Naxçıvan buzxanası
Orta əsrlərdən bütün
Şərq aləmində
məşhur olan Naxçıvan memarlıq
məktəbi təkcə
öz dövrlərinin
görkəmli şəxsiyyətlərinin
xatirəsinə ucaldılan
türbələri - Mömünə
xatun, Yusif Küseyiroğlu, Gülüstan,
Qarabağlar abidələri
ilə öyünməyib. Bu sırada dini binalar, mülki memarlıq abidələri
də önəmli rol oynayır. Həmin abidələr də xalqımıza məxsus olan çoxəsrlik dövlətçilik ənənələrinin
canlı yadigarlarına
çevrilib. Ümummilli lider
Heydər Əliyevin sözləri ilə desək, bu abidələr təkcə
memarlığın yox,
həm də dövlətçiliyimizin nə
qədər dərin köklərə malik olduğunu göstərir.
"Naxçıvan ərazisində
həddindən çox
dünya miqyaslı memarlıq abidəsi var. Onların hər biri Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənənələrini
göstərən abidələrdir"-
deyən ulu öndər böyük təəssüflə onu
da qeyd etmişdir
ki, hələ də bunlar haqqında sanballı tədqiqatlar hazırlanmayıb. Amma nə
yaxşı ki, ötən illər ərzində böyük
öndərin bu arzusu da artıq
reallaşıb. "Naxçıvan
Muxtar Respublikası ərazisindəki tarixi və mədəniyyət
abidələrinin qorunması
və pasportlaşdırılması
işinin təşkili
haqqında" muxtar respublika Ali Məclisi sədri Vasif Talıbovun imzaladığı
sərəncam əsasında
isə 1157 abidə qeydə alınıb, onlardan 555-i dünya və ölkə əhəmiyyətli abidədir.
Azərbaycan Milli Elmlər Akademiyasının
Naxçıvan Bölməsi tərəfindən
"Naxçıvan abidələri"
ensiklopediyasının nəşr olunması ən vacib və
gərəkli işlərdən biri olub.
Bir vaxtlar məxsus
olduğu dövrlərin xeyirxah və imkanlı adamları tərəfindən
inşa olunan bu tikililər - çoxaşırımlı və
təkaşırımlı körpülər, karvansaralar,
yeraltı hamamlar, bazar kompleksləri və digər obyektlər
də tariximizin doğru-dürüst tədqiqində qiymətli
mənbələrdir. Orta əsr səyyahları da öz əsərlərində
bu abidələr haqqında heyranlıqla danışıblar.
Övliyə Çələbi divarları,
salon döşəməsi müxtəlif rəngli yəşəm
mərməri və qranit tavalarla örtülən Zal-paşa
hamamından söz salarkən hətta belə bir ifadə də
işlədib ki, "Naxçıvan özünün
hamamları ilə bütün Şərqdə şöhrət
qazanmışdır". Müəllif
İranın şəhərlərindəki hamamlarla müqayisədə
də üstünlüyü buradakı obyektlərə verib.
Bunu burada suyun keyfiyyəti və xidmətin
yüksək səviyyəsi ilə əlaqələndirib.
Mülki memarlıq abidələri sırasına daxil olan və ölkə əhəmiyyətli sayılan obyektlərdən biri Naxçıvan şəhərindəki Buzxana abidəsidir. O abidə ki, bu təmayüldə ölkəmizdə qeydə alınan ən böyük tikilidir. 20 metr uzunluğunda və 8 metr enində olan bu abidə ilk baxışdan bir mərtəbəli binanı xatırlatsa da, onun ümumi hündürlüyü 9,6 metrdir. Dam örtüyünün üzərində isə altı kiçik günbəz ucaldılıb.
Başlıca məziyyəti heç də onun böyük ölçülərə malik olmasında deyil. Memar, mütəxəssis dili ilə desək, yüksək texniki səviyyədə kərpicdən qurulmuş örtük konstruksiyasının mükəmməl həlli, naturada tikilməsi, bina örtüyünün uzununa yüngül və dinamik konstruksiya sxemi üzərində yaradılması abidənin səciyyəvi cəhətlərindəndir. Təxminən hər üç metrdən bir qurulan çatmavari tağlararası boşluq çatma tağbəndlərlə örtülüb. Kərpic hörgü cərgələri yükdaşıyan tağlara nisbətən şaquli vəziyyətdə yerləşdirilib. Binanın örtük hissəsinin kərpic hissələrindən göründüyü kimi, tağların yuxarı hissəsində tağbəndlərin konstruksiyası dəyişir və onlar balaca tağbəndlərlə tamamlanır. Balaca tağbəndlər isə binanın əsas oxu boyu yerləşdirilib.
