Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması Heydər Əliyev Fondunun fəaliyyətində başlıca yer tutur

 

Tarix boyu türklərə qarşı soyqırımı həyata keçirməkdən çəkinməyən ermənilər XX əsrin sonlarında bütün bəşəriyyətə və insanlığa ləkə olan növbəti cinayəti - Xocalı qətliamını həyata keçirdilər. 613 nəfər dinc sakinin qəddarcasına öldürülməsi, 1275 nəfərin girov götürülərək ən ağlasığmaz və təhqiramiz üsullarla işgəncələrə məruz qalması, 150 nəfərin itkin düşməsi ilə nəticələnən Xocalı faciəsi ermənilərin xəstə təfəkkürdən doğan niyyətlərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifəsidir.

Xocalıda baş verənlər soyqırımı ilə əlaqədar beynəlxalq konvensiyaların müddəalarına cavab versə də, təəssüflər olsun ki, dünya ictimaiyyəti hələ də faciəyə siyasi qiymət verməyib. Ermənilərin törətdiyi müdhiş cinayətin xarakteri və miqyası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada əksini tapmış müddəalara tam uyğundur. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayanların məhz azərbaycanlı olduqlarına görə həyata keçirilmişdir. Xocalı sakinlərinə qarşı soyqırımı cinayəti Dağlıq Qarabağın işğalı planı çərçivəsində Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinin növbəti mərhələsi idi. Məlum olduğu kimi, məhdud coğrafi zonada oxşar əməllərin törədilməsi keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırımı aktı kimi tövsif edilmişdir.

Təəssüf ki, bir çox dövlətlərin ikili standartlardan çıxış etməsinin, bəzilərinin məsələyə ehtiyatla yanaşmasının nəticəsidir ki, dünya ictimaiyyəti Xocalıda baş verənlərin soyqırımı olduğunu dilinə gətirmək istəmir. Təsəvvür etmək çətindir ki, tarixdə analoqu olmayan belə qəddarlıq və vəhşilik XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermişdir. Təəssüf ki, dünya unudur ki, bu cinayət təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmişdir.

Azərbaycan dövləti Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl iş aparır. Məqsəd tarixi ədalətin bərpasına nail olmaq, cinayətkarları beynəlxalq səviyyədə ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Bu gün hər bir azərbaycanlının, qanında, canında vətən sevgisi olan hər bir kəsin qarşısında duran ən əsas vəzifələrdən biri Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi işlərə dəstək verərək Xocalı soyqırımı barədə əsl həqiqətləri dünyaya çatdırmaq, faciəyə beynəlxalq müstəvidə siyasi-hüquqi qiymətin verilməsinə nail olmaqdır. Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyi barədə demişdir: "Bu gün dövlətin rəsmi qurumları ilə yanaşı, bütün vətəndaşlarımız, geniş ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasəti haqqında həqiqətlərin və faktların dünya parlamentlərinə, beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl və davamlı fəaliyyət göstərməlidir. Bu istiqamətdə görülən işləri razılıqla qeyd etməklə yanaşı, onu da bildirmək istərdim ki, tədbirlər daha əhatəli, planlı şəkildə aparılmalı və əlaqələndirilməlidir".

