Samux: o illər hara, bu günlər hara?!

 

Azərbaycanın bütün bölgələrində işlər yaxşı gedir. O cümlədən də Samux rayonunda. Mənə məlumat verildi ki, burada işıq problemi həll olunubdur. Təbii qazın verilməsi məsələsi həll edilir. Yeni kəmər çəkilibdir. İş yerləri açılır, yeni müəssisələr, zavodlar, fabriklər - bütün bunlar həm rayonu, həm də ki, Azərbaycanı inkişaf etdirir.

 

İlham ƏLİYEV

 

Samux ölkəmizin ən cavan rayonlarından biridir. 1992-ci ilin fevral ayında keçmiş Xanlar rayonundan ayrılaraq müstəqil rayon statusu alıb. Sahəsi 1455 kvadrat kilometr, əhalisi 50,6 min nəfərdir. Beş qəsəbəsi, 29 kəndi var. Keçən il ölkə başçısının fərmanı ilə Nəbiağalı yaşayış məntəqəsi qəsəbə adlandırıldı, rayonun mərkəzinə isə şəhər statusu verildi.

 

Yüksəlişə söz ola bilməz

 

Samux şəhər oldu, özü də necə şəhər. Əvvəllər heç belə deyildi Samux. Küçələr tozlu-torpaqlı, yollar yararsız, binalar yöndəmsiz, evlər uçuq-sökük. Samuxun müstəqil rayon olması da doxsanıncı illərin burulğanına düşdü. O çətin illərdə, bəlkə də Samux qədər zillət çəkən, zərbə alan məkan olmamışdır. Hərc-mərclik, xaos hər yanı bürümüşdü. Silahlı qüvvələr hakimiyyət uğrunda açıq, amansız mübarizə aparırdı. Təbiətin bu səfalı guşəsi qan çanağına dönmüşdü. Haqq-ədalət, qayda-qanun, böyük-kiçik itmişdi.

Müstəqil rayon kimi fəaliyyət göstərdiyi ilk dörd il ərzində burada icra hakimiyyətinin başçısı 6 dəfə dəyişildi. 7 dəfə polis rəisi, 3 dəfə prokuror, 8 dəfə kənd təsərrüfatı idarəsinin rəisi vəzifəni tərk eləməli oldu. Quldur dəstələri hər yanda at oynadır, günün günortaçağı qətllər, qarətlər insanları sarsıdırdı. Vəziyyət o yerə çatmışdı ki, iki nəfər icra başçısı həbs edildi, iki nəfər prokuror vəzifə başında qətlə yetirildi. Bir nəfər polis rəisi qaçıb gizləndi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Samuxun yeni həyatı başlandı. Sabitlik yaradıldı. Silahlı dəstələr ləğv edildi. İslahatlar aparıldı, əmlak özəlləşdirildi. Tədricən hər şey öz təbii axarına düşdü.

O vaxtdan illər keçir. Bütün bunları ona görə xatırladırıq ki, ölkəmizin hər bir guşəsinin keçdiyi əzablı, əziyyətli yollar haqqında bu günün oxucusunda dəqiq təsəvvür yaransın. Təkcə ucqar bir yaşayış bölgəsinin, Samux rayonunun timsalında qoy hamı görsün ki, ümummilli liderimiz Heydər Əliyevin titanik fəaliyyəti sahəsində ölkəmizdə nə kimi işlər görülüb. Dünənin nəzərdən-diqqətdən kənarda qalan bir əyalət guşəsi ulu öndərin müdrik siyasəti sayəsində hansı mərtəbəyə ucalıb.

Samux öz əvvəlki məskəninə, məkanına sığmır, yollar boyu hər tərəfdə inkişaf gedir. Təzə küçələr salınır, inzibati və yaşayış mərkəzləri yaranır. Gündən-günə gözəlləşən Samux şəhərini gəzir, asfalt yollar boyu düzülmüş bir-birindən yaraşıqlı binalara baxır, əhalinin günü, güzəranı ilə tanış olur, iqtisadiyyatın yüksəlişi, özəl obyektlər, gəlir, qazanc barədə faktları, rəqəmləri nəzərdən keçirirsən. Qeyri-ixtiyari düşünürsən ki, o illər hara, bu günlər hara?!

