Antiböhran standartı

 

 

Qlobal böhran: dünyanın mənzərəsi

 

Aleksandr KARAVAYEV, Aleksey POTAPOV

 

Məlum olduğu kimi, dünya maliyyə böhranı Amerikanın daşınmaz əmlak bazarında möhtəkirlikdən başlanmışdır. İpoteka "köpüyü" partlayaraq bütün dünyada bank sahəsinin dağılmasına təkan vermişdir ki, bu da öz növbəsində, dünyanın bütün dövlətlərinin iqtisadiyyatında sənaye istehsalının səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdur: hər yerdə pul çatışmazlığı müşahidə edilir. Proses dönməz xarakter almış və təbii ki, makroiqtisadiyyatla əlaqəli sahələrə yayılaraq sosial gərginlik və siyasi qeyri-sabitlik doğurmuşdur.

Avropa böhranı ilə eyni vaxtda baş vermiş Rusiya-Gürcüstan münaqişəsindən və yeni il qaz böhranından sonra "şişmiş köpük" terminini indi qlobal təhlükəsizlik kimi sahələrə də şamil edirlər. Azərbaycan bu fonda regional sabitlik adası olaraq qalır: hökumət, əvvəlki kimi, yenə də ölkə vətəndaşları və beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəliklərə görə cavabdehlik daşıyır. Belə deməyə əsas var ki, qlobal böhran Azərbaycana nisbətən az təsir göstərmişdir, ölkə iqtisadiyyatı isə MDB-də ən güclü iqtisadiyyatlardan biri olaraq qalır.

 

Qlobal çağırış

 

Əvvəllər olduğu kimi, indi də iqtisadiyyatda "köpüklər" klassik əlamətlərlə - möhtəkir qiymətyaratma, real iqtisadi göstəricilərin şişirdilməsi ilə əlamətdar olmuşdur. Bu qiymətlər (dünya nomenklaturunda, demək olar ki, bütün xidmət və malların qiymətləri) real qiymətlərdən dəfələrlə yuxarı idi (neftin qiymətini xatırlayaq), lakin, təəssüf ki, onlar maliyyə və fond bazarlarında da beləcə yüksək qiymətlər üçün zəmin oldu. Gec-tez qiymətlərin şişirdildiyi və düzgün olmaması üzə çıxmalı idi. Eyni zamanda, həm ABŞ-da, həm də digər iri iqtisadiyyatlarda milli normativ hüquqi bazanın problemli vəziyyətin inkişafının qarşısını almağa gücü çatmayacaq dərəcədə zəif olduğu aşkar edildi. Fond və maliyyə möhtəkirliyini sığortalaya biləcək qlobal normativ tənzimləyici, ümumiyyətlə, yox idi.

Azərbaycan iqtisadiyyatının xüsusiyyəti ondan ibarətdir ki, onun qlobal maliyyə və fond bazarları sahəsinə dərin bağlılığı yoxdur. Bu baxımdan, o, daha sağlamdır və şişirdilmiş qiymət artımlarından və "köpüklərdən" azaddır. Hərçənd Bakıda daşınmaz əmlakın qiymətinin qalxması və ötən il neftin 1 barelinin 140 dollara çatması ilə neft gəlirlərinin artması ölkənin iqtisadiyyatına təsir edən amillər doğurmuş, bu da istehlak bazarında yüksək inflyasiyada özünü göstərmişdir.

Proteksionizm təhlükəsinə baxmayaraq, indi bütün dünyada sərt dövlət nəzarəti və iqtisadiyyatın planlaşdırılması mexanizminə qayıdılır. Azərbaycan hakimiyyəti, sanki çətin dövrlərin başlanacağını hiss edərək idarəçilik sükanını heç vaxt boş buraxmamış və makroiqtisadi balansları daxili və xarici təsirlərdən əllə tənzimləməyə çalışmışdır. O cümlədən istər ixrac neft gəlirlərinin artdığı vaxtda da, yaxud Azərbaycanın daxilində büdcə vəsaitinin istər iqtisadiyyat sahələri arasında, istərsə də bölgələr arasında bölüşdürülməsində müxtəlif məhdudiyyətlər qoyulmasında da.

