Asiya fenomeni
Uşaqlığını
internat məktəbdə keçirib, 18 yaşında
metallurgiya kombinatında əliqabarlı fəhlə işləyərkən
heç özü də təsəvvür edə bilməzdi
ki, nə vaxtsa Orta Asiyanın ən böyük ölkəsinin
əvəzedilməz lideri statusunu qazanacaq.
Ali təhsilini gec alsa da vəzifə
pillələrində çox tez yüksəlməyi
bacarıb…
Könüllü şəkildə
ölkəsinin nüvə dövləti statusu
daşımasından imtina edib, bu səbəbdən ölkəsi
daha dünya üçün "nüvə armagedonu"
rolunu oynamır…
Səhra qumları üzərində salınan Astana kimi gözəl bir şəhərin də memarı sayılır.
Ölkəsində nurlu gələcəyin təminatçısı sayıldığından çox vaxt "Nurəkə" deyə çağırılır. Ancaq dünya onu təkcə ölkəsinin yox, mənsub olduğu regionun siyasi mənzərəsinin müəyyənləşməsində həlledici söz sahibi - Nursultan Nazarbayev kimi tanıyır.
Fermada və internatda keçən
illər
Nursultan Nazarbayev 1940-cı il iyulun 6-da Qazaxıstanın Kaskələn rayonunun Çemolqan kəndində anadan olub. Onun əcdadları qazaxlarda ən böyük tayfa birləşmələrindən sayılan Ulu Juz soyundan olub. Hətta sovet dönəmində də qazaxlarda həyat və fəaliyyət tərzi ənənəvi juz sistemi ilə müəyyən olunurdu. Qazaxıstan Prezidentinin soyadı ata babası Nazarbayın adından gəlir. Nursultanın atası Abiş Nazarbayev 11 yaşında ikən Çemolqanda yaşayan varlı rus ailələrindən biri olan Nikifrovların evində muzdur işləyib və müəyyən müddət keçdikdən sonra bu ailə Abişi oğulluğa qəbul edir. Lakin Qazaxıstanda sovet hakimiyyətinin qurulmasından sonra həyata keçirilən kollektivləşmə siyasəti zamanı Nikifrovlar ailəsi qolçomaqlıqda ittiham edilir və varidatları əlindən alınır. Bundan sonra Abiş Nazarbayev Çemolqan kənd kolxozunda yem tədarükü üzrə briqadaya rəhbərlik etməyə başlayır. Həmin kənddə Nazarbayevlər ailəsinin sonradan qohumu olacaq Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayevin anası da yaşayırdı.
6 yaşına qədər Nursultanın özü ata-baba mülkləri sayılan Şubarat fermasında qalıb. Orta təhsilini Çemolqanda və Kaskələn rayonlarındakı məktəblərdə, internatda alıb. Orta məktəbi əla qiymətlərlə başa vurmasına baxmayaraq, Nazarbayev sənəd verdiyi Qazaxıstan Dövlət Universitetinə daxil ola bilmədi. Ancaq həmin vaxt fəaliyyət göstərən səyyar qəbul komissiyası tərəfindən Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutuna daxil edildi. Lakin valideynləri və juzun ağsaqqallar şurası Nursultanın Ukraynaya getməsinə icazə vermədi.
1958-ci ildə isə gələcək Prezident komsomol göndərişi ilə Temirtau şəhərində Karaqandin Metallurgiya Kombinatının tikintisinə göndərilir. Burada o, "Qazmetaltikinti" trestinin "Domentikinti" idarəsində ixtisassız fəhlə işinə düzəlir. Elə həmin il Nazarbayev bir qrup qazax işçi ilə birlikdə Dzerjinski adına Dnepr Metallurgiya Kombinatının yanında 8 nömrəli Dneprodzerjinski texniki məktəbində metallurq ixtisasına yiyələnmək üçün Ukraynaya göndərilir. Göndərilən qrup il yarım ərzində günün birinci yarısında metallurgiya ilə bağlı nəzəriyyəni mənimsəyir və 2 saatlıq fasilədən sonra axşama qədər zavodda təcrübə keçir. Qazax qrupunda Nazarbayev əlaçı və lider olduğu üçün qrup nümayəndəsi, komsomol təşkilatçısı seçilir.
