İki qardaşı
bir gündə güllələyiblər
Payızın sazaqlı, çiskinli günlərindən birində, 1937-ci il noyabr ayının 9-da acı bir xəbər Kürdəmir rayonunun Gəgəli kənd (indi Ağsu rayonuna aiddir) camaatının ovqatını təlx etdi. "Gecə kənd ağsaqqallarından hesab olunan Musa kişinin oğlanları Polad bəylə Hacıbaba bəyi hökumət adamları yenə aparıblar". Bütün günü pıçıltıyla doqqazları dolaşan bu xəbər bir azdan kolxoz idarəsinin həyətindən tutmuş kənddən xeyli aralıda yerləşən dəyirmana, xırman yerinə, yataqdakı çobanlaracan gedib çatdı. Günortadan sonra məlum oldu ki, Musa kişinin oğlanları ilə birlikdə onların yaxın qohumu, qonşu kənddə yaşayan Mehdi kişinin oğlu Soltan bəyi də götürüblər. Sovet hökumətinin qorxusundan kənd adamları nə Poladın, nə Hacıbabanın, nə də Soltanın evinə tərəf boylana bilirdilər. Axşamdan xeyli keçmiş, gecənin zil qaranlığında qonşulardan bir-ikisi çəpərdən gizlicə həyətə keçib işığı yanmayan evin qapısına yaxınlaşsa da, heç kəsi tapa bilmirlər. Gizli görüşçülərin "yəqin, gəlin uşaqları da götürüb qayınatasıgilə gedib" yozumuna bel bağlamaqdan başqa heç nəyə ümidləri qalmır.
Hamı bilirdi ki, Polad da, qardaşı Hacıbaba da, yaxın qohumları Soltan da mülkədar kimi çoxdan hökumətin "qara siyahı"sına düşüblər.. Hacıbaba Cəbiyev kolxoz quruculuğunun əleyhinə çıxdığından hələ 1927-ci ildə səsvermə hüququndan məhrum edilmişdi. 1933-cü ildə "kulak" adıyla malı-mülkü əlindən alınmaqla üç il müddətinə sürgündə olmuşdu. Üstəlik, 7 hektar əkin yerini, 1 kotanını, 1 malasını, 1 suvuranını, 2 dəvəsini, 2 camışını, 3 atını, 2 inəyini, 75 qoyununu, 15 keçisini, 3 öküzünü əlindən alıb kolxoza vermişdilər.
Dustaqlıqan qayıdan Hacıbaba gecə-gündüz əlləşərək yenə özünə gün-güzəran qurmuşdu. Yarım hektar əkin yeri, atı, inəyi, ulağı vardı. Təsərrüfat işlərində çalışır, yeddi nəfərlik ailəsinin dolanışığı ilə məşğul olurdu. Bir il keçməmiş qolçomaq, müttəhim, bitərəf Cəbiyev Hacıbaba Musa oğlu sovet hökumətinin və kolxoz quruluşunun əleyhinə təbliğat apardığına görə 1937-ci il noyabr ayının 9-da yenidən həbs olunur.
Bəs Hacıbaba kişi ilə bir gecədə "yoxa çıxan" böyük qardaşı, 56 yaşlı Polad bəyin günahı nə imiş? Bəlkə, 1929-cu ildə Gəgəlidə kolxoz qurulan zaman əlindən aldıqları mülkü, 12 hektar əkin sahəsi, 1 pəyə, 2 mala, 1 suvuran, 2 baş dəvə, 2 at, 1 inək, 1 camış, 4 öküz, 150 qoyun, 20 keçi, 1 ulaq, 1 araba komsomolçulara, kolxoz yaradanlara azlıq edib?! Hamının böyük ehtiram göstərdiyi, hörmətini saxladığı Polad kişi kolxoza və artelə üzv yazılmaqdan imtina etdiyinə görə 1932-ci ildə üç il müddətinə həbsxanaya salınmışdı. Qayıtdıqdan sonra ailəsini başına yığıb əkin-biçinlə məşğul olurdu. Kolxoza da üzv yazdırmışdılar, yeri gəldikcə kolxoz işlərində də çalışırdı. Bunu da gözləri götürməyən "kepkası beşulduzlu" kommunistlər, komsomolçular elin-obanın hörmətli adamlarını nüfuzdan salmaqla camaatın gözünün odunu alırdılar. Beləliklə, yeni quruluşa qulluq edənlər "gözü çıxmış qardaşından öyrən, dediyimə əməl et!" metodu ilə insanları incidir, qorxu altında saxlayırdılar. Etiraz edənləri aparıb salırdılar həbsxanaya. Yüz cür şər-şəbədə qoşub, "sən yeni hökumətin əleyhinə çıxmısan", - deyə beş-on gündən sonra kimsənin xəbəri olmadan ya güllələyir, ya da uzaq Sibirə, gedər-gəlməzə sürgün edirdilər. Polad Cəbiyev bu üsulun qurbanı oldu.
