Mingəçevirdə Heydər Əliyev
Muzeyi açılmışdır
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etdilər.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və muzeylə tanış oldu.
2006-cı
ildə inşa olunmuş muzeyin binası ötən il yenidən
qurulmuşdur. Burada ümummilli lider Heydər Əliyevin
büstü qoyulmuşdur. Muzeydə ulu öndərin həyat
və fəaliyyətinin müxtəlif dövrlərini əks
etdirən çoxsaylı fotoşəkillər arasında
1981-ci ildə Mingəçevirə ilk səfəri ilə
bağlı fotolar xüsusi yer tutur. Ümummilli lider o vaxt Azərbaycan
DRES-in birinci enerji blokunun işə salınmasında
iştirak etmişdi.
Muzeyin kompüter
otağında məşğələlər keçirilir.
Kompüterlər internetə qoşulmuşdur, yaxın
vaxtlarda muzeyin saytının yaradılması da nəzərdə
tutulmuşdur. Məktəblilər və tələbələr
burada Heydər Əliyev irsini öyrənirlər.
Yaradıcılıq otağında məktəblilərin
100-dək rəsm əsəri, heykəltəraşlıq
işləri nümayiş etdirilir. Kitabxana fondunda 600-ə
yaxın ədəbiyyat vardır. Muzeydə müxtəlif tədbirlərin
keçirilməsi üçün akt salonu da vardır. Burada
"Heydər Əliyev məktəbi"nin məşğələləri
də keçirilir.
Muzeylə
tanışlıqdan sonra Prezident İlham Əliyev xatirə
kitabına ürək sözlərini yazdı.
Sonra dövlətimizin
başçısı muzeyin qarşısında şəhər
ictimaiyyətinin nümayəndələri ilə söhbət
etdi.
Azərbaycanın digər
bölgələri kimi, Mingəçevirin də sürətlə
inkişaf etdiyini bildirən Prezident İlham Əliyev dedi:
- Sizi ürəkdən
salamlayıram və muzeyin açılışı
münasibətilə təbrik etmək istəyirəm. Şəhərdə
gedən bütün abadlıq-quruculuq işləri məni çox
sevindirir. Mingəçevir doğrudan da gözəl,
müasir şəhərə çevrilibdir. Burada həm
gözəl abadlıq işləri aparılır və şəhərin
normal inkişafı üçün lazımi tədbirlər
görülür, həm də yeni müəssisələr,
zavodlar, fabriklər açılır və bu, şəhərin
sənaye potensialını möhkəmləndirir. Eyni zamanda
Mingəçevirin gözəl, təbii imkanlarından da səmərəli
istifadə olunmalıdır. Buranı gözəl turizm
zonasına çevirmək üçün lazımi
addımlar atılır və gələcəkdə daha
böyük tədbirlər görüləcəkdir. Mənə
verilən məlumata görə, burada inşa edilən yeni
mehmanxanalar yüksək standartlara cavab verir, onların biri ilə
bu gün
Hər bir şəhərin
inkişafı insanların yaşayış səviyyəsi
ilə, bu meyarlarla ölçülür. Mən çox istəyirəm
ki, burada insanların yaxşı yaşaması
üçün bütün lazımi şərait
yaradılsın. Təmir edilmiş binalar, salınan gözəl
yollar, abadlıq işləri, gözəl xiyabanlar və sair
- bu şəhərdə insanların yaşaması
üçün lazım olan tədbirlər görülür
və gələcəkdə Azərbaycanın iqtisadi
imkanları genişləndikcə, əlbəttə ki, siz
bunu daha da böyük dərəcədə görəcəksiniz.
Siz - Mingəçevir sakinləri yəqin ki, bu gün şəhərdə
baş verən dəyişiklikləri
görürsünüz və bir daha demək istəyirəm
ki, bütün bunlar Azərbaycanda aparılan islahatlarla
bağlıdır. Bizim iqtisadi gücümüz artır,
büdcə xərcləri artır, bölgələrə
ayrılan xərclərin miqdarı artır və bunun
hesabına biz gözəl işlər görürük.
Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının birinci hissəsi başa çatıbdır.
Bu yaxınlarda proqramın yekunları geniş müzakirə
edilib, proqramda nəzərdə tutulmuş bütün vəzifələr
icra olunubdur. Amma bu o demək deyil ki, bütün məsələlər
həll edilmişdir. Gələcəkdə bizi böyük
işlər gözləyir. Növbəti beş ildə bu
vaxta qədər həll edilməmiş problemlərin əksəriyyəti
həll olunmalıdır. Biz bu məsələləri həll
etmək üçün bölgələrdən
bütün lazımi məlumatı əldə etmişik, o
cümlədən Mingəçevir şəhərinin
növbəti beş il ərzindəki inkişafı ilə
bağlı təkliflər verilibdir. Bütün bu təkliflər
bu yaxınlarda qəbul olunacaq ölkəmizin beşillik
inkişaf proqramına daxil edilib və beləliklə,
növbəti beş il ərzində plan üzrə konkret tədbirlər
görüləcəkdir.
Əlbəttə ki, Mingəçevir
şəhərinin gözəl tarixini, Azərbaycan
üçün strateji şəhər olduğunu nəzərə
alaraq, ona xüsusi diqqət göstəriləcəkdir. Bu sahədə
biz hamımız - həm yerli icra orqanları, həm fəallar,
vətəndaşlar fəal işləməliyik ki, Mingəçevir
daha da gözəlləşsin, daha da abadlaşsın və
insanların yaşaması üçün burada daha da
gözəl şərait yaradılsın.
Şəhər sakini Təhmasib
Hüseynov Mingəçevirə göstərilən diqqət
və qayğıya görə dövlətimizin
başçısına minnətdarlıq edərək dedi:
- Möhtərəm cənab
Prezident, icazənizlə, Sizin və Mehriban xanımın Mingəçevir
şəhərinə gəlişiniz münasibətilə
mingəçevirlilər adından sizə "Xoş gəlmisiniz!"
deyim. Bildiyiniz kimi, Mingəçevir şəhəri Azərbaycan
Respublikasının energetika mərkəzi sayılır. Mingəçevir
şəhərinin və energetikamızın
inkişafında ümummilli liderimizin böyük zəhməti
olmuşdur və onun adı ilə bağlıdır. Belə
ki, hələ sovetlər dövründə ümummilli
liderimiz Azərbaycanın bu gününü düşünərək,
digər sahələr kimi, energetika sahəsinin də müstəqilliyini
təmin etmək üçün çox böyük işlər
görmüşdür.
Bu işlərə bariz
nümunə kimi, Mingəçevir şəhərində
hazırda fəaliyyət göstərən və Azərbaycan
Respublikasının elektrik enerjisinin 50 faizindən çoxunu
verən Azərbaycan İstilik Elektrik Stansiyası hələ
o vaxtlar layihələndirilən zaman başqa respublikalarda
tikilməsinə cəhdlər olanda ulu öndərimizin təkidi
və qətiyyəti nəticəsində həmin stansiya
şəhərimizdə tikilmişdir. 1981-ci il oktyabrın
20-də həmin stansiyanın birinci enerji blokunun
açılışı münasibətilə ulu öndərimiz
şəhərimizdə olmuşdur. Möhtərəm
Prezident, çox fərəhləndirici haldır ki, həmin
tarixi Siz energetiklərin peşə bayramı günü elan
edib onu bizə bəxş etmisiniz. Energetiklər adından Sizə
dərin minnətdarlığımızı bildirmək istəyirəm.
Möhtərəm cənab
Prezident, energetikanın ulu öndərimizin dövründə
inkişafı sayəsində Azərbaycan Respublikası
müstəqillik qazandıqdan sonra digər respublikaların
enerji asılılığından xilas oldu. Siz isə hakimiyyətə
gəldikdən sonra Azərbaycan İstilik Elektrik
Stansiyasına yeni bir nəfəs verdiniz. Belə ki, 2005-ci ildə
beşinci enerji blokunun yenidən qurulması nəticəsində
onun gücü 180 meqavatdan 330 meqavata
çatdırıldı. Sizin
tapşırığınızla hazırda digər enerji
blokunda yenidənqurma işləri müvəffəqiyyətlə
gedir.
