Xocalının qədim tarixi
Tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim yaşayış məskənidir. Azərbaycan xalqı zəngin və özünəməxsus mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır. Yerli və xarici alimlər, etnoqraflar tədqiqatlarında bildirmişlər ki, Azərbaycan tarixinin öyrənilməsində Xocalı mədəniyyətinin tədqiqi mühüm əhəmiyyətə malikdir. Xocalı başdan-başa tarixi-memarlıq abidələri diyarıdır. Buna misal olaraq miladdan əvvəl XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyət abidələrini, son Tunc və ilk Dəmir dövrlərinə aid Nekropolu, Kurqan çölünü, eramızın IV-VII əsrlərinə aid kilsələri, XIV əsrə aid Xocalıda Hacı Əli günbəzini, 1356-cı ildə inşa olunmuş dairəvi türbəni, XVIII əsrdə tikilmiş Əsgəran qalasını və onlarca başqalarını göstərmək olar.
Azərbaycanda Kiçik Qafqaz dağ və dağətəyi rayonlarında, Kür-Araz çayları arasında son Tunc və ilk Dəmir dövrlərinə aid arxeoloji mədəniyyət Xocalı-Gədəbəy mədəniyyəti abidələri adlandırılır. Xocalı-Gədəbəy mədəniyyət abidələri emalatxanalar, qəbirlər və ibadətgahlardan ibarətdir. Mədəniyyətin yayıldığı ərazidə misəritmə kürələri, mis və tunc məmulatları hazırlayan emalatxanaların qalıqları, çaxmaq daşından alət və silahların istehsal tullantıları aşkar edilmişdir. Buradan Neolit dövründə yaşayan insanlara aid əmək alətləri də tapılmışdır. Torpaq, daş qutu qəbirlər və kurqanlarda ölülər bükülü, uzadılmış, oturdulmuş vəziyyətdə dəfn olunmuşdur. Qəbirlərin keramikası demək olar ki, eynidir. Qəbirlərdən tunc, qılınc, təbərzin, toppuz, ox, yaba, xəncər, nizə ucluğu, bardak, qazan, cilov, bilərzik, üzük, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif məmulatlar aşkar edilmişdir.
Bu faktlar sübüt edir ki, Xocalı Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Keçmiş SSRİ-nin tanınmış etnoqraf alimləri və yerli etnoqraflar qədim dövrə aid abidələri daha çox Xocalı və Xankəndi yaxınlığında apardıqları tədqiqatlar zamanı tapmışlar. Onlar arxeoloji qazıntılar zamanı kurqanlara, qəbir daşlarına və müxtəlif yaşayış məskənlərinə rast gəliblər. Qədim Xocalı qəbiristanlığındakı 11 saylı kurqandan tapılan muncuqlar, üzərində eramızdan əvvəl 1307-1275-ci illərdə Assuriya çarı Adadnirariyə aid mixi yazılar, eləcə də müxtəlif çeşidli bəzək əşyaları, saxsı qablar, şüşə muncuqlar yerli sakinlərin Şərq ölkələri ilə geniş iqtisadi-mədəni əlaqələrindən xəbər verir. Azərbaycanın Kiçik Qafqaz dağ və dağətəyi ərazilərində eramızdan əvvəl XIII-VII əsrlərdə yayılmış arxeoloji mədəniyyət ilk dəfə Xocalı yaşayış məskənində və Gədəbəy rayonunda tətbiq olunduğundan bu abidələr Xocalı-Gədəbəy mədəniyyəti nümunələri adlandırılır. Alimlər sübut ediblər ki, Xocalı-Gədəbəy mədəniyyəti son Tunc və erkən Dəmir dövrlərinin xarakterik xüsusiyyətlərini özündə cəmləşdirir. Qəbirlərdən tunc, qılınc, nizə ucluğu, silahlar, ox, yaba, təbərzin, toppuz, bilərzik, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif əşyalar aşkar edilmişdir. Aparılan toponomik araşdırmalar göstərir ki, xalqımızın uzaq keçmişindən tutmuş bu gününədək olan məşğuliyyəti Xocalı toponomiyasında da öz əksini tapmışdır.