Samuxlular ulu öndər Heydər Əliyevin yolunu hər sahədə uğurla davam etdirən ölkə başçısı İlham Əliyevin misilsiz rolunu xüsusi minnətdarlıqla xatırlayırlar.

Rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev deyir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə Samux yeni inkişaf yoluna qədəm qoydu. Bu yüksəlişin məğzini, miqyasını, burada ardıcıl surətdə görülən işləri bir yazıya, bir söhbətə sığışdırmaq çətindir. Ona görə də yalnız bəzi faktları, rəqəmləri xatırlatmaq istəyirik.

 

 

Uğurlar göz önündədir

 

Samuxun yüksəlişinə söz ola bilməz. Burada il ildən uğurlu gəlir. Ötən ilin nəticələri daha fərəhli olmuşdur. Samux əsasən aqrar rayon kimi tanınır. Bu yerlər ata-babadan bol taxıl məskəni kimi şöhrət qazanıb. Ənənə davam edir.

Torpaq əsl sahibinə veriləndən sonra hər sahədə məhsuldarlıq ilbəil artır. Ötən il rayon üzrə 28,3 min ton taxıl, nəzərdə tutulduğundan xeyli çox qarğıdalı, günəbaxan, meyvə-tərəvəz, habelə heyvandarlıq məhsulları istehsal olunub. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" uğurla yerinə yetirilir. Kənd təsərrüfatının bir sıra sahələri üzrə, xüsusən taxıl tədarükündə rayon özünü tam təmin edir.

Bu ilin planları daha böyükdür. İlin yekunlarına həsr edilmiş toplantıda bu arzu və istəyin bir daha şahidi oldum. Müasir kəndin tərəqqisinə qayğı və diqqət ilbəil artır. Keçən il fermerlərə güzəştli qiymətlərlə 207,4 ton azot və 138 ton superfosfat gübrəsi satılıb. Bundan əlavə toxumçuluq təsərrüfatlarına Rusiyadan gətirilmiş təqribən 40 ton yüksək repreduksiyalı buğda toxumu verilib. Cari ildə isə Nazirlər Kabinetinin "Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılmasına dair" qərarına əsasən torpaq mülkiyyətçilərinə 286 min manat yardım hesablanıb.

Torpaq sahibkarlarına kömək məqsədilə aqrolizinqin imkanları getdikcə genişlənir. Eyni zamanda suvarma sisteminin inkişafına xüsusi diqqət yetirilir. Suvarma sistemləri idarəsinin rəisi Gülağa Bağırov deyir ki, təkcə ötən il qırx ədəd hidrotexniki qurğu, habelə 270 metr boru kəməri əsaslı təmir edilib. Altı ədəd yeni subartezian quyusu istifadəyə verilib. Ən önəmlisi isə budur ki, Yenikənd nasos stansiyasında təzə mühərrik quraşdırılıb. Müntəzəm surətdə kanallar və arxlar təmizlənir, sahilbərkitmə işləri aparılır. Yerlərdə zəmilərin vəziyyəti çox yaxşıdır. Belə getsə, cari ildə sahələrdən azı otuz min ton məhsul götürə biləcəyik.

Daha bir xarakterik cəhət. Müxtəlif qəsəbə və kəndlərdə irili-xırdalı doqquz ədəd müasir quruluşlu dəyirman fəaliyyət göstərir, məhsul artdıqca adət-ənənələr bərpa olunur. Həyətlərin çoxunda təndirlər qurulub. Vaxtaşırı çörək ətri hər yanı bürüyür.

Aqrar bölmənin inkişafı ilə yanaşı Samux rayonu tədricən sənaye mərkəzinə çevrilir. Bu yerlərdə ət, süd, günəbaxan, meyvə-tərəvəz emalı üzrə onlarca sex, təqribən otuza yaxın müasir quruluşlu sənaye obyekti işləyir. Keçən il Samux quşçuluq fabriki fəaliyyətə başlayıb. Qarayeri qəsəbəsində "Qaraçanaq" şərab zavodu istifadəyə verilib. "Qoşqar" un fabriki hər yanda tanınır. "Bizim ailə" adlı tumdoldurma müəssisəsinin məhsulları respublikanın hər guşəsinə, hətta sərhəddən kənara da gedir. "Çinar" müəssisəsində ictimai və fərdi binalar üçün mişar daşından milli ornamentli bəzək hissələri hazırlanır.