1960-cı ildə Qazaxıstana qayıdan Nazarbayev 9 il ərzində Temirtauda Karaqandin Metallurgiya Kombinatında əvvəlcə mayetökən maşında çuqunçu, daha sonra domna sobasında ocaqçı, dispetçer, domna sexində qazçı və baş qazçı işləyir. Burada işlədiyi müddət ərzində o, Karaqandin Metallurgiya Kombinatının yanında VTUZ zavodunun gecə bölməsində ixtisasını artırmaq üçün təhsil almağa başladı və 1967-ci ildə mühəndis-metallurq diplomunu alır. Komsomol fəaliyyətinə cəlb olunan Nazarbayev Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqında və gənclər festivalında da aktiv iştirak edir. Az sonra kommunist partiyasına üzv olan Nazarbayev işlədiyi sexdə partiya təşkilatçısı olur.
1962-ci ildə Nazarbayev onunla bir kombinatda normallaşdırıcı işləyən Sara Kunakayeva ilə ailə həyatı qurdu. Bu evlilikdən cütlüyün üç qızı - Dariqa (1963), Dinarə (1967) və Aliyə (1980) dünyaya gəldi. Nazarbayevin həyat yoldaşının yaxın qohumlarından biri olan Sızdık Abişev Karaqandində sənaye məhsullarının ticarəti bölməsində direktor vəzifəsində çalışırdı. Daha sonra Alma-Ata vilayətinin ticarət idarəsinin rəhbəri vəzifəsinə qədər yüksələn Sızdık Abişevin Nazarbayevin də karyerasında xüsusi rolu olub.
1969-cu ildə Nazarbayev Sovet İttifaqı Kommunist Partiyasının (Sov.İKP) Temirtau şəhər komitəsinin sənaye bölməsinə rəhbər təyin olundu. Elə həmin il Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının Temirtau şəhər komitəsinin birinci katibi seçildi. İki il bu vəzifədə çalışdıqdan sonra Sov.İKP-nin sözügedən şəhərdəki komitəsinin ikinci katibi oldu. Daha sonra Sov.İKP Mərkəzi Komitəsi yanında Ali Partiya məktəbini qiyabi bitirən Nazarbayev Karaqandin Metallurgiya Kombinatının partiya komitəsinin katibi vəzifəsini tutdu.
Siyasi hamilikdən siyasi
düşmənçiliyə
Bioqrafların bildirdiyinə görə, kommunist partiyasında Nazarbayevin yüksəlişinin əsas səbəblərindən biri 1970-ci illərin ortalarında Qazaxıstan Kommunist Partiyasının birinci katibi Diniməhəmməd Kunayevin Karaqandinə səfər etməsi və bundan sonra ona göstərdiyi himayə olub. Bunun sayəsində Nazarbayev 1977-ci ildə Sov.İKP-nin Karaqandin vilayəti komitəsinin katibi, bir neçə aydan sonra isə ikinci katibi oldu. 1979-cu ilin dekabrında isə Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi təyin olunan Nazarbayev daha açıq şəkildə Kunayev tərəfindən himayə görməyə başladı. Hətta 1980-ci ildə özünün 70 illik yubileyində Kunayev Nazarbayevi oğlu kimi qəbul etdiyini bildirirdi. Tədqiqatçılar bildirir ki, Kunayev ətrafına ona daha çox sədaqətli olan qazaxların toplanmasına, həmçinin Mərkəzi Komitədə qazaxların irəli çəkilməsinə xüsusi maraq göstərirdi. Bu tələblərə cavab verən Nazarbayev Kunayevin dəstəyilə 1984-cü ildən Qazaxıstan Nazirlər Şurasına rəhbərlik etməyə başladı. Bu iki şəxs arasında həmin dövrlər münasibətlər daha da yaxşılaşmağa başladı.
