Klassik şairlərimiz ərəb ədəbiyyatşünaslığında

 

Filologiya elmləri namizədi, tanınmış tədqiqatçı-şərqşünas İmamverdi Həmidovun "Elm" nəşriyyatı tərəfindən buraxılmış "Azərbaycan ədəbiyyatı klassikləri ərəb ədəbiyyatşünaslığında" monoqrafiyası müasir ədəbiyyatşünaslığı elmi-informativ analitik təhlil yükü ilə xeyli zənginləşdirmişdir.

Monoqrafiyada ərəb ədəbiyyatşünaslarının klassik Azərbaycan şairləri - Xaqani Şirvani, Nizami Gəncəvi Məhəmməd Füzuli haqqında əsərləri tədqiq edilir.

Müəllif ərəb ədəbiyyatşünaslarının klassik Azərbaycan şairlərinin yaradıcılığına elmi marağının meydana gəldiyi formalaşdığı ədəbi-tarixi şəraiti genişliyi ilə araşdırmışdır. Məlum olur ki, ərəb alimlərinin Azərbaycan ədəbiyyatına - Xaqani, Nizami, Füzuli başqa korifeylərin yaradıcılığına müraciət etməsinin konkret mədəni-siyasi tarixi səbəbləri var. İkinci dünya müharibəsindən sonra müstəmləkə asılılığından azad olub müstəqillik qazanmış ərəb ölkələrinə, o cümlədən Misirin müxtəlif universitetlərində çalışan mütəxəssislər Türkiyə İrana gedərək farsdilli türkdilli klassikləri öyrənməyə başlamışlar. Bu marağın qüvvətlənməsinə Azərbaycan şairlərinin dünya ədəbiyyatinda rolu, xüsusilə Nizami Gəncəvinin anadan olmasının 800, vəfatının 750 illik, M.Füzulinin 400 illik yubileylərinin keçmiş SSRİ məkanında, habelə Türkiyə İranda geniş qeyd olunması da öz təsirini göstərmişdir.

Kitabın uğurlarını şərtləndirən bir cəhət onun sadə dildə yazılması mükəmməl elmi mənbələrə əsaslanmasıdır. Müəllif tədqiqat obyekti kimi seçdiyi şairlərin hər birinə xüsusi fəsil ayırıb. Bu onun təhlil şərhlərini bir tərəfdən maarifçilik missiyası, digər tərəfdən tədqiqatçılıq pafosu ilə süsləyir. Ərəb ədəbiyyatşünaslarının tədqiqatlarına müəyyən təsnifatlar verilməsi monoqrafiyanın elmi məzmununu xeyli zənginləşdirib. Müəllif ərəb ədəbiyyatşünaslığında Xaqani yaradıcılığının öyrənilməsinin iki istiqamətini müəyyənləşdirib. Bu istiqamətlərdən biri komparativist səciyyə daşıyır, yəni müsəlman xalqlarının ədəbiyyatlarını müqayisəli yolla öyrənən alimlər yeri gəldikcə Xaqani yaradıcılığına müraciət edir, onun bəzi əsərləri barədə mülahizələr söyləyirlər. Bu baxımdan İ.Həmidov Misir alimləri Ə.M.Həsəneynin "Fəzilət şairi Nizami Gəncəvi - dövrü, mühiti poeziyası", Məhəmməd Quneymi Hilalın "Müqayisəli ədəbiyyat", Hüseyn Mucib Misrinin "Türk ədəbiyyatı tarixi", "Farsların türklərin ədəbiyyatından", "Ərəb, fars və türk ədəbiyyatları arasında əlaqə" əsərlərini səciyyəvi sayır. Bu kitablarda Xaqani yaradıcılığı barədə deyilən fikirləri tədqiqata cəlb edərək onların elmi qiymətini verir. İkinci istiqamət isə Xaqaninin "Mədain xərabələri" ilə Buhturinin "Siniyyə" qəsidəsinin müqayisəli təhlilidir. Alim bu istiqamətdə aparılan tədqiqatın ən yaxşı nümunəsi kimi Əbdusalam Əbdüləzizin "Eyvan Mədain beynəl-Buhturi val-Xaqani Şirvani" kitabını təqdim edir. İki bölmədən ibarət olan həmin əsərdə həm "Siniyyə", həm "Mədain xərabələri" qəsidələrinin geniş təhlili verilmişdir. Bu əsərlərin ikisini yaxşı bilən İ.Həmidov onlar haqqında Ə.Əbdüləzizin fikirlərini təhlil edərək özü həmin qəsidələrin ciddi tədqiqatçısına çevrilir. Bu zaman Buhturinin "Siniyyə"si ilə Xaqaninin əsərinin kəsişən birləşən cəhətləri ilə bərabər Azərbaycan şairinin orijinal sənətkarlıq keyfiyyətləri aydın görünür.

Monoqrafiyada ərəb alimi Ə.M.Həsəneynin Nizami haqqında araşdırmalarının təhlilinə geniş yer verilmişdir. Bu bölmədə əsas tədqiqat obyekti Ə.M.Həsəneynin 1954-cü ildə Qahirədə nəşr edilmiş "Nizami Gəncəvi şairül-fəzilə" ("Fəzilət şairi Nizami Gəncəvi") monoqrafiyasıdır. Tədqiqatçı kitabın yazılması tarixini, müəllifin bəhrələndiyi mənbələri, elmi məzmununu, Nizami Gəncəvi haqqında fikir mülahizələri obyektivliyi ilə göz önündə canlandırır. Belə məziyyətlər Nizami irsinin Qərbdə Şərqdə öyrənilməsinə, şairin yetişdiyi ictimai-siyasi, ədəbi-tarixi, dini-qövmi mənəvi-psixoloji mühitə, habelə Xosrov, Bəhram, İskəndər surətlərinin səciyyələndirilməsinə dair ərəb aliminin mülahizələrinə münasibətdə daha görümlüdür.