Abadlıq və quruculuq işlərinin geniş miqyas alması ilə əlaqədar olaraq yerli xammal hesabının tikinti materialları istehsalına xüsusi üstünlük verilir. Zavodlar, sexlər, istehsal sahələri yaradılır.

Ölkə başçısı İlham Əliyev qış aylarına məhsul saxlanılması üçün xüsusi anbarların yaradılmasının vacibliyini bir vəzifə kimi irəli sürmüşdür. Prezidentin bu tövsiyəsinə cavab olaraq Samuxda "Universal HAA" meyvə-tərəvəz saxlama anbarı fəaliyyətə başlayıb. Burada iyirmidən artıq soyuducu kamera işləyir. Kartof, soğan, kələm və digər meyvə-tərəvəzlə yanaşı, ət və süd məhsullarının mühafizəsi üçün hər şərait yaradılıb. Bura əsasən Qərb bölgəsinin məhsulları gəlir. Bununla yanaşı Belarusdan və digər ölkələrdən də çoxlu ərzaq gətirilir. Bu yeni obyekt hər cəhətcə faydalıdır. Əvvəla, yığım dövründə - yəni alıcı az olanda tökülüb qalan məhsul mühafizə edilir. Digər tərəfdən də qış aylarında bazarda kasadlıq olanda bəzi işbazlar tərəfindən süni surətdə qiymətlərin qaldırılmasının qarşısı alınır.

Rayonda bu cür dəyərli obyektlər çoxdur və onların sayı getdikcə artır. Bu yaxınlarda daha bir yeni müəssisə - yol idarəsinin asfalt zavodu fəaliyyətə başlayıb. Bu, abadlıq və quruculuq işlərinin geniş miqyas aldığı indiki dövrdə xüsusi əhəmiyyət kəsb edir.

Samuxlular ili uğurla yola saldılar. Cari ildə qarşıda daha böyük üfüqlər açılır. On məktəb binasının yenidən qurulması gözlənilir. İl ərzində müasir idman kompleksi ucaldılacaq, müxtəlif idarə və müəssisələr üçün beş inzibati bina tikiləcəkdir. Hazırda Lək kəndində beş yüz kilovoltluq yarımstansiya inşa olunur. Bu, bütövlükdə Qərb bölgəsinin elektrik enerjisi ilə təminatına güclü təkan verəcəkdir.

Yaxın vaxtlarda Qırmızı Samux qəsəbəsində balıqyetişdirmə müəssisəsinin yaradılması, balıq konserv zavodunun tikilməsi, Poylu kəndində camışçılıq kompleksinin, Qarayeridə yunun ilkin emalı sexinin, habelə Kəsəmən kəndində bitum zavodunun inşası, Burunqovaqda sutəmizləyici qurğunun quraşdırılması nəzərdə tutulub.

Samuxun iqlimi mülayim, havası təmizdir. Bu yerlər səfalı guşələri, əsrarəngiz yaşıllığı, müalicə suları ilə tanınır. İcra hakimiyyətinin başçısı Vilyam Hacıyev deyir ki, bu təbii imkanlar xarici investorların da diqqətini cəlb edir. Müxtəlif ölkələrlə danışıqlar gedir. Yaxın gələcəkdə Ağasıbəyli kəndi ərazisində müasir quruluşlu İstisu sanatoriya kompleksinin, habelə Kürün sahilində turizm mərkəzinin yaradılması gözlənilir.

...Rayonun səfalı guşələrindən birində icra hakimiyyəti üçün üçmərtəbəli bina ucaldılır. Tikinti meydanına baxdıq. Ustalar, fəhlələr ürəklə, həvəslə çalışırlar. Bir ağsaqqal yaxşı dedi ki, təzə təşkil ediləndə sadəcə oturmağa müvafiq bir yeri olmayan Samux indi güclü, qüvvətli bir rayona çevrilib. Yeni bina istifadəyə veriləndə hamı ölkəmizin ən cavan rayonlarından birinin qısa bir vaxt ərzində mərtəbə-mərtəbə necə ucaldığının şahidi olacaqdır.

 

 

Əhməd İsayev

 

Azərbaycan.-2009.-3 mart.-S.6.