"CNN" telekanalı
"Yaxın Şərq
ticarət məkanı"
verilişində Azərbaycan
Prezidenti İlham Əliyevin müsahibəsinin
bir hissəsini yayımlamışdır
"CNN" telekanalı fevralın
27-də "Yaxın Şərq
ticarət məkanı"
verilişində həmin
müsahibənin bir hissəsini yayımlamışdır. Prezident İlham
Əliyevin "CNN" telekanalına
verdiyi müsahibədə
dünya maliyyə və iqtisadi böhranı, o cümlədən
beynəlxalq neft bazarı və Azərbaycanın bu bazarda rolu məsələləri
də diqqət mərkəzində olmuşdur.
Prezident İlham
Əliyev xam neftin 1 barelinin, yəni 159 litrinin satış qiymətinin
100 dollar olmasının daha
düzgün və sərfəli hesab etdiyini əsaslandırmışdır.
Dövlət başçısı bu qiymətin istər istehsalçılar,
istərsə də istehlakçılar üçün
ən məqbul qiymət olduğunu vurğulamış, məhz
bu qiymətin neft sektorunun daha da inkişafı
üçün sərmayə
qoyulmasına hərtərəfli
imkanlar yaratdığını
bildirmişdir.
Müsahibədə Prezident İlham Əliyevin neftin 1 barelinin 100 dollara satılacağı təqdirdə
hasilatçı ölkələrin
"qara qızıl"ı
insan kapitalına çevirmək imkanı qazanmalarını xüsusi
vurğulaması və
bunun Azərbaycan dövlətinin siyasətinin
başlıca hədəflərindən
biri olmasını açıqlaması da böyük rəğbətlə
qarşılanmışdır. Prezident İlham
Əliyev "CNN"in
müxbirinin sualının
cavabında neft və qaz sektorundan
gələn gəlirin
böyük bir hissəsini qeyri-neft sektoruna yönəltməklə
Azərbaycanın ölkə
iqtisadiyyatını şaxələndirdiyini,
informasiya-kommunikasiya texnologiyaları
sektorunun inkişafına
xüsusi diqqət yetirdiyini söyləmişdir.
Azərbaycanın dövlət
başçısı, həmçinin
OPEK-lə bu quruma üzv olmayan, böyük miqdarda neft hasil
edən digər ölkələr arasında
hasilatla bağlı məsələlərdə sıx
əməkdaşlıq edilməsinin,
istehsalçı, istehlakçı
və tranzit ölkələrin maraqlarının
ədalətli şəkildə
uzlaşdırılmasının vacibliyini vurğulamış
və bunun dünya iqtisadiyyatının
dayanıqlı inkişafı
üçün də
mühüm əhəmiyyət
kəsb etdiyini bildirmişdir.
Prezident İlham Əliyev enerji daşıyıcılarının
Avropaya nəqli məsələsində Azərbaycanın
yalnız ümumi işin xeyrinə olan, bütün tərəflərin, o cümlədən
ölkəmizin də
milli maraqlarına cavab verən qərarların tərəfdarı
olduğunu vurğulamışdır.
Müsahibədə enerji daşıyıcıları
bazarı ilə bağlı Azərbaycanın
nümunəvi xarakter
daşıyan siyasətinin
fəlsəfəsi hərtərəfli
əksini tapmışdır.
AzərTAc
Azərbaycan.-2009.-28 fevral.-S.2.