İ.M.Dyakonov, M.Kalankatlı və M.Xorenli öz əsərlərində Qafqaz Albaniyasının Xocalı rayonu ərazisinə aid Qarqar düzünü Qafqaz tayfalarından olan Qarqarların adı ilə bağlayırlar. Onlar alban əlifbasının qarqarların dili əsasında tərtib olunduğu ehtimalını da irəli sürüblər. Hazırda Qarqar Xocalıda yerləşən dağ silsiləsidir. Qafqaz Albaniyası dövrünü tədqiq edən alimlərdən K.V.Trever III əsrdə Albaniyada Qarqar düzü adlı yerin olduğunu söyləyib. Adı Qafqaz Albaniyasının Qarqar tayfasından götürülmüş Qarqar çayı Şuşa, Xocalı, Ağdam, Ağcabədi rayonları ərazisində, Kür çayının hövzəsindədir. Ətraf rayonlar bu çaydan suvarmada geniş istifadə edirdi. Qarqar düzü və Qarqar dağ silsiləsi adlanan ərazi də Xocalı rayonunun ərazisində yerləşən dağ silsiləsidir və Qafqaz tayfalarından olan qarqarların adı ilə bağlıdır. Qarqarlar, utilər, albanlar və digər türkdilli xalqlarla birgə Qarabağın qədim sakinləri hesab olunurlar. Yunan coğrafiyaşünas alimi Strabon qarqarların Şimali Qafqazda yaşadıqlarını göstərmişdir. Heç bir alim və tədqiqatçı, hətta tarixin atası hesab olunan Heredot, coğrafiyaşünas Strabon, M.Kalankatlı belə Qarabağ ərazisində erməni toponimini, mədəniyyətini, yaşayış tərzini xatırladan mənbə göstərməyiblər. M.Xorenli və M.Kalankatlı alban əlifbasının qarqarların dili əsasında tərtib olunduğunu etiraf etmişlər. Hətta şərqşünas V.V.Bartold XVIII-XIX əsrə aid mənbələrdə Orta Qazaxıstanda və Tyan-Şanda Qarqar adlı toponimlərin olduğunu deyib. Tarix boyu Azərbaycan xalqının yaratdığı Manna, Midiya, Albaniya və Atropatena dövlətlərinin formalaşmasında və inkişafında Qarqar boylarının böyük rolu olmuşdur.
Xocalı rayonu ərazisindəki Əsgəran qalası XVIII əsrdə Qarqar çayının sağ və sol sahillərində Qarabağ xanı Pənahəli xan tərəfindən tikilib. İki istehkamdan ibarət qala çay daşından inşa olunmuşdur. Yeri gəlmişkən, 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları Əsgəran qalasında aparılmışdır. Əsgəran sözünün mənası "Qədim Aran" deməkdir. Tarixi faktlar sübut edir ki, Xocalı rayonu ərazisi Azərbaycanın ən qədim, qocaman diyarlarından biridir. Aparılan araşdırmalar göstərir ki, xalqımızın uzaq keçmişindən tutmuş bu gününədək olan məşğuliyyəti, sənətkarlığı, dini baxışları, mədəniyyəti Xocalı toponomiyasında öz əksini tapmışdır.
Çox təəssüf ki, Xocalı-Gədəbəy mədəniyyət abidələrinin əksəriyyəti Sankt-Peterburq Antropologiya və Etnoqrafiya Muzeyinə, Moskvanın Tarix Muzeyinə və başqa muzeylərə daşınıb aparılmışdır.
Xocalı rayonu şimaldan və şimal-şərqdən Kəlbəcər və Ağdam rayonları, cənubdan və cənub-şərqdən Şuşa və Xocavənd, qərbdən isə Laçın rayonu ilə həmsərhəddir. Səthi əsasən dağlıq zonadan ibarət, ərazisi 926 kvadrat kilometrdir. Əvvəlki adı Xocalı olmuş, 1930-1978-ci illərdə Stepanakert (Xankəndi), 1978-1991-ci illərdə Əsgəran inzibati ərazisinə aid edilmiş, 1991-ci ildən isə yenidən Xocalı adlandırılmışdır. Rayonun qərb sərhədi boyunca Qarabağ silsiləsi uzanır. Silsilənin şərq yamacları Xocalı ərazisindən Qarabağ və Mil düzlərinə tərəf çay dərələri boyunca uzanır. Bu qədim yaşayış məskəninin ən yüksək zirvəsi 2843 metr hündürlükdə olan Qızqala və 2827 metr hündürlükdə olan Qırxqız dağlarıdır. Ərazidə yura, tabaşir və antropogen çöküntüləri geniş yayılmış, gil, qum, çaqıl və gillicə kimi faydalı qazıntılarla zəngindir. İqlimi əsasən mülayimdir. Əsas su ehtiyatı Qarqarçay olan Xocalının 40 faizi palıd, fısdıq və tut ağaclarından ibarət meşələrdir. Etnoqraf alimlər söyləyirlər ki, Xocalı meşələrində əsasən dağ keçisinə, cüyürə, vaşaqa, meşə pişiyinə, süleysinə, tülküyə, canavara, hərdən ayıya, quşlardan isə kəkliyə, sığırçına, turaca, qırqovula rast gəlmək olurdu. Dağlıq sahələri alp və subalp çəmənləri ilə örtülmüşdür. Alçaq dağətəyi sahələrdə kserofit kolluqlar və çəmənlər vardır. Rayonun kənd təssərrüfatında heyvandarlıq, taxılçılıq və üzümçülük əsas yer tuturdu. Xocalıda bir-birindən gözəl şəffaf sulu soyuq Qarağac bulağı, Ataş bulağı, Əhməd bulağı, Rəhim bulağı, Museyib bulağı, Nəriman bulağı, Üçbulaq və başqa bulaqlar var. Xocalının ərazisində 86 kənd yerləşirdi. Məşhur Ağa körpüsü Xocalıda, Xankəndi şəhərindən 1 km cənubda Qarqar çayı üzərində tikilmişdi. Vaxtilə Qarabağın varlı adamlarından olmuş Məhəmməd ağanın adını daşıyan və Şuşa ilə əlaqə yaradan Ağa körpüsü 1988-1990-cı illərdə dəfələrlə azğınlaşmış erməni quldurlarının təcavüzünə məruz qalmış, sonda tamamilə dağıdılmışdır.
