Atalar sözlərinə informatik yanaşma
İnsanlar arasında
informasiya mübadiləsi bir neçə milyon il bundan əvvəl
yaranmışdır. Adamlar bir-birlərinə informasiyanı
ilk ünsiyyət formaları olan səs, mimika, jest və
toxunma vasitəsilə çatdırırdılar. Şifahi
nitq yaranandan sonra insanlar canlı və cansız təbiət
haqqında uzunmüddətli müşahidələr nəticəsində
yaddaşlarında topladıqları informasiyaları, bilikləri,
öyüd-nəsihətləri, hikmətli sözləri dil
vasitəsilə nəsildən-nəslə ötürməyə
başladılar. Əbəs deyil ki,
nağılçılar, dastançılar, aşıqlar,
ağsaqqallar qədim biliklərin
daşıyıcısı, qoruyucusu və yayan insanlar kimi hər
zaman cəmiyyətdə böyük hörmətlə
qarşılanıblar. Məhz onların sayəsində
qorunub saxlanılmış Azərbaycan şifahi xalq ədəbiyyatının
nümunələri - nağıllar, əfsanələr,
dastanlar, bayatılar, atalar sözləri və s. bir-bir
toplanaraq yazıya köçürülür və geniş
oxucu kütləsinə təqdim olunur.
Qədim folklor nümunələrindən
biri olan Azərbaycan atalar sözləri özünün
bugünkü aktuallığı ilə şifahi xalq ədəbiyyatında
xüsusi yer tutur. Yüksək ustalıqla deyilmiş bu
sözlər sərrastlığı,
aydınlığı, əhatəliliyi ilə seçilən
böyük bir hikmət xəzinəsidir. Bu xəzinənin
böyüklüyü ondadır ki, bu gün də öz əhəmiyyətini
itirməmişdir. Sanki ulu babalarımız onları bu gün
üçün deyiblər. Həyatın bütün sahələrini
əhatə edən insanlar üçün vacib olan şeylər
barədə nəsihət dolu məsləhətlər verən
atalar sözləri həm də qiymətli bir informasiya mənbəyidir.
Böyük bir kitabın, əsərin insanlara demək istədiyini
atalar sözləri qısa bir cümlə ilə çox dəqiq
ifadə edə bilir. Həcmcə yığcam, məzmunca
hikmətlidir. İnsan nə cür yaşamalı,
ömür sürməli, çətin situasiyalarda
özünü necə aparmalı, dostluqda, yoldaşlıqda,
qohumluqda, qonşuluqda, sevgidə necə olmalı, ümumiyyətlə,
əsl insan hansı parametrlərə uyğun olmalıdır
suallarına cavab verən atalar sözləri həyat,
davranış stereotipləri haqqında informasiya ilə dolu
bur əxlaq kodeksidir.
Məlumdur ki,
"İnformasiya" sözü özü digər dillərə
Latından keçib və onun sırf hərfi mənası məlumatlandırmaq,
xəbərdar etmək deməkdir (informatio). Bizim atalar
sözlərimiz də məlumatlandırmaq, xəbərdar etmək,
öyüd-nəsihət və məsləhət vermək
baxımından informasiyaya tamamilə uyğun gəlir. Yəni
bu sözlər özündə hər zaman qiymətli, dəyərli
və aktual olan informasiyalar daşıyır. Bu hikmətli
sözlər adi sözlər deyil, tarixin sınağından
çıxmış, cilalanmış, şəffaflaşmış
və tam konkretləşdirilmişdir. İnsan hətta əvvəllər
eşitdiyi atalar sözlərinə müraciət edəndə
belə, həmin sözlər ona yeni təsiri
bağışlayır. Atalar sözlərinin gücü
ondadır ki, insan çətin vəziyyətə düşəndə,
səhv hərəkət edəndə həmişə atalar
sözlərini yada salır, onlara əməl etmədiyinə
görə peşmançılıq hissi keçirir. Bu
müdrik sözlər insanı qəflət yuxusundan
oyadır, onu düşünməyə və götür-qoy
etməyə məcbur edir. Atalar sözləri informasiya mənbəyi
olmaqla bərabər, həm də informasiyanın özü,
yəni deyilən sözün doğruluğu, ifadə edilmə
forması, gücü, təsiri və əhəmiyyəti
haqqında xeyli kəlamlarla zəngindir.
