Demokratiyanın genişləndirilməsinə və davamlı inkişafa təminat

 

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin - referendumun keçirilməsi haqqında Milli Məclisin 26 dekabr 2008-ci il tarixli qərarı ictimai-siyasi mühitin əsas, aparıcı mövzusunu təşkil edir. Ölkənin görkəmli ziyalılarının gündəmə gətirdikləri bu aktual məsələ əslində 2005-ci ilin parlament, 2008-ci ilin prezident seçkiləri ərəfəsində ictimaiyyətin müxtəlif təbəqələri tərəfindən səslənmişdi. Yəni xalqımız yeni tarixi epoxada Konstitusiyanın Azərbaycan cəmiyyətinin inkişaf səviyyəsi ilə uzlaşdırılması zərurətinin meydana çıxdığını aşkar hiss edir, bu ehtiyacı ən müxtəlif səviyyələrdə nəzərə çarpdırırdı. Bu mənada görkəmli ziyalıların, Yeni Azərbaycan Partiyası fəallarının Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi barədəki təklifləri geniş anlamda xalqımızın mütləq əksəriyyətinin həmin sahədəki düşüncələrinin ümumiləşmiş ifadəsindən ibarətdir.

Əsas Qanuna əlavə və dəyişikliklərin edilməsi Azərbaycan cəmiyyətinin hazırkı inkişaf səviyyəsindən doğur. Qüvvədə olan Konstitusiyanın qəbul edildiyi 12 noyabr 1995-ci ildən ötən dövrdə Azərbaycan cəmiyyətinin keçdiyi böyük və sürətli inkişaf yolu, ölkədə demokratik cəmiyyət quruculuğunun genişlənməsi, beynəlxalq aləmlə çoxcəhətli əlaqələrin formalaşması, dünya birliyi ilə inteqrasiya prosesinin dərinləşməsi Əsas Qanuna əlavə və düzəlişlərin edilməsinə ciddi tələbat yaratmışdır. Bu əlavə və dəyişiklikləri zərurətə çevirən başqa bir amil də mövcuddur: müstəqilliyinin başlanğıc dövrünü yaşayan Azərbaycanda cəmiyyət həyatının ən müxtəlif sahələrində məqsədyönlü islahatların aparıldığı günün reallığıdır. Bu baxımdan ölkədə çoxcəhətli, genişmiqyaslı, düşünülmüş islahatlar zəminində Konstitusiya islahatlarının da aparılması vahid prosesin üzvi tərkib hissəsidir. Cəmiyyətin islahatyönümlü inkişafı eyni zamanda Konstitusiya islahatlarını da aktual məsələ kimi meydana çıxarır.

Konstitusiya ölkənin və xalqın özünütəsdiqinin ifadəsidir. Əsas qanuna əlavələr və dəyişikliklər etmək isə ölkədə milli dövlətçilik düşüncəsinin və siyasi şüurun inkişafının mühüm göstəricisidir. Konstitusiya islahatları aparmaq ölkədə milli siyasi təfəkkürün, müstəqillik və dövlətçilik təsəvvürlərinin yetkinlik səviyyəsini əks etdirir. Konstitusiyanı zəruri dəyişikliklərlə zənginləşdirmək geniş mənada cəmiyyəti yeniləşdirmək və müasirləşdirmək qayəsini ifadə edir. Nəhayət, Konstitusiya islahatları aparmaq ölkəmizdə hüquqi-siyasi elmin də yeni inkişaf səviyyəsini nümayiş etdirir. Bütün bunlara nəzərən Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsinə dair ümumxalq səsverməsinin - referendumun keçirilməsi haqqında Milli Məclisin qərarı Azərbaycan cəmiyyətində gedən proseslərin, ölkənin inkişaf qanunauyğunluqlarının real nəticəsidir. Milli Məclisin qəbul etdiyi Referendum Aktı Konstitusiyanın respublikamızın mövcud inkişaf səviyyəsinə uzlaşdırılmasına və hüquqi, sivil cəmiyyət quruculuğunun perspektiv, məqsədyönlü inkişafının təmin edilməsinə yönəlmişdir. Bu mənada ölkədə Konstitusiya islahatlarının aparılması xalqımızın mütləq əksəriyyətinin arzusunu və düşüncəsini əks etdirir.

