Kaktus gül açanda...

 

Təbiətin möcüzəsi çoxdur. Hər dəfə ürək açan, könül oxşayan, göz sevindirən bir gözəlliyi görəndə duyduğun fərəhi ifadə etməyə söz tapmırsan. Təbiətdə qədər güllər, çiçəklər var? Sayı bilinmir. Maraqlıdır ki, hər yaz dərəni, düzü eyni çiçəklər, güllər bürüyür, amma bizə hər dəfə təzə gəlir.

Kaktuslar çox qeyri-adi bitkidir. Öz vətənlərində onları həyətlərdə, bağlarda, parklarda əkirlər. Çox nəhəng olurlar. Bizim təbiətsevərlər kaktusları dibçəklərdə, ev şəraitində becərirlər, qayğısına qalırlar. Gül bəsləyənlərin ən böyük sevinci kaktusların gül açmasını görməkdir.

Kaktusların növləri çoxdur. Eləsi var ki, illərlə bəslə, qayğısına qal, eləcə zümrüd libasında görəcəksən. Kaktus da var, düzgün qulluq etsən, qayğısına qala bilsən, səni sevindirəcəkdir. Həqiqətən kaktuslar gül açanda çox qeyri-adi görünüşə malik olurlar.

Fotomüxbirimizin lentə köçürdüyü şəklə fikir verin, yəqin çoxunuz bu kaktusu tanıyır, amma çiçək açmasını görməmisiniz. Çünki çox "kaprizni" olurlar. Artıq su verdin çürüyürlər, suyun kəm etdin quruyurlar. Gərək hər bir işin ölçüsünü biləsən. Bunun üçün isə kaktusları sevmək, onların "xasiyyətləri"ni dərindən öyrənmək gərəkdir. Əgər bunu bacarsanız, kaktus sizi beləcə sevindirəcək. Gül açacaq, çiçək tökəcək, hətta bəzən meyvəsi olacaq.

Gəlin kaktusları sevək, qoruyaq, becərək. Bu həm sizin sağlamlığınız üçün vacibdir. Bəllidir ki, kaktuslar şüaları özlərinə çəkərək ətraf mühitin təmizlənməsinə xidmət göstərirlər.

 

 

F.Xəlilzadə

 

Azərbaycan.-2009.-28 fevral.-S.8.