Bölgələrin sürətli inkişafını təmin etmiş təkmil konsepsiya

 

Hər bir dövlətin davamlı tərəqqisinin mühüm şərtlərindən biri də onun bütün regionlarının tarazlı və davamlı inkişafının təmin edilməsidir. Bu reallığı düzgün dəyərləndirən dövlət başçısı İlham Əliyevin son beş ildə həyata keçirdiyi iqtisadi siyasətdə regionların inkişafı mühüm yer tutur. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı bu günlərdə təşkil olunmuş konfrans dövlət başçısının bu sahədə real əməli fəaliyyətə söykənən siyasət yeritdiyini, bölgələrə xüsusi diqqət və qayğı ilə yanaşdığını bir daha təsdiqləyir.

Konfransda dövlət başçısının hələ 2004-cü il fevralın 11-də imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair (2004-2008-ci illər) Dövlət Proqramına yekun vurulmuş, ötən beş ildə bu təkmil konsepsiya əsasında həyata keçirilən tədbirlərə nəzər salınmışdır. Konfransda açıqlanan uğurlu nəticələr deməyə əsas verir ki, sözügedən dövlət proqramı bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə cəmiyyət üçün xarakterik olan bir sıra problemlərin kompleks həllində mühüm rol oynamış, habelə müəyyən dövr üçün hökumətin fəaliyyət prioritetlərini müəyyənləşdirmişdir. Beşinci ildönümü tamam olan bu fundamental proqram ölkə iqtisadiyyatına gətirdiyi böyük dividendlərlə hər zaman aktuallığını qoruyub saxlamışdır.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı bölgələrin inkişafındakı fərqin aradan qaldırılması, qarşıya qoyulmuş bir sıra strateji layihələrin həyata keçirilməsi baxımından son dərəcə əhəmiyyətli sənəd olmuşdur. Proqramda nəzərdə tutulmuş tədbirlərin uğurla gerçəkləşdirilməsi nəticəsində bölgələr sürətlə inkişaf etmiş, respublikamızda sahibkarlığın inkişafı sürətlənmiş, yerli əmək ehtiyatlarından, təbii və iqtisadi resurslardan kifayət qədər səmərəli istifadə edilməsi yolu ilə iqtisadiyyatın dinamik inkişafı təmin edilmişdir. Proqram təkmil fəaliyyət konsepsiyası kimi sonrakı mərhələdə iqtisadiyyatın müxtəlif sahələri ilə bağlı digər proqramların qəbulu üçün də bir növ baza, əlverişli zəmin rolunu oynamışdır.

Azərbaycan Prezidenti İlham Əliyev konfransdakı dərin məzmunlu çıxışında regionların sosial-iqtisadi inkişafına həsr olunmuş Dövlət Proqramının mühüm nəticələr verdiyini xüsusi vurğulamışdır. Dövlət başçısı demişdir ki, regional inkişafı təmin edəcək belə bir proqramın qəbulu ilə bağlı hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində öz təkliflərini irəli sürmüşdür: "Beş il ərzində keçdiyimiz yol bu gün deməyə əsas verir ki, bölgələrin bir sıra problemləri öz həllini tapmışdır. 2004-cü ildə qeyri-neft sektorunun inkişafına nail olmaq əsas vəzifə kimi qarşıya qoyulmuşdu. Yəni, bölgələrdə müasir güclü infrastruktur, yeni müəssisələr yaradılsın, iş yerləri açılsın ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin. Hər bir ölkənin inkişafı üçün bu, çox böyük əhəmiyyət kəsb edir. İlk növbədə, təbii resurslarla zəngin olan ölkələrdə qeyri-neft sektorunun inkişafı böyük əhəmiyyət kəsb edir. Çünki əks təqdirdə, iqtisadiyyat dayanıqlı olmayacaq və biz bu uğurları ancaq qısa müddət ərzində yaşaya bilərik. Bizim isə məqsədimiz ondan ibarətdir ki, növbəti illərdə, uzun müddət ərzində Azərbaycan çox sürətlə inkişaf etsin, iqtisadiyyatımız neft-qaz amilindən asılı olmasın və ilk növbədə, insanların yaxşı yaşaması üçün bütün şərait yaradılsın".

Dövlət proqramının uğurla icrası nəticəsində ötən beş ildə sənaye istehsalı 3,7 dəfə, investisiyalar 2,4 dəfə, strateji valyuta ehtiyatları 9,8 dəfə, ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 1,7 dəfə, bu sahəyə yönəldilən investisiyalar 6,2 dəfə, qeyri-neft məhsullarının ixracı 2,2 dəfə, orta aylıq əməkhaqqı 2,7 dəfə, pensiyaların orta aylıq məbləği 4 dəfə artmış, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 13,2 faizə enmişdir. 2003-cü ildən büdcə xərcləri 12 dəfədən çox artmış, respublikanın strateji valyuta ehtiyatları 18 milyard dolları ötmüşdür. Təsadüfi deyil ki, aparılan islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmiş və 2008-ci ildə Dünya Bankı Azərbaycanı ən islahatçı ölkə elan etmişdir.