Azərbaycan rəhbərliyinin əsas xidmətlərindən biri ondan ibarətdir ki, o, əhalinin etimadını qoruyub saxlaya bilmişdir. Buna görə də hazırda azərbaycanlılar əmindirlər ki, dövlətin məsələyə ciddi şəkildə qarışması böhranın hələ gözlənilən zərbələrini kompensasiya etməyə qadirdir. Lakin bu dünyanın bütün hökumətləri qarşısında belə bir dilemma çıxarır: dövlətin işə qarışması ya kifayət etməyəcək, yaxud da çox qətiyyət nümayiş etdirdikdə həddi aşar, yəni vəziyyəti daha da ağırlaşdırar. Azərbaycan hansı antiböhran tədbirləri görməyi planlaşdırır və ölkənin qlobal çağırışı qarşılamağa hazırlaşdığı iqtisadiyyatın ehtiyatları nə dərəcədə möhkəmdir?

 

Azərbaycan cavabı

 

İqtisadiyyatın sağlamlığının və antiböhran tədbirlərinin həyata keçirilməsinə hazır olmağın meyarlarından biri ölkənin xarici borcunun həcmidir. 2009-cu il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanın hökumət təminatı verilən borcu ÜDM-in 6,4 faizinədək azalmışdır (2008-ci ilin üçüncü rübünün yekunlarına görə, 3 milyard dollar, adambaşına 345 dollardır). Borcun əsas hissəsini (87,5 faiz) sərmayə layihələri üçün götürülən vəsait təşkil edir - 2,6 milyard dollar. Bu məbləğin 1,19 milyard dolları (39,8 faiz) elektroenergetikanın, 659,9 milyon dolları (22 faizi) yol tikintisi və nəqliyyatın, 230,9 milyon dolları (7,7 faizi) kənd təsərrüfatının, 195,6 milyon dolları (6,5 faiz) sosial sahənin və 183,9 milyon dolları (6,13 faiz) neft-qaz sektorunun payına düşür.

Azərbaycan bankları yaxın iki ildə xarici maliyyə qurumlarına təxminən 2,5 milyard dollar kredit borcu ödəyəcəkdir. Müqayisə üçün qeyd edək ki, Qazaxıstanın bütün özəl sektorunun ümumi xarici borcu 103 milyard dollardır. Bu isə ÜDM-in 100 faizinə (2007-ci il) bərabərdir. Rusiyada bu borc ÜDM-in 31 faizinə, Ukraynada 47 faizinə bərabərdir.

Beləliklə, əvvəlki illərdə olduğu kimi, 2008-ci ilin yekunlarına görə, Azərbaycan iqtisadiyyatının vəziyyəti inamlı sabitliyi ilə fərqlənir. Statistik göstəricilər baxımından mənzərə belədir: ÜDM 11 faiz, əhalinin pul gəlirləri 36 faiz artmış, yoxsulluğun səviyyəsi 16 faizdən 13,2 faizə düşmüş, orta aylıq əmək haqqı 335 dollara çatmış, pensiya, orta hesabla 120 dollaradək artmış, il ərzində 120 mindən çox yeni iş yeri yaradılmışdır.

Əvvəlcə Azərbaycan iqtisadiyyatının strategiyasından bir neçə misal gətirək. MDB-nin xammal ölkələri arasında Azərbaycanı ən əvvəl infrastruktur layihələrinin fəal həyata keçirilməsi fərqləndirir. Mümkün dünya böhranının ssenarisi nəzərə alınmaqla neft gəlirləri yalnız zəruri məbləğdə yığılmışdır. Azərbaycan "ehtiyat üçün" vəsaiti yığmamış, həm öz vəsaitindən, həm də beynəlxalq kreditləri cəlb etməklə infrastruktura uzunmüddətli sərmayələr qoymuşdur. Hazırkı vəziyyət bu strategiyanın doğruluğunu təsdiq etmişdir: borclar böyük deyil, infrastruktur isə (energetika, boru kəməri, nəqliyyat, sosial obyektlər - bu barədə dəfələrlə yazmışıq) tikilmişdir. Əgər Azərbaycanda son beş ildə nəhəng infrastruktur layihələri həyata keçirilməsəydi, indi onları gerçəkləşdirmək daha çətin olardı. Bu, həm daxildəki, həm də ölkənin xaricindəki bütün infrastruktur layihələrinə aiddir. Yaxşı məlumdur ki, Azərbaycan təkcə neft deyil, həm də qaz ixrac edən ölkədir. Bakı-Ərzurum boru kəməri sayəsində Azərbaycan qazının Türkiyəyə ixracı reallaşdı, Yunanıstan, Bolqarıstan və İtaliya ilə danışıqlar aparılır. Azərbaycanın özündə qazlaşdırmanın səviyyəsinin 85 faizə çatmasını çoxları bilmir. Hətta sovet dövründə də belə yüksək nəticəyə nail olunmamışdı. Hazırda bütün rayonlara qaz verilir, növbəti illərdə onun həcmi daha da artacaqdır. Böyük həcmdə qaz hasil və ixrac edən qonşu dövlətlərdə qazlaşdırmanın səviyyəsi 50-60 faizdir.