Möhtərəm cənab
Prezident, energetikanın inkişafı ilə bərabər,
digər bölgələrdə olduğu kimi, bizim şəhərimizdə
də böyük abadlıq-quruculuq işləri gedir. Bu
işlər Mingəçevir şəhərini daha da gözəlləşdirir.
Bütün bunlar biz sakinləri sevindirir. Ötən illərdə
şəhərimizdə 7000-dən çox yeni iş yerləri
açılmış, yeni müəssisələr
yaradılmış, insanların əməkhaqqı,
müavinətləri, pensiyaları dəfələrlə artmış,
güzəranları yaxşılaşmışdır.
Bütün bunlara görə biz, cənab Prezident, Sizə
minnətdarıq və çox sevinirik ki, belə gözəl
şəhərin sakinləriyik.
Cənab Prezident, yeri gəlmişkən,
ölkəmizin təhsilinin, səhiyyəsinin və mədəniyyətinin
inkişafında böyük işlər görmüş
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya
mingəçevirlilər adından öz dərin minnətdarlığımızı
bildirmək istəyirəm.
Cənab Prezident, Sizin
apardığınız məqsədyönlü sosial-iqtisadi
siyasət nəticəsində ölkəmizin bütün
bölgələri inkişaf etməkdədir və biz əminik
ki, gələcəkdə bu uğurlar davam edəcəkdir.
Biz mingəçevirlilər Sizi sevirik, Sizə
arxalanırıq. Tam əmin ola bilərsiniz ki,
apardığınız qətiyyətli, uğurlu
sosial-iqtisadi islahatlarda gördüyünüz bütün
işlərdə biz mingəçevirlilər həmişə
Sizinlə olacağıq.
İlham ƏLİYEV:
Sağ olun, sizi bu yaxınlarda qeyd etdiyiniz şəhərin
yubileyi münasibətilə təbrik etmək istəyirəm.
Bu, gözəl tarixdir, Mingəçevir son 60 il ərzində
böyük, gözəl şəhərə çevrilibdir.
Heydər Əliyev muzeyində nümayiş etdirilən şəkillər
dediyiniz məqamları əks etdirir. Məhz Heydər Əliyevin
təşəbbüsü sayəsində Mingəçevirin
energetika mərkəzinə çevrilməsi baş tutdu.
Bildiyiniz kimi, o vaxt müxtəlif təkliflər var idi,
stansiyanı başqa qonşu respublikalarda tikmək, bu işləri
orada görmək planları var idi. Həmişə olduğu
kimi, o vaxt da ulu öndərin respublika üçün
lazım olan sənaye obyektlərini Azərbaycana gətirmək
cəhdləri baş tutdu. Bu, təkcə elektrik stansiyası
ilə bağlı deyil. Məsələn, o vaxt Dərin
Özüllər Zavodunun Rusiyanın bir şəhərində
quraşdırılması nəzərdə tutulurdu. Əgər
o vaxt Heydər Əliyevin təkidi ilə Dərin
Özüllər Zavodu məhz Bakıda tikilməsəydi, bu,
son illər ərzində uğurla aparılan neft
strategiyamızı ən azı 5-10 il dala salacaqdı. Məhz
bu platformaların tikintisi imkanı bizə bu gözəl
şəraiti yaratdı. Neftayırma zavodunun yenidən
qurulması - əgər onun vaxtında bu məsələ həll
olunmasaydı, bu gün biz yəqin ki, ölkəmizi neft məhsulları
ilə təmin edə bilməzdik. O cümlədən Mingəçevirdə
elektrik stansiyasının tikintisi və ondan sonrakı
dövrlərdə onun gücünün artırılması
Azərbaycanın bugünkü inkişafı
üçün çox böyük əhəmiyyətə
malik olan məsələdir. Əgər o vaxt stansiya tikilməsəydi,
bizim enerji təhlükəsizliyimiz təmin olunmazdı.
