Qlobal böhran: dünyanın mənzərəsi
"İzvestiya" qəzetinin 26 fevral tarixli nömrəsində Azərbaycana həsr olunmuş tematik əlavə verilmişdir. AzərTAc həmin materialı oxuculara təqdim edir.
Antiböhran standartı
İlham Əliyevin maliyyə-iqtisadi böhranın aradan qaldırılmasına dair 7 təklifi
İndiki iqtisadi böhran qlobal xarakter daşıyır. Əslində, onun bu və ya digər dərəcədə təsir etmədiyi ölkə qalmamışdır. Eyni zamanda, ayrı-ayrı dövlətlərdə antiböhran siyasətinin işlənib hazırlanmasına yanaşmalarda müxtəliflik artıq özünü göstərir. Müxtəlif reseptlərin isə səmərəliliyinə görə nəticələri də müxtəlif olur. Məsələn, Azərbaycan kimi, vaxtında özünü "təhlükəsizlik yastığı" ilə təmin edə bilmiş və indi toplanılmış vəsaitdən "XXI əsrin iqtisadi taununun" nəticələrini yumşaltmaq üçün ağılla istifadə edən ölkələr daha yaxşı vəziyyətdədir.
Oleq SIQANOV
Hərə özünün
bildiyi kimi mübarizə aparır, amma...
Bir qədər sadə dildə desək, böhrana qarşı mübarizənin prinsip etibarilə üç əsas modelini göstərmək olar. Həmin modellərin hamısı dövlətlərin özəl biznesə - böyük və kiçik korporasiyaların, bankların və sairin işlərinə prinsipcə daha çox maraq göstərməsini nəzərdə tutur.
Birinci modeli hələ
ABŞ-ın sabiq Prezidenti Corc Buş təklif etmişdi. İndi isə
onun varisi, Ağ evin yeni sahibi Barak Obama həmin modelə bəzi
dəyişikliklər etməklə onun inkişafını
davam etdirir. Burada maliyyə sektoruna
külli məbləğdə, lakin parlamentin və ictimaiyyətin
ciddi nəzarəti altında pul paylamaqdan söhbət gedir.
Bu halda maliyyə sektoru iqtisadiyyatın daha da yüksəldilməsi
üçün əsas amil hesab edilir: biznesin kreditləşdirilməsini
bərpa etmək, bazar agentləri arasında etimadı təzələmək
lazımdır. Kredit bərpa ediləndən
sonra maliyyə sektoru iqtisadiyyatın bütün başqa sahələrini
"dartıb çıxaracaqdır".
İndi Obama
böhran əleyhinə görülən tədbirlərin
şəffaflığı və aşkarlığına
getdikcə daha çox diqqət yetirir. Bu tədbirlər
açıq müzakirə edilməli, parlament tərəfindən
bəyənilməli, xalq nə edildiyini başa düşməlidir.
"Xilas edilən" maliyyə korporasiyalarının
özlərinə başgicəlləndirici bonuslar ödəməyi
heç cür tərgidə bilməyən top-menecerləri
getdikcə daha çox tənqidə məruz qalırlar.
Amerika dövləti mahiyyət etibarilə
korporativ davranışın bəzi yeni, yüksək dərəcədə
mənəvi standartlarını tətbiq etməyə
çalışır.
İkinci modeli
şərti olaraq Fransa Prezidenti Nikola Sarkozinin adı ilə əlaqələndirmək
olar. Onun siyasətinin mahiyyəti istehsal sektorunun, ilk
növbədə, yüksək texnologiyalar sektorunun, eləcə
də vergi və kredit güzəştləri formasında
istehlakçıların dəstəklənməsindən
ibarətdir. Son zamanlar burada da hökumət
tərəfindən görülən tədbirlərin
aşkarlığına və açıq olmasına
üstünlük verilir. Dövlətin
kömək etdiyi sahələrdən (istehsal sektoru nəzərdə
tutulur) ilk növbədə, çətinlikdən
çıxmağın dəqiq biznes planı, istehsalın
strukturunun dəyişdirilməsi və səmərəsinin
artırılması planı tələb edilir.
