Prezident İlham Əliyev "Mingəçevir
İzolit" ASC-də
olmuşdur
Prezident İlham Əliyev
martın 3-də "Mingəçevir
İzolit" ASC-də
olmuşdur.
Mingəçevirdə son illər əsaslı şəkildə yenidən qurulmuş müəssisələrdən olan "Mingəçevir İzolit" ASC "Azərelektroizolit" zavodunun bazasında yaradılmışdır.
Müəssisəyə xammal əsasən Rusiya, Ukrayna və Səudiyyə Ərəbistanından gətirilir. 2008-ci ilin aprelindən tam özəlləşdirilən müəssisədə şüşə-plastikdən müxtəlif ölçülü ümumi təyinatlı borular, elektrotexnikada istifadə edilən xüsusi təyinatlı borular və silindrlər, güc transformatorları üçün izolyatorlar, neft-qaz quyularının qazılmasında və istismarında istifadə olunan borular və digər məhsullar buraxılır.
Hazırda burada 155 nəfər işlə təmin olunmuşdur. Onların orta aylıq əməkhaqqı 206 manatdır. Yaxın gələcəkdə müəssisə tam gücü ilə işləyəndə iş yerlərinin sayı 400-ə çatdırılacaqdır.
Müəssisə Rusiya, Qazaxıstan, ABŞ və digər ölkələrin iri müəssisələri üçün də yüksək keyfiyyətli məhsul istehsal etmişdir.
Polietilen və polipropilen məhsullar istehsal edən sexdəki avadanlıq Türkiyədən gətirilmişdir. Sexdə istehsal olunan məhsullardan içməli su, qaz və kanalizasiya xətlərinin çəkilişində istifadə edilir.
Prezident İlham Əliyev plastik boru istehsalı sexinin işə düşməsini bildirən düyməni basdı, müəssisənin sexlərində işin gedişini izlədi, istehsal olunan məhsulların nümunələrinə baxdı.
Dövlətimizin başçısı regionlarda bu cür müəssisələrin fəaliyyət göstərməsinin əhəmiyyətini vurğuladı, kollektivə uğurlar arzuladı.
AzərTAc
Azərbaycan.-2009.- 4 mart.-S.2.