Baxmayaraq ki, bizim zəngin neft-qaz yataqlarımız var, ancaq əgər
elektrik enerjisi hasil olunmasa, bunun heç bir əhəmiyyəti
yoxdur.
Bu gün energetika sahəsinə
xüsusi diqqət göstərilir. Deyə bilərəm ki,
Mingəçevirin bu işlərdə yükü bir az
azalıbdır. Çünki son illər ərzində
ölkəmizin müxtəlif yerlərində tikilmiş yeni
stansiyalar bu gücü öz üzərinə
götürür, itkilər azalır və beləliklə,
ölkənin elektrik enerjisi ilə təminatı daha da
dayanıqlı olur. Ancaq bununla bərabər, siz qeyd etdiyiniz
kimi, burada 5-ci blokda və ondan sonrakı illərdə
görülən və görüləcək işlər
stansiyanın tam şəkildə yenidən qurulmasına xidmət
göstərəcəkdir.
Mingəçevir, əlbəttə,
energetika şəhəri, energetiklər şəhəri kimi
yarandı. Bu, gözəl tarixdir və bu tarix
yaşayacaqdır. Amma çox istəyirəm ki, Mingəçevir
bütün başqa sahələrdə də energetika sahəsindəki
səviyyədə əldə edilmiş uğurlarla fərqlənsin
və bunun üçün bütün imkanlar var. Şəhərin
sənaye potensialının yaradılması, - bax bu gün
bir neçə sənaye müəssisələri ilə
tanış olacağıq: "İnterenerji", İzolit,
kompüter zavodu, - yəni bütün bunlar Azərbaycanın
bugünkü reallıqlarıdır. Kompüter zavodunun burada
açılması Azərbaycanın texnoloji tərəqqisinə
xidmət göstərir və zavodun fəaliyyəti genişlənir.
Bir sözlə, bu şəhərdə həm abadlıq-quruculuq sahəsində, həm də sənaye potensialının inkişafı istiqamətində indiyə qədər görülən işlər məni çox qane edir. Bundan sonrakı illərdə elektrik enerjisinin istehsalı ilə bağlı bütün lazımi tədbirlər görüləcək, sənaye potensialının möhkəmlənməsi üçün əlavə tədbirlər görüləcəkdir. Mingəçeviri gözəl turizm mərkəzinə çevirmək üçün də yaxşı imkanlar var. Bax, bu istiqamətlərdə və əlbəttə ki, şəhər təsərrüfatının müasir səviyyəyə qaldırılması, yəni yüksək standartlara çatdırılması üçün əlavə tədbirlərin görülməsindən ötrü mərkəzdən əlavə vəsait ayrılacaqdır. Həmişə olduğu kimi, Mingəçevirə xüsusi diqqət göstəriləcəkdir. Bütün bu gözəl işlərdə sizə uğurlar, bütün Mingəçevir sakinlərinə cansağlığı və xoşbəxtlik arzulayıram. Sağ olun.
Mübariz AĞAYEV (Şəhər icra hakimiyyətinin başçısı): Cənab Prezident, Siz mingəçevirliləri təbrik etdiniz. 10 noyabrda Mingəçevirin 60 illiyi münasibətilə 18 nəfəri fəxri adlara, mükafatlara layiq gördünüz. Biz o günü bayram etdik və həmin insanlar hamısı Sizə öz minnətdarlığını bildirdilər. Bu insanların hər zaman ulu öndərə böyük məhəbbəti olub, bu gün də həmin məhəbbətin davamı olaraq həmişə Sizə arxayıq.
* * *
Dövlətimizin başçısı və xanımı ictimaiyyətin nümayəndələri ilə xatirə şəkli çəkdirdi.
AzərTAc
Azərbaycan.-2009.-4 mart.-S.1-2.