AFR Bundestaqının
deputatı Xocalı soyqırımına görə
Ermənistanı qınamışdır
Xəbər verdiyimiz kimi, fevralın 26-da Berlində Almaniya Azərbaycanlıları Əlaqələndirmə Şurasında erməni hərbi birləşmələrinin Dağlıq Qarabağdakı Xocalı şəhərində törətdikləri qətliamın qurbanlarının xatirəsinə həsr olunmuş gecə keçirilmişdir. Amansızlığına görə misli-bərabəri olmayan bu dəhşətli cinayətin 17-ci ildönümü tamam olsa da, onu törədənlər hələ də cəzasız qalmaqdadır və dünya birliyi tərəfindən kifayət qədər pislənməmişdir.
Tədbirdə Almaniya Bundestaqının deputatı Eduard Lintner çox təsirli çıxış etmişdir. Deputat demişdir:
- Əslində 1992-ci ilin fevralında Azərbaycan şəhəri Xocalıda baş verənləri təsvir etmək üçün söz tapmaq çətindir. Dünya mətbuatı bunu böyük qırğın adlandırır. Bəzən də buna soyqırımı deyirlər. Onun qurbanları isə günahsız insanlar - kişilər, qadınlar, uşaqlar, körpələr, yaşlı və qocalardır. Bu adamlar görünməmiş vəhşiliklə öldürülmüşlər.
Hətta bu sözlər belə o qırğından əziyyət çəkmiş insanların əzablarının təsviri üçün kifayət deyildir. Kədər və əzab o qədər böyükdür ki, belə hadisələr haqqında susmaq və ya onları unutmaq olmaz.
Xocalı faciəsini yada salmaqla yanaşı, insanların üzərinə böyük məsuliyyət də düşür və bundan nəticə çıxarılmalıdır. Almaniya da İkinci Dünya müharibəsindən sonra özünü belə bir ağrılı prosesə təslim etmişdi. Amma ölkə özünün parlaq gələcəyini təmin etməkdə maraqlıdırsa, məsuliyyətini dərk etməli, ondan qaçmamalıdır. İmtina yalnız nifrətin yaranmasına gətirib çıxarır. Bu, qisas hissi yaradır. Bunun qarşısını almaq üçün məsuliyyətini anlama siyasəti həyata keçirilməlidir. Özünü uydurma "soyqırımı"nın qurbanı hesab edən Ermənistan tarixdə baş verənlərə görə vicdanla tam məsuliyyət daşımaq üçün hazır olmalıdır.
Ermənistan ədalətsizliyin aradan qaldırılmasında maraqlı olmalıdır. Ermənistanın Azərbaycana qarşı apardığı müharibə Cənubi Qafqaz ölkələri üçün davamlı inkişafa ən böyük maneədir. Münaqişənin yaratdığı şəraitin elə Ermənistanın özü üçün də əlverişli olmaması bu dövlətin siyası qüvvələrini hərəkətə gətirməlidir. Problemlərin beynəlxalq hüquq çərçivəsində həlli ən yaxşı çıxış yoludur.
Beynəlxalq hüququn təcrübəsi göstərmişdir ki, sülhə nail olmağın və mehriban qonşuluğun əsas şərti problemlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həlli yoludur. Beynəlxalq hüququn pozulduğu yerlərdə həmişə müharibə təhlükəsi, ədalətsizilik, yoxsulluq, qaçqın problemi olur.
Dövlətlərin ərazi bütövlüyü prinsipinə necə hörmət etməsini bu yaxınlarda Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasından sonra yalnız Nikaraquanın ona qoşulması faktı açıq göstərir. Rusiya ilə Şanxay qrupuna daxil olan ölkələr onun yolu ilə getmədilər. Ermənistan münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllini rədd etməklə təkcə BMT, Avropa Şurası və Avropa İttifaqının tələblərinə və Azərbaycana qarşı deyil, həm də regionda maraqları olan bütün dövlətlərə qarşı çıxmış olur.
Geriyə qayıdaq. Qurbanlar və onların ailə üzvləri üçün görülməli olan minimum iş onların taleyinin dünya birliyinin diqqətinə çatdırılmasıdır. Azərbaycan xalqı bu yolda tək deyildir. O, beynəlxalq hüquqa və təcrübəyə söykənə bilər. Bu hadisələri törətmiş dövlətlərin də borcudur ki, problemin ədalətlə və sülh yolu ilə həllinin vacibliyini anlasınlar.
Vüqar SEYİDOV,
AzərTAc-ın xüsusi müxbiri
Berlin
Azərbaycan.-2009.-1 mart.-S.2.