Üçüncü modeli
təklif edən şərti olaraq leyborist və Böyük
Britaniyanın Baş naziri Qordon Braundur: dövlət
bütün riskləri öz üzərinə götürərək
müflisləşənləri sadəcə olaraq milliləşdirir.
Nəzərdə tutulur ki, dövlət bu halda
da iqtisadi məqsədəuyğunluq prinsipindən
çıxış edəcək, bu və ya digər
istehsalın, maliyyə strukturunun sadəcə nominal olaraq
saxlanmasını deyil, həm də onun səmərəsinin
artırılmasını öz qarşısına məqsəd
qoyacaqdır.
Azərbaycan
özünün antiböhran tədbirlərinin həyata
keçirilməsində yuxarıda sadalanan üç modelin
hər birinə xas olan bu və ya digər cəhətlərdən
uğurla istifadə edə bilər. Bununla bərabər,
görülən tədbirlərin aşkarlığına,
onların xalqa və sahibkarlara izah edilməsinə
üstünlük verilməlidir.
Demək
lazımdır ki, bu baxımdan Azərbaycanın ən azı
bir böyük üstünlüyü var. Bu
üstünlük uğurla qurulmuş və əhalinin ən
geniş kütlələrinin etimadına əsaslanmaqla, səmərəli
antiböhran idarəçiliyini həyata keçirməyə
imkan verən hakimiyyət sistemidir.
Büdcə sponsor və investordur
Dünyanın
demək olar ki, bütün ölkələri indiki şəraitdə
öz iqtisadiyyatlarına büdcədən külli miqdarda pul
vəsaiti yönəltməyin bu və ya digər
formasını tətbiq edir. Məsələn, dünyada ən
böyük qızıl-valyuta ehtiyatları olan Çin bu məqsədlər
üçün 586 milyard dollar, Yaponiya 250 milyard dollar, Almaniya
80 milyard dollar, İspaniya 50 milyard dollar, Kanada 45 milyard dollar,
Fransa 35 milyard dollar, Böyük Britaniya 30 milyard dollar, Hindistan
və Avstraliyanın hər biri 20 milyard dollar, Cənubi Koreya
11 milyard dollar, Braziliya 5 milyard dollar, Tailand, Sinqapur və
Çilinin hərəsi 3 milyard dollar ayırır
(xatırladaq ki, yalnız birbaşa büdcə
ayırmalarından söhbət gedir, yəni biznesə və
istehlakçılara vergi güzəştləri, hökumətin
kredit təminatları və başqa tədbirlər buraya
daxil deyil). ABŞ-da təkcə inşaat
işlərinə - yolların, məktəblərin tikintisinə,
ictimai binaların təmirinə 104 milyard dollar sərf etmək
nəzərdə tutulur (qəti məbləğ, eləcə
də bu proqramın bütün detalları hələ təsdiqlənməyib).
Bu vəsaitlər yeddi il ərzində xərclənməlidir.
Hökumətin hesablamalarına görə, tikinti sahəsinə
1 milyard dollar həcmində investisiya qoyulması il ərzində
təqribən 19,5 min iş yeri
yaratmağa imkan verəcəkdir. Başqa sözlə,
ABŞ-da dövlət hesabına milyonlarla yeni iş yeri
yaradılacaqdır.
Hökumətin bu cür hərəkətlərinin
sadə məntiqi var: şirkətlər investisiyaları
azaltdıqda, istehlakçılar isə mal almadıqda, kimsə
onların yerini tutmalı və tələbi stimullaşdırmalıdır.
Bu ideya 1930-cu illərin əvvəlində
britaniyalı iqtisadçı Con Meynard Keyns tərəfindən
işlənib hazırlanmışdır. ABŞ
Prezidenti Franklin Ruzveltin "yeni xəttinin"
ideoloqlarından biri məhz Keyns olmuşdur. Lakin
keynsçilik reseptlərinin bu dəfə səmərə
verib-verməyəcəyini söyləmək hələlik
çətindir: böhranın miqyası çox
böyükdür, o, həddən artıq qlobal xarakter
daşıyır. İstehsalın azalması,
daşınmaz əmlakın qiymətinin, səhmlərin məzənnəsinin
düşməsi yaxın iki ildə, bəlkə də daha
artıq müddətdə davam edəcəkdir.
