İslahatların əsas məqsədi əhalinin həyat səviyyəsinin
daha da yüksəldilməsidir
Siyasi analitiklər
və müşahidəçilər
2008-ci ili ölkə tarixində yadda qalacaq bir sıra
məqamlarla xarakterizə
edirlər. Ötən
il Azərbaycanda prezident seçkiləri keçirildi, ölkə iqtisadiyyatının bütün
sahələrində bir
sıra uğurlar qazanıldı. Dövlət
başçısının imzaladığı sərəncamlar,
kompleks inkişafa xidmət edən dövlət proqramları
əhalinin sosial problemlərinin yüksək
səviyyədə həllinə
əhəmiyyətli dərəcədə
kömək etdi. Son illərin iqtisadi uğurları kontekstində
Yasamal rayonunda qazanılan nailiyyətlər
də diqqəti çəkir. Bütün
bunlar barədə rayonun 2008-ci ildə sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunmuş hesabat yığıncağında ətraflı
bəhs edildi.
Yasamal rayon icra
hakimiyyətinin başçısı
İbrahim Mehdiyev hesabat məruzəsində
bildirdi ki, ötən beş ildə və xüsusən 2008-ci ildə
dövlət başçısı
İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı"nın (2004-2008-ci illər) reallaşdırılması
nəticəsində ölkə
iqtisadiyyatında müşahidə
olunan davamlı inkişaf tempi Bakının
Yasamal rayonunda da aydın hiss olunmaqdadır. Hesabat dövründə rayonun sənaye müəssisələrində
871 milyon 663 min manatlıq
və ya 2007-ci illə müqayisədə
1,4 faiz çox məhsul istehsal edilmişdir. Rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün
əsas kapitala əvvəlki illə müqayisədə iki dəfə çox investisiya yönəldilmişdir.
Ötən il rayonda 2794 yeni iş yeri açılmışdır.
Bunlardan 389-u təzə
yaradılmış müəssisələrin
payına düşür.
Əhalinin enerji, təbii qaz və içməli su ilə təchizatının
yaxşılaşdırılması sahəsində mühüm
işlər görülmüş,
geniş miqyasda tikinti-abadlıq, quruculuq işləri aparılmış,
yeni yollar, rabitə xətləri çəkilmiş və
bərpa olunmuşdur.
İcra başçısı
bunların reallaşdırılmasında
əməyi olan hər kəsə, sənaye, tikinti, nəqliyyat müəssisələrinin
kollektivlərinə rayon rəhbərliyinin
minnətdarlığını çatdırdı. Bildirdi
ki, ötən il rayonda bir
sıra yaşayış
binaları inşa edilmiş, 35 ünvanda abadlıq işləri aparılmış, yeni
park və istirahət
guşələri salınmış,
60-a yaxın binanın
fasadı əsaslı
təmir olunmuşdur.
Təhsil, səhiyyə,
mədəni-maarif müəssisələrinin
maddi-texniki bazasının
möhkəmləndirilməsi, məktəblərin informasiya-kommunikasiya
texnologiyaları, tədris
ləvazimatı ilə
təmin edilməsi, əhaliyə göstərilən
səhiyyə xidmətinin
səviyyəsinin daha
da yüksəldilməsi
istiqamətində müəyyən
işlər görülmüşdür.
Yeniyetmə və gənclərin sosial problemlərinin həlli, kütləvi bədən
tərbiyəsi və
fiziki sağlamlıqlarının
qorunması, istedadlı
və xüsusi bacarığa malik gənclərin aşkara çıxarılması, onların
asudə vaxtlarının
səmərəli təşkili,
gənclər arasında
hərbi vətənpərvərlik
tərbiyəsinin gücləndirilməsi
sahəsində uğurlu
nəticələr qazanılmışdır.
Məruzəçi daxili imkanlar hesabına tamamilə yeniləşdirilmiş
və paytaxtımıza
xüsusi yaraşıq
verən yeni istirahət parkının,
Heydər Əliyev Məktəb-Muzeyinin və
icra hakimiyyətinin yeni inzibati binasının
istifadəyə verilməsini
quruculuq işlərinin
mühüm mərhələsi
kimi dəyərləndirdi.
Bildirdi ki, vaxtilə Nazim Hikmət küçəsi
və Mətbuat prospektinin kəsişməsində
salınmış və
uzun müddət baxımsız qalmış
1,7 hektar sahəsi olan park xüsusi layihə əsasında bir il ərzində
müasir səviyyədə
tamamilə yenidən qurulmuşdur. Yeni park dövlət başçısının
Bakı şəhərində
parkların və xiyabanların əsaslı
təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən
abadlaşdırılan guşələrdəndir.
Burada yaradılan fəvvarələr və
şəlalələr kompleksi,
ən hündür yerdə ucaldılan Azərbaycanın dövlət
bayrağı parkın
yaraşığını qat-qat artırır. İndi rayon sakinləri tez-tez bu guşəyə
gəlir, öz istirahətlərini burada keçirirlər. Ətraf
binalarda da əsaslı təmir və abadlıq işləri görülmüşdür.
Ötən il dekabrın 20-də Azərbaycan
Prezidenti İlham Əliyevin parkın açılış mərasimində
iştirak etməsi, yeni istifadəyə verilmiş Heydər Əliyev Məktəb-Muzeyi
ilə tanış olması, Yasamal Rayon İcra Hakimiyyəti üçün tikilmiş
yeni binada yaradılan şəraitlə
maraqlanması rayon sakinlərinin
ürəyindən olmuşdur.
