Regionların inkişafı iqtisadi siyasətdə prioritet istiqamət olaraq qalır

 

Dünya birliyinə sürətlə inteqrasiya olunaraq demokratik inkişaf yolunda atdığı ardıcıl addımlarla regionda böyük nüfuz sahibinə çevrilən müstəqil Azərbaycanın qısa zamanda əldə etdiyi böyük nailiyyətlər, ilk növbədə hər bir vətəndaşın mənafeyinə xidmət edən təkmil sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatları bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev son beş ildə regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlamış, bu istiqamətdə kompleks tədbirlər həyata keçirmişdir. "Bizim iş üslubumuz belədir: bölgələrdə problemi müəyyən etmək, onun həlli üçün lazım olan yolları müəyyən etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız da var" - deyən dövlət başçısının həyata keçirdiyi uğurlu strategiya nəticəsində Azərbaycan qısa müddətdə dünyanın sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətlərindən birinə çevrilmişdir.

Dövlət başçısı İlham Əliyevin beş il əvvəl - 11 fevral 2004-cü il tarixdə imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair (2004-2008-ci illər) Dövlət Proqramı aktuallığına, əhəmiyyətinə və miqyasına görə hər zaman xüsusi diqqət mərkəzində olmuş, bu təkmil konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il hökumətin xüsusi müşavirələri keçirilmişdir. Dövlət proqramının əsas qayəsi regionlarda sahibkarlığın inkişafını sürətləndirmək və oradakı əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan kifayət qədər səmərəli istifadə etməklə iqtisadiyyatın tarazlı və davamlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan ibarətdir. Bölgələrdə yaşayan vətəndaşların zəruri arzu və istəkləri, eləcə də onları illərdən bəri narahat edən, qayğılandıran sosial problemlərin həlli də proqramda dolğunluğu ilə əksini tapmışdır. Azərbaycan hökuməti dövlət proqramı əsasında 2004-2008-ci illər ərzində regionlarda kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına yardım göstərmiş, o cümlədən emal müəssisələrinin yaradılmasını, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını və bütün bunların fonunda çoxlu yeni iş yerinin açılmasını təmin etmişdir. Dövlət proqramı regionların tarazlı inkişafına yönəlməklə yanaşı, həm də yerlərdə enerji infrastrukturunun, nəqliyyat-kommunikasiya sisteminin bərpası, habelə elmi-texniki tərəqqi, mədəni yüksəliş, müasir informasiya texnologiyalarının tətbiqi məsələlərini özündə ehtiva etmişdir.

Ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq əyalətlərdə özünü göstərən sosial çətinliklər üzündən Azərbaycan regionlarının tədricən boşalması, əhalinin yalnız Bakıda və digər iri şəhərlərdə mərkəzləşməsi təkcə sosial-iqtisadi problem mahiyyəti daşımamış, daxili miqrasiyanın mənəvi-psixoloji fəsadları daha təhlükəli məqamlarla yadda qalmışdır. Paytaxt və əyalətlər arasında tarazlaşdırılmış inkişafın konseptual əsaslarını irəli sürən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair (2004-2008-ci illlər) Dövlət Proqramının təcrübədə özünü doğrultması isə bu problemi əhəmiyyətli dərəcədə aradan qaldırmış, regionların siması dəyişmiş, vətəndaşların tarixi məşğulluq ənənələri bərpa edilmiş, sosial rifahı yüksəlmişdir. Bölgələrin təbii resurslarından, əmək ehtiyatlarından səmərəli istifadə, yeni iş yerlərinin açılması, sosial problemlərin həlli, sahibkarlığın inkişafı, mövcud infrastrukturun yenidən qurulması, enerji, istilik təminatı kimi problemlərin həlli yerlərdə istehsal potensialını gücləndirməklə yanaşı, əyalət sakinlərinin Bakıya, həmçinin digər regional mərkəzlərə doğru axınını da səngitmişdir.