İndi isə elektroenergetika sahəsinin vəziyyətini nəzərdən keçirək. Azərbaycan elektrik enerjisi ixracçısına çevrilmişdir. Ölkənin əsas ərazisindən uzaqda yerləşən Naxçıvan da Türkiyəyə elektrik enerjisi ixrac edir. Bütün bu nailiyyətlər İlham Əliyevin hakimiyyətdə olduğu son illərdə əldə edilmişdir. 2004-cü ildən bəri Azərbaycanda modul tipli 6 elektrik stansiyası tiklilmişdir, Sumqayıtda daha bir buxar-qaz stansiyası istifadəyə veriləcək və Şirvanda və Qubada daha iki stansiya tikilir. Onların ümumi gücü 2400 meqavata çatacaqdır. İran və Rusiya ilə elektrik enerjisi mübadiləsi üçün texniki imkanlar yaradılmışdır. Yüksək gərginlikli İmişli-Parsabad (İran) elektrik xəttinin çəkilməsi nəticəsində Azərbaycan əlavə 500 meqavat gücündə elektrik enerjisi alır. Əgər bütün bunlar təkcə kağız üzərində qalsaydı, Azərbaycanın hansı vəziyyətə düşəcəyini təsəvvür etmək çətin deyildir. Enerji böhranı labüd olar və nəticədə iqtisadiyyat tənəzzülə uğrayardı.

Faktlar göstərir ki, hazırda Azərbaycan özünü elektrik enerjisi, neft və qazla tam təmin edir. İqtisadiyyatın məhz bu real sektoru vasitəsilə ölkə təkcə öz regionuna deyil, həm də daha uzaq qonşularına, məsələn, Avropa İttifaqı ölkələrinə sabitləşdirici təsir göstərə bilər. Enerji təhlükəsizliyi məsələsi dünyanın gündəliyində başlıca məsələlərdən biridir. Şübhə yoxdur ki, gələcəkdə enerji ehtiyatlarına tələbat daha da artacaqdır. Dünyada yeni mənbələr aşkar edilmir, mövcud mənbələr və nəqliyyat sistemləri isə tam gücü ilə işləyə bilmir. Alternativ enerji bazarları təqdim edən Azərbaycan kimi dövlətlər isə etibarlı tərəfdaşlar qismində müəyyən etimad krediti alacaq və dünya dövlətlərinin böhrandan sonrakı konsertində layiqincə iştiraka ümid edə bilər.

İqtisadiyyata və onun gələcək reallıqlarına qayıdaq. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsulun artımı proqnozunu 15 faizdən 8 faizə endirmişdir. Digər ölkələrdə büdcənin kəsirini, ümumi daxili məhsulun dinamikasının sıfır və hətta mənfi proqnozlarını nəzərə alsaq, bu, olduqca nikbin göstəricidir. O, antiböhran tədbirləri sisteminin qəbul olunmasının zəruriliyi barədə xəbərdarlıq edir. İlham Əliyevin Azərbaycan hökumətinin yanvarda keçirilmiş iclasında səsləndirdiyi tədbirlər kompleksini Prezidentin 7 antiböhran addımı adlandırmaq olar.

1 İstehlak qiymətlərinin azaldılması zərurəti. Neft gəlirlərinin artması və iqtisadiyyatın davamlı artımı arasında müəyyən qarşılıqlı əlaqə mövcuddur. Bunlar inflyasiyanın qarşısını alır. Vaxtilə Azərbaycanda inflyasiya MDB-də ən yüksək göstəricilərə çatmışdı. İndi isə neftin qiymətinin aşağı düşməsi və iqtisadiyyatın inkişaf sürətinin bir qədər yavaşıması şəraitində əhali qiymətlərin yüksək olması ilə bağlı məntiqi suallar verir. Azərbaycan hökuməti buna diqqət yetirir və istehlak qiymətlərinin artımını nəinki məhdudlaşdırmağı, həm də azaltmağı planlaşdırır. İlham Əliyev bu məqamı öncül məsələlər sırasına təsadüfən aid etməmişdir. Hər bir dövlət liderinin başlıca kapitalı vətəndaşların ona olan etimadıdır. Etimadın olmaması istənilən böhrandan daha dəhşətlidir. İlham Əliyevə inanır, onun siyasətinə isə etibar edirlər. Buradan da aşağıdakı zərurət ortaya çıxır.

