Gözəl ana dilimiz və biz özümüz

 

Kütləvi informasiya vasitələrində bəzi hallarda rus dilindən gələn və mənası baxımından dəqiqləşdirilmədən qəzet səhifələrində , radio və televerilişlərdə yer alan terminlər və ifadələr oxucu-dinləyicilərin düzgün maarifləndirilməsinə yardımçı olmur. Məsələn, astronomik "Qod Bıka" ifadəsi "Öküz ili" kimi təqdim edilir. Bu isə termin yanlışlığına gətirib çıxarır. Ona görə ki, "Bık"ın düzgün qarşılığı "Öküz" yox, "Buğa"dır. Buğa ilə öküz anlayışı arasında fizioloji-linqvistik fərq kiçik deyildir. Rus dili lüğətində "Öküz" "Bık" deyil, "Vol"dur. Elə buna görə də "Bık"ı "öküz" kimi təqdim etmək yanlışlıqdır. "Öküz" qaramalın axtalaşdırılmış erkəyinə deyilir. Kənd yerlərində bu yaxın dövrlərə qədər, yəni, motorlu nəqliyyat vasitələri azlıq təşkil edən vaxtlarda öküzü, yəni, axtalaşdırılmış buğanı arabaya qoşub yük daşıyırdılar. Öküzün qüvvəsindən yer şumlamaq üçün də istifadə edirdilər. Hazırda cavan erkək danaları ətlik məqsədilə kökəltmək üçün axtalayırlar. Öküzün axtalama zamanı cinsi vəzləri çıxarıldığından və cinsi hormonları azaldığından o, əks-cinsə etinasızlıq göstərir və özünü çox sakit aparır.

Milli radio-televerilişlərdə İspaniyanın, Cənubi Amerikanın bəzi ölkələrinin stadionlarında - çox sayda tamaşaçı toplaşmış stadionlarda korridalar, yəni, buğalarla döyüş zamanı matadorların dəqiq zərbə vurmaqla öldürməli olduğu heyvana səhvən öküz deyirlər. Matador əlindəki qırmızı parçanı yellədə-yellədə buğanın üstünə gedəndə qırmızı rəngdən cuşa gələn buğa buynuzları ilə matadora xətər yetirməkdən ötrü hücuma keçir. İrəlidə dediyimiz kimi, cinsi vəzləri çıxarılmış öküzü heç bir vasitə ilə coşdurmaq mümkün olmur. Ona görə də yük heyvanı ilə döyüş heyvanı arasındakı fərqi unudaraq buğaya öküz demək yaramaz. Matadorla döyüşə öküzün deyil, buğanın atıla bilməsi danılmaz faktdır.

Qəzet səhifələrində və televerilişlərdə gedən siyasi xəbərlərdə bəzi Asiya dövlətlərinin - Səudiyyə Ərəbistanının, İordaniyanın, Mərakeşin hökmdarları kral kimi təqdim olunurlar. Onların ölkələri də krallıq adlandırılır. Bu da bir dil xətası sayılmalıdır.

Məlumat xatirinə bildirək ki, slavyan sözü olan kral öz başlanğıcını frankların kralı Böyük Karlın adından götürmüşdür. Slavyan hökmdarlarının heç biri kral titulu hüququ Roma papası Dördüncü İnnokentii tərəfindən verilmiş və tac qoyma mərasimi 1253-cü ilin dekabrında Doroqoçində keçirilmiş Qaliç və Volın knyazı Qaliçli Daniildən savayı, kral adlandırılmamışdı.

Ərəb monarxlarının, xarici dillərə tərcümə olunmayan əmir, yaxud sultan kimi titullarından fərqli olaraq malik (məlik) sözü (titulu), adətən, kral kimi tərcümə edilir. Ərəb dilində məmləgah adlanan Səudiyyə Ərəbistanı, İordaniya, Mərakeş kimi ölkələrə səhvən krallıq deyilir. Azərbaycan mətbuatında ərəb ölkələrinə düşünülmədən krallıq deyilməsi də bəyənilməz bir faktdır.

