Milli təhlükəsizlik orqanlarının fəaliyyətinin hüquqi bazasının möhkəmləndirilməsi milli maraqların etibarlı qorunmasının vacib şərtidir

 

Minillərdən gələn dövlətçilik tarixinə malik, ötən əsrin ikinci onilliyində Şərqdə ilk demokratik respublika qurmağa nail olmuş Azərbaycan keçmiş sovetlər birliyinin süqutundan sonra, 1991-ci ildə öz dövlət müstəqilliyini yenidən bərpa edə bilmişdir. Azərbaycan xalqı daha geniş demokratik dəyərlərə qovuşmaq imkanından yararlanaraq, özünün milli dövlətçilik ənənələrinə, tarixi və mədəni irsinə söykənən müasir demokratik hüquqi dövlət quruculuğu yolunu seçmişdir.

Müstəqilliyin ilk dövründə gənc respublika Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmış, daxili qeyri-sabitlik, iqtisadi böhran, keçid dövrünün çətinlikləri və digər ciddi problemlərlə üzləşmişdir. Buna baxmayaraq, Azərbaycan xalqının israrlı tələbi ilə hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası bütün çətinlikləri dəf edərək, özünün strateji inkişaf yolunu müəyyənləşdirməyə və bu istiqamətdə inamla irəliləməyə nail olmuşdur.

Azərbaycan tarixinin son 30 ildən artıq bir dövrü ömrünü respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində inkişafa həsr etmiş ümummilli lider, müasir Azərbaycanın memarı Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Ulu öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.

Məhz buna görə Azərbaycanın 1969-cu ildən bəri yaşanan, müstəqilliyini qazanmaq və tərəqqi şansını əldə edə bilmək kimi tarixi dövrü xalqımızın yaddaşına Heydər Əliyev epoxası kimi əbədi həkk olmuşdur. Həmin tarixdən etibarən Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Xalqın yaddaşının özünə qaytarılması, ulu öndərin qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdır.

Azərbaycan Xəzər-Qafqaz coğrafi-strateji məkanında regional əməkdaşlıq üçün olduqca mühüm, bir çox hallarda isə həlledici dövlət olub, xüsusən enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində əvəzsiz rol oynamaqdadır. Bu ümumi strategiyanın başlıca məqsədi Azərbaycan Respublikasının çiçəklənməsi, davamlı inkişafı və əhalinin rifahının təmin edilməsindən, eləcə də regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verməkdən ibarətdir. Hələ keçmiş SSRİ dövründə, ötən əsrin 50-ci illərin sonlarından etibarən Azərbaycan təhlükəsizlik orqanlarında milliləşmə və tarixi ədalətin bərpa edilməsi, repressiyaya məruz qalmış bir çox insanların hüquqi və mənəvi bəraət alması istiqamətində xeyli işlər görüldü. Bu proses bilavasitə ömrünün böyük bir hissəsini təhlükəsizlik orqanlarına həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Onun Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi illər ərzində, xüsusilə də komitə rəhbərliyinə irəli çəkildiyi 1964-cü ildən sonrakı dövrdə orqana milli kadrların cəlb olunması, onların yetişdirilib, həlledici iş sahələrində rəhbər vəzifələrə təyin olunması nəzərəçarpacaq şəkildə geniş vüsət almağa başladı. Heydər Əliyev respublika və ittifaq rəhbərliyində çalışdığı müddətdə belə Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyətini daim diqqətdə saxlamış, öz qayğısını bu qurumdan əsirgəməmişdir.

Ulu öndərin dövlətçilik və milli mənafelərin etibarlı təmin olunması kursunun layiqli davamçısı, həmin strateji və taktiki, siyasi-fəlsəfi alqoritmi bu gün uzaqgörənliklə və inamla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeni praqmatik dövlətçilik idarəetmə bacarığı sayəsində respublikamız regionda və dünyada öz mövqelərini möhkəmləndirən nüfuzlu, iqtisadi cəhətdən dinamik inkişaf edən müasir ölkəyə çevrilmişdir.

