İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılacaqdır

 

Martın 2-də Milli Məclis Sədrinin müavini, Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Bahar Muradova, deputatlar Elton Məmmədov, Asəf Hacıyev, Azay Quliyev Asim Mollazadə İsveçrəyə səfərə yola düşəcəklər.

Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, İsveçrənin qanunverici orqanında İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılması ilə bağlı görüşdə, həmçinin Azərbaycana dair təqdimat mərasimi keçiriləcəkdir. Tədbirdə Azərbaycanın tarixi mədəniyyəti haqqında ingilis dilində hazırlanmış videofilm nümayiş etdiriləcək, sərgi açılacaqdır.

Azərbaycan nümayəndə heyətinin üzvləri Milli Şuranın iclasına qatılacaqlar. Səfər çərçivəsində Milli Məclisin deputatlarının İsveçrənin Kantonlar Şurasının prezidenti Alain Berset, habelə hökumət rəsmiləri ilə görüşləri nəzərdə tutulmuşdur.

Deputatlarımız isveçrəli həmkarları ilə əlaqələrin inkişaf perspektivlərini müzakirə edəcək, ikitərəfli səfərlərin təşkilinə, qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparacaqlar.

Səfər martın 5-də başa çatacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-1 mart.-S.1.