Moskva Dövlət
Universitetinin Bakı filialının açılması
Azərbaycanda yüksək
ixtisaslı kadrların
hazırlanması istiqamətində
mühüm addımdır
Fevralın 27-də Rusiyanın təhsil və elm naziri Andrey Fursenko və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) rektoru Viktor Sadovniçi MDU-nun Bakı filialının professor-müəllim heyəti və tələbələri ilə görüşmüşlər.
Filialın rektoru professor Nərgiz Paşayeva görüşü açaraq Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələrinin rəsmi açılış mərasiminə gəlməsini əlamətdar hadisə kimi qiymətləndirmişdir.
"Bakı filialının fəaliyyəti Azərbaycan-Rusiya əməkdaşlığının yeni bir nümunəsidir" - deyən Nərgiz Paşayeva filialın təkcə tədris məqsədi daşımadığını, eyni zamanda, iki ölkə alimlərinin birgə fəaliyyətində yeni istiqamətlər açdığını söyləmişdir. O, filialda hələlik 75 gəncin təhsil aldığını və onların Moskva Dövlət Universitetinin tələbəsi adını ləyaqətlə daşıyacağına əminliyini bildirmişdir.
Nərgiz xanım filialın tələbələrinin yaradıcı düşüncəyə, analitik təhlil bacarığına malik olduqlarını və seçdikləri peşələrə xüsusi maraq göstərməklə fərqlənəcəklərinə ümid etdiyini, onların Şərq və Qərb təhsilinin daşıyıcısı missiyasını yerinə yetirdiklərini vurğulamışdır.
Rusiyanın təhsil və elm naziri Andrey Fursenko filialın yaradılmasının Prezident İlham Əliyevin təşəbbüsü sayəsində, həm də çox qısa müddətdə mümkün olduğunu bildirmişdir. O demişdir ki, bu təhsil ocağı təkcə tədrislə kifayətlənməyəcək, həm də elmi tədqiqatlar üçün geniş imkanlar açacaqdır.
Moskva Dövlət Universitetinin rektoru akademik Viktor Sadovniçi Baki filialında təhsil alan tələbələrlə görüşməkdən məmnunluğunu söyləyərək bildirmişdir ki, filialın yaxşı professor-müəllim və tələbə heyəti vardır. Burada təhsil alan tələbələr MDU-nun tədris proqramını mənimsəməyə qadir olan gənclərdir. Universitetdəki təhsil ən yeni modellər əsasında qurulmuşdur.
Tələbələrə tövsiyələrini verən Viktor Sadovniçi onları yaradılan geniş imkanlardan maksimum səmərəli istifadə etməyə çağırmışdır.
Azərbaycanın elmi potensialının güclü olduğunu xatırladan akademik xüsusilə ölkəmizin riyaziyyat sahəsində görkəmli alimlərini tanıdığını söyləmişdir.
Viktor Sadovniçi dünyanı maliyyə böhranının bürüdüyü bir vaxtda Azərbaycan Prezidentinin elmə və təhsilə böyük diqqət və qayğı göstərməsini yüksək qiymətləndirmiş, filialın yaradılmasına göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.
Filialın tələbələri Moskva Dövlət Universitetinin mehriban kollektivinin bir hissəsi olmaqdan fərəh duyduqlarını söyləmişlər. Onlar ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində atılan bu mühüm addıma görə Prezident İlham Əliyevə ən xoş arzularını bildirmişlər.
Sonda MDU-nun ənənələrinə sadiq qalan Bakı filialı da öz xor kollektivini yaratdığını bildirmiş, səhnə tələbələrin ixtiyarına verilmişdir.
AzərTAc
Azərbaycan.-2009.-28 fevral.-S.4.