Xocalı faciəsinin ildönümü hər il ölkəmizlə yanaşı, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən də ürək ağrısı ilə qeyd olunur. Fevralın 26-da dünyanın bir çox ölkəsində Xocalı faciəsi qurbanlarının xatirəsi anılır, piketlər, mitinqlər keçirilir. Son bir neçə ildə isə müdhiş faciə və onun qurbanlarının anıldığı ölkələrin, şəhərlərin coğrafi dairəsi genişlənmişdir. Azərbaycan diasorunun bu məsələdə fəallaşması, həmçinin türk diaspor təşkilatlarının aktiv şəkildə təbliğat kampaniyasına qoşulması Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması üçün daha səmərəli tədbirlərin həyata keçirilməsinə təkan verib.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun öyrənilməsinə, təbliğinə, ideyalarının həyata keçirilməsinə dəstək verən, ulu öndərin zəngin irsindən bəhrələnərək ölkəmizin sosial-siyasi, iqtisadi, mədəni tərəqqisi, dünya birliyinə inteqrasiyası, vətəndaşların maddi rifahının yaxşılaşması üçün bu işə xidmət edən genişmiqyaslı proqram və layihələr həyata keçirən Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində də ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva hələ 2006-cı il yanvarın 24-də "Qarabağ həqiqətləri" bukletlər toplusunun təqdimat mərasimində bu barədə demişdir: "Hər bir millətin qarşılaşa biləcəyi ən böyük haqsızlıq, ən böyük faciə təcavüz və torpağının işğalıdır. Azərbaycan xalqı artıq neçə illərdir ki, belə bir haqsızlıqla üzləşmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. 20 mindən artıq insan həlak olmuş, 50 mindən çox adam yaralanmış və əlil olmuşdur. 1 milyondan artıq insan 10 ildən çoxdur ki, öz doğma torpağından didərgin düşərək qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Azərbaycanlılar ermənilər tərəfindən soyqırımına və etnik təmizləmə siyasətinə məruz qalmışlar. Bir milyondan çox soydaşımızın insan hüquqları tapdanmışdır. Bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olan Xocalı soyqırımı Azərbaycanın XX əsr tarixinin ən ağır faciəsidir. Bütün bu reallıqlar, bütün bu həqiqətlər bizim ən ağır problemimizdir və biz artıq bu reallıqlarla, bu həqiqətlərlə XXI əsrə qədəm qoymuşuq. Bütün bu həqiqətləri, bütün bu hadisələri, faktları, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəb və nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaq, informasiya blokadasını yarmaq, on illərdən bəri erməni diasporu tərəfindən yayılan yalan və uydurmaların qarşısını almaq Heydər Əliyev siyasətinin ayrılmaz bir hissəsi idi. Heydər Əliyev hər bir xarici səfərinə Azərbaycanın xəritəsini də aparır və orada keçirilən görüşlər zamanı rastlaşdığı insanlara bütün həqiqətləri, faktları çatdırırdı və bunu hər bir azərbaycanlıya tövsiyə edirdi. Bu gün də həmin siyasət davam etdirilir".

Qeyd edək ki, Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin yayılması istiqamətində fəaliyyəti 2005-ci ildə fond tərəfindən yaradılan Azerbaijan.az portalının internet şəbəkəsinə qoşulması ilə özünün əsas mərhələsinə qədəm qoyub. Bu internet saytında Ermənistanın Azərbaycana təcavüzü, yüz minlərlə azərbaycanlının didərgin, qaçqın, məcburi köçkün vəziyyətinə düşməsi, ermənilərin dinc azərbaycanlılara qarşı həyata keçirdikləri qətliamlara dair informasiyalar Azərbaycan, ingilis və rus dillərində yerləşdirilib.

Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, bunun üçün müxtəlif tədbirlərin keçirilməsi Heydər Əliyev Fondunun fəaliyyətində əsas yerlərdən birini tutan ümumi məqsəddir. Fond bir neçə ildir ki, bütün imkanlarından istifadə edərək Xocalı soyqırımının dünyada təbliği yönündə ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirməkdədir. Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə xarici ölkələrdə keçirilən tədbirlərə Heydər Əliyev Fondunun verdiyi dəstək, eləcə də fondun özünün təşəbbüsü ilə görülən işlər xüsusi əhəmiyyətə malikdir. Yeri gəlmişkən, Xocalı soyqırımı haqqında həqiqətlər "Qarabağ həqiqətləri" bukletlər toplusunda da yer alıb. Bu toplu "Qarabağın tarixi haqqında qısa məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" və "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri" bukletlərindən ibarətdir. Bukletlər toplusu Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə əzəli Azərbaycan torpağı olan Qarabağ haqqında həqiqətləri dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq məqsədilə hazırlanmışdır. İngilis, fransız, rus, alman və macar dillərində çap olunaraq dünyanın bir çox dövlətlərində yayılan "Qarabağ həqiqətləri" bukletlər toplusu bu məqsədlə həyata keçirilmiş layihələr sırasında xüsusi əhəmiyyətə malikdir.