Azərbaycan mətbuatında rus dilindən gələn sözlərin adlıq halında yazılışı tapılmadan söz sonluğunun ixtisarı yolu ilə yazılması da narahatlıq doğurur. Məsələn, Sankt-Peterburqun məşhur opera və balet teatrının Mariya teatrı əvəzinə, Mariinsk adlandırılması da dediklərimizin bariz sübutudur. Yaddaşları təzələmək xatirinə deyək ki, həmin teatr Rusiyanın imperatoru İkinci Aleksandrın xeyriyyəçilik işləri ilə ad çıxarmış arvadı Mariya Fyodorovanın şərəfinə adlandırılmışdır. "Mariya" sözü isə hallandırılanda "Mariinsk" şəklini alır. Məsləhət görürük ki, məşhurların adlarının adlıq halındakı variantına xüsusi diqqət yetirilsin.

Tele-radio verilişlərində və qəzet məqalələrində hələ də rus dilindən gələn sözlərin lüğəti mənasına əhəmiyyət verilmədiyindən qələt ifadələr işlədilməsi adət halını almışdır. Məsələn, "nabor" sözü "yığılmaq" kimi təqdim olunur. "Nabor skorosti" "sürət yığılması", "nabor vısotı" "hündürlük yığılması" kimi verilir. Halbuki bu, "sürətin artırılması" deməkdir. Bir də ki, biz heç vaxt "samolyot nabral vısotı" ifadəsini "...yüksəklik yığdı" kimi işlətmirik. Deyirik ki, "təyyarə havaya qalxdı" və s.

Televerilişlərdə yerli-yersiz işlədilən "ad günü" ifadəsinin dəqiqliyinə şübhəmiz daha çoxdur. Xüsusilə, "Space" kanalında demək olar ki, tez-tez düzənlənən təbrik məclislərində elə hey "ad günü" ifadəsi səslənir. Nədir görəsən bu ad günü? Səhv ifadə deyildirmi? Axı bu ifadə Azərbaycan mühitinə yaddır, ona görə ki, xristianlıqdan götürülmə ifadədir. Əgər Azərbaycan dilində buraxılmış ensiklopedik nəşrlərə baxsanız, ad günü ifadəsinə rast gəlməzsiniz. Ona görə ki, ad günü (rus dilində imeninı adlanır) xristianlıq aləmində kilsə şəraitində icra edilən dini bir olaydır və den anqela adlanır. Çünki hər bir xristianın adı onun doğulduğu vaxtdan bütün həyatı boyu şəxsiyyətinin bir hissəsi sayılır. Ad magiyası böyükdür.

Pravoslav dininə mənsub şəxsə o, xaç suyuna salınan zaman övliyaların siyahısına düşmüş ad verilir. Həmin adın sahibi sayılan övliyanın həmin şəxsin bütün həyatı boyu himayəçisi olacağı güman edilir. Müqəddəslərdən birinin adı qoyulmuş bu və ya digər şəxs işi çətinə düşəndə kilsəyə gedərək üzünü göyə tutub özünün tale mələyinə "Məni ağır vəziyyətdən çıxar, bəd əməllərdən qoru, pisi yaxşıdan seçməyimə yardımçı ol, qurtuluş yoluna istiqamətləndir" deyir. Xristianlıqda ad təkcə adamı səsləmək üçün deyil, ad həm də müqəddəslərin əta etdiyi xarakterdir, taledir və i.a.