Dövlət investisiya xərclərində regionlardakı layihələrin həyata keçirilməsinə ayrılan vəsaitin məbləği 2004-cü illə müqayisədə 2008-ci ildə 6 dəfə artaraq 3,9 milyard manat təşkil etmişdir və bu da ümumi investisiyaların 83 faizidir. Ümumilikdə son beş il ərzində regionlara 6,8 milyard manat həcmində dövlət investisiyaları qoyulmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq, mühərrik yağları, buğda, toxum və gübrəyə görə subsidiyaların verilməsi, texnika, gübrə və toxum təchizatının yaxşılaşdırılması üçün dövlət büdcəsindən vəsaitin ayrılması və vergi güzəştlərinin tətbiqi nəticəsində son beş ildə məhsul istehsalının nominal dəyəri 2,4 dəfə artmışdır.

Regionların inkişafına xidmət edən bu proqram həm də yerlərdə infrastrukturun yeniləşdirilməsinə, nəqliyyat-kommunikasiya sisteminin bərpasına, habelə elmi-texniki tərəqqiyə, mədəni yüksəlişə, müasir texnologiyaların tətbiqinə geniş imkanlar açmışdır. Dövlət proqramı inkişaf etməkdə olan bütün ölkələr, o cümlədən Azərbaycan üçün xarakterik olan daha bir vacib problemin həllinə - urbanizasiya prosesinin yüksək səviyyəsinin, şəhərlərə yüksək axının qarşısını almağa yönəlmişdir. Regionlarda yeni iş yerlərinin açılması, əhalinin qaz, su, elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması, mədəni-intellektual mühitin formalaşdırılması paytaxta və digər iri şəhərlərə kütləvi axının qarşısını əhəmiyyətli dərəcədə almışdır.

Azərbaycan Prezidentinin özünəməxsus dinamizmlə gerçəkləşdirdiyi siyasət hesabına ölkə həyatında müşahidə olunan davamlı yüksəliş respublikanın pozitiv inkişafını müəyyənləşdirən fakt və statistik göstəricilərdə də qabarıq təsdiqini tapır.

Proqramın icra vəziyyətini diqqət mərkəzində saxlayan dövlət başçısı mütəmadi olaraq regionlara səfərlər edərək görülən işlərlə əyani tanış olmuş, lazımi tapşırıq və tövsiyələrini vermişdir. Bunun nəticəsi kimi, regionların inkişafı prosesinin sürətləndirilməsi məqsədinə hesablanmış 17 əlavə sərəncam imzalanmışdır. Ümumilikdə proqramda nəzərdə tutulmuş vəzifələrin uğurla başa çatdırılması da hökumətin çevik və işlək fəaliyyətinin göstəricisidir.

Ötən beş ildə respublikada 766 mindən çox yeni iş yerinin açılması həm də proqram çərçivəsində infrastrukturun müasirləşdirilməsinə və sahibkarlığın inkişafına göstərilən diqqətin nəticəsidir. Kompleks inkişafa xidmət edən mühüm investisiya layihələri Azərbaycanı hər bir sahədə mütərəqqi yeniliklərə istinad edən, müasir dövlətə çevirmək məqsədi daşımışdır. Ölkədə yeni sosial infrastruktur obyektlərinin inşası son nəticədə Azərbaycan insanının mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətdə əsas meyara çevrilməsinə xidmət etmişdir.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının ölkəmizdə orta təbəqənin mövqelərinin güclənməsi prosesində də müstəsna rolu olmuşdur. Məlumdur ki, bütün sivil dövlətlərdə orta təbəqə cəmiyyətdə demokratik inkişafın hərəkətverici qüvvəsi, ictimai-siyasi sabitliyin təminatçısı rolunu üzərinə götürür. Dövlət proqramının nailiyyətləri sayəsində maddi rifah halına görə orta təbəqəyə aid vətəndaşların sırasının sürətlə genişlənməsi, ələlxüsus bu prosesin daha çox ucqarları əhatə etməsi ötən 5 il ərzində Azərbaycanın əldə etdiyi uğurlu nailiyyətlərdən biridir. Dövlət büdcəsindən sahibkarlığın inkişafına ayrılan vəsaitin həcmi ilbəil artırılmış, beş ildə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 7 min investisiya layihəsinə 324 milyon manat kredit verilmişdir. Bu layihələrin 87 faizi, kreditlərin isə 70 faizi regionların payına düşür.

Cənab İlham Əliyevin tapşırığı və şəxsi nəzarəti ilə 2009-2013-cü illəri əhatə edən yeni dövlət proqramı hazırlanmışdır və yaxın günlərdə təsdiqlənəcəyi gözlənilir. Qlobal iqtisadi böhran vəziyyətinə baxmayaraq, ölkə iqtisadiyyatının şaxələndirilməsi və dünya iqtisadiyyatına səmərəli inteqrasiyası, bölgələrin infrastruktur və kommunal xidmətlərlə təminat səviyyəsinin və xalqın rifah halının daha da yüksəldilməsi yeni proqramın əsas məqsədləri kimi müəyyən edilmişdir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının imzalanmasının 5-ci ildönümünə həsr olunmuş konfrans bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin əzmkar fəaliyyəti respublikamızın hər bir bölgəsinin inkişafına, insanların layiqli həyat səviyyəsinin təmin olunmasına yönəlmişdir. 2009-ci ilin dövlət büdcəsində investisiya layihələri üçün 5,6 milyard manat vəsaitin nəzərdə tutulması deməyə əsas verir ki, cari ildə bölgələrdə quruculuq və abadlıq işləri, infrastrukturun yeniləşdirilməsi prosesi daha geniş vüsət alacaqdır.

 

 

S.Elmanoğlu 

 

Azərbaycan.-2009.-1 mart.-S.1.