Hər halda Azərbaycanda
infrastrukturun məqsədyönlü inkişafı dünyada
hər hansı böhranlardan xeyli əvvəl
başlanmışdır və onlardan asılı olmayaraq
davam etdiriləcəkdir. Ən əvvəl ona görə ki,
hökumət başa düşürdü və indi də
başa düşür ki, infrastruktur layihələri təkcə
və heç də böhran əleyhinə müalicə
reseptləri demək deyil, bundan daha artıq dərəcədə
ölkənin gələcək davamlı və müntəzəm
inkişafının möhkəm təməlini yaratmaq deməkdir.
Dünyanın
bir sıra aparıcı iqtisadçılarının fikrincə,
böhranın nəticələri hələ uzun müddət
hiss olunacaqdır. Onlar XX əsrdə dünyanın sənaye
cəhətdən inkişaf etmiş dövlətlərini
sarsıtmış böhranları təhlil edərək
aşağıdakı qanunauyğunluqları aşkar
etmişlər. Əvvələn,
böhranların əksəriyyəti uzun
sürmüşdür. Daşınmaz əmlakın qiyməti
orta hesabla 35,5 faiz düşmüş və
altı ildən artıq bu vəziyyətdə
qalmışdır. 1997-ci ildə Honkonqda daşınmaz əmlak
53 faizdən çox ucuzlaşmış və ucuzlaşma
yeddi il davam etmişdir. Şirkətlərin
birjalarda kotirovka edilən səhmlərinin və başqa qiymətli
kağızlarının qiyməti 55 faiz azalmış,
onların məzənnəsinin düşməsi orta hesabla 3,5 il davam etmişdir. Burada İslandiya (2007) və
Tailand (1997) antirekordçular olmuşdu: birinci halda səhmlərin
dəyəri 90 faizdən çox, ikinci halda 86 faiz
azalmışdı. Tailandda birja məzənnələrinin
azalması 5 il müşahidə
olunmuşdur.
İkincisi,
maliyyə böhranı həmişə istehsalın həcminin
və məşğulluq səviyyəsinin azalması ilə
nəticələnir. Belə ki, orta hesabla iki il müddətində
istehsalın həcmi 9 faizdən çox azalır.
İşsizlik 7 faiz artır, iş yerlərinin
azalması 4 ildən çox davam edir. Ümumiyyətlə,
İkinci Dunya müharibəsindən sonra böhranlar nisbətən
"yumşaq" keçmiş və daha qısamüddətli
olmuşdur. Maraqlıdır ki, məşğulluğun
səviyyəsi inkişaf etmiş ölkələrdə
deyil, inkişaf etməkdə olan ölkələrdə daha
sürətlə artmağa başlayırdı.
Üçüncüsü,
dövlət borcunun həcmi orta hesabla 86 faiz artır. Maraqlıdır
ki, borcun artmasının əsas səbəbi dövlətlərin
bank sisteminə maliyyə yardımı deyil, dövlətlərin
ümumi gəlirlərinin azalmasıdır. Bu baxımdan
Kolumbiya (1998) və Finlandiya (1991) planetdə hamıdan irəlidə
idi: həmin böhranlar nəticəsində bu ölkələrin
dövlət borcu 280 faiz artmışdı.
Bu kədərli
nümunələrə nəzər salanda deyə bilərik
ki, Azərbaycanı ən azı bu cür vəziyyət
gözləmir. Əgər nisbətən qısa tarixi
müddətdə yuxarıda adları çəkilən
uğursuzluqlar aradan qaldırılmışsa, indiki problemləri
də həll etməyin mümkün olacağına ümid
var.
Avropada tənəzzül daha güclüdür
Hazırda avro
zonasının iqtisadiyyatı gözlənildiyindən daha
güclü tənəzzülə uğrayır. Almaniyada son 22
ildə, Fransa və İtaliyada isə, demək olar ki, son 30
ildə belə tənəzzül olmamışdı. Amerika iqtisadiyyatının hələ də kədərli
vəziyyətdə olan statistikası kimi, bu faktlar da ekspertləri
dünya iqtisadi böhranının nə vaxt başa
çatacağı barədə proqnozlar söyləməkdən
çəkinməyə məcbur edir. Avropanın
əsas lokomotivi sayılan Almaniyada tənəzzülün əsas
səbəbi ixracın və investisiyaların həcminin
azalmasıdır. Ümumiyyətlə isə,
avro zonasında sənaye istehsalının illik həcmi 12 faiz
azalmışdır. Bu, həmin
statistikanın aparıldığı bütün tarix ərzində
maksimum tənəzzül deməkdir. Burada heç bəxti
gətirməyənlər də var. Belə ki, keçən
ilin sonunda Latviyada istehsalın həcmi 21 faiz, İspaniyada 20
faiz, avro zonasına daxil olmayan İsveçdə və
Rumıniyada isə, müvafiq surətdə 18 faiz və 17
faiz azalmışdır.