Şübhəsiz, hazırda Azərbaycanda aparılan uğurlu siyasi-hüquqi və sosial-iqtisadi islahatlar, beynəlxalq təhlükəsizlik sisteminin bütün komponentləri üzrə formalaşdırılmasında fəal iştirak və bu istiqamətdə düzgün seçilmiş strateji addımlar ölkənin bütün həyati sahələrində olduğu kimi milli təhlükəsizlik orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi işində əsaslı dönüş yaratmışdır.

Azərbaycan təhlükəsizlik orqanlarının tarixi çətin, kəşməkeşli, amma eyni zamanda çox şərəflidir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1 noyabr 1991-ci il tarixdə Dövlət Təhlükəsizlik Komitəsinin maddi-texniki bazası əsasında Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi yaradılmışdır. Dəyişən yalnız təhlükəsizlik orqanının adı və şəxsi heyəti yox - ilk növbədə Milli Təhlükəsizlik Nazirliyinin qarşısında duran vəzifələrin məzmunu və mahiyyəti idi. Əgər Dövlət Təhlükəsizlik Komitəsinin bütün imkanları və potensialı sovet dövlətinin mövcudluğunun və strateji maraqlarının təmin olunmasına yönəlmişdisə - Milli Təhlükəsizlik Nazirliyinin qarşısında duran əsas vəzifələr müstəqil Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşunun əsaslarına və təhlükəsizliyinə, iqtisadi, elmi-texniki, müdafiə potensialına və sair milli maraqları əleyhinə yönəlmiş kəşfiyyat, terror-təxribat, digər pozuculuq və cinayətkar fəaliyyəti aşkarlamaq, qabaqlamaq və qarşısını almaqdan ibarətdir. Milli Təhlükəsizlik Nazirliyinin qarşısında həmçinin dövlət sirri təşkil edən məlumatların qorunması - korrupsiya, terrorçuluq, narkotik vasitələrin, psixotrop və radioaktiv maddələrin, odlu silah və döyüş sursatının beynəlxalq qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlığın daha təhlükəli növləri ilə mübarizə kimi son dərəcə məsul vəzifələr durur.

Bu mənada, Milli Təhlükəsizlik Nazirliyi digər dövlətlərin xüsusi xidmət orqanları ilə iki və çoxtərəfli formada beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq və digər sahələr üzrə səmərəli əməkdaşlıq edir. Azərbaycan Respublikasının beynəlxalq antiterror koalisiyasında iştirakında Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti də xüsusi qeyd edilməlidir. Beynəlxalq axtarışda olan terrorçuların saxlanılaraq xarici dövlətlərə ekstradisiya olunması, humanitar örtük altında fəaliyyət göstərən, lakin əslində müxtəlif terrorçu subyektlərin maraqlarına xidmət edən təşkilatların fəaliyyətinin qadağan edilməsi, terrorçularla əlaqəli müxtəlif bank hesablarının dondurulması və s. bu kimi nəticələrə məhz digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət əsasında və Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının peşəkarlığı və gərgin əməyi sayəsində nail olunmuşdur.

Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin düzgün və məqsədyönlü surətdə tənzimlənməsi üçün müvafiq normativ hüquqi bazanın formalaşdırılması və gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamə" təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinə müvafiq olaraq, Milli Təhlükəsizlik Nazirliyi kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən onlarla tərəfdaş dövlətin təhlükəsizlik və xüsusi xidmət orqanları, habelə aidiyyəti beynəlxalq təşkilatlarla işgüzar münasibətlər qurulmuş, 50-dən çox idarələrarası xarakter daşıyan müqavilə bağlanmışdır. Bu bazanın təməlini Azərbaycan Resrublikasının Konstitusiyası, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Milli təhlükəsizlik haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında", "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir.