Çoxluğun fikrinin nəzərə alınması isə demokratik cəmiyyətin əsas prinsiplərindən biridir. Beləliklə, Azərbaycanda Konstitusiya islahatlarının keçirilməsi ölkədə demokratik dövlət quruculuğunun inkişafını göstərən fakt kimi də mühüm əhəmiyyətə malikdir. Referendumun keçirilməsi, bu istiqamətdə aparılacaq genişmiqyaslı tədbirlər, məqsədyönlü təbliğat və təşviqat işi bütövlükdə ölkədə siyasi mədəniyyətin daha da yüksəlməsinə əhəmiyyətli təsirini göstərəcəkdir. Bütövlükdə referendum Azərbaycanda demokratik dövlət quruculuğunun inkişaf etdirilməsinə, Əsas Qanunun təkmilləşməsinə lazımi töhfəsini verəcəkdir.

"Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi haqqında" Referendum Aktında Əsas Qanunun 29 maddəsinə təklif edilən 41 əlavə və dəyişiklik konstitusion islahatların çoxaspektli olmasından xəbər verir. Referenduma çıxarılan əlavə və dəyişiklikləri əsasən 4 istiqamət üzrə qruplaşdırmaq mümkündür.

Birinci qrup əlavə və dəyişikliklər Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesindən irəli gəlir. Bu qəbildən olan təkliflər ölkəmizdə cəmiyyət quruculuğunun beynəlxalq aləmlə, dünya təcrübəsi ilə üzvi surətdə əlaqələndirilməsinə şərait yaradır. Məsələn, hazırkı Konstitusiyada əksini tapmış "Prezidentin icra aparatı" ifadəsi əvəzinə "Prezident Administrasiyası" ifadəsinin işlədilməsi dövlət strukturunun adının dünya birliyindəki mövcud vəziyyətlə uyğunlaşdırılmasına imkan verir. "İcra" və "aparat" sözlərinin də mənşə etibarilə alınma sözlər olduğunu nəzərə alaraq, iki alınma sözün dünyada qəbul edilmiş bir ifadə ilə əvəzləşdirilməsi, beynəlxalq terminologiya ilə uzlaşdırılması həm siyasi, həm də dilçilik baxımından əhəmiyyətlidir. Həmçinin bələdiyyələrin hüquqlarının bir qədər də genişləndirilməsinə dair təkliflərin, bu qurumun müstəqilliyinin daha da artırılması barədə müddəaların referenduma çıxarılması ölkəmizdə yerli icra strukturlarının işinin inkişaf etmiş ölkələrdə olduğu səviyyədə qurulmasına təminat verir. Habelə bələdiyyələrin öz fəaliyyətləri haqqında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında hesabat verməsinin Əsas Qanuna əlavə edilməsi bu yerli idarəetmə strukturunun məsuliyyətinin artmasına səbəb olacaqdır.

Eyni zamanda məhkəmələrin fəaliyyətinin də təkmilləşdirilməsi, ayrı-ayrı məcəllə və maddələrin konkretləşdirilməsi respublikamızda dünya birliyinə uyğun şəkildə hüquqi, demokratik dövlət quruculuğu prosesinin möhkəmləndirilməsinə xidmət edir.

İkinci qrup əlavə və dəyişikliklər Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının daha da genişləndirilməsinə xidmət edir. Əslində, Konstitusiya islahatına dair yeni Referendum Aktında əksini tapmış bütün maddələr üzrə əlavə və dəyişikliklərin hamısının məntiqində və fəlsəfəsində Azərbaycan vətəndaşlarının hüquqları və azadlıqlarının artırılması, daha da genişləndirilməsi ideyası dayanır. Bununla belə, indiki mərhələdə əlavə və düzəlişlərin edilməsi zəruri sayılan bir çox müdəa konkret olaraq vətəndaşların hüquq və azadlıqlarının daha da artırılmasına, etibarlı şəkildə qorunmasına ünvanlanmışdır. Məsələn, Konstitusiyamıza "valideynləri və ya qohumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər", yaxud "uşaqları onların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır" kimi əlavə maddələrin təklif edilməsi uşaq hüquqlarının daha etibarlı şəkildə qorunmasını şərtləndirir. 2009-cu ilin "Uşaq ili" elan edilməsi ilə eyni vaxta təsadüf edən bu əlavə müddəalar ölkədə vətəndaş cəmiyyətinin daha da humanist xarakter daşımasına, gələcəyimiz olan yeni nəslə dövlət dəstəyinin artırılmasına meydan açır.

