyan isə qeyd edir ki, əslində,
hökumətin xüsusi diqqət yetirdiyi tikinti sektoru da
ölkədə ən korrupsiyalaşmış sahələrdən
biri kimi çıxış edir və "gizli
iqtisadiyyatı"ın əsasını təşkil edir:
"Tikinti Ermənistanda "gizli biznesə" çevrilib.
Hökumət isə məmurların nəzarətində olan
bu sahəyə indi milyonlarla dollar vəsait ayırmağa
çalışır. Halbuki, indiki vəziyyətdə
böhranın başlandığı sahələrdən
olan tikintiyə də vəsait ayrılması
yanlışdır. Özü də bu yardımlara rəğmən,
indi tikinti sektorundan vergi daxilolmaları olduqca aşağı
səviyyədədir. Həmçinin o da acınacaqlı faktdır
ki, hökumət yalnız iri tikinti şirkətlərini dəstəkləməyə
cəhd göstərir".
Məlumat
üçün bildirək ki, rəsmi rəqəmlərə
görə, cari ilin ilk 4 ayı ərzində Ermənistanda
tikinti sektorunda 42,4 faizlik geriləmə qeydə alınıb.
Müstəqil ekspertlər isə əslində tikinti sahəsində
böhran həddinin 70 faizdən yuxarı olması qənaətindədir.
Yaxın perspektivdə isə bu sahədə vəziyyətin
daha da pisləşəcəyi gözlənilir.
Ermənistana xaricdən
göndərilən pulların azalması isə vəziyyəti
bir qədər də pisləşdirir. Ermənistanın Ərazi
İdarəsi Nazirliyinin Miqrasiya Agentliyinin rəisi Haqik Yeqanyan
yanvarda 25 faiz azalan xarici pul köçürmələrinin
apreldə 39 faiz azaldığını bildirib. Rusiyadan Ermənistana
göndərilən pulların həcmində isə 36 faizlik
azalma baş verib. Qarşıdakı dövr ərzində isə
bu sahədə vəziyyətin daha da pisləşəcəyi
şübhə doğurmur.
Belə vəziyyətdə
Ermənistanda korrupsiyanın miqdarının daha da genişlənməsi
ölkənin üzləşdiyi problemlərin
miqyasını daha da artırır. Bu ölkənin
"Qrapark" qəzetinin yazdığına görə,
sabiq prezident Robert Koçaryan Rusiyanın Ermənistan
üçün ayırdığı 500 milyon dollarlıq
kreditdən onun biznesi üçün pay
ayrılmasını tələb edib. "Qrapark" yazır
ki, artıq kreditdən 10 milyon dollar Robert Koçaryana məxsus
Kacaran mis-molibden kombinatına ayrılacaq. Bundan başqa yenə
də Robert Koçaryana məxsus "Roberto" mağazalar
şəbəkəsi Rusiya kreditindən daha 5 milyon dollar
alacaq.
Qəzet ümumilikdə
Rusiya kreditinin hakimiyyət rəhbərliyinə yaxın şəxslərin
biznesi üçün bölüşdürüləcəyini
və ölkə əhalisinin bu borcdan da heç bir xeyir
götürməyəcəyini yazır.
Bütün bunlar
qarşıdakı dövr ərzində Ermənistanda iqtisadi
vəziyyətin daha da pisləşəcəyindən xəbər
verir. İqtisadi vəziyyəti pisləşən Ermənistanın
müvafiq olaraq ordusunun da durumunun indikindən acınacaqlı
günə düşməsi labüddür. Belə ordunu isə
müasir Azərbaycan Silahlı Qüvvələrinin bir həmləyə
dağıtması şübhə doğurmur.
R.İSLAMOĞLU
Azərbaycan.- 2009.- 30 iyun.- S. 7.