Leyla Əliyeva:
"Doğma torpaq uğrunda həlak olmuş heç bir azərbaycanlı unudulmayacaqdır"
Fevralın 28-də Rusiyanın azərbaycanlı
gəncləri Xocalı
faciəsi qurbanlarının
əziz xatirəsini yad etmişlər.
Heydər Əliyev
Fondunun Rusiya nümayəndəliyi İslam
Konfransı Təşkilatının
Gənclər Forumu ilə birlikdə "Bakı" kinokonsert kompleksində Xocalı faciəsinin 17-ci ildönümü,
habelə "Xocalıya
ədalət" informasiya
kampaniyasının veb-saytının
təqdimatı ilə
əlaqədar genişmiqyaslı
aksiya keçirmişdir.
Tədbir Xocalı soyqırımı
qurbanlarının xatirəsinin
bir dəqiqəlik anılması ilə başlanmışdır. Sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Xocalı.
Bir şəhərin faciəsi"
sənədli filmi nümayiş etdirilmişdir.
Heydər Əliyev
Fondunun Rusiya nümayəndəliyinin rəhbəri,
İslam Konfransı Təşkilatının Dialoq
və Əməkdaşlıq
Uğrunda Gənclər
Forumunun mədəniyyətlərarası
dialoq üzrə baş əlaqələndiricisi
Leyla Əliyeva tədbiri açaraq demişdir ki, 17 il əvvəl Xocalı faciəsi baş vermiş, günahsız insanlar - qadınlar, uşaqlar, qocalar kütləvi surətdə qətlə
yetirilmişlər. O bu
faciəni erməni işğalçılarının suveren Azərbaycan ərazisində həyata keçirdiyi təcavüzkar,
millətçi və
etnik təmizləmə
siyasətinin nəticəsi,
bəşəriyyətə qarşı cinayət adlandırmışdır. L.Əliyeva
demişdir: "Bütün
müharibələr dəhşətlidir,
yüzlərlə və
minlərlə insana bədbəxtlik, müsibət
gətirir. Lakin müharibədə günahsız insanların
qətlə yetirilməsi
xüsusilə dəhşətli
və faciəlidir.
Xocalı şəhərində
məhz bu, baş vermişdir: erməni silahlı qüvvələri heç
bir hərbi təhlükə törətməyən,
şəhəri tərk
edən dinc sakinləri - qadınları,
qocaları və uşaqları bilərəkdən
qətlə yetirmişlər.
Bu insanlar hiyləgərliklə tələyə
salınmış və amansızlıqla güllələnmişlər.
Heç bir günahı olmayan bu insanlar yalnız etnik mənsubiyyətinə
görə məhv edilmişlər. Bu, Azərbaycan xalqına
qarşı əsl soyqırımı, atalarımıza,
analarımıza, bacı və qardaşlarımıza
qarşı şüurlu surətdə törədilmiş
qırğın idi. Eyni zamanda, bu,
düşünülmüş kütləvi qorxutma
aksiyası idi. Lakin tarix göstərdi ki, Azərbaycan
xalqının iradəsi o vaxt da qırılmadı və
heç vaxt qırılmayacaqdır. Xocalı faciəsi Azərbaycanın
tarixinə ən dəhşətli və qara səhifələrdən
biri kimi yazılsa da, xalqımızın gücünün,
möhkəm iradəsinin nümunəsidir".
Heydər Əliyev Fondunun
Rusiya nümayəndəliyinin başçısı
bildirmişdir ki, Azərbaycan xalqı əzəli
torpaqlarının işğal altında qalması ilə
heç vaxt barışmayacaq və ölkənin ərazi
bütövlüyünün bərpasına nail olacaqdır. O
demişdir: "Bu gün biz Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi nəticəsində
həlak olmuş soydaşlarımızın, Xocalı faciəsi
qurbanlarının xatirəsini yad edir və bir daha dünya
birliyini bu faciəyə hüquqi və mənəvi qiymət
verməyə çağırırıq. XXI əsrdə
kiminsə qərəzli və millətçi niyyətlərinə
görə dinc insanların qətlə yetirilməsi yolverilməzdir
və bizim məqsədimiz bu münaqişə barədə
həqiqəti dünya ictimaiyyətinə
çatdırmaqdır".