Dövlət proqramında iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılması, neft gəlirlərinin regionlarının iqtisadi inkişafına yönəldilməsi məsələsi xüsusi yer tutmuşdur. Cənab İlham Əliyev iqtisadiyyatın neft gəlirlərindən asılılığını yolverilməz saymaqla yanaşı, qeyri-neft sektorunun daha çox regionlarda inkişaf etdirilməsi yolu ilə sosial və regional tarazlığın qorunmasına çalışmışdır. Dövlət başçısı çıxışlarında hər zaman vurğulamışdır ki, neftlə zəngin bəzi ölkələrin gərginlik və qeyri-sabitlik mühitində yaşaması, təbii sərvətləri üzərində sahiblik hüququnu itirməsi ilə bağlı çoxsaylı misallar gətirmək mümkündür. Hazırda dünya ölkələrini iflic edən qlobal iqtisadi böhranın Azərbaycana ciddi təsir göstərməməsi də məhz hökumət səviyyəsində qeyri-neft sektoruna göstərilən yüksək qayğının nəticəsidir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında əksini tapmış vacib istiqamət yenə də insan amilinə xidmət etməklə yeni sosial-infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin tikintisi, yeni yolların çəkilişi və əsaslı bərpasını nəzərdə tutmuşdur. Son beş ildə proqramda nəzərdə tutulmuş bu tədbirlər insan amilinin yüksəlişinə, mədəni-intellektual potensialın güclənməsinə, mənəvi-əxlaqi dəyərlərin daha möhkəm əsasda intişar tapmasına zəmin yaratmışdır.

Hökumətin regionların inkişafına xüsusi diqqətlə yanaşması, ilk növbədə, Azərbaycanda sahibkarlığın inkişafı yolu ilə uzun illər özünü ciddi sosial problem kimi göstərmiş işsizliyin tədricən aradan qaldırılması, əhalinin faydalı məşğulluğunun təmin edilməsi məqsədindən irəli gəlir. Etiraf olunmalıdır ki, bir çox halda dövlətləri genişmiqyaslı sosialyönümlü tədbirlər sistemi həyata keçirməyə sövq edən başlıca amillərdən biri də məhz bir ictimai-iqtisadi formasiyadan digərinə keçidlə bağlı yaranan işsizlik problemi, yaxud da əməyin ucuzlaşması olur. Yeni iqtisadi münasibətlər sistemində özəlləşdirmə və sahibkarlığın inkişafı məsələləri ilə bağlı olaraq vətəndaşların işlə təminatı sırf dövlətin funksiyalarına şamil edilmir. Xüsusi mülkiyyətçilik şəraitində dövlət əmək resurslarına qismən nəzarət etdiyindən, işsizliyin müəyyən səviyyədə mövcudluğu labüd prosesə çevrilir. Cənab İlham Əliyev hesab edir ki, dövlət iş yerlərinin açılması prosesinə münbit şərait yaratmalı, əhalinin faydalı məşğulluğunun təmin edilməsi məsələsini bu və digər formada stimullaşdırmalıdır.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının 5 illik yekunu ilə bağlı bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə konfransın keçirilməsi də bu sənədin regional inkişaf prosesindəki müstəsna əhəmiyyətini bir daha təsdiqləyir. Hökumət üzvlərinin, regionların icra strukturları rəhbərlərinin, iş adamlarının iştirakı ilə keçirilən konfransda açıqlanan statistik rəqəmlər deməyə əsas verir ki, sözügedən proqramın icra prosesini ilk gündən diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti İlham Əliyev şəxsi təşəbbüskarlığı, tələbkarlığı, ölkənin iqtisadi resurslarını düzgün realizə etməsi sayəsində regional inkişafı təmin etmişdir. Konfransda dərin məzmunlu nitq söyləyən cənab İlham Əliyev dövlət proqramının inkişaf prosesindəki müstəsna rolunu bir daha xüsusi vurğulamaqla, bütün sahələrdə böyük uğurlara yol açdığını demişdir: "2004-cü ildə proqram qəbul olunanda ona hər şeyi daxil etmək mümkün deyildi. Həyat bizim planlarımıza öz dəyişikliklərini etdi və son beş il ərzində 2004-cü ildə proqramda nəzərdə tutulmayan bir sıra məsələləri həll etdik. Özü də qısa müddət ərzində və istənilən sahədə. Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, konkret proqramla təmin olunmasın. Həm də qəbul edilmiş bütün proqramlar konkret xarakter daşıyır. Onlar sadəcə olaraq, niyyətin ifadəsi deyil, yaxud da ki, şüar, təbliğat naminə qəbul edilmir. Hər bir proqramın konkret icra mexanizmləri, konkret maliyyə bazası var və bütün texniki imkanlar var. Son beş il ərzində biz öz texniki imkanlarımızı əhəmiyyətli dərəcədə möhkəmləndirə bilmişik. Bu gün Azərbaycanda istənilən tikinti layihəsi daxili resurslar hesabına icra oluna bilər".