Ancaq 1985-ci ildə Sov.İKP Mərkəzi Komitəsinin baş katibi seçilən Mixail Qorbaçov Qazaxıstan rəhbərliyilə bağlı yeni siyasət həyata keçirmək niyyətinə düşdü. Qorbaçov məhz Nazarbayevin köməkliyilə yenidənqurma siyasətini dəstəkləməyən Kunayevin istefasına nail olmağa çalışırdı. Bu isə Kunayevlə Nazarbayevin arasında düşmənçilik yaranmasına səbəb oldu. Moskvadan edilən təzyiqlərə baxmayaraq, Kunayev könüllü şəkildə istefaya getmək niyyətində deyildi. Bu səbəbdən Qorbaçov Qazaxıstan Kommunist Partiyasının növbəti qurultayında Kunayevi Mərkəzi Komitənin birinci katibi vəzifəsindən uzaqlaşdırmağı planlaşdırmışdı. Elə qurultayın ilk günündəcə Nazarbayev Kunayevə qarşı "açıq hücuma keçdi", onu respublika iqtisadiyyatını dağıtmaqda, Qazaxıstan Elmlər Akademiyasının Prezidenti olan qardaşını isə alkoqolizmdə ittiham etdi. Ancaq Moskvanın və Nazarbayevin gözləntilərinin əksinə olaraq, Mərkəzi Komitənin əksər üzvləri Kunayevi dəstəklədi və Kunayev yekdilliklə yenidən birinci katib seçildi. Maraqlıdır ki, Kunayevin əleyhinə sərt çıxış etməsinə baxmayaraq, Nazarbayev özü də onun seçilməsinin lehinə səs vermişdi. Bununla belə, Kunayev Nazarbayevin tənqidini bağışlamadı və onun Nazirlər Şurasının sədri vəzifəsindən uzaqlaşdırılması üçün Moskva ilə sövdələşmələrə başladı. Ancaq Qorbaçov nəinki Kunayevə qulaq asdı, əksinə, Nazarbayevə açıq dəstək verərək məşhur "Qazaxıstan işi"ni başlatdı. Söhbət burada Kunayevin yaxın adamlarının rüşvətxorluq üstündə "vurulmasından" gedirdi. 1986-cı ilin dekabrında isə Moskvadan gələn göstəriş əsasında Qazaxıstan Dövlət Təhlükəsizlik Komitəsi Alma-Atada gənclər qiyamını təşkil etdi. Belə ki, Qazaxıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin plenumunun açılışı günündə Kunayev özünə dəstək məqsədilə zəhmətkeşlərin nümayişini təşkil etmək istəsə də, Dövlət Təhlükəsizlik Komitəsinin təhriki ilə nümayişçilər milliyyətçi şüarlar səsləndirməyə başladı. Həmin gün nümayişçilərin qarşısına çıxan Nazarbayev onlardan dağılmağı xahiş etdi. Ancaq 1989-cu ildə yazdığı "Sağlarsız və sollarsız" adlı kitabında bununla bağlı etiraf edirdi ki, həmin vaxt nümayişə çıxan dəstələrdən birinə rəhbərlik edirmiş.
Sözügedən nümayiş başladıqdan bir müddət sonra güc yolu ilə dağıdıldı, bu zaman insan tələfatının da qeydə alınması və səsləndirilən şüarlar Moskvaya Kunayevi birinci katib vəzifəsindən uzaqlaşdırmaq üçün əsas verdi. Nazirlər Şurasının sədri vəzifəsində qalan Nazarbayev isə paralel olaraq X və XI çağırışlarda SSRİ Ali Sovetinin deputatı, 1989-cu ildə isə SSRİ xalq deputatı seçildi. Həmin vaxt Moskva ilə münasibətlərinin yaxın olmasına baxmayaraq, mərkəz onu Qazaxıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə gətirməyə tələsmirdi. Kunayevdən sonra bu vəzifəyə Gennadi Kolbin gətirildi. Lakin onun hakimiyyətin əsl mexanizmləri barədə heç bir təsəvvürü yox idi. Bu səbəbdən yeni vəzifədə Kolbin özünü doğrultmadı. Qazaxlar arasında isə Mərkəzi Komitənin birinci katibi postuna ən real namizəd məhz Nazarbayev idi. Nəhayət, 1989-cu ilin iyununda Nazarbayev Qazaxıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçildi. Növbəti ildə isə Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosuna üzv qəbul olundu. 1990-cı ilin fevralında Qazaxıstan SSR Ali Sovetin sədri, elə həmin ilin aprelində qanunverici orqanın sessiyasında Prezident seçildi.
İnteqrasiya siyasətçisi
Bu dövrdə SSRİ-nin sürətlə süquta doğru getməsinə baxmayaraq, Nazarbayevin Moskva ilə münasibətləri əvvəlki kimi yüksək səviyyədə idi. Məhz bunun nəticəsində Qorbaçov SSRİ-nin əvəzinə yaratmaq istədiyi Müstəqil Dövlətlər İttifaqında Nazarbayevə ən yüksək postlardan birini həvalə etməyi düşünürdü. Belə ki, ittifaqın Prezidenti Qorbaçov, Nazarbayev isə baş nazir olmalı idi. Lakin SSRİ-nin süqutu və Moskvanın postsovet məkanında yaranan yeni müstəqil dövlətlərə təsir imkanının zəifləməsi Qorbaçova bu planlarını reallaşdırmağa imkan vermədi.