Bu fəaliyyət qanunçuluq, humanistlik, insan hüquq və azadlıqlarına hörmət, konspirasiya, aşkar və gizli iş üsullarının uzlaşdırılması, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edilməsi, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin vahid dövlət siyasətinə əsaslanması və onun təmin olunması istiqamətlərinin əlaqələndirilməsi, beynəlxalq təhlükəsizlik sistemlərinə inteqrasiya, insan, cəmiyyət və dövlətin maraqları arasındakı tarazlığın saxlanılması və onların qarşılıqlı məsuliyyəti prinsiplərinə əməl olunması ilə həyata keçirilir. Ümumiyyətlə, bütün bu müsbət dəyişikliklər milli təhlükəsizlik orqanlarının hüquqi bazasının möhkəmləndirilməsi işinə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqətin yetirildiyinin göstəricisidir.

Milli Təhlükəsizlik Nazirliyi xüsusi xidmət orqanı olaraq, Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılması üzrə tədbirlər görür, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini təşkil edir və həyata keçirir, səlahiyyətlərinə aid edilmiş cinayət işlərinin təhqiqatını və ibtidai istintaqını aparır. "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 215.5-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq müddəalarında göstərilmiş bir sıra cinayət işlərinin ibtidai istintaqı Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılır.

Son illərdə Azərbaycan Respublikasının istər daxili, istərsə də xarici sferada əldə etdiyi uğurlar, bu nailiyyətləri gözü götürməyən düşmən və rəqib xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının milli maraqlarına qarşı fəallaşması ilə müşayiət olunur. Lakin Milli Təhlükəsizlik Nazirliyi həmin cinayətkar niyyətlər, planlar və əməllər barədə məlumatları əldə edir, milli təhlükəsizliyə real və potensial təhdidləri proqnozlaşdırır, xarici xüsusi xidmət orqanlarının və təşkilatların, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşunun əsaslarına və təhlükəsizliyinə, iqtisadi, elmi-texniki, müdafiə potensialına və sair milli maraqlarına zərər vurulmasına yönəlmiş kəşfiyyat, terror-təxribat, digər pozuculuq və cinayətkar fəaliyyətinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə tədbirlər görür.

29 iyun 2004-cü il tarixli "Milli təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanunu Azərbaycanın müstəqil, suveren, demokratik dövlət kimi inkişafı naminə milli təhlükəsizlik siyasətinin hüquqi əsaslarının yaradılmasına yönəlmişdir. Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri cənab Eldar Mahmudovun söylədiyi "Bizim əsas məqsədimiz qanunçuluğun, dövlətin, cəmiyyətin və fərdin maraqlarını, hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir" fikri isə hər bir əməkdaşın öz vəzifəsini layiqincə həyata keçirməsində əsas prinsip olmaqla yanaşı, xidməti fəaliyyəti tənzimləyən normativ hüquqi aktlarda da öz əksini tapır.

İnsan hüquq və azadlıqları, cəmiyyətin maddi və mənəvi dəyərləri, dövlətin müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyü Azərbaycan Respublikasının milli təhlükəsizliyinin obyektləridir. Milli təhlükəsizlik orqanları milli təhlükəsizliyin subyekti kimi fəaliyyətini məhz bu istiqamətləri nəzərə almaqla, habelə insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyi maraqlarının və tələbatlarının təmin edilməsi məqsədilə həyata keçirir. Təbii ki, burada mühüm olan Azərbaycan Respublikasının milli maraqlarıdır. Azərbaycan Respublikasının milli maraqları-Azərbaycan xalqının fundamental dəyər və məqsədlərinin, habelə insanın, cəmiyyətin və dövlətin inkişaf və tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur. Azərbaycan Respublikasının milli maraqlarına və təhlükəsizliyinə təhdidlər və milli təhlükəsizliyin təmin olunması tədbirləri qanunvericiliklə nəzərdə tutulmuş konsepsiyada və onun əsasında hazırlanmış konkret proqramlarda təsbit olunur.