L.Əliyeva bildirmişdir ki, İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi kimi o, ötən il mayın 8-də "Xocalıya ədalət" kampaniyasının keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. Aksiyadan məqsəd bu faciə və ümumən münaqişə barədə dünya birliyini düzgün məlumatlandırmaqdır. Bu gün burada həmin aksiya barədə ətraflı öyrənmək, habelə "Xocalıya ədalət" veb-saytını görmək olar. Hazırda bir çox ölkələrdə kampaniyanın və saytın təqdimatı keçirilir. Doğma torpaq uğrunda həlak olmuş heç bir azərbaycanlı unudulmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və beləliklə də ədalət zəfər çalacaqdır.
Leyla Əliyeva çıxışının sonunda tədbirə toplaşanlara, bu kədərli gündə Azərbaycan xalqının dərdinə şərik olanlara təşəkkürünü bildirmişdir. Sonra o, Xocalı faciəsinin şahidləri Zaur Əliyev və Anar Usubovu səhnəyə dəvət etmişdir. Faciə baş verən vaxt onlar hələ uşaq idi. Dəhşətli faciənin şahidləri erməni hərbçilərinin Dağlıq Qarabağın bu şəhərinin dinc sakinlərinə qarşı törətdikləri vəhşiliklər barədə xatirələrini söyləmişlər. Onlar ədalətin bərpa olunması, Xocalı faciəsi barədə həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində səylərinə görə Azərbaycan rəhbərliyinə, Heydər Əliyev Fonduna və onun Rusiya nümayəndəliyinə təşəkkürlərini bildirmişlər.
Sonra çıxış edən İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş katibi Elşad İsgəndərov "Xocalıya ədalət" aksiyasının təqdimatını Moskva üçün əlamətdar hadisə adlandırmışdır. O vurğulamışdır ki, dünyanın 20-dən çox ölkəsində keçirilən aksiyadan məqsəd beynəlxalq ictimaiyyətin diqqətini Xocalıda baş vermiş faciəli hadisələrə cəlb etmək, ona obyektiv hüquqi və mənəvi qiymət verilməsinə nail olmaqdır. E.İsgəndərov demişdir ki, Leyla Əliyevanın təşəbbüsü İKT-nin üzvü olan bütün ölkələr tərəfindən dəstəklənmiş və həm onların, həm də əsrlərlə qonşuları ilə dinc yanaşı yaşamış Azərbaycan xalqının maraqlarına cavab verir. Saytın rus dilinə tərcümə edildiyini deyən E.İsgəndərov ümidvar olduğunu bildirmişdir ki, Rusiyada bu kampaniyaya məsuliyyətlə yanaşılacaq və bu mövzu məhz Rusiyada daha ciddi səsləndiriləcəkdir.
Ermənilərin Xocalıdakı cinayətlərinə qarşı etirazını bildirən ilk rusiyalı yazıçı, "Qarabağ qan içində" kitabının müəllifi Yuri Pompeyev bildirmişdir ki, daim səslənən əsas söz "ədalət"dir. O demişdir: "Düşünürəm ki, hər bir faciədə, xüsusilə azərbaycanlıların başına gətirilən bu genişmiqyaslı xalq faciəsində ədalətin axtarılması asan deyil, ancaq bu 17 il ərzində böyüyən nəsil buna qadirdir. Bu hadisələrin şahidləri Azərbaycan xalqının gücünü nümayiş etdirirlər". Yazıçı vurğulamışdır ki, vətənpərvər yazıçı Musa Mərcanlı 17 il ərzində ilk dəfə "İRS-Naslediye" jurnalında 1992-ci il fevralın 26-na keçən gecə Xocalıda törədilmiş soyqırımında bilavasitə iştirak etmiş 38 nəfərin soyadını dərc etdirmişdir. Zənnimcə, ədalətin bərpa olunması bu qırğında, bu quldurluqda təqsiri olanlar üçün ən böyük cəzadır".
Sonra "Xocalıya ədalət" kampaniyasının veb-saytı, "Dua" filmi nümayiş etdirilmişdir. Foyedə Xocalı faciəsindən bəhs edən fotosərgi təşkil olunmuş, bu mövzuda kitablar, jurnallar və digər nəşrlər paylanmışdır.
Asya Hacızadə,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.-2009.-1 mart.-S.2.