İbtidai məktəbdə təhsil aldığım illərdə şəhərin dağüstü məhəlləsində şəbbə-xeyir adlanan adqoyma mərasimləri keçirilərdi. Əsasən qadınların yığışdığı qohum-əqrəba məclisində əvvəlcə xəmraşı paylanır, sonra da mollagünə qadınlardan biri qırxı çıxmış körpəni qucağına alıb dua oxuyar, sonda da qulağına adını pıçıldayardı: "Adını Əli (Məhəmməd, Hüseyn, Həsən) qoyduq, adınla böyüyəsən". Bununla da milli adqoydu mərasimi birdəfəlik başa çatardı, vəssalam. Ad günü (den anqela) deyimi millətimizin dini ənənələrinə yad bir ifadə idi.

Televerilişlərdə nədənsə doğum günü ifadəsi ad günü kimi işlədilməkdədir.

Televerilişlərdə son vaxtlar "belə deyək də", "demək istəyirəm ki" kimi yersiz ifadələr yer alır. Danışan zaman söz tapmaqda çətinlik çəkənlər, "belə deyək də", yaxud "demək istəyirəm ki" ifadəsini işlətməklə vəziyyətdən çıxmağa çalışırlar. Yerində işlədilməyən hər bir artıq söz isə adamı istər-istəməz qıcıqlandırır.

"Həyata keçirilir", yaxud "həyata keçirildi" ifadəsi də "belə deyək də" ifadəsi qəbilindəndir. Dediklərimizi əyani olaraq sübuta yetirməyə çalışaq. Məsələn, tez-tez eşitməli olursan: "Körpünün tikilməsi həyata keçirilir", "pul ödənişi həyata keçirilir", "kənd təsərrüfatı məhsullları satışı həyata keçirilir" və s. Diqqət yetirin ki, lazımsız yerə işlədilən "həyata keçirilir" ifadəsi dilimizi nə qədər ağırlaşdırır. Məgər, "körpü tikilir", "pul ödənilir", "kənd təsərrüfatı məhsulları satılır" və s. desək, pismi olar? Əlbəttə ki, yox!

Hazırda səsləndirilən idman xəbərləri öz xoşagəlimliyi ilə diqqət çəkir. Lakin idman xəbərləri zamanı da qəribə ifadələr işlədilməsi təəccüb doğurur. Məsələn, idman şərhçisi deyir: " Vurulan zərbə qapının üstündən keçdi". Heç zərbə də qapının üstündən keçər? Qapının üstündən keçən zərbə yox, topdur!

Televerilişlərdə öz dilində çox pis danışan azərbaycanlıların rus dilində danışmasına rəvac verilməsi pislənməlidir. Nədənsə müğənni Rəşidə Rəşid, Natəvan Şeyxova rus dilində danışmağa üstünlük verir və aparıcılar da susub dururlar. Görəsən, bu kəslər ANS kanalının aparıcısı Yelena Sidorenkodan, müğənni Manana Caparidzedən , idman şərhçisi Xose Bernardan nümunə götürə bilməzlərmi? Onların, xüsusilə də, Yelena Sidorenkonun Azərbaycan dilində səlis danışması "rus dilli" vətən övladlarının milli qüruruna toxunmurmu?

Bu yaxınlarda telemüğənnilərin, teleaparıcıların və digərlərinin Manana Caparidzenin qız övladının pişvazına çıxması televiziyada yayımlanırdı. Manana onlar gəlməmişdən qabaq Azərbaycan dilində bülbül kimi ötürdü, elə ki, onu araya alan azərbaycanlı ifaçılar və jurnalistlər rus dilində danışmağa başladılar, zavallı Manana da rus dilində danışmaq məcburiyyətində qaldı. Görəsən, çox zəngin və əlvan musiqi çalarlı dilimizi qoyub, rus dilində danışmağa səy göstərənlərdə milli qürur hissi varmı, məgər onlar ana dilimizin rəsmi dövlət dili olmasını unutmuşlarmı?

