Amerika azərbaycanlıları Xocalı faciəsinin ildönümündə Ermənistanın ABŞ-dakı diplomatik nümayəndəlikləri qarşısında etiraz aksiyaları keçirmişlər

 

Fevralın 28-də ABŞ-da yaşayan həmvətənlərimiz Azərbaycanın müasir tarixinə qanlı hərflərlə yazılmış Xocalı faciəsinin ildönümündə Ermənistanın ABŞ-dakı diplomatik nümayəndəlikləri qarşısında etiraz aksiyaları keçirmişlər.

Nyu-Yorkun Azərbaycan Assosiasiyasının fəalları Xocalı soyqırımı qurbanlarının xatirəsini Ermənistanın BMT yanında daimi nümayəndəliyi qarşısında keçirdikləri etiraz aksiyası ilə anmışlar. İcmanın ən gənc üzvlərindən tutmuş ən yaşlı nümayəndələrinə qədər aksiyada çoxlu soydaşımız "Ermənistan soyqırımıda günahkardır", "Ermənistan Xocalı şəhərini məhv etmişdir" kimi şüarlarla yerli sakinlərin diqqətini çəkməyə çalışırdılar. Assosiasiya üzvləri soyqırımı qurbanlarının adını bir-bir çəkməklə onları yad etmiş, bu siyahını Ermənistanın diplomatik nümayəndəliyinin qarşısında nümayiş etdirmişdilər. Aksiyada Nyu-Yorkun Azərbaycan Assosiasiyasının prezidenti Əli Nəsibov, vitse-prezidenti Zəminə Mirhadıyeva və baş katib Ercan Yerdələnli çıxış edərək, Xocalı faciəsini törədənlərin məsuliyyətə cəlb olunmasının və soyqırımı qurbanlarının xatirəsi naminə ədalətin bərpa edilməsinin vacibliyini vurğulamışlar.

ABŞ Azərbaycanlıları Şəbəkəsinin fəalları isə Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirmişlər. Şəhərin mərkəzi DüPont dairəsində toplaşan həmvətənlərimiz əllərində Azərbaycanın dövlət bayraqları və Ermənistanın ölkəmizə qarşı təcavüzündən bəhs edən şüarlarla xarici səfirliklərin yerləşdiyi prospektlə Ermənistan səfirliyinə doğru getmişlər. Onların Ermənistan səfirliyinə təqdim etdikləri qətnamədə tələb olunur ki, "təcavüzkar dövlət Xocalıda və Dağlıq Qarabağın digər ərazilərində günahsız qurbanlara qarşı törətdiyi hərbi cinayətlərə görə, habelə bu qeyri-insani faciələrdən xilas ola bilmiş, eləcə də ailə üzvlərini itirmiş şəxslərə vurulmuş maddi ziyana görə cavabdehliyi öz üzərinə götürsün. Ermənistan dövləti işğalçılıq siyasətinə son qoysun və öz qoşunlarını Azərbaycan ərazilərindən geri çəksin".

Amerika azərbaycanlılarının "Xocalıya ədalət" ictimai kampaniyası çərçivəsində ABŞ-ın Hyuston, Los-Anceles, San-Fransisko, Vaşinqton və Nyu-York kimi böyük şəhərlərində keçirdikləri tədbirlər ABŞ-ın erməni icmasını bərk narahat etmişdir. Diaspor üzvlərimizin Xocalı soyqırımı ilə bağlı təşkil etdiyi hər bir tədbir Amerika ermənilərinin mətbuatında işıqlandırılmış, bu tədbirlərin ABŞ ictimayyətini çaşdırmaq məqsədi daşıdığı bildirilmişdir.

 

 

Şəfəq Akifqızı

AzərTAc-ın ABŞ üzrə müxbiri

Vaşinqton

 

Azərbaycan.-2009.-1 mart.-S.2.