Məkkədən sonra Bakı

 

İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin 2007-ci ilin noyabrında Liviyanın Tripoli şəhərində keçirilən V konfransında qərara alındı ki, Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan olunsun. Bəllidir ki, İSESKO "İslam mədəniyyəti paytaxtları" proqramını təsdiq edərkən hazırlanan qətnamə 2001-ci ilin sonlarında Qətərin paytaxtı Dohadada keçirilən III konfransda qəbul olunmuşdur. Həmin sənədə əsasən İslam mədəniyyətinin paytaxtı İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin şəhərləri arasından seçilməlidir. Elə həmin vaxtda qəbul olunmuş qərara görə, Səudiyyə Ərəbistanının Məkkə şəhəri İslam mədəniyyətinin ilk paytaxtı elan edilmişdi. Məkkədən sonra ərəb dünyasını, Asiya və Afrika regionlarını təmsil edən daha 30 şəhər İslam mədəniyyəti paytaxtları olmalıdır.

Əlbəttə, bu statusu qazanmaq üçün müəyyən şərtlər var. Mütləq bu ada namizəd gələn şəhərin öz bölgəsi və ölkəsi səviyyəsində zəngin tarixi olmalı, elmin, incəsənətin və ədəbiyyatın inkişafına xüsusi töhfə verməli, həm islam, həm də bütövlükdə, dünya mədəniyyətində yeri olmalıdır. Bu ada layiq görülmüş şəhərdə elmi məkrəzlər, əlyazma kitabxanaları, kütləvi mədəni tədbirləri təşkil edən təsisatlar, sanballı təhsil qurumları olmalıdır. Eyni zamanda, klassika ilə müasirlik birləşərək dünya standartlarına cavab verməlidir. Bizim üçün xoş olan budur ki, yurdumuzun paytaxtı Bakı məhz tələb edilən bütün qayda və prinsiplərə cavab verdiyindən İslam mədəniyyətinin paytaxtı elan edildi.

Bu şərəfli adın ürəyimizdə yaratdığı bir qürur da var. İslam dünyasında Məkkədən sonra Bakının seçilməsi çox mətləblərdən xəbər verir. Müsəlmanların qibləsi sayılan Məkkə həm də dünyanın ilk ibadətgahının yerləşdiyi müqəddəs bir məkandır. Məkkədən sonra bu sırada Bakının dayanması bir daha paytaxtımızın qədimliyindən, ənənələrə, dinə, islama sadiqliyindən, mədəni tərəqqinin sürətini təmin etməkdə fərqləndiyindən xəbər verir.

"Bakı - İslam mədəniyyətinin paytaxtı - 2009" Mədəniyyət ilinin uğurla həyata keçirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ciddi hazırlıq görülmüş, məzmunlu proqramlar hazırlanmışdır. İl ərzində müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Cari ildə Azərbaycanda 9 ölkənin mədəniyyət günləri keçiriləcəkdir. Eləcə də bir çox ölkələrdə Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliği ilə bağlı layihələrin həyata keçirilməsi planlaşdırılıb.

Bu beynəlxalq əhəmiyyətli mədəniyyət tədbirinin təntənəli açılış mərasimi fevralın 18-də Heydər Əliyev sarayında oldu. İki gün davam edən tədbirdə Avropa və islam ölkələrinin mədəniyyət nazirləri, onların müavinləri. İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, İslam Konfransı Təşkilatının baş katibinin müavini Atta əl-Mənnan, dövlət qurumlarının, diplomatik nümayəndəliklərin rəhbərləri, xarici qonaqlar, ziyalılar, mədəniyyət xadimləri və digər şəxslər iştirak edirdilər. Təntənəli açılışın yaddaqalan maraqlı məqamlarından biri dövlət başçısı cənab İlham Əliyevin dərin məzmunlu nitqi oldu. Belə bir mühüm tədbirin Bakı şəhərində keçirilməsini böyük şərəf kimi dəyərləndirən Azərbaycan Prezidenti əmin olduğunu bildirmişdir ki, bu gözəl mərasimin açılışı bundan sonra keçiriləcək bütün tədbirlərin uğurlu olmasını şərtləndirəcək. Yəqin ki, islam dünyasının, islam mədəniyyətinin birləşməsi, xalqların bir-birinə daha da yaxın olması üçün öz müsbət töhfələrini verəcək. İslam həmrəyliyinin daha da möhkəm olmasını arzulayan cənab Prezident İlham Əliyev demişdir: "Şübhəsiz ki, siyasi müstəvidə, beynəlxalq təşkilatlarda, Birləşmiş Millətlər Təşkilatında islam ölkələrinin birliyi, həmrəyliyi çox böyük əhəmiyyət daşıyır. Əminəm ki, hər bir müsəlman ölkəsi bunu hiss edir. Birgə təşəbbüslərimiz çox uğurlu olur. Bütün bu təşəbbüslər bir məqsəd güdür: dünyada sülh bərqərar olunsun, təhlükəsizlik təmin edilsin, əmin-amanlıq olsun, müharibə olmasın və sivilizasiyalar arasında aparılan dialoq daha da möhkəmlənsin və daha da yaxşı nəticələr versin. Bəzi hallarda sivilizasiyalararası dialoq haqqında çox danışılır, ancaq daha da çox işlər görülməlidir. Azərbaycanın bu işlərdə rolu getdikcə artmalıdır".