Xocalı şəhəri Qarabağ silsiləsinin ətəyində Qarqar, İlis və Xocalı çaylarının qovuşduğu ərazidə, Ağbulaq, Haraguh, Badara, Daşbulaq, Ballıca, Mehdikənd, Naxçıvanik kəndləri əhatəsində, Dağlıq Qarabağın mərkəzi Xankəndi şəhərindən 11 km şimal-şərqdə yerləşir. 1930-cu ildə rayon statusu almışdır. Sonralar Daşbulaq, Meşəli, Yaloba, Cəmilli, Kosalar, Kərkicahan, Başkənd, Pirəməki, Həsənabad, Cavadlar, Qaragav və Canhəsən kimi iri kəndlər də Xocalı rayonunun tərkibinə verilmişdir. Xocalı qəsəbəsi üç hissəyə bölünürdü. Birinci Xocalı çayının sol sahilində, İlis çayının Xocalı çayına qovuşduğu sahənin əmələ gətirdiyi üçbucaqda yerləşən köhnə Xocalı, ikinci Xocalı çayının sağ sahilində köhnə Xocalıdan cənubda XX əsrin əvvəllərində müxtəlif ərazilərdən gələnlər tərəfindən salınmış Qaladərəsi Xocalısı, üçüncüsü Xocalı və Qarqar çayları arasındaki köhnə poçt stansiyası ərazisində 1918-1920-ci illərdə Ermənistandan qovulmuş qaçqınlar tərəfindən salınmış Xocalıdır. Bu şəhər 1905-1906-cı illərdə, 1917-1918-ci illərdə dəfələrlə xəyanətkar ermənilər tərəfindən yandırılıb dağıdılmışdı. 1992-ci ildə işğaldan əvvəl Ermənistandan, Xankəndidən didərgin salınmış soydaşlarımız, Özbəkistanın Fərqanə vilayətindən qaçqın düşən Ahıska türkləri və yüzlərlə məhsəti türkü də Xocalıda məskunlaşmışdı.
1991-ci ildə rayonun əhalisi 7000 nəfərə yaxın idi. İşğaldan bir az öncə şəhər statusu almış Xocalının yeni tikilmiş geniş yaşayış massivləri, şərab və pivə zavodları, məişət xidməti kombinatı, tikinti müəssisəsi, 100 çarpayılıq xəstəxana, 30 məktəb, 36 kitabxana, 13 mədəniyyət evi, 31 klub və başqa məişət obyektləri var idi. Şəhər statusu alandan sonra Xocalı xeyli böyümüş, orada iri yaşayış massivləri tikilmişdi.
1991-ci ilin oktyabrında Xocalı ilə avtomobil əlaqəsi demək olar ki, kəsilmişdi. Həmin vaxtdan etibarən şəhərlə əlaqə ancaq vertolyotların köməyi ilə saxlanılırdı. 1992-ci il yanvarın 2-də elektrik xətti də kəsildi. Xocalıya sonuncu dəfə ərzaq yardımı hərbi vertolyotla fevralın 13-də aparılmışdı. Bununla da Xocalı ilə bütün əlaqələr kəsildi. Gözlənilən təhlükəni xocalılılar hiss edirdilər. Fevralın 24-də əsir götürülən erməni də yaxın günlərdə Xocalıya hücum planının hazırlandığını deyib. Kömək üçün edilən bütün müraciətlər cavabsız qalıb. Fevralın 25-də axşamüstü Xocalıya gəlib-gedən bütün yollar erməni vəhşiləri tərəfindən nəzarətə götürülüb. Axşam saat 21.00-dan şəhər aramsız artilleriya atəşinə tutulub. Gecə saat 23.00-dan başlayaraq 366-cı motoatıcı alayın zirehli texnikaları, onların arxasınca da erməni piyadaları üç tərəfdən böyük qüvvə ilə Xocalıya hücum ediblər. Həmin gecə - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi - Xocalı soyqırımı baş verdi.
R.Rzalı
Azərbaycan.-2009.-1
mart.-S.8.