Azərbaycan Prezidenti İlham Əliyev 2004-2008-ci illərdə respublikanın əksər rayonlarına, o cümlədən Bakı kəndlərinə səfərlər etmiş, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işlərlə maraqlanmış, tapşırıq və tövsiyələrini vermişdir. Cənab İlham Əliyev beş ildə respublika regionlarının bütün rayonlarına 127 səfər etmiş, o cümlədən 6 dəfə Naxçıvan Muxtar Respublikasında olmuş, yerlərdə görülən işlərlə, xalqın həyat səviyyəsi ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermiş, ölkənin abadlaşması və inkişafı üçün əhəmiyyətli olan 500-dək müəssisə və obyektin təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak etmişdir.

Bu səfərlərin nəticəsi kimi Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə 17 sərəncam imzalanmış, dövlət proqramında nəzərdə tutulmayan bəzi mühüm tədbirlər həyata keçirilmişdir. Ötən müddətdə dövlət proqramının icrasına yönələn investisiyaların həcmi 6,8 milyard manat təşkil etmiş, yalnız 2008-ci ildə bu məqsədlə 2 milyard manat vəsait xərclənmişdir. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilmiş əməli tədbirlər nəticəsində qeyri-neft sektoruna qoyulan investisiyalar beş ildə 6,2 dəfə artmış, onun xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə yüksəlmişdir. Bölgələrin inkişafına xidmət edən bu və digər dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində əhalinin, xüsusən də regionlarda yaşayan əhalinin məşğulluq səviyyəsi yüksəlmiş, 27 min 500 yeni müəssisə yaradılmış, 766 min 300 iş yeri açılmışdır. Bir sıra inkişaf etmiş dövlətlərdə qlobal maliyyə böhranı ilə bağlı işsizlərin sayının artmasına rəğmən Azərbaycanda 2008-ci ildə 120 min yeni iş yerinin açılması ölkənin uğurlu iqtisadi siyasətinin nəticəsidir.

Dövlət proqramının uğurla icrası nəticəsində ötən beş ildə sənaye istehsalı 3,7 dəfə, investisiyalar 2,4 dəfə, strateji valyuta ehtiyatları 9,8 dəfə, ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 1,7 dəfə, qeyri-neft məhsullarının ixracı 2,2 dəfə, orta aylıq əməkhaqqı 2,7 dəfə, pensiyaların orta aylıq məbləği 4 dəfə artmış, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 13,2 faizə enmişdir. 2003-cü ildən büdcə xərcləri 12 dəfədən çox artmış, respublikanın strateji valyuta ehtiyatları 18 milyard dolları ötmüşdür.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan mühüm vəzifələrdən biri də hər bir sahədə yeni dövrün tələblərinə cavab verən infrastrukturun yaradılması yolu ilə insan resurslarının inkişafıdır. Hər bir vətəndaşın firavan həyat səviyyəsini təmin etməyi ali məqsəd kimi qarşıya qoyan Azərbaycan hökuməti fəaliyyətini yalnız sosial müdafiə tədbirləri ilə məhdudlaşdırmır, bütün sahələrdə kompleks islahatların aparılmasına, o cümlədən infrastruktur layihələrinin gerçəkləşdirilməsinə xüsusi diqqət yetirir. İnfrastruktur layihələrinə dövlət büdcəsindən ayırmaların ildən-ilə yüksək templə artması dövlət başçısının bu məsələyə necə böyük həssaslıqla yanaşdığını göstərir. Əgər 2006-cı ilin dövlət büdcəsində investisiya layihələrinin maliyyələşdirilməsinə 600 milyon manat ayrılmışdısa, 2007-ci ildə bu rəqəm 1,5 milyard, 2008-ci ildə 4,3 milyard, 2009-cu ildə 5,6 milyard manat vəsait ayrılmışdır.