Sürətli elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etməsi ilə müşayiət olunan ötən əsrin sonu və yeni minilliyin başlanğıcı qlobal informasiya mühitinin yaranmasına, mövcud sərhəd və maneələrin kifayət qədər aradan qalxmasına, əmtəələrin sərbəst beynəlxalq dövriyyəsinə, insanların azad yerdəyişməsinə gətirib çıxarmışdır. Eyni zamanda, bu qloballaşma müasir dünyamızı beynəlxalq terrorçuluğun, transmilli mütəşəkkil cinayətkarlığın, habelə silah və narkotiklərin qanunsuz dövriyyəsinin, qeyri-qanuni miqrasiyanın doğurduğu yeni təhdidlərlə üzləşdirmiş və hər bir dövlət qarşısında təhlükəli təzahürlərin qarşısının alınması üçün zəruri olan milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi vəzifələrini qoymuşdur. Beynəlxalq kommunikasiyaların hazırkı inkişaf səviyyəsi ölkəmizin milli maraqlarının təmin olunması məsələsində yeni yanaşmalar tələb edir ki, bu da qəbul olunmuş normativ hüquqi aktlarda öz əksini tapır. Milli Təhlükəsizlik Nazirliyi beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli formaları ilə qətiyyətlə mübarizə aparır. Məhz bu sahə üzrə Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin hüquqi əsasını 18 iyun 1999-cu il tarixli "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu təşkil edir. Bu Qanun Azərbaycan Respublikasında terrorçuluğa qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir, terrorçuluğa qarşı mübarizəni həyata keçirən dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, habelə həmin orqanların və vətəndaşların hüquqlarını və vəzifələrini təsbit edir.

İnsan hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin olunması, terrorçuluğun aşkar edilməsi, qarşısının alınması və bu cinayətkar qəsdlər nəticəsində gözlənilən zərərin minimuma endirilməsi, terrorçuluğun yaranması və həyata keçirilməsi səbəbinin və şəraitinin, habelə terrorçuluğun maliyyələşdirilməsi və digər yardımlar edilməsi hallarının aşkar və ləğv edilməsi Milli Təhlükəsizlik Nazirliyi qarşısında duran prioritet məsələlərdəndir. Bu istiqamətdə Azərbaycan Respublikası tərəfindən əməli tədbirlərin həyata keçirilməsi ilə yanaşı, müvafiq qanunvericilik bazası da təkmilləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2007-ci il tarixli Fərmanı ilə "Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyət qaydası haqqında Əsasnamə" təsdiq edilmişdir. Bundan başqa, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının 10 fevral 2009-cu il tarixli Qanunu qəbul olunmuşdur. Terrorçuluqla mübarizənin, ondan əziyyət çəkən bir ölkə kimi Azərbaycan Respublikası qarşısında əsas vəzifə hesab edilməsi normativ hüquqi aktlarda bir daha öz təsdiqini tapır.

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş 29 iyun 2004-cü il tarixli "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin əsas subyekti Milli Təhlükəsizlik Nazirliyidir.

Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə kəşfiyyat fəaliyyətini həyata keçirir. Kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasını təmin edir.

Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri olan əks-kəşfiyyat fəaliyyəti-xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. Əks-kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının həyata keçirilməsinə mane olan və ya bu maraqlara təhlükə yaradan şərait, proses və amillərdən qorunmasına yönəlmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti zamanı şəxsi toxunulmazlıq hüququnun məhdudlaşdırılmasına, hər kəsin şəxsi və ailə həyatı barədə əldə edilmiş sirlərin onun razılığı olmadan açıqlanmasına yol verilmir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları öz xidməti vəzifələrini yerinə yetirərkən ilk növbədə insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasına, müvafiq subyektlər tərəfindən pozulmuş bu hüquq və azadlıqların bərpa olunmasına, eləcə də təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsinə nail olmaqla Azərbaycan Respublikasına xidmətetmənin qürurunu yaşayırlar.