2008-ci ildə
Yasamal rayonu ərazisində aparılan
abadlıq işlərinin
miqyası olduqca genişdir. Ötən müddətdə onlarca məhəllədə yaşıllaşdırma
işləri aparılmış,
uşaq idman və əyləncə meydançaları yaradılmışdır.
Küçələr və
məhəllədaxili yollar
təmir edilmiş, binaların giriş qapıları dəyişilmiş,
köhnəlmiş dam örtükləri
təzələnmişdir. BDU-nun yeni tədris korpusunun istifadəyə verilməsi, Bakı Metropoliteni İdarəsinin
inzibati binasının,
"Beşmərtəbə" adlanan yaşayış evinin və digər inzibati binaların təzə görkəm alması ötən ilin yaddaqalan yenilikləri hesab olunmalıdır.
Rayonun küçə
və meydanlarının
abadlaşdırılması, yaşıllıqların artırılması
ilə yanaşı, qanunsuz tikinti işlərinin qarşısının
alınması istiqamətində
də əməli tədbirlər davam etdirilmişdir. Rabitə Kolleci yataqxanasının ərazisində sanitar-gigiyenik
qaydalara cavab verməyən, epidemioloji cəhətdən təhlükə
mənbəyinə çevrilmiş
ərazi təmizlənmiş,
ətrafda səliqə-sahman
yaradılmışdır.
Metronun "20 Yanvar"
və "İnşaatçılar"
stansiyalarının çıxışlarında
uzun illər qanunsuz ticarətin baş alıb getməsi sərnişinlərlə
bərabər sakinlərin
də narahatlığına
və narazılığına
səbəb olurdu. Mövcud vəziyyət ərazinin sanitar-gigiyenik tələblər səviyyəsində
saxlanmasına imkan vermirdi. Bu yaxınlarda əhalini narahat edən bu problem də aradan qaldırılmışdır.
Hesabat ilində
xidmət strukturlarının
işi də diqqət mərkəzində
saxlanılmış, payız-qış
mövsümünə hazırlıq,
əhalinin fasiləsiz
olaraq su, qaz, elektrik enerjisi
ilə təmin edilməsi, eləcə də əhali və hüquqi şəxslər tərəfindən
xidmətlərə görə
ödəmələrin vəziyyəti
ön plana çəkilmişdir. Əhalinin
yoxsulluq şəraitində
yaşayan hissəsinin
sosial müdafiəsinin
gücləndirilməsi rayon icra hakimiyyəti aparatının əsas vəzifələrindən birinə
çevrilmişdir. Ötən
il sosial müdafiəyə ehtiyacı
olan şəhid ailələrinə, əlillərə,
valideyn himayəsindən
məhrum olmuş azyaşlılara, tənha
ahıllara, qaçqın
və məcburi köçkünlərə və
digər aztəminatlı
ailələrə əlamətdar
bayram günləri ilə əlaqədar daxili imkanlar hesabına 160 min manatdan çox maddi yardım göstərilmişdir.
"Ünvanlı dövlət
sosial yardımı haqqında" qanunun tətbiq edilməsi ilə əlaqədar Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən
2008-ci ildə 3619 ailəyə
sosial yardım təyin edilmişdir.
Ölkədə milli təhsil konsepsiyasının reallaşdırılmasına yönəlmiş dövlət proqramlarının icrası ilə əlaqədar ümumtəhsil məktəblərinin, məktəbəqədər uşaq müəssisələrinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində xeyli iş görülmüşdür. Çoxnövbəliliyin, şagird sıxlığının aradan qaldırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə akademik Zərifə Əliyeva adına məktəbin tikintisi başa çatdırılmış, 60 nömrəli məktəbin binası yenidən tikilmiş, 53 nömrəli məktəbdə 300 şagird yerlik yeni korpus istifadəyə verilmişdir. Bir sıra məktəblərdə və uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.
Rayon ərazisində cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin qorunması, bu sahədə profilaktik tədbirlərin vaxtında və peşəkarlıqla həyata keçirilməsi cinayət xarakterli hadisələrin azalmasına imkan vermişdir. Rayonun hüquq-mühafizə orqanları narkotik maddələrin qanunsuz dövriyyəsi, soyğunçuluq, quldurluq, xuliqanlıq və s. kimi hallara qarşı təsirli tədbirlər həyata keçirmişlər. 2008-ci ildə rayon bələdiyyəsi imkanlarını səfərbər edərək "Bir bələdiyyə - azı bir layihə" təşəbbüsü və "Abad məhəllə" layihəsi çərçivəsində bir sıra tədbirlər həyata keçirmişdir.
Hazırda rayonda martın 18-də keçiriləcək referenduma ciddi hazırlıq işləri görülür. Yasamal rayon ictimaiyyəti, icra strukturları, əmək kollektivləri, təhsil və səhiyyə ocaqları əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, sosial-iqtisadi inkişafın sürətləndirilməsinə yeni-yeni töhfələr vermək niyyətindədir. Digər çıxışlarda və qəbul edilmiş qərarda bütün bunlar özünün geniş əksini tapdı.
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının məsul işçisi Tağı Tağıyev yığıncaqda çıxış edərək qarşıda duran mühüm vəzifələrdən danışdı.
Akif Cabbarlı
Azərbaycan.-2009.-28 fevral.-S.6.