Referendumun hazırlanması və keçirilməsinin maliyyə təminatı

 

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı 18 mart 2009-cu ilə təyin edilmiş referendumun hazırlanması və keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydaların həyata keçirilməsi üçün mühüm əhəmiyyətli işlər görülmüşdür.

Bunların sırasında Mərkəzi Seçki Komissiyası tərəfindən maliyyə məsələlərinin tənzimlənməsi ilə əlaqədar qəbul edilmiş və mətbuatda dərc edilmiş "Referendumun hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki (referendum) komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında", "Referendum üzrə təşviqat qruplarının xüsusi hesablarının açılması qaydaları haqqında", "Referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondlarına vəsaitin daxil olması, xərclənməsi, uçotunun aparılması və hesabatı qaydaları haqqında", "Qeydə alınmış (alınmamış) referendum üzrə təşviqat qruplarının aldıqları pul vəsaitlərinin geri qaytarılması qaydaları haqqında" Təlimatlar xüsusi yer tutur.

Seçki Məcəlləsinin 89-cu maddəsində göstərilir ki, seçkilərin (referendumun) hazırlanmasına və keçirilməsinə, seçki komissiyalarının səlahiyyət müddətində onların fəaliyyətinin təmin edilməsinə çəkilən xərclər dövlət hesabına ödənilir. Bu xərclər Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulur.

Dövlət büdcəsindən seçkilərin (referendumun) hazırlanması və keçirilməsi üçün ayrılmış vəsait seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi gündən başlayaraq 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən Mərkəzi Seçki Komissiyasının bank hesabına köçürülür.

Mərkəzi Seçki Komissiyası referendumun keçirilməsi üçün lazım olan vəsaiti səsvermə gününə azı 90 gün qalmış dairə seçki komissiyalarına köçürür, onlar da alınmış pul vəsaitini səsvermə gününə azı 10 gün qalmış məntəqə seçki komissiyaları arasında bölüşdürürlər.

Seçki Məcəlləsinin 91-ci və 129-cu maddələrinə uyğun olaraq referendum üzrə təşəbbüs qruplarının səlahiyyətli nümayəndələri lazımi sənədləri müvafiq seçki komissiyasına təqdim etdikdən sonra azı 5 gün müddətində, lakin referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan seçici imzalarının toplanmasına azı 24 saat qalmışadək referendum üzrə maliyyə fondlarını formalaşdırmaq üçün xüsusi hesab açmalıdırlar.

Referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondlarına vəsaitin daxil olması və xərclənməsi qaydaları Seçki Məcəlləsinin 90-cı, 94-cü və 128-ci maddələri ilə tənzimlənir. Referendum üzrə maliyyə fondlarının yuxarı həddi referendum üzrə təşviqat qrupu üzvlərinin sayı ilə müəyyən edilir. Üzvlərinin sayı iki min və daha çox olan referendum üzrə təşviqat qrupunun referendum üzrə maliyyə fondunun yuxarı həddi 50 min manatdan çox ola bilməz. Üzvlərinin sayı iyirmi min və daha çox olan referendum üzrə təşviqat qrupunun referendum üzrə maliyyə fondunun yuxarı həddi 1 milyon manatdan çox ola bilməz.

Üzvlərinin sayı qırx min və daha çox olan referendum üzrə təşviqat qrupunun referendum üzrə maliyyə fondunun yuxarı həddi 5 milyon manatdan çox ola bilməz. Referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:

- 5 min manatdan çox olmamaq şərtilə referendum üzrə təşviqat qruplarının xüsusi vəsaitləri;

- Seçki Məcəlləsinin 69.9-cu maddəsinə əsasən müvafiq seçki komissiyası tərəfindən qeydə alınmış referendum üzrə təşviqat qrupuna digər referendum üzrə təşviqat qrupları ilə bərabər həcmdə ayrılmış vəsait;

- vətəndaşlar tərəfindən 1000 manatdan və hüquqi şəxslər tərəfindən 10 min manatdan çox olmamaq şərtilə verilmiş könüllü ianələr.

Seçki Məcəlləsinin 90.2-ci maddəsi ilə referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondlarına könüllü ianə ayırmaq, yaxud natura şəklində və ya xidmət göstərilməsi yolu ilə yardım edilməsi aşağıda göstərilən 12 qrup hüquqi və fiziki şəxslərə qadağan edilir:

- xarici dövlətlərə və xarici hüquqi şəxslərə;

- xarici vətəndaşlara;

- vətəndaşlığı olmayan şəxslərə;

- 18 yaşına çatmamış vətəndaşlara;

- referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günədək Azərbaycan Respublikasının hüquqi şəxsinin nizamnamə kapitalında xarici dövlətlərin, xarici hüquqi şəxslərin, xarici vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən çox olarsa, Azərbaycan Respublikasının hüquqi şəxslərinə;

- beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara;

- dövlət hakimiyyəti orqanlarına və bələdiyyə qurumlarına;

- dövlət, bələdiyyə təşkilatlarına və idarələrinə;

- seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günədək nizamnamə kapitalında dövlət və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslərə;

- hərbi hissələrə;

- xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara;

- aşağıdakı məlumatlardan hər hansı birini göstərməyən anonim ianə köçürənlərə (vətəndaş üçün - soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədlərin seriyasını, nömrəsini, verilmə tarixini, yaşayış yerinin ünvanını, doğum tarixini; hüquqi şəxs üçün - vergi ödəyicisinin eyniləşdirmə nömrəsini, adını, qeydiyyat tarixini, bank rekvizitlərini, nizamnamə kapitalında dövlət və ya bələdiyyə payının olmasını, olduğu halda miqdarını, nizamnamə kapitalında xarici kapitalın pay miqdarını göstərməyənlərə və ya qeyri-düzgün göstərənlərə).

Könüllü ianələr yalnız Azərbaycan Respublikasının vətəndaşlarından rabitə şöbələri və ya bank təşkilatları vasitəsilə ianəçinin soyadı, adı, atasının adı, doğum tarixi və yaşayış yerinin ünvanı göstərilməklə şəxsiyyət vəsiqəsi, yaxud onu əvəz edən sənədin təqdim edilməsi əsasında qəbul edilir.

Hüquqi şəxslərin könüllü ianələri isə referendum üzrə maliyyə fonduna yalnız nağdsız köçürülmə yolu ilə, müvafiq hüquqi şəxsin nizamnamə kapitalında dövlət və ya bələdiyyə kapitalının, xarici kapitalın olub-olmaması və ya payı qeyd edilməklə onun adı, qeydiyyat tarixi, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, bank rekvizitləri göstərilməklə qəbul olunur.

Vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri referendum üzrə təşviqat qruplarının xüsusi seçki hesablarına poçt və ya bank təşkilatları vasitəsilə müvafiq ödəniş sənədi alındıqdan sonra ən geci iki gün ərzində köçürülməlidir.

Referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondlarına ianələr Seçki Məcəlləsinin 90.2-ci maddəsində göstərilən və buna hüququ olmayan subyektlərdən daxil olubsa, yaxud Seçki Məcəlləsində nəzərdə tutulan məbləğdən artıq köçürülübsə, müvəkkil bank müvafiq seçki komissiyasına məlumat verir.

Referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondlarına könüllü ianələr buna hüququ olmayan fiziki və hüquqi şəxslərdən daxil olubsa, yaxud Seçki Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş məbləğdən artıq köçürülübsə, ianənin xüsusi hesaba daxil olduğu gündən sonrakı 10 gün müddətində referendum üzrə təşviqat qrupunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi ianənin bütünlüklə və ya onun müəyyənləşdirilmiş yuxarı həddini aşan hissəsinin geri qaytarılmasının səbəbini göstərməklə və göndərilmə xərclərini çıxmaqla, ianəçiyə qaytarmalıdır. Göstərilən müddət ərzində ianə ianəçiyə geri qaytarılmadıqda, bank bu barədə müvafiq seçki komissiyasına yazılı məlumat verməklə həmin ianəni bütünlüklə ianəçiyə geri qaytarmalıdır.

Xüsusi hesaba daxil olmuş anonim ianələr Seçki Məcəlləsinin 93.7-ci maddəsinə uyğun olaraq 10 gün müddətində dövlət büdcəsinə köçürülür.

Referendum üzrə təşviqat qrupunun maliyyə fondunda olan vəsaitə dair sərəncam vermək hüququ referendum üzrə təşviqat qrupuna məxsusdur və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə tərəfindən həyata keçirilir. Bu fondda olan vəsaitlər təyinatlı məqsəd daşıyır və yalnız aşağıda göstərilən məsələlərin maliyyəşdirilməsi üçün istifadə edilə bilər:

Referendum üzrə təşviqat qrupunda üzvlüyə razılıq verilməsi üçün imzaların toplanmasına yönəlmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatı, habelə seçici imzaların toplanması üçün müqavilə əsasında cəlb edilmiş müvafiq şəxslərin əmək haqqının ödənilməsi;

Referendum qabağı təşviqatla bağlı işlərin, habelə informasiya və məşvərət xidmətlərinin dəyərinin ödənilməsi;

Referendum üzrə təşviqat qruplarına referendumqabağı təşviqat fəaliyyəti və imzaların yığılması üçün maliyyə fondlarına daxil olan vəsaitdən başqa digər pul vəsaitindən istifadə etmək qadağandır.

Referendum üzrə təşviqat qruplarının xüsusi hesabları üzrə bütün əməliyyatlar səsvermə günündən sonra 3 iş günü ərzində dayandırılır.