Nazarbayev Qazaxıstanda 1991-ci ilin dekabrında alternativsiz əsasda keçirilən prezident seçkilərində 98,7 faiz səs toplayaraq qalib gəldi. Bəzi məlumatlara görə, Nazarbayev Qorbaçova yaxınlığına görə, 1991-ci il dekabrın 8-də Rusiya, Ukrayna və Belarusun İttifaqın tərkibindən çıxmaq barədə imzaladıqları "Belovejsk Sazişi"nin imzalanmasına dəvət olunmamışdı. Digər bir məlumatda isə qeyd olunur ki, "Belovejsk Sazişi"nin imzalandığı gün Nazarbayev SSRİ-nin vitse-prezidenti postunu tutmaq üçün təyyarə ilə Moskvaya uçub. Lakin SSRİ-nin parçalanması qarşısıalınmaz proses olduğundan Nazarbayevin sonrakı fəaliyyəti artıq yeni siyasi dövrə təsadüf edirdi.
Tədqiqatçılar bildirir ki, Qazaxıstan Prezidenti 1990-cı illərin əvvəllərində daha çox inteqrasiyaya meyil edən siyasətçi olub. Buna əsas səbəb kimi Nazarbayevin İttifaqın saxlanmasının əsas tərəfdarlarından biri olduğu göstərilir. Yeri gəlmişkən qeyd edək ki, Qazaxıstan sovet respublikaları arasında müstəqilliyi barədə bəyannamə qəbul edən sonuncu dövlət olub.
Bu dövlətin müstəqilliyi barəsində bəyannaməsi 1991-ci il dekabrın 16-da qəbul edilib. Çoxları bunu Nazarbayevin ehtiyatlı mövqe tutması ilə izah edirdi. Bundan başqa milli pul vahidi olan tengeni Qazaxıstan yalnız 1993-cü ilin noyabrında dövriyyəyə buraxıb. 1991-ci il dekabrın 21-də məhz Almatıda 11 sovet respublikası Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması barədə razılıq əldə etdi.
Bu dövr digər postsovet ölkələrində olduğu kimi, Qazaxıstan üçün də olduqca çətin idi. SSRİ-nin dağılması, iqtisadiyyatın zəifləməsi, sosial gərginliyin azaldılması üçün həlledici qərarlar tələb olunurdu və Nazarbayev bunların öhdəsindən uğurla gələ bildi. 1993-cü ilin yanvarında müstəqil Qazaxıstanın ilk Konstitusiyası qəbul olundu. Ancaq bu Konstitusiya daha çox Sovet dönəmində olan siyasi quruluşun möhkəmləndirilməsini nəzərdə tuturdu. Bununla belə həmin ilin dekabrında ölkədə sonuncu sovet parlamenti - 12-ci çağırış Qazaxıstan Ali Soveti buraxıldı. 1994-cü ilin martında keçirilən seçkilərdən sonra formalaşan yeni parlamentin ömrü isə cəmi bir il çəkdi. Belə ki, bir il ərzində seçkilərin nəticələrini təftiş edən Qazaxıstan Konstitusiya Məhkəməsi nəticələri etibarsız saydığını açıqladı. 1995-ci ilin martında parlamentə yeni seçkilər keçirildi.
1995-ci ilin aprelində Qazaxıstanda keçirilən ümumxalq referendumu ilə Nazarbayevin səlahiyyət müddəti 2000-ci ilin sonuna kimi uzadıldı. Həmin ilin avqustunda qəbul edilən yeni Konstitusiya Prezidentin səlahiyyətlərinin bir qədər də genişlənməsinə imkan verdi, hətta qanunvericilik təşəbbüsü tam olaraq Prezidentin səlahiyyətinə keçdi.
Həmin dövrlərdə ölkənin şimal hissəsinin itirilə biləcəyi ilə bağlı məlumatların çoxalması Nazarbayevin qəti addımlar atmasına səbəb oldu. Qeyd edək ki, ölkənin şimalında əsas etibarı ilə ruslar yaşayırdı və onlar əhalinin 40 faizini təşkil edirdi. Rusların separatçı cəhdlərinə son qoymaq üçün 1997-ci ildə Nazarbayev paytaxtı cənubda yerləşən Almatıdan (Alma-Ata) şimalda olan Akmoluya köçürdü. Sonradan isə Akmolunun adı Astanaya dəyişdirildi (qazax dilindən tərcümədə Astana paytaxt deməkdir).
1998-ci ilin payızında Qazaxıstanın seçki qanunvericiliyində edilən dəyişiklik nəticəsində Nazarbayev növbədənkənar prezident seçkilərinə hazırlıq görməyə başladı. 1999-cu ilin yanvarında keçirilən seçkilərdə o, 80 faiz səs toplayaraq qalib gəldi. Qeyd edək ki, 2005-ci ilin dekabrında da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib və bu dəfə Nazarbayev daha böyük səs üstünlüyü ilə qalib gəlib.
