PanARMENİAN.net agentliyinin "xarab olmuş telefonu"
Martın 2-də Ermənistanın
PanARMENİAN.net informasiya agentliyi
öz saytında Almaniyadakı Azərbaycan
icmasının Ermənistanın
AFR-dəki səfirliyi
qarşısında Xocalı
soyqırımının 17-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirməsi
barədə guya Azərbaycan KİV-lərinin
yaydığı məlumatları
təkzib edən xəbər yerləşdirmişdir.
Agentlik Ermənistan səfirliyinin məsul işçisi Karen Mkrtıçyanın
dediklərini misal gətirir. Almaniyanın erməni icmasının
AFR-in erməni əsilli
bəzi vətəndaşlarının
azərbaycanlıların etiraz
aksiyası zamanı təxribat törətməsi
faktını təkzib
edən Mkrtıçyan
erməni auditoriyasını
"sakitləşdirərək" bildirmişdir ki, azərbaycanlılar hansısa
aksiya keçirsələr
də, alman KİV-ləri bu barədə
heç bir məlumat verməmişdir.
Görünür, heç
yerdə yayılmayan məlumatı vəcdlə
təkzib edən
PanARMENİAN.net agentliyi "xarab olmuş telefon" xəstəliyindən
əziyyət çəkir.
Almaniyanın Azərbaycan
icması Berlinin gediş-gəlişdən uzaq
ucqarında yerləşən
Ermənistan səfirliyi
qarşısında heç
bir aksiya keçirməyi planlaşdırmamışdı.
Azərbaycan KİV-lərinin
heç biri erməni diplomatik missiyası qarşısında
nəzərdə tutulan
və ya keçirilən piket barədə xəbər yaymamışdır. PanARMENİAN.net agentliyinin tələm-tələsik
təkzib etdiyi bu yalan informasiyanı
haradan götürdüyü
məlum deyildir.
Ermənilərin Xocalıda
törətdiyi cinayətlərlə
əlaqədar başqa
kütləvi tədbirlərin
planlaşdırılması barədə isə əvvəlcədən KİV-lərdə
məlumat verilmiş və bu tədbirlər
uğurla keçirilmiş,
mətbuatda geniş işıqlandırılmışdır. Məsələn, fevralın
26-da saat 15:00-da Almaniya
paytaxtının mərkəzindəki
Kayzer Vilhelm kirxası qarşısında,
gediş-gəliş çox
olan Kurfürstendamm prospektində Xocalı soyqırımının ildönümü
ilə əlaqədar
ikisaatlıq mitinq keçirilmişdir. Tədbiri
Almaniya Azərbaycanlılarını
Əlaqələndirmə Mərkəzi,
Almaniya-Azərbaycanın həmrəyliyi
cəmiyyəti və
"Almaniyada Azərbaycan
evi" təşkil etmişdi. Erməni silahlı dəstələrinin
insanlığa qarşı
törətdiyi cinayət
və Ermənistanın
1949-cu il Cenevrə Konvensiyasının müddəalarını
pozduğunu alman ictimaiyyətinin diqqətinə
çatdırmaq məqsədi
ilə şəhər
sakinlərinə sənədli
sübutlar - amansızcasına
qətlə yetirilmiş
uşaqların, qadınların
və qocaların fotoşəkilləri təqdim
olunmuşdur. Masalarda müxtəlif dillərdə
çap olunmuş və "miatsum" ideyasının təhrikediciləri
və icraçılarının
cinayətlərindən bəhs
edən çoxsaylı
mətbu materialları
düzülmüşdü.
Mitinqdə Almaniya Azərbaycanlılarını Əlaqələndirmə
Mərkəzinin icraçı
direktoru Samirə Patser-İsmayılova, Almaniyada
Azərbaycan evinin rəhbəri Tofiq Qarayev çıxış
edərək, ermənilərin
zaman-zaman Azərbaycanda
törətdiyi vəhşiliklərdən
danışmışlar.
Berlin sakinləri
piketçilər qarşısında
dayanaraq plakatları oxuyur, qətlə yetirilmiş xocalılı
qadınların, qocaların
və uşaqların
fotoşəkillərinə baxır, kitabçaları
və mətbu materialları götürür,
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
mahiyyəti, Avropada
"Azərbaycan Srebrenisası"
kimi tanınan Xocalı soyqırımı
ilə əlaqədar
suallar verirdilər. Xeyli kənarda dayanıb aksiya iştirakçılarına etiraz
etməyə cəhd göstərən üç
erməni də baş verənlərə
maraq göstərirdi,
lakin onlar Krılovun təmsilinin qəhrəmanı olan qızcığazı xatırladırdılar.
Elə həmin
günün axşamı
Almaniya Azərbaycanlılarını
Əlaqələndirmə Mərkəzində
Xocalı faciəsinin
ildönümünə həsr
edilmiş daha bir tədbir keçirilmişdir. Əvvəlcə
"Xocalı soyqırımı"
sənədli filmi göstərilmişdir. Azərbaycanın
AFR-dəkı səfiri
Pərviz Şahbazov, Bundestaqın deputatı
Eduard Lintner, Azərbaycan
Respublikasının Diaspor
ilə İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev tədbirdə çıxış
etmişlər. Tədbirin
aparıcısı S.Patser-İsmayılova
İslam Konfransı Təşkilatının Dialoq
və Əməkdaşlıq
Naminə Beynəlxalq
Forumunun mədəniyyətlərarası
dialoq üzrə baş əlaqələndiricisi
Leyla Əliyevanın təşəbbüsü ilə
həyata keçirilən
"Xocalıya ədalət"
informasiya kampaniyasının
yeni saytını təqdim etmişdir.
Nəhayət, Almaniya
KİV-lərinin Xocalı
ilə bağlı tədbirlərə "etinasız
yanaşması" barədə.
Martın 2-də Diaspor
ilə İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və Azərbaycan-Almaniya Forumunun prezidenti Otto Hauzer Almaniyanın "Kanal Avropa" telekanalının birbaşa
efirində çıxış
etmişlər. V.Hacıyev
çıxışında Almaniya auditoriyasına erməni silahlı birləşmələrinin Xocalının
dinc əhalisinə qarşı törətdiyi
qanlı cinayətlərdən
danışmışdır.
Həmin gün V.Hacıyev Almaniyanın populyar "FOX" telekanalı
ilə yarım saatlıq çıxışında
Ermənistanın Azərbaycana
qarşı təcavüzündən
və münaqişənin
yalnız təcavüzkar
dövlətin Azərbaycanın
işğal olunmuş
ərazilərini dərhal
azad etməsi yolu ilə həllinin
vacibliyindən danışmışdır.
Almaniyadakı Azərbaycan
diasporunun ermənilərin
Xocalıdakı cinayətlərinin
ildönümü ilə
əlaqədar təşkil
etdiyi tədbirlər bunlardır. Tədbirlər
ilbəil daha geniş miqyas alacaqdır. Deməli, ermənilərin də özlərinin yaydıqları
yalanları təkzib etmək üçün
"imkanları geniş"
olacaqdır.
Vüqar Seyidov,
AzərTAc-ın xüsusi müxbiri
Berlin
Azərbaycan.-2009.-5 mart.-S.6.