Onu da qeyd edək ki, bu cür oxşar konstruksiyadan Ordubad şəhərindəki Buzxanada da istifadə olunub. Hətta o dövrdə Təbriz və Ərdəbildə inşa olunan bazar komplekslərinin örtülü keçidləri də bunun oxşarıdır. Bu da, ilk növbədə XII-XIV əsrlərdə mövcud olan Naxçıvan memarlıq məktəbinin geniş əhatə dairəsi ilə bağlı olub. Heç şübhəsiz ki, bu məktəbin təməli də ondan bir qədər əvvəl, daha doğrusu XI əsrin ortalarında, Alp Arslanın hakimiyyəti dövründə qoyulub. Haqqında söhbət açdığımız Buzxana kompleksi də regionda ticarət məqsədi ilə inşa olunan obyektlərdən biri olub.
Obyektin inşa tarixi barədə söylənilən mülahizələr bir qədər fərqlidir. Tədqiqatçıların bir qisminin fikrincə, o, orta əsrlər Naxçıvan memarlıq məktəbinin inkişaf etdiyi və çicəkləndiyi dövrdə inşa olunub. O dövrdə ki, Naxçıvan Atabəylər-Eldəgizlər dövlətinin paytaxtı olduqdan sonra bu şəhər bədii-memarlıq mərkəzi kimi də xeyli təşəkkül tapıb. Həmin dövrdə bölgədə mövcud olan Naxçıvan, Culfa və Ordubad şəhərləri Yaxın və Orta Şərqdə böyük ticarət və sənət mərkəzləri kimi şöhrət qazanıblar. XIV əsrdə məşhur olan Təbriz minatür sənəti də elə bu məktəbdən qaynaqlanıb.
Azərbaycan memarlığında Naxçıvan məktəbi abidələrinin yorulmaz tədqiqatçılarından olan akademik Ə.Salamzadə ilə sənətşünaslıq doktoru K. Məmmədzadənin qənaətləri bundan ibarət olub ki, Buzxana obyekti də XIV əsrin əvvəllərində inşa olunub. Amma onun XVII əsrdə Şah Abbasın hakimiyyəti dövründə inşa olunduğunu deyənlər də vardır. O ki qaldı bu buzxanadan, necə və hansı məqsədlə istifadə olunmasına, bu barədə Naxçıvan Elmi-Bərpa İstehsalat İdarəsinin direktoru, muxtar respublikanın əməkdar memarı Arif Əzizovun dedikləri də maraqlıdır. Onun fikrincə, tarixən buzxanalar çay kənarlarında inşa olunub. Qışın sərt şaxtalarında çayın suyu həmin obyektin qarşısındakı xüsusi meydançada dondurulduqdan sonra iri parçalar şəklində doğranıb binanın yerin səthindən dörd-beş metr aşağıda olan buzxana hissəsinə yığılardı. Havalanma sisteminin düzgün qurulması isti yay günlərində buz ehtiyatından səmərəli istifadə etməyə imkan verərdi. Ondan daha çox ticarətdə, ərzaq məhsullarının saxlanılmasında və digər məqsədlər üşün istifadə olunardı.
Böyük ədib, yazıcı-demokrat Mirzə Cəlilin uşaqlıq və yeniyetməlik dövrünün təəssüratları altında qələmə aldığı "Buz" hekayəsindən də aydın olur ki, XIX əsrin axırları, XX əsrin əvvəllərində də Naxçıvan şəhərinin bazarlarında, küçə və meydanlarında buz satışı təşkil olunardı və adamlar ondan müxtəlif məqsədlər üçün istifadə edərdilər. "Hər bir yay fəsli küçələrdə arabalarda, buz sallarını görəndə, bir tərəfdən o buzu şampanskilərə və ləzzətli marojnalara işlədən xoşbəxtlər gözümün qabağına gəlir" - deyən müəllif onu da bildirir ki, bu nemətdən - "ağ və təmiz duru buz kərpiclərindən" təbabətdə də geniş istifadə olunurmuş.
Son illərdə muxtar respublikada aparılan genişmiqyaslı quruculuq tədbirləri memarlıq abidələrini də öz ağuşuna alıb. Naxçıvan Buzxana kompleksində aparılan bərpa və təmir işləri onu uçub-dağılmaq təhlükəsindən xilas edib. Səkkiz il bundan əvvəl Naxçıvandakı Elmi-Bərpa İstehsalat İdarəsinin bərpaçı mütəxəssisləri insafən bu sənət əsərinin ruhunu və nəfəsini düzgün duyaraq onun əvvəlki görkəmini qaytara biliblər. Bununla yanaşı, obyektin həyətində də xeyli həcmdə abadlıq işləri görülüb. Cari ildə də həmin obyektdə bərpa və təmir işlərinin aparılması nəzərdə tutulub. Bu dəfə "Dizayn" MMC-nin inşaatçıları abidənin dam örtüyündə müəyyən tədbirlər həyata keçirəcəklər.
Məmməd Məmmədov
Azərbaycan.-2009.-5 mart.-S.7.