Telekanallarda Azərbaycan ədəbi və danışıq dilinin gözəlliklərindən bəhs edən verilişlərə yer verməkdənsə, müxtəlif şouların yayımlanmasına çox qiymətli efir vaxtı ayrılır. Səsdən məhrum, dildən pərgar "ifaçılar" özlərinin yüz minlərlə qiyməti olan avtomobillərindən danışmaqla, sanki işə şəhərin ictimai nəqliyyat vasitələrində gedib-gələn çox dəyərli əmək adamlarına acıq verirlər. Savad sarıdan axsayan belələri ifadə çətinliyinə düşəndə rus kəlmələri işlətməklə guya ki, özlərini dil biliciləri kimi aparmağa cəhd göstərirlər. Başabəla jurnalistlər də belələrini sükan arxasında oturmuş vəziyyətdə danışdırırlar...

Üzeyir Hacıbəyovun, Səid Rüstəmovun, Cahangir Cahangirovun, Tofiq Quliyevin bənzərsiz bəstələrini Bülübülün, Rəşid Behbudovun, Zeynəb Xanlarovanın, Firəngiz Əhmədovanın, Şövkət Ələkbərovanın, Sara Qədimovanın, Xan Şuşinskinin, Mirzə Babayevin, Gülağa Məmmədovun, Əbülfət Əliyevin və digər unudulmaz müğənnilərimizin ifalarında dinləməkdən zövq alan dinləyicilərimiz artıq neçə müddətdir ki, nə adları, nə səsləri, nə də ifa mədəniyyətləri diqqət çəkən müğənnilərin və bəstəkarların dərhal unudulan "mahnılarını" dinləmək məcburiyyətində qaldıqlarından yayım dalğalarını dəyişməklə "əziyyətdən" qurtarırlar. Teleradio dalğalarında səsləndirilən "mahnılar"ın sözlərini də çox zaman musiqiçilərin özləri yazırlar. Belə hallarda vaxtilə musiqili komediya teatrında bir tamaşa personajı - Səlyanski yada düşür. Axı, Səlyanski də kənd klubunun konsertlərində hər dəfə "Musiqisi Səlyanskinin", sözləri "Səlyanskinin", lap axırda da "ifa edir Səlyanski" deyirdi. Bir sözlə, efir məkanında keyfiyyət kəmiyyətə keçib. Və buna diqqət verən də yoxdur.

Nitq mədəniyyətimizin yüksəldilməsi, danışıq dilimizin ona çirkinlik gətirən ifadələrdən təmizlənməsi yolunda dilçi alimlərimizin , yazıçılarımızın, şairlərimizin fəaliyyətə başlamalarına böyük ehtiyac var. Ona görə ki, məişət dilimiz getdikcə korlanmaqdadır. Azərbaycanlıların böyük bir qismi öz ana dilində səlis danışa bilmir. Nəqliyyatda gedən sərnişinlər sürücüyə "avtomobili dayanacaqda saxla" demək əvəzinə, "ostanovkada saxla" - deyə müraciət edirlər. Bəlkə də belələri dayanacaq yerinə " ostanovka" deyilməli olduğuna şübhə etmirlər. Camaat arasında "mən dünən işıq pulunu platit elədim", "sveji balıq aldım", "prosto səni başa düşmürəm", "vanna qəbul elədim", "duş qəbul elədim", "şaumyan bolniskəsinə gedib, leçaşiy vraçla danışdım", "Həkim mənə vodnı prosedur yazdı", "subbota məgəzinə getmişdim", "volnı borbaya baxdım" və s. kimi əttökən ifadələri çox eşitməli oluruq. Belələrinə irad tutanda da deyirlər ki, "Urusuycax danışmağa öyrənmişik də bə, nə edək?" Onu edək ki, doğma ana dilimizdə təmiz danışmağı öyrənək. Bundan ötrü geniş imkanlar var. Yalnız və yalnız istək, həm də güclü milli qürur hissi olmalıdır! Axı, Azərbaycan dili candan artıq sevdiyimiz ölkəmizin həm də dövlət dilidir.

 

 

Arif Hüseynov

 

Azərbaycan.-2009.-4 mart.-S.6.