İslam dünyasının zəngin tarixinə, mədəniyyətinə, eləcə də Azərbaycanın bu istiqamətdə olan xidmətlərinə nəzər salan ölkə Prezidenti xalqların həmrəyliyinin vacibliyindən danışdı. Bildirdi ki, müstəqil ölkə kimi, Azərbaycan gənc dövlət olsa da, qədim tarixə və mədəniyyətə malikdir. "Azərbaycan çox böyük mədəni irsə malik olan ölkədir" - deyən cənab Prezident bildirdi ki, Azərbaycan xalqının mənəvi əsasını ədəbiyyat, musiqi, incəsənət, tarixi abidələr, ana dili təşkil edir. Məhz dövlət quruculuğunda başlanan fəaliyyət də bu yönə xidmət üçün istiqamətlənir.

"Bir daha demək istəyirəm ki, mədəniyyətə ayrılan vəsaiti həmişə artırırıq. Çalışırıq ki, diqqətimizi ondan əsirgəməyək. Azərbaycanın zəngin mədəni irsinin qorunması və daha da zənginləşdirilməsi üçün öz əməli işlərimizi müntəzəm davam etdirəcəyik" - söyləyən cənab İlham Əliyev qətiyyətlə bildirdi ki, Azərbaycan son beş il ərzində dünyada analoqu olmayan sürətlə inkişaf edibdir. Köklü iqtisadi və siyasi islahatlar Azərbaycanı daha gücləndirib. İlk növbədə, humanitar sahəyə, mədəniyyətə ayrılan xərclər daim artırılır. Mədəni irsin qorunması üçün müxtəlif tədbirlər həyata keçirilir. Son illər Azərbaycanda, demək olar ki, bütün tarixi abidələr dövlət tərəfindən bərpa edilərək ikinci ömrünü yaşamaqdadır. Yeni mədəniyyət ocaqları tikilir, teatrların, muzeylərin yerləşdiyi binalar təmir olunur, eləcə də müasir, gözəl səviyyədə yeniləri tikilir. Ötən il paytaxt sakinlərinin sevincinə səbəb olmuş Muğam evi dünya standartlarına cavab verən müasir, analoqu olmayan mədəniyyət ocaqlarından biridir. Prezidentin inamla söylədiyi bir fikir də rəğbətlə qarşılandı: "Mən şübhə etmirəm ki, dünyanı bürümüş çox ciddi ağır iqtisadi və maliyyə böhranından Azərbaycan şərəflə, üzüağ çıxacaqdır". Əlbəttə, bizim inkişafımız uzunmüddətlidir. Heç bir şey bu sürətin qarşısını almağa qadir deyildir.

Mərasim iştirakçılarının diqqətinə çatdırılan bir məqam da əhəmiyyətlidir. Ölkə Prezidenti təəssüflə bildirdi ki, qonaqlarımız şəhərimizdəki abidələrlə tanış olduqda görəcəklər ki, onlar dövlət tərəfindən hansı səviyyədə qorunur və qorunacaqdır. Eyni zamanda, Azərbaycanın müxtəlif bölgələrində də çoxsaylı abidələr mövcuddur. Cənab İlham Əliyev diqqəti bir məsələyə də cəlb etdi: "Ancaq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş torpaqlarda biz öz tarixi irsimizi qoruya bilmirik. Çünki bizim torpaqlarımız erməni işğalı altındadır. Bu təcavüz və etnik təmizləmə siyasəti nəticəsində ərazimizin 20 faizi işğal altına düşüb. Bir milyondan artıq soydaşımız qaçqın, köçkün vəziyyətində yaşayır. Bununla bərabər, orada bütün tarixi abidələrimiz ermənilər tərəfindən dağıdılıbdır. Bütün muzeylərimiz talan edilib. Bütün dini məbədlərimiz, məscidlərimiz dağıdılıbdır. Bunu, eyni zamanda, beynəlxalq müşahidəçilər də vurğulayırlar... Ermənistan tərəfindən hər şey dağıdılıbdır".

