Sudan içdik, oddan keçdik
Qarşıdan güllü
yaz - mübarək Novruz gəlir. İllərdir ki, xalqımız bu gözəl bayramı böyük məhəbbətlə,
səbirsizliklə qarşılayır,
yüksək ovqatla qeyd edir. Novruzun
insanların ürəyində
sevgisi o qədər dərindir ki, onun adət-ənənələrinə, mərasimlərinə
hamı, sözsüz
əməl etməyi müqəddəs borc bilir. Yazın, baharın zümrüd libasına bürünmüş
Novruzun gəlişini
ta bineyi-qədimdən xüsusi hazırlıqla qeyd etmişik. Novruza hələ bir ay qalmış, yəni, Kiçik Çillənin çıxması
ilə el-obada hazırlıq görülər,
bağ-bağçada təmizlik
aparılar, həyət-baca səliqəyə salınar. Xüsusilə də, kənd yerlərində xalça,
palaz, kilim yuyular, ev-eşik ağardılar. Bir sözlə, insanlar Novruzu xüsusi təmtəraqla qarşılamağa
çalışarlar.
Ötən yazımızda bildirdiyimiz kimi, Novruz bayramına qədər Boz ayın dörd çərşənbəsi xüsusi şadyanalıqla qeyd edilir. Birinci çərşənbədən bir həftə keçib. Martın 3-ü ilaxır çərşənbəsinin ikincisidir. El arasında ona "Od çərşənbəsi" desələr də, Boz ayın müqəddəs günlərindən sayılan bu mübarək axşamı hələ qədimlərdən müxtəlif adlarla əzizləyiblər: "Addı çərşənbə", "Üsgü gecəsi", "Üsgü çərşənbə", "İkinci çərşənbə"...
Türkdilli xalqlarda hələ qədimlərdən od, atəş anlamı çox müqəddəs sayılıb. Onun şəninə müxtəlif şənliklər keçirilib, hətta müəyyən dövrlərdə oda sitayiş edilib, son dərəcə müqəddəs sayılıb. Xalqımızın da Günəşə, oda böyük inamı olub. Bu səbəbdən də odu qoruyub saxlamaq adətə çevrilib. İnsanlarda belə etiqad yaranıb ki, Günəşə, Oda həmişə inam gətirmək gərəkdir. Odla zarafat etmək, oda su atmaq, odla oynamaq günah sayılıb.
Bəzi insanlar Novruzda tonqal yandırmanı, Odu zərdüştilikdən gələn sitayişlə, etiqadla qarışdırırlar. Mütəxəssislər dəfələrlə təsdiqləyiblər ki, Novruz bayramının tarixi zərdüştilikdən də, islamdan da çox qədimdir. Bayram çərşənbələrində yandırılan tonqalın atəşpərəstliklə heç bir əlaqəsi yoxdur. Bunların arasındakı fərqi sadəcə olaraq bilmək lazımdır. Atəşpərəstlikdə odun üstündən tullanmaq, hətta ona nəfəs vermək belə, günah sayılıb. Atəşpərəstlər odun ətrafına fırlanarkən niqab bağlayıblar ki, nəfəsləri oda toxunmasın. Novruzda isə, əksinə, odun üstündən tullanaraq "ağrım-uğrum oda tökülsün, yansın, canım dərddən, qəmdən, ağrı-acıdan, xəstəlikdən qurtulsun" - deyirlər.
Od çərşənbəsinin səhəri insanlar sübh tezdən durar, Günəşin doğmasını səbirsizliklə gözləyərdilər. Tədqiqatlarda oxuyuruq ki, qədim dövrlərdə hətta Günəşi salamlamaq üçün xüsusi nəğmələr oxuyar, tonqallar yandırıb ətrafında dövrə vurar, sonra da o tonqaldan hərə bir məşəl götürüb öz ocaqlarını alışdırmaq üçün evlərinə tələsərdi. Günəşin şəninə qoşulan el nəğmələrində dərin bir inam əks olunardı:
Göydə uçar bir maya,
İşıq salar dünyaya.
Göydən durar qızıl daş,
Dünya əyər ona baş.
Bu bayatının baş qəhrəmanı Günəşdir. Nənələr Günəşi "qızıl
yaylıq" adlandırardılar.
Bu yaylığın sahibi isə dünyadır. Bu deyimlərdən gələn
mənanı araşdırdıqca
xalqımızın hələ
qədimdən sülhsevər,
bəşəri hisslərlə
çırpınan böyük
ürəyə malik olduğu duyulur.
Hələ əski
zamanlardan Oda bəslənən inamın
nəticəsidir ki, folklorumuzda odla bağlı müxtəlif
janrlı nümunələr
var. Bu mövzuda yüzlərlə
atalar sözü yaranıb: "Odsuz ocaq olmaz", "Oda pənah aparanın ocağı sönməz", "Od imandadır", "Od yanan yerdən tüstü çıxar",
"Odu-çırağı yandıran xeyir aparar", "Od küllə gizlənər",
"Odla oynayan odsuz qalar", "Ocaq sönməyən yerdə məskən salarlar", "Od eləyəni fələk
eləyə bilməz".
İnanclarda da Odla bağlı
maraqlı fikirlər
var. İllərin sınağından
çıxmış bu
inanclar çox düşündürücüdür. Məsələn, "Ocaq dağıdanın ocağı dağılar",
"Ocaqda kül titrəyəndə od xeyirə oynayır" - deyərlər. "Od
hisli olarsa, uzaqdan qonaq gələcək",
"Ocaq yananda səs çıxırsa,
kimsə sözünü
danışır", "Ocağın tüstüsü
üzünə gəlsə,
sevgilin göyçək
olar". Bəzən bu inanclar xalq təbabətində də öz əksini tapır. Yaraya ocaq külü bağlayarlar ki, tez sağalsın. Lap qədim zamanlarda
yeni doğulmuş körpəni külün
üstünə qoyardılar
ki, xəstəlik tapmasın. Günəş doğulanda dünyaya
gələn körpə
göyçək olar.