Müstəqil Azərbaycanın mühüm dövlətçilik təsisatlarından olan milli təhlükəsizlik orqanlarının formalaşması və inkişafında müstəsna rol oynayan, xüsusi xidmət orqanları üçün yeni nəsil ixtisaslı kadrların hazırlanmasını, eləcə də peşə hazırlığının artırılmasını və təkmilləşdirilməsini həyata keçirən Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev Akademiyasının yaradılması bilavasitə ümummilli liderin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev milli təhlükəsizlik orqanlarına və şəxsi heyətinə, milli kadr potensialının formalaşdırılmasına və möhkəmləndirilməsinə hər zaman xüsusi diqqət yetirmiş və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1 dekabr 1998-ci il tarixli Sərəncamı ilə təhlükəsizlik orqanlarının milli kadr ehtiyatının formalaşdırılması, eləcə də milli təhlükəsizlik orqanlarını xüsusi ixtisaslı ali təhsilli zabit kadrlarla təmin etmək məqsədilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası yaradılmışdır. Ulu öndər Heydər Əliyevin milli təhlükəsizlik orqanlarının inkişafında əvəzsiz xidmətlərini nəzərə alaraq və onun xatirəsinin əbədiləşdirilməsi üzrə görülən tədbirlər istiqamətində Milli Təhlükəsizlik Nazirliyinin müraciətinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 dekabr 2005-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına Heydər Əliyevin adı verilmişdir. Bu gün Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası Heydər Əliyev ənənələrinin yaşadılmasında, ulu öndərin ülvi amallarının gənc nəslə aşılanmasında mühüm rol oynayır. Ümummilli liderin şərəfli ömür yolu hər bir vətənpərvər azərbaycanlı, xüsusilə də xalqımızın gələcəyi olan gənclər üçün əsl həyat məktəbidir.

Bu gün regionda lider dövlətə çevrilmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən milli təhlükəsizlik orqanlarına daim diqqət və qayğı göstərilir. Azərbaycanda milli təhlükəsizlik sisteminin daha da inkişaf etdirilməsi, xüsusi xidmət orqanlarının fəaliyyətini təmin etmək məqsədi ilə əsaslı normativ hüquqi bazanın formalaşdırılması, milli maraqların xarici və daxili təhdidlərdən qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilməsi cənab Prezident İlham Əliyevin apardığı uğurlu fəal hüquq mühafizə kursunun bariz nümunəsidir.

Azərbaycan Respublikasının siyasi, iqtisadi, sosial və digər sahələrdə sürətli inkişafı və dünya birliyinə inteqrasiyası milli təhlükəsizlik sisteminin də daim müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun qurulmasını zəruri edir. Qlobal və regional təhlükəsizliyin təmin edilməsində ölkəmizin iştirakı, milli mənafelərə təhdidlərin proqnozlaşdırılması, vaxtında aşkarlanması və qarşısının alınması təhlükəsizlik orqanlarının yeni texnologiyalardan və informasiya-kommunikasiya sistemlərindən, son elmi nailiyyətlərdən geniş istifadə etməsini, əməkdaşlarının peşəkarlığının artırılmasını və digər dövlətlərin xüsusi xidmət orqanları ilə tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsini şərtləndirir. Bu baxımdan ölkə başçısının 17 oktyabr 2006-cı il tarixli Sərəncamı ilə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, habelə aqressiv separatçılıq, terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və milli maraqların digər təhdidlərdən qorunması sahəsində təhlükəsizlik orqanlarının fəaliyyətini daha da təkmilləşdirmək, maddi-texniki bazasını və əməkdaşlarının sosial müdafiəsini gücləndirmək məqsədi ilə "Azərbaycan Respublikasında milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı (2007-2011-ci illər)" təsdiq edildi. Bu proqram Milli Təhlükəsizlik Nazirliyində hər bir istiqamətdə yenidənqurma işlərinin aparılmasına - ən son texnologiyalarla təminatı və həmin texnika ilə işləyə biləcək kadr potensialının hazırlanması və s. üçün geniş imkanlar açdı.

