Avropa Parlamentində Xocalı soyqırımının ildönümü anılmışdır

 

Azərbaycanın Belçika Krallığında Lüksemburq Hersoqluğundakı səfirliyindən xüsusi müxbirimizə bildirmişlər ki, martın 3-də Heydər Əliyev Fondunun dəstəyi ilə Avropa Parlamentinin binasında Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Mərasim iştirakçıları əvvəlcə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımına dair fotosərgi ilə tanış olmuşlar.

Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin başçısı Emin Eyyubov keçən əsrin ağrılı acılı səhifəsi olan Xocalı faciəsi barədə ətraflı məlumat vermişdir.

Avropa Parlamentinin deputatı Jizel Kalenbax çıxış etmiş iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etmişdir.

ABŞ-ın Ceymstaun Fondunun aparıcı tədqiqatçısı Vladimir Sokor Xocalı soyqırımı ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşdür.

Tədbirdə İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilmiş "Xocalıya ədalət" beynəlxalq kampaniyası barədə məlumat verilmiş bu aksiyaya dəstək məqsədi ilə imza toplanmışdır.

Zalda quraşdırılmış ekranda Xocalı soyqırımı qurbanlarının adları qeyd olunmuşdur.

Tədbirdə Avropa Parlamentinin deputatları, Avropa İttifaqında akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri Azərbaycan icmasının üzvləri iştirak etmişlər.

 

 

Əsgər Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.-2009.-5 mart.-S.6.