2  İnhisarçılıqla mübarizə. İstehlak bazarında qiymətqoymaya nəzarət hər bir bürokratik maşın üçün olduqca incə və çətin məsələdir. İlham Əliyevin tapşırığını sitat gətiririk: "Əsassız inhisarçılığa, qeyri-sağlam rəqabətə son qoyulmalıdır. Bu işlərlə məşğul olan tərəflər ciddi şəkildə cəzalandırılmalıdırlar ki, bu sahədə biz ciddi dönüş yaradaq. Bu sahədə maksimum şəffaflıq olmalıdır, dövlət qurumları tərəfindən bütün qanunsuz tələblər, xoşagəlməz hallar, qanunsuz müdaxilələr dərhal dayandırılmalıdır. Bu qanunsuz işlərlə məşğul olanlar cinayət məsuliyyətinə cəlb olunmalıdır. Artıq olunur və daha geniş və daha ciddi şəkildə olmalıdır". Necə deyərlər, şərhə ehtiyac yoxdur.

3  Milli banklara dəstəyi, kreditlərə və faiz dərəcələrinə nəzarəti əhatə edən maliyyə monitorinqi. Əsas tədbirlərdən biri dövlətin valyuta ehtiyatlarının bir qismini Azərbaycan banklarında yerləşdirməkdir. Dünya bank qruplarının itkiləri fonunda Azərbaycanın milli bankları ölkənin Neft Fondunun aktivlərinin daha etibarlı "saxlanma yerlərinə" çevrilməkdədir. Bundan əlavə, antiböhran tədbirləri sahibkarlara bundan sonra da güzəştli kreditlərin verilməsini nəzərdə tutur. Yenə də İlham Əliyevdən sitat gətiririk: "Mən hesab edirəm ki, xaricdə saxlanılan valyuta ehtiyatlarımızdan biz müəyyən həcmdə ən əmniyyətli, ən etibarlı yerli banklara yerləşdirə bilərik. Ancaq o şərtlə ki, bu vəsait yalnız iqtisadiyyatın real sektoruna yönəldilsin və bu vəsaitin xərclənməsində dövlət nəzarəti həddindən artıq güclü olsun".

4 Real iqtisadiyyata sərmayə qoyuluşunun davam etdirilməsi. Aydındır ki, dünyada likvidlik qıtlığının olduğu bir vaxtda ölkələr iqtisadiyyata qoyulan valyutanın hər vahidi uğrunda mübarizə aparacaqdır. Azərbaycan xarici sərmayələri artırmağa və ən azı, xarici sərmayədarlar üçün ölkənin MDB-də daha cəlbedici olmasına imkan verəcək üstünlüklərini qoruyub saxlamağa çalışacaqdır (2008-ci ildə Dünya Bankı dəmir yollarının təmiri və yenidən qurulması üçün Azərbaycana 450 milyon dollar ayırmışdır). Dövlət investisiya xərcləri əvvəlkitək yenə də əsasən infrastruktura - yollara, elektrik stansiyalarına, qazlaşdırmaya, su kəmərləri, məktəb və xəstəxana binalarının, mədəniyyət və idman obyektlərinin tikintisinə yönəldiləcəkdir. Ölkənin bank sektoruna, xüsusən, dövlət vəsaitinin yerləşdiriləcəyi banklara öz resurslarını ilk növbədə iqtisadiyyatın real sektoruna və yalnız bundan sonra ticarət əməliyyatlarına və digər biznes sövdələşmələrinə yatırmaq məsləhət görülür.

5 Sosial öhdəliklərin dəstəklənməsi. 2009-cu ildə əsas sosial proqramların ixtisara salınması gözlənilmir (əmək haqları, pensiyalar və digər ödəmələr toxunulmazdır). Məktəb və xəstəxana binalarının, idman qurğularının, mədəniyyət obyektlərinin tikintisi və təmiri bu il üçün dövlət investisiya proqramında tam şəkildə öz əksini tapmışdır. Lakin onun yerinə yetirilməsi büdcə gəlirlərinin azaldılması fonunda baş verəcəkdir. Planlaşdırılır ki, hər bir nazirlik hər bir sahə üzrə öncül layihələrin siyahısını hazırlayacaqdır. Məsələn, müəyyən ediləcək ki, hansı sosial obyektlər mütləq istifadəyə verilməlidir, hansı obyektlər isə gözləyə bilər, yaxud sonraya saxlana bilər. Bu yolla dövlət investisiya proqramının sosial hissəsinin maksimum şəkildə yerinə yetirilməsi imkanı qalır.