Kitabda ərəb alimlərindən Məhəmməd Quneymi Hilal Bədi Məhəmməd Cumənin Nizami yaradıcılığına həsr olunmuş tədqiqatları geniş təhlil obyektinə çevrilib. Müəlliflər Nizami əsərlərindən müəyyən hissələri ərəb dilinə tərcümə etməklə tədqiq təhlil edirlər. İ.Həmidov böyük şairi müsəlman Şərqində tanıdan sevdirən həmin alimlərin zəhmətini qədirşünaslıqla qiymətləndirir. Bu zaman müəllifin apardığı müqayisələr, ərəb dilinə tərcümə mətnlərinin orijinalla beyt-beyt, misra-misra, hətta söz-söz tutuşdurulması onların bədii semantikasını açmaq, yaxşı-yamanını ortaya qoymaq üçün səmərəli vasitəyə çevrilib. Tədqiqatçının Azərbaycan, ərəb, fars rus dillərini yaxşı bilməsi ona Nizami əsərlərinin ərəb dilinə tərcümələri barədə obyektiv elmi fikir söyləmək imkanı verib. Bu imkandan yüksək səriştə ilə bəhrələnən İ.Həmidov həmin tərcümələrin poetik məziyyətlərini göstərməklə bədii kəsirlərini üzə çıxarıb.

Monoqrafiyada Məhəmməd Füzuli irsinin ərəb ədəbiyyatşünaslığında öyrənilməsi məsələsinə xüsusi fəsil ayrılmışdır. Bu fəsildə Misir alimi Hüseyn Mucib Misrinin "Türk ədəbiyyatı tarixi", "Qədim türk şeirinin əmiri Füzuli Bağdadi", İraq ədəbiyyatşünaslarından Hüseyn Əli Məhfuzun "Füzuli Bağdadi", Davud Səllumun "Ərəb ədəbiyyatı dünya ədəbiyyatı içində" tədqiqatlarından bəhs edilir. Müəllifin Hüseyn Mucibə onun əsərlərinə daha böyük ehtiramla yanaşdığı duyulur. İ.Həmidov digər ərəb alimlərinə nisbətən bu tədqiqatçının tərcümeyi-halı, elmi fəaliyyəti haqqında daha əhatəli məlumat verməklə onu Azərbaycan ədəbi-elmi ictimaiyyətinə yaxından tanıdır. Müəllif Hüseyn Mucib Misrinin "Qədim türk şeirinin əmiri Füzuli Bağdadi" monoqrafiyasını M.Füzulinin poetik irsinin "əhatəli öyrənilməsi baxımından ərəb ölkələrində hələlik əvəzsiz" olan bir tədqiqat əsəri hesab edir bu əsəri böyük həssaslıqla təhlildən keçirir. Müəllif yazır ki, Misrinin M.Füzulini "incə duyğuları dərin mənaları ustalıqla tərənnüm edən lirik şair qəzəl ustadı" kimi təqdim etməsi doğru olsa da, bəzən o, Azərbaycan şairinin poetik qüdrətini, onun qəzəllərindəki şeiriyyəti yüksək səviyyədə açmağa nail ola bilməmişdir.

Xaqani Nizaminin ərəb ədəbiyyatşünaslığında öyrənilməsindən söz açarkən əsasən Misir alimlərinin əsərlərinə istinad edən İ.Həmidov Füzuli haqqında İraq Livan alimlərinin əsərlərini tədqiqat müstəvisinə gətirmiş, Abbas Əzzavinin ikicildlik "İraqda ərəb ədəbiyyatı tarixi" kitabında Füzuliyə dair bölmənin, Hüseyn Əli Məhfuzun "Füzuli Bağdadi" kitabçasının, Viktor Kikin "Hədisül-ərbəin" məruzəsinin yığcam təhlilini vermişdir.

Kitabda ərəb ədəbiyyatşünaslarının Nizami Füzulidən bəhs edən əsərlərində bu şairlərin "Leyli Məcnun" poemalarının müqayisəli təhlilinə aid xeyli fikir mülahizələr yer alıb.

İ.Həmidov Azərbaycan klassik şairləri haqqında ərəb ədəbiyyatşünaslarının əsərlərini tədqiq təhlil edərkən bir nəcib vəzifəni yerinə yetirib. Xaqani Nizami kimi dahi sənətkarların fars dilində, lakin Azərbaycan şeir üslubunda türkanə yazdıqlarını ortaya qoyub. Müəllif bu həqiqəti əyaniləşdirmək üçün əsasən toponimlərə istinad edib. Xaqani Nizaminin əsərlərində ürək dolusu mədh edilən Şirvan, Təbriz, Savalan, Şabran, Gəncə, Bərdə, Dərbənd, Araz s. yer, dağ, qala, çay adlarının birbaşa kök, əcdad türklüklə bağlı sözlər olduğunu vurğulayıb.

Ümumiyyətlə, İmamverdi Həmidovun "Azərbaycan ədəbiyyatı klassikləri ərəb ədəbiyyatşünaslığında" monoqrafiyası ərəb türk xalqları arasında qədim dövrlərdən bəri mövcud olan ictimai-ədəbi, elmi-mədəni dini-mənəvi əlaqələrin tədqiqinə mühüm töhfədir.

 

 

Zaman Əsgərli

filologiya elmləri doktoru

 

Azərbaycan.-2009.-4 mart.-S.7.