Hazırda ABŞ-da fəal
müzakirə edilən "Obama planı" -
iqtisadiyyatın stimullaşdırılması
üçün 830 milyard dollarlıq tədbirlər paketi barədə
də iqtisadçılar arasında fikir birliyi yoxdur. Amerikalı ekspertlərin bəziləri bu planı
yeganə nicat yolu və hətta bütün qalan
dünyanı da arxasınca çəkib aparacaq sürətli
bərpaya ümid mənbəyi hesab edir. Digərləri
belə fikirləşir ki, bütün bunlar gecikmişdir və
həmin planda artıq xəstələnmiş dünya (və
Amerika) maliyyə sisteminin sağalmasına kömək edən
heç bir prinsipial yenilik yoxdur. Proqnozların
əksəriyyətinin ümumi cəhəti bundan ibarətdir
ki, cari ilin birinci və ikinci rübləri nümunə
olacaqdır. Əgər yaya qədər
müəyyən sabitləşmə nəzərə
çarparsa, bu, o demək olacaq ki, böhran artıq ən
aşağı həddə çatmışdır və
gec-tez yüksəliş başlanacaqdır.
Əgər
Amerika iqtisadiyyatı tədricən dirçəlməyə
başlasa, xammalın və enerji
daşıyıcılarının qiymətləri
artacaqdır.
Bu halda neftin 1 barelinin orta illik qiymətinin 60
dollar həddində olması tamamilə məqbul sayıla bilər.
Ən pis variantda neftin 1 barelinin qiyməti 30 dollar həddində
dəyişə bilər ki, bu da hətta neft hasil edən
ölkələrdə də kəmərləri bərk
bağlamağa məcbur edə bilər. Yaxud da
uzaqgörənlik edərək əvvəlcədən
işini ehtiyatlı tutmuş ölkələrdən borc almaq
lazım gələcəkdir.
Hələlik
isə inkişaf etmiş dünya ölkələri
inkişaf etməkdə olan ölkələri, hətta əvvəlki
illərdə çox yüksək artıma nail olmuş
ölkələri də öz arxasınca böhrana
sürükləyir. Ekspertlərin çoxunun fikrincə, Avropa
İttifaqına daxil olan Şərqi Avropa ölkələrində
yaxın vaxtlarda böhranın ikinci dalğası gözlənilir.
Bu dövlətlərdə maliyyə çətinliklərindən
sonra sənaye də iflas həddinə çatacaqdır.
Böhranın ən çox təsir edəcəyi
dövlətlər kimi ən əvvəl Macarıstan,
Çexiya, Slovakiya və üç Baltikyanı
respublikanın adları çəkilir.
Demək olar
ki, bütün əmtəə qruplarına tələbin
azalması bütün dünyada və hər bir sahədə
zəncirvarı reaksiyaya səbəb olur. Bu, büdcələri
dünya xammal bazarlarında satışın həcmindən
bilavasitə asılı olan ölkələrə mənfi təsir
göstərməyə bilməz. Böhranın
dərinləşməsinin nəticəsi kimi enerji
daşıyıcılarına tələbin azalması
labüddür.