Bu blokda ən mühüm məsələlərdən biri məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına və məşğulluğunun artırılmasına dair Dövlət Proqramının yerinə yetirilməsidir. Hazırda Azərbaycanda bir dənə də çadır şəhərciyi yoxdur və növbəti illik proqrama qaçqın-köçkünlərin yataqxanalardan, hərbi hissələrdən, məktəb binalarından və yaşamaq üçün yararlı olmayan digər binalardan köçürülməsi məsələləri daxil edilmişdir.

6 Sənaye müəssisələrinin daxili bazara istiqamətləndirilməsi. Azərbaycan sənayesinin ixraca işləyən hissəsi böhran üzündən öz bazarının xeyli hissəsini itirəcəkdir. Böyük işçi qüvvəsinin və potensialın olduğu strateji əhəmiyyətli müəssisələrə elektrik enerjisi və qaz əvvəllər də güzəştli şərtlərlə verilirdi. Lakin indiki şəraitdə daha ciddi kömək tədbirləri görüləcəkdir. Prezident mənfi perspektivlə əlaqədar mümkün problemlərlə qarşılaşa biləcək ixracyönümlü müəssisələrin siyahısını müəyyən etmək barədə göstəriş vermişdir. Təkcə dövlət sektorunun deyil, həm də özəl sektorun belə müəssisələrinin daxili bazara istiqamətlənməsinə yardım göstəriləcəkdir. Güman edilir ki, belə yanaşma 2009-cu ildə Azərbaycan məhsulunun aşağı emal səviyyəsi ilə bağlı məlum çatışmazlığı (əsasən xammal ixrac olunur) kompensasiya etməyə, hazır məhsul istehsalını rəqabət səviyyəsinə qaldırmağa imkan verəcək ki, bu da bütövlükdə ölkə iqtisadiyyatının sağlamlaşmasına gətirib çıxaracaqdır.

7 Ərzaq təhlükəsizliyinin təmin edilməsi. Ərzağın bütün strateji çeşidinin istehsalı ilə nadir ölkə öyünə bilər. Azərbaycan bu istiqamətdə hələ çox iş görməlidir, məsələn, hələ də böyük həcmdə taxıl idxalına olan ehtiyac azaldılmalıdır. 2009-cu ildə ölkənin özünü bütün strateji ərzaq məhsulları ilə tam təmin etməsi xətti götürüləcəkdir. Buna müvafiq olaraq, fermerlərə subsidiyaların verilməsi, gübrə alınması və güzəştli şərtlərlə onlara verilməsi davam etdirilcəkdir.

 

İndiki qlobal böhran son onilliklər ərzində dünya tarixində baş vermiş nadir böhranlardan biridir. Hər bir dövlətin rəhbərliyi kimi Azərbaycanın rəhbərliyi də hansı sürprizlərlə qarşılacağını hələ bilmir. Bu yolu hər bir ölkə özünəməxsus tərzdə keçəcəkdir. Lakin əsas vəzifələrin müəyyən edilməsi və vəziyyətin düzgün qiymətləndirilməsi vacibdir. Azərbaycan rəhbərliyinin tədbirlərinə adi gözlə nəzər salanda görünür ki, hökumətin diqqət mərkəzində ilk növbədə ölkə vətəndaşları - onların rifahı, təhlükəsizliyi və layiqli həyatı durur. Böhranların necə aradan qaldırıldığı isə hamıya tarixdə vaxtaşırı təkrarlanan nümunələrdən yaxşı məlumdur. Bütün siyasətçilər və dövlət xidmətçiləri üç qaydaya əməl etməlidirlər... VİCDANLI OLMAQ - dəqiq icra intizamı, QƏNAƏTCİLLİK - vəsaitlərin xərclənməsinə nəzarət, DÜZLÜK - sosial etimadın rəhni kimi ölkədəki vəziyyət barədə həqiqət. Azərbaycan lideri İlham Əliyev də məhz bunu təklif edir

 

 

Azərbaycan.-2009.-5 mart.-S.3.