Ziyarətə həmişə gün doğanda yola düşərdilər.
Xalq təbabətinə görə,
qədimlərdə yaranı
mütləq odla dağlayardılar. Hətta evlərdə
yandırılan çırağın
da yönünü qibləyə çevirərdilər
ki, ailə uğur içində yaşasın.
Oda sevgi, inam insanlarda
o qədər güclü
olub ki, hələ qədim dövrlərdən üzü
bəri ona and içiblər. Andlar, alqışlar, qarğışlar
bir məqsədə bürünüb. İnandırmaq üçün "Od haqqı" deyiblər.
Alqışlarda "ocağın odlu, qazanın qaynar olsun" söyləyiblər. Qarğışların ahəngindən isə vahimə tökülüb.
"Ocağın qazan görməsin",
"İçinə od
düşsün", "Od-ocağa həsrət qalasan".
Əski etiqadlarda Odun ilk simvolu Günəş sayılıb. Çünki Günəş həyatın
və varlığın
yaradıcısıdır. Bu səbəbdən də törənən inanclarda,
bilməcələrdə qətiyyətlə
bildirilib: "Günəş
düşən yerdə
xəstəlik olmaz",
"Günəşə and olsun", "Gün güzəranlıq gətirər",
"Ocağın odlu
olsun, qazanın qaynar". Günəşlə
bağlı bayatı
və tapmacalar da maraqlıdır:
Oturmuşdum səkidə,
Ürəyim səksəkədə.
Göydən bir
Bir qızıl nəlbəkidə
(Günəş).
Qazdım, qazdım
qum çıxdı,
Qumdan miyanə çıxdı.
Şər vaxtı
ölən oğlan
Sübhdən bazara çıxdı (Günəş).
Burdan vurdum baltanı,
Ordan çıxdı qaltanı.
Anam bir oğlan doğub
Yerin, göyün sultanı (Günəş).
Odla bağlı oxunan nəğmələrin gözəlliyi
də bir başqa aləmdir. Hətta
elə xalq mahnılarımız var ki, sanki onun
mayası da elə Od
çərşənbəsində tutulub. Folklorşünaslar
söyləyirlər ki,
Novruz bayramında qızlar saçlarından
üç tel ayırıb sinələrinə
sıxaraq belə oxuyarmışlar:
Samovara od salmışam,
İstəkana qənd salmışam.
Yarım gedib tək qalmışam
Yar bizə
qonaq gələcək,
Bilmirəm, nə vaxt gələcək?!
Novruzun şehli
çəmənlərə atılan sayalı qədəmlərindən biri
də məhz bu mərasimlərdə bayram xonçaları ilə bərabər, nişan məclislərinin
də qurulmasıdır.
Deyilənə görə,
çərşənbə axşamlarının qəribə
qüdrəti var. Xüsusilə
də, Od
çərşənbəsində qızların yanağı
alışıb yanar,
çəmən çiçəklərinə
bənzəyərlər. Oğlanların isə sinələrində
odlu ürək döyünər. Bu çırpıntıların mənasını isə Novruz bayramında evdən-evə qırmızı
örtüklü xonçalarda
gedən sovqatlar açıqlayar.
Od çərşənbəsində
açılan süfrələr
də zəngin olmalıdır. Burada quru meyvələr,
müxtəlif şirniyyatlar,
süd, su mütləq qoyulmalıdır.
Bütün çərşənbələrdə
süfrənin şahı
plovdur. Buğda Su çərşənbəsində
isladıldığı üçün
Səmənini ancaq Axır çərşənbədə
və Novruzda süfrəyə qoyarlar.
Od çərşənbəsində
də insanlar bir-birinə qonaq gedər, "Çərşənbən
mübarək" - deyərlər.
"Ağrın-acın Odda yansın, yel dərd-qəmini aparsın" söyləyərlər.
Bu alqışlar həm də ona işarədir ki, qarşıdakı əziz gün Yel çərşənbəsi
olacaq.
Əlbəttə, əsrlərin dizini qatlayıb bugünümüzə
qədər ağır
və şərəfli
bir yol keçən
Novruzu layiqincə qarşılamaq və qeyd etmək üçün onunla bağlı olan çərşənbə axşamlarını
da eyni dərəcədə
yüksək bayram ovqatı ilə keçirməliyik. Bu, həm
də milli yaddaşımızdır. Bu yaşam o qədər
qüdrətli və əbədidir ki, hətta sovet dönəmində də ən sərt rejimin gücü çatmadı ki, onu qəlbimizdən qoparıb silsin.
Çərşənbə axşamlarınız
mübarək olsun! Bu
bayramın ahəngindən
gələn bir niyyəti sizlərə deməyə borc bilirik ki, yaxınlarınızı,
dost-tanışlarınızı, qohum-əqrəbanızı təbrik
etməyi unutmayasınız.
Ocağınız yanar,
odunuz sönməz olsun!
Çərşənbə axşamları
duaların eşidilən
məqamıdır. Novruz
tonqallarına həsrət
qalmış yurd yerlərimiz nisgildən, xiffətdən qurtulsun! Külli Azərbaycanda, onun hər bölgəsində,
dağında, təpəsində,
daşında, qayasında
tonqallarımız alışsın!
Flora Xəlilzadə
Azərbaycan.-2009.-3 mart.-S.12.