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin təhlükəsizlik məsələlərinə diqqəti bununla məhdudlaşmır. Belə ki, dünyada baş verən sürətli dəyişikliklər şəraitində ayrı-ayrı dövlətlər və bütövlükdə bəşəriyyət terrorçuluq, etnik separatçılıq və münaqişələr, transmilli mütəşəkkil cinayətkarlığın artması, kütləvi qırğın silahlarının yayılması, təbii ehtiyatların tükənməsi, əhalinin sayının durmadan çoxalması və miqrasiyası, ətraf mühitin çirklənməsi və sair təhlükələrlə üzləşir. Bu amillər hər bir dövlətin prioritetlərinin, təhlükəsizliyə qarşı risklərin müəyyənləşdirilməsini, həmin risklərin qabaqlanması və aradan qaldırılması üzrə adekvat tədbirlərin həyata keçirilməsini zəruri edir. Bu baxımdan, habelə Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmalarının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 23 may 2007-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası" təsdiq olunmuşdur. Konsepsiyada Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri müəyyən edilmişdir. Suveren dövlət olaraq, Azərbaycan Respublikası mövcud təhlükəsizlik mühitində təhdidlərin nəzarət altında saxlanılmasına və aradan qaldırılmasına, habelə ölkənin milli maraqlarının təmin edilməsinə yönəlmiş milli təhlükəsizlik siyasətini formalaşdırır və həyata keçirir. Ölkəmizin milli təhlükəsizlik siyasəti xarici və daxili təhlükəsizlik arasında mövcud ayırıcı xətləri əhatə edən və adekvat çoxfunksiyalı tədbirlər tələb edən təhdidlərin müxtəlif ölçülü xarakterini nəzərə alır. Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Beynəlxalq hüquqda təsbit olunmuş bütün vasitələrdən istifadə etməklə öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin ən ümdə vəzifəsidir.

Bu il mart ayının 28-də Azərbaycan milli təhlükəsizlik orqanlarının yaranmasının 90 illik yubileyidir. Bu tarixin milli təhlükəsizlik orqanları əməkdaşları tərəfindən peşə bayramı günü kimi qeyd edilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin 23 mart 1997-ci il tarixli 525 nömrəli Sərəncamı ilə 1919-cu ildə Azərbaycan Demokratik Respublikası Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində ilk xüsusi xidmət orqanı olan kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradıldığı gün - 28 mart Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü elan edilmişdir.

Bayram münasibətilə "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 2 dekabr 2008-ci il tarixli Qanunu qəbul olunmuş, həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2009-cu il tarixli Fərmanı verilmişdir.

Son illər Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətində demək olar ki, bütün sahələr üzrə əlamətdar hadisələr müşahidə olunmuşdur. Zəruri islahatlar aparılmış, əməliyyat-xidməti fəaliyyətdə önəmli uğurlar qazanılmışdır. Milli təhlükəsizlik orqanlarında Azərbaycanın milli maraqlarının və mənafelərinin etibarlı qorunması üzrə mövcud qanunvericilik əsasında normativ hüquqi bazanın təkmilləşdirilməsi işi daim davam etdirilir.

Azərbaycan Respublikasının milli təhlükəsizliyi dedikdə, insan - onun hüquq və azadlıqları, cəmiyyət - onun maddi və mənəvi dəyərləri, dövlət - onun müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyünün təmin edilməsi başa düşülür. Azərbaycan Respublikasının maraqlarının, mənafelərinin və təhlükəsizliyinin etibarlı təmin olunmasında Milli Təhlükəsizlik Nazirliyinın əməkdaşları bundan sonra da ön sırada olacaqlar.

 

 

Bəxtiyar Hacıyev,

MTN-in idarə rəisi,

ədliyyə polkovnik-leytenantı,

hüquq elmləri namizədi

 

Azərbaycan.-2009.-28 fevral.-S.5.