Ulu babalarımız
düzgünlüyə, düz danışmağa, doğru
söz deməyə (bütün bunlar həm də
informasiyanın xassələridir) çox böyük qiymət
vermiş, onların gücünə, qüdrətinə
inanaraq həmişə onlara riayət etməyə
çalışmışlar. "Adamların qorxusundan
doğrunu demək olmur, Allahın qorxusundan - yalanı" deyən
atalarımız doğru danışmaq bəzən nə qədər
çətin və acı olsa da onu yeganə düzgün
variant, əsl kişilik hesab etmişlər. "Söz odur
ki, haqqa vara", "Kişinin sözü bir olar",
"Doğru sözdən xəta gəlməz",
"Doğru büdrər, amma yıxılmaz",
"Doğru ol, asan yol ilə get" və s. kəlamları
insanları düzgünlüyə, doğru
danışmağa, haqqa, ədalətə söykənməyə
dəvət edir. Atalarımız sözün gücündən
bir silah, yaraq kimi də istifadə etmişlər. "Söz
insanın vuran əlidir", "Söz qılıncdan kəsərlidir",
"Düz söz daşdan keçər",
"Qılınc yarası sağalar, dil yarası sağalmaz"
ifadələri buna misal ola bilər.
İnformasiya cəmiyyəti
quruculuğunda dəyərli informasiya, söz və ya xəbər
insanlar üçün təbii ehtiyatlar qədər
mühüm əhəmiyyət kəsb edir. Lakin onların təbii
ehtiyatlardan bir çox üstünlükləri var. Birincisi,
qiymətli söz dəfələrlə işlədilə
bilər, istifadə edildikcə isə onlar nəinki itmir, əksinə
daha da mükəmməlləşir. Dahilər demişkən:
"Söz qızıldır, sürtdükcə
parıldar". Ulu babalarımız dəyərli
sözün, ifadənin mənbəyindən asılı
olmayaraq xalq arasında həmişə işlədildiyini,
onların yaddaşlarda qaldığını və nəsildən-nəslə
ötürüldüyünü müşahidə edərək
belə demişlər: "Zaman keçər, söz
qalar", "Söz sahibi ölsə də, söz
qalır". İkincisi isə, dəyərli fikirlər
çox işlədildikcə bir növ süzgəcdən
keçir və artıq sözlərdən azad olaraq daha da
dürüstləşir. Sonradan belə sözlər eldə,
obada, məclislərdə vəziyyətə uyğun işlədildikcə,
məna dəyişməmək şərtilə müəyyən
dəyişikliklərə məruz qalır və onlardan yeni
kəlamlar alınır. Əgər onlar uğurlu
alınırsa, yeni hikmətli ifadə kimi işlədilir, uğursuzlar
isə tez unudulur, elə deyildiyi yerdə də qalır. Bunun
nəticəsidir ki, eyni mövzuya aid, eyni mənalı,
söz tərkibi müxtəlif olan çoxlu atalar sözləri
yaranmışdır. Bu xüsusiyyətlər eynilə
informasiyaya da aiddir. Ümumiyyətlə, informasiya və ya
söz qəbul ediləndən sonra əvvəl dərk olunur,
saf-çürük edilir, sonra onlar əhəmiyyətinə
görə gələcək istifadə üçün
hazırlanır. Məzmununa görə informasiya insan fəaliyyətinə
xidmətindən asılı olaraq elmi, istehsal, idarə,
hüquqi və s. formalarda istifadə edilir. Məsələn
elmi informasiyaya həmişə müraciət və istinad
oluna bilər və onların üzərində işlədikdə
yeni elmi nəticə və informasiyalar alınır. Ona
görə də "Söz sözü çəkər",
"Sözdən söz çıxar", "Sözü
sözdən alarlar", "Söz doğar", "Bir
sözün min bir budağı var",
"Danışıqlı söz dağlar aşar",
"Sözün də qanadı var", "Söz
sözün söykəyidir" və s. kimi atalar sözlərində
söhbət adi sözlərdən deyil, dəyərli fikirlərdən
gedir.