Hakimiyyətə gəldikdən sonra Nazarbayevin xüsusi diqqət yetirdiyi məsələlərdən biri Qazaxıstanın nüvəsizləşdirilməsi ilə bağlı olub. Məhz onun göstərişi ilə 1991-ci ildə "Yeddi platin" adlanan nüvə poliqonu bağlandı. Bundan bir il sonra isə Qazaxıstan SSRİ-nin dağılmasından sonra ərazisində qalan nüvə arsenalından imtina edərək onu Rusiyaya verdi. 1995-ci ildə ölkə ərazisində olan sonuncu nüvə başlığı da məhv edildi. 1996-2005-ci illər arasında qonşu dövlətlərlə sərhədlərin delimitasiyası problemi tam şəkildə öz həllini tapdı. Xəzər dənizində Qazaxıstanın həmsərhəd olduğu Azərbaycan və Rusiya ilə də dənizin hüquqi statusuna dair razılıq əldə olundu.
Müstəqil Qazaxıstan həmçinin bir sıra hərbi-siyasi bloklara da qoşuldu. 1992-ci ildə Qazaxıstan MDB-də kollektiv təhlükəsizlik haqqında müqaviləni imzaladı ki, sonradan bunun əsasında Kollektiv Təhlükəsizlik Haqqında Müqavilə Təşkilatı yaradıldı. Şanxay Əməkdaşlıq Təşkilatının aparıcı üzvlərindən biri də məhz Qazaxıstandır.
Yeni siyasi islahatlarla yeni siyasi
dönəm
1999-cu ildən etibarən Qazaxıstanda müşahidə edilən mühüm proseslərdən biri də siyasi partiyaların formalaşması və onların sayının sürətlə çoxalması idi. Qazaxıstan Kommunist Partiyası istisna olmaqla ölkədə formalaşan siyasi partiyaların demək olar ki, hamısı bu dövrdən sonra yaranmışdı. "Otan", "Auıl" Kəndli Sosial Demokrat Partiyası, "Asar", "Ak Jol", Aqrar, Vətəndaş partiyaları və digərlərinin meydana gəlməsi 1999-cu ildən sonraya təsadüf edir. Yeni yaranan partiyaların böyük əksəriyyəti hakimiyyətin siyasi kursunu dəstəkləyir və fəaliyyətlərini də əsas etibarilə bu istiqamətdə qururdu. Ümumiyyətlə, 1999-2005-ci illər Qazaxıstanda siyasi partiyaların formalaşması və inkişaf dövrü sayılır. Ölkənin əsas müxalif qüvvələrinin təşkilatlanması da həmin dövrə təsadüf edir. Lakin bu dövrdə daha çox özünün formalaşma və təşkilatlanma prosesini yaşayan müxalifət siyasi mübarizədə Nazarbayevə uduzurdu. Bu da ölkədaxili siyasi proseslərdə Prezidentə daha rahat manevr etmək imkanı verirdi.
2006-cı ildən etibarən Nazarbayev ona qarşı loyal mövqedən çıxış edən partiyaların birliyinə nail oldu. Bu işdə onun böyük qızının xüsusi rolu oldu. Belə ki, "Asar" Partiyasının rəhbəri olan Dariqa Nazarbayeva həmin ilin iyununda Prezidentin siyasi kursunu dəstəkləyən bütün partiyaların birləşməsi təklifi ilə çıxış etdi. İlk olaraq "Asar" və "Otan" partiyaları birləşdi. Bunun ardınca Vətəndaş və Aqrar partiyaları da "Otan"la birləşdi. Böyük siyasi təşkilata çevriləndən sonra "Otan" adını "Nur Otan"a ("Vətən Nuru") dəyişdi. Nazarbayev isə üzvü olmasa da, bu partiyanı dəstəkləyirdi.