Enerji
daşıyıcılarına tələbin aşağı
düşməsi və kredit təklifinin azalması isə
öz növbəsində, yeni qaz və neft kəmərlərinin,
o cümlədən Xəzər regionunu istehlakçı
regionlarla birləşdirən kəmərlərin
inşası planlarına mənfi təsir göstərə
bilər. Bu baxımdan Mərkəzi Asiyadan və Yaxın
Şərqdən ildə 20-30 milyard kubmetr qaz nəql edilməsi
üçün nəzərdə tutulan Nabukko qaz kəməri
layihəsi ətrafında çox mürəkkəb vəziyyət
yaranmışdır. Azərbaycanın həmin
layihədə iştirak etməsi və bu iştirakın
konkret formaları məsələsi hələ müzakirə
edilməli və dəqiqləşdirilməlidir. Tikintinin maliyyələşdirilməsi ilə
bağlı məsələlərin də hamısı
aydın deyil, smeta dəqiqləşdirilməmişdir.
Böhran şəraitində
gözləmək olardı ki, bu layihənin taleyi çox
acınacaqlı olacaqdır, lakin Rusiya ilə Ukrayna
arasında yaranmış qaz qalmaqalı, yanvar ayında demək
olar ki, iki həftə müddətində Avropaya qaz
satışında fasilə yaranması həmin layihəyə,
necə deyərlər, ikinci nəfəs vermişdir. Bundan sonra Avropaya enerji daşıyıcıları
satışının alternativ yolları məsələsi dərhal
və kəskin şəkildə aktuallaşdı. Bununla bərabər, qitə, indi Avropa bazarında
potensial güclü oyunçu kimi artıq özünü
göstərmiş Azərbaycana da ümidlə baxır.
Bu diqqət hətta bütün dünyada maliyyələşdirmənin
azaldığı şəraitdə də ölkəyə ən
azı xarici investisiyalar axınının olacağını
vəd edir. Azərbaycanın nefti və qazı Avropaya
böhran dövründə də lazımdır: maşınları
yanacaqla doldurmaq, evləri nə iləsə qızdırmaq
lazımdır, zavodlar və fabriklər nə iləsə
işləməlidir. Hətta ən dərin
böhran şəraitində də iqtisadiyyatda "mütləq
sıfır" vəziyyəti olmur.
Rusiya-Ukrayna
böhranı nəticəsində başqa ölkələrdən
daha çox zərər çəkmiş Bolqarıstan hələlik
Nabukko layihəsi üzrə işlərin fəallaşdırılmasının
əsas təşəbbüsçülərindən biri
kimi çıxış edir. Bu ölkə Azərbaycandan
1 milyard kubmetr qaz alınması barədə ilkin müqavilə
bağlamışdır (perspektivdə bu həcm 3 milyard
kubmetrə çatdırıla bilər ki, bu da ölkənin
bütün illik tələbatını tamamilə təmin
etməyə imkan verir). İndi
Bolqarıstan Nabukko layihəsinin tikintisi barədə Aİ-də
lobbiçilik edir. Bolqarıstanın
Baş naziri Sergey Stanişev artıq vəd etmişdir ki,
Avropa Şurasının martın 1-də Brüsseldə
keçiriləcək iclasında Bolqarıstan bu layihə
üzərində işin sürətləndirilməsi
haqqında məsələ qaldıracaqdır.
Nabukko layihəsi
Xəzər dənizi rayonundan Avstriyaya qaz kəməri çəkilməsini
nəzərdə tutur. Bu boru kəmərinin artıq Türkiyəyə
çəkilmiş Bakı-Tbilisi-Ərzurum marşrutunun
davamı olacağı planlaşdırılır. Lakin yeni qaz kəmərinin tikintisinin sürətindən
asılı olmayaraq, yaxın gələcəkdə
avropalı tərəfdaşların Azərbaycana diqqətinin
artacağı təmin olunmuşdur.
Şimal qonşusu və onun problemləri
Azərbaycanın
ən böyük şimal qonşusu olan Rusiyaya böhran
güclü təsir göstərmişdir. Ən nikbin
proqnozlara görə, 2009-cu ildə Rusiyada ÜDM-in
artımı sıfıra bərabər, bəlkə də mənfi
olacaqdır. Rusiya iqtisadiyyatında kəskin tormozlanma hələ
keçən il başlanmışdır (2007-ci ildə
ÜDM artımı 8,1 faiz olduğu halda,
keçən il bu göstərici 5,6 faiz olmuşdur). Son on ildə
iqtisadi artım göstəricisi yalnız 2002-ci ildə bundan
aşağı olmuşdur (4,7 faiz). Bəzi ekspertlər Rusiyada ÜDM-in 2 faizə
düşəcəyini proqnozlaşdırır. Vəziyyəti
gərginləşdirən odur ki, bütün son illər ərzində
Rusiya iqtisadiyyatı neft, qaz və metal ixracından tam
asılılıq vəziyyətini aradan qaldıra bilməmişdir.