Ümumiyyətlə, biz əsl
informasiyanın strukturuna fikir versək görərik ki, onun
quruluşu atalar sözlərinin forması ilə
üst-üstə düşür, yəni zahirən aydın
və yığcam, daxilən isə düzgün, dolğun və
əhəmiyyətli olmalıdır. Bu qaydaya cavab verən
söz, məlumat və ya xəbər dəyərli informasiya
sayılır. İnformasiya bu formuldan kənara
çıxdıqda onun dəyəri ya azalır, ya itir, bəzi
hallarda isə yalana çevrilir. Yəni verilən məlumat
aydın deyilsə, başa düşülmür,
yığcam olmadıqda onu qavramaq çox vaxt aparır, əhəmiyyətsizdirsə
təsiri yoxdur, dolğun olmadıqda qiyməti azalır,
düzgün deyilsə və ya bilərəkdən təhrif
edildikdə isə dezinformasiyaya, şayiəyə, böhtana
gətirib çıxardır. Əsassız, qeyri-dəqiq
informasiyaların yayılması çaşqınlıq əmələ
gətirir. Çox təəssüf ki, belə neqativ hallara
bu gün respublikamızın bəzi kütləvi informasiya
vasitələrində də rast gəlirik. Ona görə də
babalarımızın hələ o vaxtlar dediyi: "Əyrinin
sözüylə doğrunu qınamazlar",
"Ağızdan-ağıza doğru xəbər yoxdu",
"Şayiə hər yanı gəzər",
"Çox mal haramsız olmaz, çox söz
yalansız", "Yalançını mənzilinəcən
qovarlar", "Yalanla dünyanı gəzmək olar, amma
qayıtmaq olmaz", "Uzun yolun bu başında yalan
danışan, o başında özü də inanar" kimi
ifadələr bu gün də öz əhəmiyyətini
itirməyib. Yalanın, böhtanın, şayiənin
ziyanına gəldikdə isə atalar deyir:
"Yalançılıq üz qızardar", "Əsilsiz
söz sahibinə üz qarası gətirər",
"Yalançının ipiylə quyuya düşən
quyuda qalar", "Bir böhtan min ziyana bərabərdir",
"Yalançının evinə od düşdü,
heç kəs inanmadı", "Kələk ilə gələn,
külək ilə gedər" və s.
Hər gün biz öz həyat
fəaliyyətimizlə əlaqədar yeni məlumatlarla
rastlaşırıq. Yaşadığımız informasiya əsrində
qida aclığı ilə bərabər insanda informasiya
aclığı da yaranır. Bu aclığı dəf etmək
üçün insan hər gün "informasiya
qidası" qəbul etməlidir. Atalar demişkən:
"Qulaq deyər: gündə bir səs eşitməsəm,
qalxana dönərəm", "Gündə bir söz
eşitməsəm qulaqlarım tutular" və yaxud
"Qulaq hər gün təzə bir səs eşitməsə
kar olar".
Müasir dünyada məlumatsızlıq,
hadisələrdən gec xəbər tutmaq özü bir
eyiblik, gerilik əlaməti sayılır. İnformasiya cəmiyyətinin
əsas prinsiplərindən biri də vətəndaşları
lazımi informasiyalarla təmin etməkdir. "Bilməmək
ayıb deyil, soruşmamaq ayıbdı", "Bilməsən,
bir biləndən sor", "Bilsəydim, dərdim iki
olmazdı" "Soruşan dağlar aşar, soruşmayan
düzdə çaşar", "Soruşa-soruşa
İstanbula getmək olar", "Adam soruşub öyrənməklə
alim olar" kəlamları bilik və ya informasiya
almağın insanın inkişafı üçün necə
vacib olduğunu göstərir. Ümumiyyətlə,
respublikamızda informasiyanın əldə olunması
azaddır. Bu barədə Azərbaycan Respublikası
Prezidentinin 30 sentyabr 2005-ci il tarixli sərəncamı ilə
qüvvəyə minmiş "İnformasiya əldə etmək
haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin
2.2 bəndində xüsusi olaraq qeyd olunub ki, "Hər kəs
özü birbaşa və ya nümayəndəsi vasitəsilə
informasiya sahibinə müraciət etmək, informasiyanın
növünü və əldə etmə formasını
seçmək hüququna malikdir".
İnformasiyanın təhlükəsizliyi,
sirrin qorunması bəşəriyyət yaranandan günün
vacib məsələlərindən biri olmuşdur.