2008-ci ilin ortalarından bir çox dövlətin iqtisadiyyatı qlobal maliyyə böhranının mənfi təsirlərinə məruz qalsa da, Azərbaycanda ötən illərdən başlanmış iri infrastruktur layihələrinin icrasında hansısa geriləmə müşahidə edilməmiş, işlər əvvəlki ahəngi ilə davam etdirilmişdir. Konfransda səslənən məlumatlardan bəlli olur ki, son beş ildə Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala şəhərlərində müasir standartlara uyğun yeni hava limanları tikilmiş, Lənkəranda yeni dəniz limanının inşasına başlanılmışdır. Elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması üçün 7-si regionlarda olmaqla, 9 müxtəlif tipli elektrik stansiyasının tikintisi başa çatdırılmışdır. Şirvan şəhərində, Dəvəçi, Quba və Füzuli rayonlarında stansiyaların tikintisi davam etdirilir. Naxçıvan Muxtar Respublikası, uzun fasilədən sonra Lerik və Yardımlı rayonları, Füzuli rayonunun Horadiz şəhəri ilk dəfə təbii qazla təmin edilmişdir. Ümumilikdə beş ildə regionlarda 1600 kilometrədək yeni qaz xətti çəkilərək ölkədə qazlaşdırmanın səviyyəsi 85 faizə çatdırılmışdır.

Regionlarda səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsi və idmanın inkişafı məqsədilə 16 yeni xəstəxana, 42 ambulatoriya-poliklinika, 42 özəl tibb müəssisəsi, 8 diaqnostika mərkəzi, 19 feldşer məntəqəsi, 18 olimpiya-idman kompleksi tikilib istifadəyə verilmişdir. 15 olimpiya-idman kompleksinin və 9 diaqnostika mərkəzinin tikintisi davam etdirilir. Eləcə də əlillər və şəhid ailələri üçün 33 yaşayış binası və əlillər üçün 7 bərpa mərkəzi tikilib istifadəyə verilmişdir. Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı daim diqqət mərkəzində olmuş, bu məqsədlə Dövlət Neft Fondundan 464 milyon manatdan çox vəsait xərclənməklə 54 yeni qəsəbə salınmış, 15 mindən çox ev tikilmişdir. 2007-ci ilin dekabr ayında sonuncu çadır şəhərciyi, ümumiyyətlə isə 12 çadır şəhərciyi ləğv edilmişdir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının imzalanmasının 5 illiyinə həsr olunmuş konfransda dövlət başçısı Azərbaycan iqtisadiyyatının bütün sahələrdə inkişaf etdiyini demiş, bunun sırf neft amili ilə əlaqələndirilməsini düzgün saymamışdır: "Bəzi hallarda məsələni dərindən bilməyən, yaxud bizim işlərimizə bir növ kölgə salmaq istəyən mənbələrdən belə bir fikir gəlir ki, guya buna ancaq neft amilinə görə nail ola bilmişik. Bax bu gün icra hakimiyyəti başçılarının çıxışlarında səslənən rəqəmlər bütün bu yanlış tezisi alt-üst edir. Demək olar ki, əksər rayonlarda 2 dəfə, 2,5 dəfə, 2,8 dəfə iqtisadi artım var. Bizim bölgələrimizdə neft hasilatı yoxdur. Yəni orada artım məhz qeyri-neft sektorunun hesabına baş veribdir. Bu artım məhz aparılan islahatlar nəticəsində, ayrılan vəsait, verilən kreditlər, sahibkarlığın geniş vüsət alması nəticəsində baş veribdir".