Nəticədə
Rusiya əhalisinin ödəmə qabiliyyətli tələbi
azalır. İndinin özündə işsizlərin sayı 6
milyon nəfərə çatmışdır və artmaqda
davam edir. Əhaliyə ən ağır zərbə
ərzaq məhsullarının qiymətinin hələ
keçən ilin baharından bahalanmasıdır. Yeri gəlmişkən,
bu vəziyyət dolayısı ilə Azərbaycana da təsir
göstərə bilər: məlumdur ki, Azərbaycan vətəndaşlarının
xeyli hissəsi Rusiyada ən müxtəlif istiqamətlər
üzrə ticarətlə məşğuldur. Ona
görə də bu sahədə tənəzzül onlara da təsir
göstərməyə bilməz. Çox ehtimal ki,
Rusiyada işləyən azərbaycanlıların bu il vətənə pul köçürmələrinin
həcmi azalacaqdır. Azərbaycandan Rusiyaya ərzaq
ixracının həcmi də azalacaqdır. Lakin həddən artıq kəskin tənəzzül
gözləməyə dəyməz.
Hələlik
rublun məzənnəsinin azalması şəraitində
(keçən ilin sentyabrından bəri dollarla müqayisədə
rubl, demək olar ki, 50 faiz ucuzlaşmışdır) xaricdən
Rusiyaya əmtəə idxalı xeyli azalmışdır. Rusiya gömrük xidmətinin
məlumatına görə, idxal 35,6 faizdən
çox aşağı düşmüşdür. Bunun çox hissəsi avtomobillər, avadanlıq və
ərzaq malları idxalının birdən-birə
azalmasının payına düşür. İqtisadçılar idxalın kəskin
azalmasını devalvasiya və kredit şoku ilə izah edirlər.
Əmtəə
nomenklaturunun bütün əsas növlərində uzaq xaricdən
idxalın azalması müşahidə olunmuşdur. Yanvar
ayında avtomobillər, ət və şəkər
üçün idxal rüsumları dərəcəsinin
artırılması idxalın azalmasına təsir göstərmişdir.
Lakin idxalın kəskin azalmasının əsas
səbəbi məhz devalvasiya və kredit şokudur, üstəlik,
əhalinin real gəlirlərinin azalması da buna əlavə
olunmuşdur.
Valyuta bazarında
çaxnaşma iqtisadiyyatın bir çox sektorlarında əsəbilik
yaradır: bazar oyunçuları sadəcə bilmirlər ki,
müqavilələri hansı qiymətlərlə
bağlasınlar. Adətən müqavilələr
bir aydan artıq müddətə bağlanır. İndiki şəraitdə isə valyutaların məzənnə
dinamikasını dəqiq proqnozlaşdırmaq və
müvafiq surətdə bunu müqavilədə nəzərə
almaq praktik olaraq mümkün deyil. Bəzi
ekspertlər belə hesab edirlər ki, rublun devalvasiyası
lüzumsuz olmuş, idxalı zəiflətmək və bu
yolla ticarət balansının saldosunu tarazlaşdırmaq məqsədi
ilə devalvasiya qəsdən "artıqlaması ilə"
aparılmışdır. Bununla bərabər,
hələlik heç kəs 2009-cu ildə Rusiyaya idxalın
yenidən artmağa başlayacağını
proqnozlaşdırmır.
Azərbaycan
iqtisadiyyatı yaranmış vəziyyətdən şərəflə
çıxa biləcəkmi? Ölkənin dünya
burulğanlarından tamamilə təcrid oluna biləcəyini
söyləməyə dəyməz, çünki dünyada
qarşılıqlı asılılıq həddən
çoxdur. Lakin itkiləri əhəmiyyətli dərəcədə
minimuma endirmək, ən az itki ilə nəticələnən
ən optimal yol seçmək tamamilə mümkündür və
Azərbaycan öz Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə buna hökmən nail olacaqdır.
Azərbaycan.-2009.-5 mart.-S. 2