Keçmiş zamanlardan bəri insanlar qiymətli
informasiyanı həmişə gizlətmiş, qorumuş və
ondan güclü silah kimi istifadə etmişlər. Sirrin
heç kimə verilməməyi informasiya təhlükəsizliyinin
əsas şərtlərindən biridir. Bizim keçmiş rəvayətlərin
birində (onun haqqında cizgi filmi də var) bir qəbilə
başçısı qızına elçi gələn
cavana digər qəbilənin gizli saxladığı odu
oğurlayıb gətirməyi tələb edir. Həmin cavan
da odu yox, onu əldə etmək sirrini öyrənib gətirir
və beləliklə, bir qəbilənin sirrinin
açılması digər qəbilənin oda olan
ehtiyacını ödəmiş olur. Bu onu göstərir ki,
strateji informasiyaların sirr kimi qorunması hələ ibtidai
icma quruluşunda mövcud olub. Bizim atalarımız sirr
saxlamağı mərdlik hesab etmiş, özgənin
sözünü özgənin evində
danışmağı, söz gəzdirməyi qəbahət
saymışlar. "Sirrivi vermə yaruva, yaruvun da yarı
var", "Hər gördüyünü dost sanıb sirrini
açma". "Düşmənə sirr, dosta yalan
söyləmə", "Ev bizim, sirr bizim", "Nə
dil bilsin, nə dodaq" kəlamları sirr saxlamaq
üçün onu heç kimə etibar etməməyi məsləhət
görür, çünki "Sirr, ikinin arasında qalar,
üçə geçdi, qapını açar". Digər
ifadələr isə: "Özgənin sözünü
özgənin evində danışma", "Sirr
açandan el qaçar", "Özgənin
sözünü özgəyə deməyə nə var?"
göstərir ki, bildiyin sirri açmaq ən asan iş olsa da
o, adamı gözdən salır, belə adamlara hər yerdə
hörmət edilmir. İnformasiya qorunmasının bir
üsulu da onun kodlaşdırılmasıdır. Bu üsuldan
da babalarımız istifadə edirdilər. Yəni sirli məlumatları
başqasına məlum olmayan dildə, formada və ya əvəzedici
əşyalarla göndərirdilər. "Bir qalanın
sirri" kinosunda həkimin saxladığı qanlı
daş, sim, nar və qıfıla nə demək istədiyini
bir adam belə başa düşməsə də, onun dostu,
el ağsaqqalı həmin əşyalara görə həkimin
Simnar xan tərəfindən Qanlı qayada zindanda
saxlanıldığını müəyyənləşdir
və bu informasiyanın köməyi ilə həkimi xilas
edirlər. "Dost sirrin dost bilər" deyən müdrik
adamlar həm də qeyd edirlər ki, "Sirr ucunu, söz
açar" "Atın sirrin gözündən, mərdin
sirrin sözündən", "İgidin sirrin söz
açar, yolu getdikcə qısalar", "Sirri biri deyər,
mini basdırar, on mini açar", "Düşmənin
bilgisi, sirrivi bilməyi deməkdir", "Kiri kir açar,
sirri sirr" "Axşamın sirrin dan bilir" və s.
Cəmiyyətin informasiya
potensialı yalnız ictimaiyyətdə informasiya
texnologiyalarının inkişafı və onların istifadə
səviyyəsi ilə təyin edilmir. Çox şey həm də
informasiya mədəniyyətinin inkişaf səviyyəsindən,
yəni informasiyanı necə vermək və qəbul etməkdən
asılıdır: "Sözü məqamında deyərlər",
"Deyəcəyini fikir elə, sonra söylə", "Əvvəl
düşün, sonra danış". "Sözü
ağzında bişir, sonra çıxart", "Əvvəl
danış, sonra gül" "Süfrədə əlini saxla,
məclisdə - dilini" kimi atalar sözləri söz demək
mədəniyyətinə, "Söyləyəndən dinləyən
arif gərək", "Söz eşitmək ədəbdəndir",
"Söyləyənə baxma, söylənənə
bax", "Adamı dindir, sonra qiymətini ver",
"Qaşa baxma, gözə bax, ağızdan çıxan
sözə bax" kəlamları isə sözə qulaq
asmaq mədəniyyətinə aiddir. Ağsaqqallarımız
həmişə məsləhət görüblər ki, insan
dilin şirin eləsin, mümkün qədər xoş
sözlər işlətsin, hətta acı sözləri də
nəzakətlə desin. "Şirin sözün şirin də
cavabı olar", "Dilin zəkatı xeyir söyləməkdi",
"Dil var bal gətirər, dil var bəla gətirər",
"Dadlı söz - can arzusu, dadsız söz - baş
ağrısı". Acı, kobud, yersiz
danışmağın ziyanı barədə isə atalar
deyib: "Acı danışan şirin söz eşitməz",
"Sözün bilməyən ağız başa toxmaq
vurdurar", "Sözünü bilməyənə aşağı
başda da yer yoxdur", "Bildiyindən danış, bilmədiyin
səni güdaza verər". Müdrik insanlar həm də
qeyd edirlər ki, "Dil adamı bəyan edər",
"Dilini saxlayan başını saxlayar", "Bir
doğru ki, yalana oxşadı, onu söyləmə",
"Dediyindən dönsən, el dönər səndən,
dediyini tutsan, el tutar səndən".