Xatırladaq ki, hələ 2007-ci ildə, Xocalı soyqırımının 15-ci ildönümündə dünya ictimaiyyətinin faciə ilə bağlı yaxından məlumatlandırılması məqsədilə Heydər Əliyev Fondu xüsusi layihə hazırlayaraq uğurla həyata keçirib. Fransa, Rusiya, Çin, Böyük Britaniya, Belçika, Avstriya, Almaniya, Küveyt, Rumıniya, Danimarka, Mərakeş, Çexiya, Macarıstan, Yeni Zelandiya, Hollandiya, İran, İsveç, İsveçrə, Ukrayna, Gürcüstan və digər ölkələrdə keçirilən anma mərasimlərində, konfranslarda, mitinq və piketlərdə Heydər Əliyev Fondunun göndərdiyi materiallardan geniş istifadə edilib. Layihə çərçivəsində müxtəlif ölkələrdə keçirilən mərasimlər zamanı Heydər Əliyev Fondunun ingilis, rus və türk dillərində hazırladığı "Xocalı soyqırımı" adlı sənədli film nümayiş etdirilib, həmçinin "Xocalı uşaqların gözü ilə", "Təcavüzün qurbanları" adlı foto və rəsm sərgiləri təşkil olunub. Tədbir iştirakçılarına fondun hazırladığı "Qarabağ həqiqətləri" bukletlər toplusu, nəşrlərin CD-DVD variantları da paylanılıb.

2008-ci ildə də Heydər Əliyev Fondu Xocalı faciəsinin dünyada tanıdılması işini layiqincə həyata keçirib, ölkə daxilində və xaricdə böyük işlər görüb. Qeyd edək ki, fondun ötən il gördüyü işlərin hazırlığına 2007-ci ilin dekabr ayında Mehriban xanım Əliyevanın tapşırığı ilə başlanmışdı. Faciənin ildönümü ərəfəsində dünyanın bir sıra ölkələrində Xocalı soyqırımına həsr edilmiş fotosərgilər keçirilib, müxtəlif nəşrlər nümayiş etdirilib. Təqdirəlayiq haldır ki, 2008-ci ildə sərgilərin keçirildiyi ölkələrin coğrafiyası bir qədər də genişlənib. Ötən il fevralın 27-də Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin təşəbbüsü ilə Moskvada "Xocalı. 16 il sonra" mövzusunda elmi-praktiki konfrans da keçirilib. Konfransdakı çıxışında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Xocalı faciəsinin öz miqyasına və qəddarlığına görə bəşəriyyət əleyhinə ən ağır cinayətlərlə bir sırada olduğunu, Xocalı yaralarının hər bir azərbaycanlının ürəyində əbədi qalacağını bildirib. Fondun Rusiyadakı nümayəndəliyinin Moskvada Rusiya və Azərbaycan gənclərini, Rusiyanın aparıcı ali məktəblərinin tələbələrini cəlb etməklə xalqımızın tarixində faciəli səhifə olan Xocalı soyqırımının 16-cı ildönümünə həsr edilmiş belə bir kütləvi tədbir keçirməsi çox vacib və əhəmiyyətli idi.

Heydər Əliyev Fondu Xocalıda baş vermiş hadisələrin yeni nəslin yaddaşında qalması üçün nə mümkündürsə etməyi özünün mənəvi borcu hesab edir. Bunun üçün 2007-ci ildə də "Xocalı uşaqların gözü ilə" mövzusunda rəsm müsabiqəsinin keçirilməsini davam etdirib. Fondun Bakıda və bəzi başqa dövlətlərdə uşaq evlərində və internat-məktəblərdə tərbiyə alan uşaqlar arasında keçirdiyi müsabiqənin qaliblərinin əl işləri ötən il Moskvada keçirilən tədbirdə nümayş etdirilib.

Bu il də Heydər Əliyev Fondunun xətti ilə xarici ölkələrdə Xocalı soyqırımının qurbanları anılır. Bütün tədbirlərdə isə Heydər Əliyev Fondunun hazırladığı materiallar yayılır.

Xocalı həqiqətlərinin dünyaya yayılması ilə bağlı həyata keçirdiyi tədbirlər göstərir ki, Heydər Əliyev Fondu effektiv nəticənin hasil olması üçün bu sahədəki fəaliyyətini keyfiyyətli qurub. Məhz bu cür ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, dünya ictimaiyyəti getdikcə Xocalı soyqırımı haqqında daha çox məlumatlar toplayır, əsl həqiqətlərin nədən ibarət olduğunu daha dərindən anlayır.

 

 

Rəşad Cəfərli

 

Azərbaycan.-2009.-1 mart.-S.8.