Bundan sonra isə Qazaxıstanın siyasi həyatında yaşanan ən mühüm hadisə ölkə Konstitusiyasının növbəti dəfə dəyişdirilməsilə bağlı oldu. 2007-ci ilin mayında Nazarbayev Əsas Qanuna düzəlişlər layihəsini deputatlara təqdim etdi. Düzəlişlərə əsasən, Qazaxıstan Prezident üsul-idarəsindən Prezident-Parlament respublikasına çevrilməli idi. Bunun üçün isə Prezident tərəfindən təklif olunan düzəlişlər parlamentin səlahiyyətlərinin genişləndirilməsinə və siyasi partiyaların rolunun yüksəlməsinə imkan verirdi. Bu məqsədlə Nazarbayev təklif edirdi ki, parlamentin aşağı palatasının deputatlarının sayı 77-dən 107-yə qaldırılsın və deputatlar partiya siyahısı ilə seçilsin (buna qədər partiya siyahısı ilə yalnız 10 deputat seçilirdi). Bununla yanaşı, Prezident yuxarı palatada senatorların sayının 39-dan 47-ə artırılmasını təklif edirdi. Nazarbayevin fikrincə, ölkənin baş naziri siyasi partiyalarla məsləhətləşmələr əsasında və parlamentin aşağı palatasının deputatlarının əksəriyyətinin razılığı ilə təyin olunmalı idi. Parlamentin buraxılması üçün isə Prezidentin baş nazir və iki palatanın sədrliyilə məsləhətləşməsi kifayət edirdi. Bundan başqa, Nazarbayev Prezidentin səlahiyyət müddətinin 7 ildən 5 ilə endirilməsini təklif edirdi və bu normanın özünün 2012-ci ilə səlahiyyət müddətinin başa çatmasından sonra tətbiq olunmasını istəyirdi. Nazarbayevin Konstitusiya düzəlişlərini qəbul edən deputatlar buraya daha bir maddənin əlavə olunmasına səs verdilər. Həmin maddəyə əsasən, Nazarbayev səlahiyyət müddəti başa çatdıqdan sonra Prezident seçkilərində istədiyi qədər namizədliyini irəli sürə bilər. 2007-ci il mayın 22-də Nazarbayev parlament tərəfindən ratifikasiya edilən düzəlişləri imzaladı və onlar hüquqi qüvvəyə mindi. Yeni dəyişikliklər artıq Prezidentə siyasi partiyaya daxil olmağa və ona rəhbərlik etməyə də imkan verirdi. Gözlənildiyi kimi, Nazarbayev "Nur Otan" Partiyasına üzv qəbul olundu və onun rəhbəri seçildi. 2007-ci ilin 18 avqustunda qanunverici orqana növbədənkənar seçkilər keçirildi. Seçkilərdə Nazarbayevi dəstəkləyən "Nur Otan" Partiyası 88,05 faiz səs toplayaraq birinci yeri tutdu. Müxalifəti təmsil edən iki aparıcı partiya - Ümummilli Sosial Demokrat Partiyası və "Ak Jol" Partiyası isə heç 7 faizlik baryeri də keçə bilmədi. Beləliklə, Qazaxıstan parlamentində yalnız bir partiya - N.Nazarbayevin lideri olduğu "Nur Otan" Partiyası təmsil olundu.
"Nurbank" qalmaqalı
Bu dövrlərdə isə Nazarbayevin böyük kürəkəni Rahat Əliyevin adı Qazaxıstanın ən iri və aparıcı banklarından biri olan "Nurbank" qalmaqalında hallanırdı. Yayılan məlumatlarda iddia olunurdu ki, Rahat Əliyev bu bank üzərində nəzarəti ələ almaq üçün onun İdarə Heyətinin sədri Abilmajen Qilimov və müavini Joldas Timrailyevin oğurlanmasına və döyülməsinə göstəriş verib. Bu olaydan az sonra Rahat Əliyev Qazaxıstanın Avstriyada səfiri təyin olundu. Lakin "Nurbank" ətrafında yaranan qalmaqal daha da böyüməkdə idi və 2007-ci ilin mayında Rahat Əliyevə qarşı cinayət işi qaldırıldı. Bu səbəbdən Nazarbayev kürəkənini səfir vəzifəsindən istefaya göndərdi və işin məhkəməyə qədər gedib çıxacağını təmin etməyə söz verdi.