Təkliflər paketində əksini tapmış "Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə, dini mərasimi yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz" müddəası Azərbaycan cəmiyyətində dini tolerantlığın təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Yaxud "Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir" kimi yeni maddədə vətəndaşların hüquq və azadlıqlarının inkişaf etdirilməsinin, vətəndaş cəmiyyətinin bərqərar olmasının əsas meyar, ana xətt olduğu qabarıq şəkildə nəzərə çarpır.

Üçüncü qrup əlavə və dəyişikliklər Azərbaycanda dövlət quruculuğunun daha da təkmilləşdirilməsinə yönəlmişdir. Bu qəbildən olan əlavə və dəyişikliklərə dair təkliflərdə həm dünya təcrübəsi, həm də Azərbaycan reallıqları əsas kimi qəbul edilmişdir. Məsələn, müharibə şəraitində hərbi əməliyyatların aparılması seçkilərin keçirilməsini mümkün etmədikdə prezident seçkilərinin, parlament seçkilərinin keçirilməsinin məqsədəuyğun sayılmamasının, bu dövlət orqanlarının səlahiyyət müddətinin konkret dövr üçün uzadılmasının təklif edilməsi həm dünya təcrübəsində mövcuddur, həm də mövcud Azərbaycan gerçəkliyi bu zərurəti meydana çıxarır.

Konstitusiyanın 101-ci maddəsinin 5-ci bəndinə təklif edilən əlavə və dəyişiklik də dünya təcrübəsi ilə Azərbaycan gerçəkliyinin uzlaşdırılması zərurətindən yaranmışdır. Konstitusiyamızda bir nəfərin iki dəfədən çox Prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlı əlavə və dəyişikliyin edilməsinə dair təkliflərin meydana çıxması ilk növbədə xalqın özünün sabahı ilə bağlı qayğılarından, düşüncələrindən doğur. Bu məhdudiyyətin aradan qaldırılması barədəki təkliflər xalqın ölkədə uzunmüddətli inkişaf strategiyasının təmin edilməsi ilə əlaqədar ümidlərini, baxışlarını ifadə edir.

Amerika Birləşmiş Ştatlarında uzun dövr ərzində bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə heç bir məhdudiyyət qoyulmamışdır. Avropanın ən inkişaf etmiş dövlətlərindən olan Fransada da yaxın keçmişədək prezident üçün seçki məhdudiyyəti vacib sayılmırdı. Bu məsələdə hər xalq konkret tarixi epoxadakı mövcud vəziyyətindən çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasına prezident seçkisi üçün məhdudiyyətin aradan qaldırılmasına dair müddəanın əlavə edilməsi də dünya təcrübəsindəki praktika ilə uzlaşır. Təklif edilən maddəni konkret olaraq bir şəxsin uzun müddət ölkə başçısı seçilməsi mənasında başa düşmək doğru olmaz. Bu müddəa demokratik prinsiplərə uyğun olaraq istənilən şəxsə arzu etdiyi qədər seçkidə iştirak etməyə meydan açır.

Təklif edilən düzəliş Azərbaycanda demokratik proseslərin daha da dərinləşməsinə və möhkəmlənməsinə imkan yaradır. Hazırkı formatda müəyyən edilmiş məhdudiyyətin aradan qaldırılması dövlət rəhbəri seçilmək arzusunda olan şəxsin dövlət və xalq qarşısında cavabdehlik və məsuliyyət hissini daha da artırır. İndiki halda xalqın etimadını qazanmaq prinsipi prezident olmaq istəyən şəxs üçün zəruri həyati tələbata çevrilir.