Əlbəttə, mötəbər bir məclisdə ölkə başçısı tərəfindən müsəlman ölkələrindən gəlmiş qonaqlara erməni vandalizmi haqqında ətraflı məlumat vermək bu məsələnin necə əhəmiyyətli və vacib olduğundan xəbər verir. Dünya təcavüzkar, işğalçı siyasəti mütləq pisləməlidir. Ölkə başçısının inamı tədbir iştirakçılarını düşündürməyə bilməzdi. "Münaqişəyə son qoyulmalıdır... Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı və bizim vətəndaşlarımız öz doğma torpaqlarına qayıtmalıdır. Onda biz bütün şəhərləri yenidən bərpa edərək tarixi abidələrimizi də həyata qaytaracağıq".

Bu tədbir, əslində, dünyanın yeni bir eraya qədəm atdığından xəbər verir. İSESKO-nun baş direktoru Əbdüləziz Osman bin əl-Tüveycri öz nitqində Bakının İslam mədəniyyətinin paytaxtı kimi qeyd edilməsi ilə bağlı baş tutan təntənəni heç vaxt unutmayacağını bildirərək dedi: "Bu əziz ölkənin, çox istədiyim Azərbaycanın ərazisinin bir hissəsi erməni işğalı altındadır. Bir çox tarixi abidələr, dini məbədlər, muzeylər, mədəniyyət və sivilizasiya məkanları dağıdılıbdır. Biz İSESKO olaraq bunu qəti şəkildə pisləyirik. Beynəlxalq ictimaiyyəti bu gözəl ölkənin zəngin və canlı tarixini qorumaq üçün öz konstruktiv rolunu oynamağa çağırırıq". Bu çağırışın əks-sədası salona toplaşmış mərasim iştirakçılarının hər birinin ürəyində öz yerini tapırdı. Yəqin ki, hər kəs öz ölkəsinə qayıtdıqdan sonra Azərbaycandan aldığı xoş təəssüratlarla bərabər, onun məruz qaldığı təcavüzdən də söhbət açacaqdır. Əlbəttə, təkcə söhbətlə, danışmaqla iş bitmir. Burada bütün müsəlmanların həmrəyliyi, əllərindən tutub bir-birlərinə arxa, dayaq olmaları çox gərəkdir.

Şərqlə Qərbin vəhdətini özündə əks etdirən Bakı indi dünyanın diqqət mərkəzindədir. Onun İslam mədəniyyətinin paytaxtı seçilməsi qədim və müasir Bakımızın yeni bir ənənəyə imza atmasını təsdiqlədi. Bakıda mədəniyyət ilinin yüksək səviyyədə açılışı və müxtəlif tədbirlərlə davam etməsi həm paytaxtımızın sakinlərində, həm də qonaqlarda xoş təəssüratlar yaratdı. Bu mədəniyyət ili ilə əlaqədar internet saytı da istifadəyə verildi. Beş dildə fəaliyyət göstərəcək saytda 19 bölmədə 194 mövzu əhatə olunmuşdur. Hər bir əcnəbi bu portalın vasitəsilə Azərbaycan haqqında ətraflı məlumatlar əldə edə biləcək, teatr, kino və musiqi xadimlərimizi yaxından tanıyacaqlar. Portal, həmçinin islam mədəniyyətinin dərindən öyrənilməsinə, sevilməsinə, bir sözlə, tanınmasına təkan verəcək. Bu ilin payızında həm də Bakıda İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin VI konfransının keçirilməsi də nəzərdə tutulub.

"Bakı - İslam mədəniyyətinin paytaxtı-2009"un qeyd olunması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı tədbirlər planı çox genişdir. Fevraldan başlanan bu proqram il boyu davam edərək dekabrda başa çatacaqdır. İl ərzində ölkə və xarici televiziya kanallarında mədəniyyət ili ilə bağlı verilişlərin nümayiş edilməsi də nəzərdə tutulmuşdur.

 

 

Flora Xəlilzadə

 

Azərbaycan.-2009.-4 mart.-S.6.