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının ən uğurlu nəticələrindən biri də ölkədə daha əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizə edilməsidir. Həyata keçirilmiş tədbirlərin mahiyyəti və konseptual məzmunu iqtisadiyyatın liberallaşdırılması və sərbəst bazar prinsiplərinin dərinləşdirilməsindən ibarət olmuş, nəticədə milli sahibkarların ümumi daxili məhsuldakı xüsusi çəkisi 85 faizə çatmışdır. Dövlət büdcəsindən sahibkarlığın inkişafına ayrılan vəsaitin həcmi ilbəil artırılmış, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 7 min investisiya layihəsinə 324 milyon manat kredit verilmişdir. Bu layihələrin 87 faizi, kreditlərin isə 70 faizi regionların payına düşür. Hazırda aqrar sektor, sənaye, ticarət, mehmanxana və iaşə xidməti, tikinti, nəqliyyat, rabitə kimi istehsal və xidmət sahələrində qeyri-dövlət bölməsinin payı 70-99 faiz arasında dəyişir. Sahibkarlar yeni iş yerlərinin açılması prosesində, habelə büdcə gəlirlərinin yarıdan çoxunun formalaşmasında yaxından iştirak edirlər.

Prezident İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərmanla 2008-ci il yanvarın 1-dən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı "bir pəncərə" prinsipi əsasında həyata keçirilir. Dövlət başçısı İlham Əliyev konfransdakı çıxışı zamanı sahibkarlara bundan sonra da dövlət dəstəyi göstərilməsinin vacib olduğunu vurğulamışdır: "...Yerlərdə sahibkarlıqla məşğul olanlara maksimum dəstək olmalıdır. Mən çox şadam ki, son illər ərzində bu sahədə çox böyük irəliləyiş əldə edilib, qanunsuz müdaxilələrin sayı azalıb, - halbuki, tamamilə aradan qaldırılmalıdır, - sahibkarlıqla məşğul olmaq üçün prosedur qaydaları tamamilə sadələşdirilibdir. "Bir pəncərə" prinsipinin tətbiqi bu sahədə, demək olar ki, böyük dönüşə səbəb oldu. Yerli icra orqanlarının fəaliyyəti, əlbəttə ki, çox vacibdir. Çünki bizim məqsədimiz bölgələrdə sahibkarlığı inkişaf etdirməkdir və deyə bilərəm ki, dövlət tərəfindən və Prezident tərəfindən sahibkarlığın inkişafına çox böyük dəstək var. Həm mənəvi dəstək verilməsi, həm də dediyim kimi, dövlətimiz tərəfindən bu sahədə işləyənlərin vəziyyətinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görülməlidir".

Hökumət qarşıdakı illərdə də bölgələrin inkişafına xüsusi yardım göstərmək niyyətindədir. 2009-2013-cü illəri əhatə edəcək Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramının yaxın vaxtlarda təsdiqlənəcəyi gözlənilir. Qlobal iqtisadi böhrana baxmayaraq, ölkə iqtisadiyyatının şaxələndirilməsi və dünya iqtisadiyyatına səmərəli inteqrasiyası, bölgələrin infrastruktur və kommunal xidmətlərlə təminat səviyyəsinin və xalqın rifah halının daha da yüksəldilməsi yeni proqramın əsas səbəbləri kimi müəyyən edilmişdir. Bu hədəflərə çatmaq üçün makroiqtisadi sabitliyin qorunması, dinamik inkişafın davam etdirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ixrac yönümlü məhsul istehsalının artırılması başlıca vəzifə kimi qarşıya qoyulmuşdur.

Ümumilikdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının yekunlarına həsr olunmuş konfransı göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi siyasəti dərin elmi-nəzəri əsaslara, praktik reallığa əsaslanmaqla, respublikanın bütün sahələrdə davamlı inkişafına xidmət edir. Əldə olunan uğurlarla kifayətlənməyən hökumət regionların inkişafı istiqamətində bundan sonra da ardıcıl və səmərəli tədbirlər sistemi həyata keçirmək əzmindədir.

 

 

Müşfiq Atakişiyev

iqtisad elmləri doktoru,

professor

 

Azərbaycan.-2009.-3 mart.-S.7.