Şəxsi işindəki protokoldan aydın olur ki, guya Polad Cəbiyev kiçik qardaşı Hacıbaba ilə birləşib, yaxın qohumları Əkbərov Soltan Mehdi oğlunu da tərəflərinə çəkərək camaatı ruhdan salır, kolxoz quruluşuna qarşı çıxırlar. Hətta Polad qardaşı Hacıbaba ilə birləşib özbaşına kolxoz torpağına toxum səpərək şəxsi təsərrüfat yaradıb. Şura hökumətinə qarşı çıxan banditləri uzun müddət ərzaqla təmin edib. 1935-ci ildə məhv edilmiş Şamaxı rayonundan olan Çaqan kənd sakini, siyasi bandit Molla Sadığın bir neçə il hökumətdən gizlənməsinə şərait yaradıb. Eləcə də kəndin bəzi müsavatçılarını Şamaxı rayonundakı Dədəgünəşli kəndindən olan müsavatçı Şeyxkərəmlə görüşdürüb, əlaqə yaradıb. Daim kolxozçular arasında təbliğat aparıb ki, köhnə quruluşa qayıdılsın. Kolxozun at tövləsini dağıdıb, bəzi şeyləri özünə götürüb və s. Bu cür böhtan xarakterli cümlələr dindirmə protokollarında kifayət qədərdir. Hörmətli kişilərin həlak edilməsinin irəlicədən düşünülmüş planı onların adına açılmış saxta cinayət işinin hər cümləsində, hər səhifəsində hiss olunmaqdadır.
Bəs bu ailənin yaxın qohumu, hər iki qardaşın bütün "cinayət işləri"ndə guya hər şeyin içində olan Əkbərov Soltan Mehdi oğlunu nəyə görə tutublar?! Soltan Əkbərov bəy imiş, eldə-obada sayılan kişilərdən olub. 45 yaşlı Soltan dörd qız, iki oğul atası idi. 1930-cu ildə 8 hektar əkin yerini, 1 mülk, 1 tövlə, 1 kotan, 1 mala, 1 suvuran, 2 inək, 2 camış, 4 öküz, 60 qoyun, 10 keçi, 1 araba və sair mal-müxəlləfatı yeni hökumət tərəfindən əlindən alınıb kolxoza verilib, özü də incidilib, təsərrüfat vergisini 3 il ödəmədiyinə görə cinayət məsuliyyətinə cəlb edilib. Guya daima kolxoz quruculuğu əleyhinə təbliğat aparırmış. Nəticədə Soltan Mehdi oğlu və onunla bərabər 10 nəfər yoxsul kəndli kolxozdan çıxmış və yaşamaq adıyla Şamaxı rayonunun Qaraqoyunlu kəndinə köçmüşlər.
Gəgəli kəndinin adlı-sanlı bəylərindən Polad və Hacıbaba Cəbiyevlərin, habelə bu ailənin yaxın qohumu, kənd-obanın sayılıb-seçilən kişilərindən olan Soltan Mehdi oğlunun o müdhiş payız gecəsi - noyabrın 9-da düyünə düşən taleyi cəmi-cümlətanı iyirmi gündən sonra yeni qurulmuş hökumətin "ədalət məhkəməsi"ndə həll olunmuşdu. Məhkəmənin qərarı ilə Polad və Hacıbaba Cəbiyevlər 1937-ci il noyabr ayının 29-da gecə saat 1-ə 10 dəqiqə işləmiş güllələnmişlər. Əkbərov Soltan Mehdi oğlu isə 10 il müddətinə Sibirə sürgünə göndərilir.
Polad kişinin, qardaşı Hacıbabanın, eləcə də Soltan bəyin ailəsi, qohumları, yaxınları uzun müddət bu faciədən, onların öldüsündən-qaldısından xəbərsiz olublar. Polad bəyin nəvəsi, ömrünün ahıl çağlarını yaşayan Səfalı Əkbərov xatırlayır ki, babası və yaxın qohumları qolçomaq adıyla gedər-gəlməzə göndəriləndən sonra kənddə olan qardaşlarını, xüsusilə ailə üzvlərini kolxozda, arteldə işləməyə qoymurdular. "Dəfələrlə günün günorta çağı evimizdən xalça-palazımızı, həyətdən mal-qaramızı götürüb apardılar ki, siz mülkədar ailəsisiniz". Sürgündən qayıdanın, türmədən çıxanın, uzaq ellərdən gələnin gizlincə qabağına yüyürüblər, evinə gediblər, ünvanına məktub yollayıblar ki, bəlkə itkinlərindən bir xəbər bilələr. Beləcə, illərlə axtarışda, səsdə-soraqda ata, əmi, baba yolu gözləyiblər. Şura hökumətinin qorxusundan yuxarılara yaza, soruşa bilməyiblər. Qorxublar ki, onları da tutarlar.
Nəhayət, "ellər atası" Stalin öləndən beş il sonra - 1958-ci ildə, kənd müəllimi Qaroğlan Məhyəddin oğlu Musayevin respublika Dövlət Təhlükəsizlik Komitəsinə müraciətinə əsasən Polad və Hacıbaba Cəbiyevlərin, eləcə də Soltan kişinin ailəsinə, nəvələrinə, Gəgəli kəndinin sakinlərinə rəsmən məlum olmuşdu ki, haqqında söhbət gedən əzizləri artıq həyatda yoxdurlar.
Azadlığı, müstəqilliyi, haqq və ədaləti, insan hüquqlarını beləcə boğa-boğa, xirtdəyəcən insan qanına bulaşan bolşeviklər 1920-ci ildə milli hökumətimizi devirdikdən, Azərbaycan torpaqlarını işğal etdikdən sonra taxta çıxmış sovet hökuməti xalqımızı beləcə "ağ günə" çıxarıb, belə "çörək" verib.
Rəhman Salmanlı
Azərbaycan.-2009.-4 mart.-S.7.