Referendum üzrə təşviqat qrupunun vəsaiti əsasında maliyyə əməliyyatlarının aparılması müddəti Mərkəzi Seçki Komissiyası tərəfindən Seçki Məcəlləsinin 92.1-ci maddəsində müəyyən edilmiş aşağıdakı hallarda və əsaslarla uzadıla bilər:

- qeydiyyatdan imtina edilənədək referendum üzrə təşviqat qrupunun gördükləri işlərin dəyərinin ödənilməsi üçün;

- referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri həmin qrupun tərkibindən çıxmaq haqqında müvafiq seçki komissiyasına müraciət etdikdə və bu halda referendum üzrə təşviqat qrupunun yaradılmasının təşəbbüsçülərinin sayı Seçki Məcəlləsinin 63-cü maddəsi ilə müəyyən edilən saydan az olduqda Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş müddətdə imza vərəqələri və digər sənədlər qeydiyyat üçün təqdim edilənədək görülən işlərin dəyərinin ödənilməsi üçün;

- qeydiyyatı ləğv edilmiş referendum üzrə təşviqat qrupuna referendum üzrə təşviqat qrupunun ləğv edilməsi haqqında qərarın qəbul edilməsinədək görülmüş işlərin dəyərinin ödənilməsi ilə əlaqədar;

- digər hallarda - referendum üzrə təşviqat qrupuna səsvermə gününədək görülmüş işlərin dəyərinin ödənilməsi ilə əlaqədar.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 130-cu maddəsinin tələbinə görə, referendum üzrə maliyyə fondlarında vəsaitlərin istifadəsində aşkarlığın təmin edilməsi üçün üzvlərinin sayı 20 min və daha çox olan (40 min və daha çox olan) referendum üzrə təşviqat qruplarının maliyyə fondları üzrə aşağıdakı məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş dövri nəşrlərdə hökmən dərc edilməlidir:

- referendum üzrə maliyyə fondu vəsaitinin məbləği 10 min manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;

- referendum üzrə maliyyə fonduna 5 min manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində;

- referendum üzrə maliyyə fonduna 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;

- ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;

- referendum üzrə maliyyə fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.

Referendum üzrə təşviqat qrupu üzvlərinin sayı 20 mindən az olduqda yuxarıda göstərilən məlumatlar Mərkəzi Seçki (Referendum) Komissiyasının müəyyən etdiyi qaydada dərc edilir.

Referendum üzrə təşviqat qrupu öz maliyyə vəsaitlərinin daxil olmasının və xərclənməsinin uçotunu aparmağa borcludur və müvafiq seçki komissiyasına öz maliyyə hesabatlarını aşağıdakı növbəliklə təqdim etməlidirlər:

- birinci ilkin maliyyə hesabatı Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada müvafiq seçki komissiyasına qeydiyyat üçün zəruri sənədlərlə eyni zamanda təqdim edilir; bu hesabata hesabatda göstərilmiş tarixə 2 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir;

- ikinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20 gün qalmış və səsvermə gününə ən geci 10 gün qalmış təqdim edilir; bu hesabata orada göstərilən tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir;

- yekun maliyyə hesabatı referendumun yekunları haqqında rəsmi elanın dərc edildiyi gündən ən geci 10 gün sonra təqdim edilir; yekun maliyyə hesabatına referendum üzrə maliyyə fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənədləri qoşulur.

Referendum üzrə təşviqat qruplarının aldıqları pul vəsaitlərinin geri qaytarılması qaydaları Seçki Məcəlləsinin 131 və 132-ci maddələri ilə tənzimlənir.

Seçki Məcəlləsində nəzərdə tutulmuş digər seçkilərdə (Milli Məclisə seçkilər, prezident seçkiləri) qeydə alınmış namizədlərin xüsusi seçki fondlarına aldıqları vəsaitin geri qaytarılması üçün səsvermədə iştirak etmiş seçicilərin etibarlı hesab edilmiş səslərinin 3 faizindən az səs toplanması əsas götürülürsə, referendum üzrə təşviqat qruplarının seçki fondunun xərclənməmiş pul vəsaitinin qaytarılması nəzərdə tutulur.

Müvafiq seçki komissiyasında qeydə alınmış referendum üzrə təşviqat qrupları yekun maliyyə hesabatını verənədək həmin komissiyanın razılığı ilə referendum üzrə maliyyə fondunun xərclənməmiş pul vəsaitini onu ianə vermiş vətəndaşlara və hüquqi şəxslərə proporsional nisbətdə qaytara bilərlər.

Qeydə alınmamış referendum üzrə təşviqat qrupları isə referendum üzrə maliyyə fondunun xərclənməmiş pul vəsaitlərini (göndərilmə xərcləri çıxılmaqla) köçürülən ianələrin məbləğlərinin proporsional nisbətinə uyğun olaraq ianəçi vətəndaşlara və hüquqi şəxslərə qaytarmağa borcludurlar.

Referendum üzrə təşviqat qrupları qeyd edilən hüquqdan istifadə etmədikdə maliyyə fondlarının xüsusi hesabında qalmış pul vəsaiti müvafiq seçki komissiyasının yazılı göstərişinə əsasən bank tərəfindən səsvermə günündən 60 gün keçdikdən sonra Mərkəzi Seçki (Referendum) Komissiyasının hesabına köçürülməlidir.

 

 

Ramiz Ibrahimov

Mərkəzi Seçki

Komissiyasının üzvü

 

Azərbaycan.-2009.-1 mart.-S.9.