Mövcud məhdudiyyətin aradan qaldırılması demokratiya üçün ən vacib faktor sayılan xalq amilinin ölkənin tarixi müqəddəratının həll edilməsindəki rolunu artırır. Bu hal xalqın seçmək, müqayisə etmək, fərqləndirmək, qəti mövqe nümayiş etdirmək imkanlarını qüvvətləndirir. Vaxtilə böyük demokrat ədib Cəlil Məmmədquluzadə (1869-1932) də dövlət işində xalq amilinin əhəmiyyətindən bəhs edərək yazmışdı: "Cümhuriyyət, yəni latınca "Respublika" elə bir hökumətə deyirlər ki, orada məmləkətin idarəsi camaatın öz öhdəsində və ixtiyarındadır... Camaat dedikdə - Vətənin sahibidir. Dəxi heç kəsin ixtiyarı yoxdur ki, millətin rəyindən kənar məmləkət işinə qarışsın. Məmləkət müəyyən qanunlar gücü ilə idarə olunur. Məmləkətin rəisinə Prezident deyilir... Prezident millətin yanında cavabdehdir!"

Prezident seçkiləri ilə əlaqədar məhdudiyyətlərin ləğv edilməsi ilə xalqın seçmək hüququna qoyulan sədlər, maneələr də aradan qaldırılmış olur. Nəticə etibarilə məhdudiyyətin götürülməsi xalqın seçmək hüququna daha demokratik yanaşmanın təmin olunmasını reallaşdırır. Demokratiya üçün zəruri olan millət amilinin seçki prosesində ön mövqeyə çəkilməsi ölkədə xalq-dövlət, dövlət-xalq formatında olan prinsiplərin daha da möhkəmləndirilməsinə müsbət təsir göstərə bilər.

Seçki imkanlarının genişləndirilməsi hakimiyyətə gəlmək arzusunda olan siyasi qurumların və partiyaların daha da inkişaf etməsinə müsbət təsir göstərə bilər. Yaranacaq uzunvədli və azad rəqabət mühiti siyasi partiyaların öz imkanlarını, fərqli yanaşmalarını geniş şəkildə xalqa çatdırmalarına meydan açacaqdır. Beləliklə, təklif edilən bu qisim əlavələr Azərbaycanda dövlət quruculuğu proseslərinin daha da təkmilləşdirilməsinə təminat verir.

Nəhayət, dördüncü qrup əlavə və dəyişikliklər daha çox redaktə xarakterlidir. Məsələn, təklif olunur ki, 15-ci maddənin ikinci hissəsinə "əsasında" sözündən sonra "sosial yönümlü" sözləri yazılsın. Həmçinin 32-ci maddənin ikinci cümləsindən sonra "şəxsi həyata" sözlərinin "şəxsi və ailə həyatına" ifadələri ilə əvəz edilməsi məqsədəuyğun hesab edilir. Yaxud 29-cu maddənin dördüncü hissəsindən "və ya ictimai ehtiyaclar" sözlərinin çıxarılması zəruri sayılır. Bu tip redaktə xarakterli düzəlişlər Konstitusiyanın dil və üslub baxımından daha da təkmilləşməsinə, yetkin, təkmil bir dövlət sənədi səviyyəsinə qaldırılmasına səbəb ola bilər.

Geniş mənada Azərbaycan cəmiyyətində, kütləvi informasiya vasitələrində aparılan müzakirələr göstərir ki, xalqın mütləq əksəriyyəti Konstitusiyaya dair Referendumun keçirilməsini zəruri sayır. Çünki təklif edilən əlavə və düzəlişlər ölkəmizdə hüquqi-demokratik dövlət quruculuğunun, vətəndaşların hüquqları və azadlıqlarının daha da inkişaf etdirilməsinə böyük təminat verir. Qısa müddətdə müxtəlif sosial təbəqələri, siyasi qurumları, ziyalı birliklərini özündə cəmləşdirən təşəbbüs qruplarının formalaşması və xalqımızın fəal surətdə referendumun keçirilməsi təbliğatına qoşulması ictimai rəydə ümumxalq səsverməsinin baş tutacağına qəti inamın mövcud olduğunu aşkar şəkildə göstərməkdədir.

 

 

İsa Həbibbəyli,

Naxçıvan Dövlət

Universitetinin rektoru,

Milli Məclisin deputatı,

Akademik

 

Azərbaycan.-2009.-28 fevral.-S.4.