Elə həmin ilin iyununda Rahat Əliyevlə Dariqa Nazarbayevanın nikahına son qoyuldu. 2008-ci ilin iyulunda isə Rahat Əliyev ABŞ-ın "The Wall Street Journal" qəzetinə verdiyi müsahibədə keçmiş qayınatasına qarşı ən ağlagəlməz ittihamlar səsləndirməyə başladı. Onun sözlərinə görə, guya keçmiş qayınatasının mis, uran, neft-qaz sənayesində gizli payı var və o, offşor bank hesablarına malikdir, dövlət büdcəsindən milyardlarla dollar mənimsəyib. Bundan başqa o iddia edirdi ki, Nazarbayevlər ailəsinin maliyyə idarəçiliyini və ailənin siyasi məsləhətçisi rolunu Vaşinqtonda konsaltinqlə məşğul olan Aleksandr Mirtçev adlı şəxs həyata keçirir. Onun sözlərinə görə, sonradan Qazaxıstanın Davamlı İnkişaf Fonduna məsləhətçi təyin olunan Mirtçev ABŞ gömrüyünün arxivindən olan məlumatları və telefon zənglərini Nazarbayevlər ailəsinə çatdırırmış. Ancaq bu iddiaların heç biri sonradan öz təsdiqini tapmadı. Bunun ardınca isə ötən il Astanada hərbi tribunal Rahat Əliyevi hərbi çevriliş cəhdində günahlandıraraq 20 il həbs cəzasına məhkum edib. Məhkəmə qərarında deyilir ki, Rahat Əliyev digər 16 nəfərlə birgə dövlət çevrilişi etmək və ordunun Xüsusi Qüvvələri üzərində nəzarəti ələ keçirmək niyyətində olub. Rahatın keçmiş həyat yoldaşı - Nazarbayevin böyük qızı Dariqa hazırda iri mediaholdinq olan "Xəbər"ə rəhbərlik edir və parlamentin deputatıdır.
Nazarbayevin ikinci qızı Dinarə böyük bacısı Dariqadan fərqli olaraq siyasətlə maraqlanmır. Əri Timur Kulibayevin soyadını qəbul edən Dinarə "Nazarbayev adına "Təhsil" fondu"na rəhbərlik edir. Timur Kulibayev isə əsasən kömür biznesi ilə məşğuldur. Müxtəlif illərdə Qazaxıstanın müxtəlif neft şirkətlərində rəhbər vəzifələrdə çalışıb.
Nazarbayevin
üçüncü qızı Aliyə də siyasətdən
kənardır. Onun ilk evlilik həyatı 1998-ci ildə
Qırğızıstanın sabiq Prezidenti Əsgər
Akayevin oğlu Aydarla olub. Lakin bu ailə izdivacının
ömrü qısa olub. Ayrıldıqdan sonra isə 2002-ci ildə
Aliyə qazax biznesmeni Daniyar Sakenovla ailə həyatı qurub.
Qazaxıstanın yeni paytaxtı tikilən ərəfələrdə
Aliyə özünə "Elitstroy" tikinti şirkəti
yaradaraq Astana şəhərinin tikintisində yaxından
iştirak edib. Həmçinin, o, "Vita" mineral sularının istehsalı
ilə də məşğul olur. Nazarbayevin həyat
yoldaşı isə "Bobək" ("Körpə")
adlanan Beynəlxalq Xeyriyyə Fonduna rəhbərlik edir.
İntensiv inkişaf edən münasibətlər
Nursultan
Nazarbayevin Azərbaycana ilk səfəri 1991-ci ilə təsadüf
edir. Hələ Sovet İttifaqının rəsmən
mövcud olduğu dövrdə, 1991-ci ilin 21-23 sentyabrında
Rusiyanın birinci Prezidenti Boris Yeltsin və Qazaxıstan
Prezidenti Nursultan Nazarbayev Bakıya və Xankəndiyə səfər
edib. Səfərin yekununa əsasən, 1991-ci il sentyabrın 23-də Jeleznovodskda iki Prezidentin
Birgə kommunikesi ortaya çıxmışdı.
"Jeleznovodsk kommunikesi"nin məqsədləri
kimi bunlar bəyan edilmişdi: regionda durumun sabitləşdirilməsi
və deportasiya olunmuş əhalinin yaşayış yerlərinə
qaytarılması, əsirlərin azad edilməsi,
münaqişə zonasında Rusiya və Qazaxıstan
nümayəndələrindən təşkil olunmuş
informasiya qruplarının yerləşdirilməsi və durum
haqda obyektiv informasiya təminatı. Lakin həmin
missiya sonradan uğursuzluğa düçar oldu.
Azərbaycanla Qazaxıstan
arasında diplomatik əlaqələrin əsası 1992-ci il avqustun 30-da qoyulub. N.Nazarbayevin Azərbaycana
ilk rəsmi səfəri isə 1996-cı il
16-17 sentyabr tarixlərində baş tutub. Həmin
vaxt ulu öndər Heydər Əliyevlə görüşən
Nazarbayev ölkələrinin arasında ikitərəfli əlaqələrin
yüksəlməsi üçün müzakirələr
aparıb və bu məqsədlə 13 sənəd
imzalanıb. 1997-ci il iyunun 10-da isə
ulu öndər Heydər Əliyevin Qazaxıstana rəsmi səfəri
olub. Səfər zamanı
qarşılıqlı maraq doğuran ikitərəfli,
regional və beynəlxalq məsələlər muzakirə
edilib, 18 sənəd imzalanıb. 9-10 iyun 1998-ci il tarixlərində isə Heydər Əliyev
turkdilli dövlət başçılarının V Zirvə
toplantısında və Qazaxıstanın yeni paytaxtı
Astana şəhərinin açılış mərasimində
iştirak edib, Nazarbayevlə görüşlər
keçirib. Bunun ardınca, ulu öndər Heydər Əliyevin
dəvəti ilə N.Nazarbayev 7 aprel 2000-ci il
tarixində Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı Azərbaycan-Qazaxıstan
arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin
daha da genişləndirilməsi məsələləri muzakirə
olunub, prezidentlər Birgə Bəyanat qəbul edib və 8 sənəd
imzalanıb.
