Bakıda "Şimal-Qərb kənd inkişaf layihəsi" həsr olunmuş seminar keçirilmişdir

 

Seminarı giriş sözü ilə açan kənd təsərrüfatı naziri İsmət Abasov bildirmişdir ki, ölkəmizin İFAD-la əməkdaşlığı 1997-ci ildən başlamışdır. Ötən illər ərzində respublikamızın müxtəlif regionlarında "Dağətəyi yüksək dağlıq ərazilərin inkişaf etdirilməsi layihəsi", "Təsərrüfatların özəlləşdirilməsi layihəsi", "Şimal-Şərq inkişaf layihəsi" həyata keçirilmişdir. Kənd təsərrüfatının müxtəlif sahələrində, o cümlədən əkinçilik, maldarlıq, arıçılıq, suvarma sistemlərinin təkmilləşdirilməsi sahəsində mühüm nəticələr əldə edilmişdir.

Bu ilin əvvəlindən isə İFAD-la əməkdaşlıq şəraitində "Şimal-Qərb kənd inkişaf layihəsi"nin icrasına başlanmışdır. Layihə respublikamızın şimal-qərb bölgəsini - Ağstafa, Qazax, Şəmkir Tovuz rayonlarını əhatə edir. Bu layihənin ümumi dəyəri 32 milyon ABŞ dolları məbləğindədir. Beş il ərzində həyata keçiriləcək layihə suvarılan dəmyə torpaqlarda 30 minədək ailənin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına kömək edəcəkdir. Layihə çərçivəsində 60 min hektardan artıq ərazidə təsərrüfatdaxili suvarma şəbəkələrinin təmiri, bərpası, məhsuldarlığın artırılması, fermerlərə, kiçik orta sahibkarlara maliyyə xidmətləri göstəriləcəkdir.

Ölkəmizdə qeyri-neft sektorunun mühüm sahələrindən olan kənd təsərrüfatının inkişafı dövlətin prioritet istiqamətlərindəndir. Qeyd edilmişdir ki, bu sahənin inkişafında dövlətin dəstəyi hər an duyulmaqdadır.

Təmsil etdiyi qurumun beynəlxalq təşkilatlarla əlaqələrinə toxunan İ.Abasov bu əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, hazırda ölkədə kənd təsərrüfatı məhsullarının 90-95 faizi yerli istehsal hesabına ödənilir. 2010-cu ildə bu rəqəm 100 faizə çatdırılacaqdır. Yaxın illərdə məhsulların çeşidlərinin artırılması da gözlənilir.

İFAD-ın ölkəmiz üzrə proqram meneceri Əbdülkərim Sma bildirmişdir ki, İFAD artıq dördüncü layihədir ki, Azərbaycanda həyata keçirir. Bu işdə Azərbaycan hökuməti Beynəlxalq Fonda böyük dəstək verir. Natiq diqqətə çatdırmışdır ki, dünyada gedən maliyyə böhranına baxmayaraq, İFAD Azərbaycana yardımları davam etdirəcəkdir.

Ə.Sma seminar iştirakçılarına İFAD haqqında geniş məlumat vermiş, növbəti illərdə həyata keçiriləcək layihələrdən danışmışdır.

Nazirlər Kabinetinin şöbə müdiri Nail Fətəliyev, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin baş direktorunun müavini, İFAD proqramlarının direktoru Vüqar Mehdiyev İFAD-ın Azərbaycanda həyata keçirdiyi layihələrin uğurlarından geniş bəhs etmiş, "Şimal-Qərb kənd inkişaf layihəsi"nin icrası ilə bağlı ətraflı məlumat vermiş, İFAD-ın ölkəmizdə kənd təsərrüfatının inkişafı proqramlarını bundan sonra da dəstəkləyəcəyinə əmin olduqlarını vurğulamışlar.

Seminarda mövzu ilə bağlı məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-28 fevral.-S.6.