Azərbaycanın işğal olunmuş ərazilərinə ermənilərin vurduğu zərəri araşdırmaq üçün ATƏT PA-nın nümayəndə heyətinin bölgəyə səfərinə ehtiyac vardır

 

ATƏT Parlament Assambleyasının (ATƏT PA) Vyanadakı növbəti qış sessiyası gözlənildiyindən də gərgin keçmişdir. Sessiya çərçivəsində ATƏT Parlament Assambleyası sədrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker Azərbaycan, Gürcüstan və Ermənistan deputatlarının görüşünü təşkil etmişdir. Kifayət qədər gərgin keçən müzakirələrdə tərəflər arasında hələ də ciddi fikir ayrılığının olduğu üzə çıxmışdır.

Assambleyanın iclasında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri ermənilərin əsassız iddialarına tutarlı cavab vermişlər.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov demişdir ki, həmin görüş zamanı Q.Lenmarker bir qədər əvvəl regiona etdiyi səfəri barədə qısa məlumat verərək bildirmişdir ki, regiondakı digər münaqişələrdən fərqli olaraq, 2009-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün "qızıl imkan" mövcuddur. Xüsusi nümayəndə bu imkanın dəyərləndirilməsinin münaqişə tərəflərindən asılı olduğunu bildirmişdir. O, Azərbaycan və Ermənistan prezidentlərinin, xarici işlər nazirlərinin görüşlərinin əhəmiyyətindən də danışmış, münaqişə tərəflərinin deputatlarının müntəzəm görüşmələrini təklif etmişdir. Bu dəfə onun mövqeyi daha konkret olmuşdur. Qəti şəkildə bildirmişdir ki, Azərbaycanın işğal olunmuş əraziləri geri qaytarılmalı, məcburi köçkünlər öz torpaqlarına dönməlidirlər. Bu məsələ nə qədər gecikirsə, Dağlıq Qarabağ münaqişəsinin həlli bir o qədər ağırlaşır. Məruzəçinin fikrincə, münaqişə ilə bağlı digər məsələlər məhz işğal edilmiş torpaqlar azad olunandan sonra həll edilməlidir.

Müzakirələr zamanı Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova və deputat Azay Quliyev çıxış edərək, ölkəmizin mövqeyini bir daha xatırlatmışlar.

Q.Lenmarker Cənubi Qafqaz ölkələrinin parlament platformasının yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Görüş iştirakçıları, o cümlədən Azərbaycan nümayəndə heyəti bu ideyanı müsbət qiymətləndirmişdir. Amma bununla bağlı dərin müzakirələr olmalıdır. Xüsusi nümayəndə özü təklifin mahiyyətini açmamışdır. Ermənilər də bu təşəbbüsə müsbət yanaşmışlar. İtaliyanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz ölkələrində Azərbaycan və Ermənistan deputatlarının görüşünün təşkilini təklif etmişlər.

E.İbrahimovun fikrincə, deputatlar arasında hər bir görüş, fikir mübadiləsinin aparılması münaqişənin həllinə kömək edə bilər. Ola bilsin ki, gələcəkdə Qoran Lenmarker özü təşəbbüslə çıxış edib Azərbaycan və Ermənistan deputatlarının görüşünü təşkil etsin.

Q.Lenmarkerin Bakıda Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşdə səsləndirdiyi "nə Ermənistan, nə də Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün istəklərinə nail ola biləcəkdir" fikrinə də münasibətini bildirən E.İbrahimov demişdir ki, o, təcrübəli diplomatdır. Çox vaxt dinləyir, amma danışmır, neçə illərdir regiona gəlib-gedir, amma münaqişə ilə bağlı konkret fikir bildirmir. O, yalnız Vyanadakı toplantıda müəyyən fikirlərini söyləmişdir. Güzəştlərə gəldikdə isə, Azərbaycan heç bir güzəştə getməyəcək, ölkənin ərazi bütövlüyü qeyd-şərtsiz bərpa olunmalı, məcburi köçkünlər yurd-yuvalarına qayıtmalıdırlar. Yalnız bundan sonra Dağlıq Qarabağın statusu məsələsinə baxıla bilər.

Xatırladaq ki, E.İbrahimov təmsil olunduğu ATƏT PA-nın İqtisadiyyat, elm, texnologiya və ətraf mühit komitəsinin iclasında "Avropa təhlükəsizliyinin yeni arxitekturası" mövzusu üzrə keçirilmiş "İqtisadiyyat və ətraf mühit" barədə müzakirələrdə iştirak etmişdir. O, çıxışında ermənilərin işğal altındakı ərazilərin ekologiyasına vurduğu dəhşətli zərərdən danışmış, Azərbaycanın 65 min hektar əkinə yararlı torpaqlarının, 15 min hektar meşənin yandırıldığını, zəhərli radioaktiv tullantıları işğal olunmuş ərazilərimizdə basdırdığını konkret faktlarla diqqətə çatdırmışdır. Ermənilərin Kür və Araz çaylarını çirkləndirməsi faktı xüsusi vurğulanmışdır. Azərbaycan nümayəndə heyətinin üzvü ATƏT PA-nın bu ilin mayında Dublində keçiriləcək toplantısında bu məsələlərə baxılmasını, bu faktları araşdırmaq üçün həmin iclasa qədər isə münaqişə bölgəsinə ATƏT PA-nın nümayəndə heyətinin göndərilməsini və monitorinq keçirilməsini təklif etmişdir.

Komitənin əlaqələndiricisi Qoran Svilanoviç Azərbaycan nümayəndə heyətinin təkliflərini dəstəkləyərək demişdir ki, bu məsələlərin məruzədə əksini tapması üçün monitorinq keçirilməsinə ehtiyac vardır.

 

 

Azərbaycan.-2009.-1 mart.-S.1.