29 noyabr 2000-ci il
tarixdə Moskvada MDB-yə üzv dövlət
başçılarının görüşü zamanı
Heydər Əliyevlə N.Nazarbayev Xəzərin dibinin
bölüşdürülməsinə dair sazis
imzalayıblar. 1-2 mart 2004-cü il tarixlərində
isə N.Nazarbayevin dəvətinə əsasən Prezident
İlham Əliyev Qazaxıstana rəsmi səfər edib. Səfər
çərçivəsində "Azərbaycan
Respublikası ilə Qazaxıstan Respublikası arasında
dostluq munasibətləri və strateji tərəfdaşlıq
haqqında Bəyannamə", "Azərbaycan hökuməti
ilə Qazaxıstan hökuməti arasında hərbi sahədə
əməkdaşlıq haqqında Saziş" və digər
sənədlər imzalanıb. 2005-ci il
24-25 may tarixlərində Prezident İlham Əliyevin dəvəti
ilə Nursultan Nazarbayev ölkəmizə rəsmi səfər
edib. İki ölkə arasında münasibətlərin
daha da inkişaf etdirilməsinə dair müzakirələr
sonra "Azərbaycan Respublikası ilə Qazaxıstan
Respublikası arasında strateji tərəfdaşlıq və
müttəfiqlik münasibətləri haqqında Müqavilə"
və digər rəsmi sənədlər imzalanıb.
N.Nazarbayev mayın 25-də
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan
əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin
istifadəyə verilməsi munasibətilə Səngəçal
terminalında keçirilən təntənəli mərasimdə
iştirak edib. 16-17 iyun 2006-cı il tarixlərində
Prezident İlham Əliyev Almatı şəhərində
keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət
və Etimad Tədbirləri uzrə Muşavirənin II Zirvə
görüşündə iştirak etmək məqsədilə
Qazaxıstanda səfərdə olub. Səfərin ilk
günü Prezident İlham Əliyevlə N.Nazarbayevin ikitərəfli
görüşü zamanı Azərbaycan və Qazaxıstan
arasında munasibətlərin gələcək inkisafına
dair fikir mubadiləsi aparılıb və iki ölkə
üçün böyuk əhəmiyyət kəsb edən
"Azərbaycan Respublikası ilə Qazaxıstan
Respublikası arasında neftin Qazaxıstan Respublikasından Xəzər
Dənizi və Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə Azərbaycan
Respublikasının ərazisi ilə beynəlxalq bazarlara nəql
edilməsinə dəstək verilməsi və şərait
yaradılması haqqında Müqavilə" imzalanıb.
7-8 avqust 2007-ci il tarixlərində
N.Nazarbayevin dəvətinə əsasən Prezident İlham Əliyev
Qazaxıstana rəsmi səfər edib. Səfər
çərçivəsində iki ölkə arasında bir
çox sahələri əhatə edən 5 sənəd
imzalanıb.
Qazaxıstanın əvəzedilməz
lideri sayılan Nazarbayevin ən böyük arzularından biri
də Mərkəzi Asiya dövlətlərinin regional
birliyinin yaradılmasına və ölkəsinin burada aparıcı
status əldə etməsinə nail olmaqdır. Nazarbayevin
fikrincə, Mərkəzi Asiyanın cəlbedici region
olmasının əsas səbəblərindən biri məhz
Qazaxıstanın bu ərazidə yerləşməsidir və
bu səbəbdən ölkəsi regional lider kimi qəbul
olunmalıdır. Ancaq Nazarbayevin yaratmaq istədiyi
bu regional birliyə qonşu dövlətlər hələ ki
müsbət cavab vermir. Bununla belə, uzun
illər Qazaxıstanda hakimiyyət başında qalmaqda
iddialı olan Nazarbayev bu regional birliyin yaradılmasında
israrlıdır.
Rasim Bayramov
Azərbaycan.-2009.-1
mart.-S.4-9.