Təcrübə göstərir
ki, eyni söz və ya informasiya ayrı-ayrı şəxslər
tərəfindən müxtəlif cür qəbul edilir. O, bir
insanı sevindirə, birini kədərləndirə, digərini
isə biganə qoya bilər. Bunun səbəbi məlumatı
qəbul edən insanın dərrakəsinin, bilik
ehtiyatının, təsəvvürünün həmin məlumatın
təsiri altında nə dərəcədə və
hansı istiqamətdə dəyişməsindədir. Əgər
müsbət istiqamətdə dəyişirsə bu müsbət
emosiyalar, mənfi tərəfə dəyişirsə mənfi
hisslər və nəhayət, dəyişiklik olmursa, onda
biganəlik yaradır. İnsanın bilik ehtiyatında dəyişiklik
əmələ gətirən məlumat insan üçün
informasiya sayıla bilər. Atalarımız "Sözün
yarısı onu deyənə, yarısı da qulaq asana məxsusdur"
deyəndə yəqin ki, onu nəzərdə tutublar ki,
sözü başa düşmək üçün onu qəbul
edən, ən aşağısı, söhbət gedən
obyekt və ya mövzu haqqında müəyyən biliyə
malik olmalıdır. Əks halda deyilən söz onun
üçün tam təsirsiz olacaq və ya heç bir əhəmiyyət
kəsb etməyəcək. "Arifə bircə işarə
də bəsdir", "Sözü xiridarı olana deyərlər",
"Dərdini dərd bilənə söylə",
"Sözü deynən alana, qulağında qalana",
"Sən sözü at, yiyəsi götürər",
"Sözü at yerə, gedər yerin tapar", "Anlayana
bircə milçək də sazdır, anlamayana zurna-qaval da
azdır", "Qanan ilə daş daşı, qanmazla yemə
aşı", "Qanana bir söz yetər, qanmayana yüz
oxu", "Söz söylədiyin adamı tanı, sonra ona
söz söylə".
Ümumiyyətlə,
insanın başa düşülməməsi müasir
dünyada da problem olaraq qalır. İnsan başa
düşülməyəndə özünü narahat və
əsəbi hiss edir. Ona görə də insan söhbəti
alınmayan, onun dediyi sözü, fikri, verdiyi informasiyanı
anlamayan adamdan həmişə uzaq olmağa
çalışır. Babalarımızın dediyi:
"Dünyada iki şəxs heç vaxt dost olmaz: biri - qanan,
biri - qanmaz", "Dünyada ən zor iş anlamaza söz
anlatmaqdır", "Dadsız aşa duz neyləsin, ağılsız
başa söz neyləsin" kəlamları başa
düşməzliyin bütün dövrlərdə problem
olduğunu göstərir. Bu problem o qədər ciddidir ki,
müdriklər hətta arzulayırlar ki, kaş adamın
düşməni də ağıllı olsun. "Dəli
dostun olunca, ağıllı düşmənin olsun",
"Ağıllı düşmən nadan dostdan
yaxşıdır" ifadələri buna misal ola bilər.
"Başa düşənə can qurban" deyən ariflər
deyir ki, "Başa düş, başımı yar",
"Necəsən qanmayım atan yansın!"
Bütün bunlar göstərir
ki, xalqımızın daxilindən gələn, böyük əxlaqi-tərbiyəvi
əhəmiyyətə və fəlsəfi dəyərlərə
malik atalar sözləri özlərində bu gün də
çox aktual və qiymətli olan informasiyalar
daşıyır. Bu səbəbdən onlar heç vaxt
unudulmayacaq və hər dövrlərdə olduğu kimi
informasiya əsri olan XXI əsrdə də müasir olaraq
qalacaqlar. Ona görə də hər hansı bir işə
başlayanda, qərar qəbul edəndə, başqasına məsləhət
görəndə, bir yerə və ya məclisə gedəndə
özündə xalqın öyüd-nəsihətini
yaşadan atalar sözlərini yada salmaq, onlara müraciət
və əməl etmək insana yalnız xeyir gətirə bilər.
"Atalar sözü Qurana girməz, amma Quran yanında gedər"
deyən müdrik insanların təbilə desək:
"Atalar sözü - elin gözü", "Atalar
sözü - ağlın gözü", "Atalar
sözü - sözlərin düzü", "Atalar
sözü - sözün özü"dür.
Vüqar Haqverdiyev
AMEA-nın Elmi-təşkilat
şöbəsinin rəis müavini
Azərbaycan.-2009.-1 mart.-S.10.