Təsviri sənətimizin
vurğunu
Ömrümün ixtiyar çağını
yaşasam da, sevdiyim sənətdən,
pedaqoji fəaliyyətimdən
hələ də ayrılmamışam. Amma həmkarlarımı, dostlarımı görməyəndə
sanki dincliyim ərşə çəkilir.
Onlardan biri də görkəmli
sənətşünas alim,
əməkdar incəsənət
xadimi Mürsəl Nəcəfov idi. Hər gün emalatxanama gələndə istər-istəməz
ayaq saxlayır, vaxtı ilə onun yaşadığı
mərtəbəyə baxıram.
Xeyirxah tövsiyələri, məsləhətləri,
elmi-publisistik yazıları
ilə gənc və təcrübəli rəssamları yaradıcılığa
ruhlandıran, həvəsləndirən
Mürsəl müəllimi
xatırlayıram.
Mürsəl Nəcəfqulu
oğlu Nəcəfov
90 il əvvəl
Bakı şəhərində
anadan olmuşdu. Orta məktəbi bitirdikdən
sonra Rəssamlıq Texnikumunda oxumuş, oranı fərqlənmə
diplomu ilə başa vurmuşdur. 1936-cı ildən əmək fəaliyyətinə
başlamış, respublika
Nazirlər Sovetində
Təsviri sənət
bölməsinə rəhbərlik
etmişdi. İki ildən
sonra Rəssamlıq Texnikumunun direktoru təyin olunmuş və Rəssamlar İttifaqının məsul
katibi seçilmişdi.
O, sərgilərdən aldığı
təəssüratlarını dövri mətbuatda obyektiv şəkildə dərc etdirirdi. İkinci Dünya müharibəsi onun da arzularını
yarımçıq qoymuşdu.
Könüllü cəbhəyə getmiş, Yuqoslaviyaya qədər döyüş
yolu keçmişdi.
Vətənə "Qırmızı ulduz" ordeni və müxtəlif medallarla qayıtmışdı.
1946-cı ildə M.Nəcəfov Azərbaycan Rəssamlar İttifaqının sədri
seçilir, eyni zamanda Bakı Rəssamlıq Texnikumunun direktoru vəzifəsinə
təyin olunur. İşinin
çoxluğuna baxmayaraq
o, ali təhsil
almağı da unutmur. İ.Repin adına Leninqrad
(indiki Sankt-Peterburq) Rəssamlıq İnstitutunun
nəzəriyyə və
incəsənət fakültəsini
bitirdikdən sonra İncəsənət Muzeyində
şöbə müdiri
və elmi katib işlədi. 1962-ci ildə elmlər
namizədi, yeddi ildən sonra isə elmlər doktoru alimlik dissertasiyasını yüksək
səviyyədə, uğurla
müdafiə etdi.
1972-ci ildə Azərbaycan Memarlıq və İncəsənət
İnstitutunun təsviri
sənət kafedrasının
müdiri seçildi və ömrünün sonuna kimi həmin
vəzifədə çalışdı.
Mürsəl Nəcəfov istedadlı sənətşünas, təsviri
sənəti varlığı
qədər sevən ziyalı idi. 1954-cü ildən onun resenziyaları, məqalələri,
kitabları Bakıda,
Moskvada və digər şəhərlərdə
dərc edilmişdir.
O, televiziya və radio
üçün yüzlərlə
ssenari yazmış, təsviri sənətə
həsr olunan verilişlərin çoxunun
aparıcısı, ön
söz deyəni olmuşdu. 1970-ci ildən
onun diqqəti, qayğısı, təşəbbüsü
ilə ekrana çıxan "Palitra"
verilişi dövrün
ən baxımlı və yaddaqalan verilişlərindən biri
olmuşdu. O, "Azərbaycan
Ensiklopediyası" üçün
67 məqalə yazmışdı.
Gərgin əməyi, uğurlu
yaradıcılıq axtarışları
da vaxtaşırı
qiymətləndirilirdi. Əməkdar incəsənət
xadimi fəxri adına layiq
görülmüş, bir
çox mükafat almışdı. Yaradıcılıq, elmi uğurlarına baxmayaraq onu sadə, qayğıkeş
insan kimi tanıyırdılar.
Unudulmaz sənətşünasın
Bəhruz Kəngərli,
Əzim Əzimzadə,
Tahir Salahov, Mikayıl Abdullayev, Vəcihə Səmədova,
Səttar Bəhlulzadə
kimi fırça ustalarının həyat və yaradıcılıqlarından
bəhs edən məqalələri, monoqrafiyaları,
kitabları çap olunmuşdu. Onun "Rəssam və
zaman" toplusu bu gün də
mənim stolüstü
kitabımdır. Həmin
kitaba "Ön söz"ü xalq rəssamı Kazım Kazımzadə yazmışdır:
"Gənc nəslin
estetik tərbiyəsində,
dünyagörüşündə incəsənətin mahiyyətini
yüksək qiymətləndirən
sənətşünas, onların
maraqla qarşıladığı,
həvəslə oxuduğu
elmi-kütləvi kitablar
yazır, televiziya və radioda, məktəblərdə, kitabxanalarda
səmimi, mehriban, gələcəyə səsləyən
çıxışlar edir.
Müəllifin "Əsrlərdən
xatirə", "Gözəllik
aləminə səyahət"
kitabları kimi "Rəssam və zaman"da yeniyetmələri,
gəncləri dünya
incəsənətinin kamil
nümunələri, inciləri
ilə tanış edir. Şübhə yoxdur ki, sadə, anlaşıqlı
dildə yazılmış
bu məqalə və oçerklər gələcək nəsillərin
də dünyagörüşlərinə
müsbət təsirini
göstərəcəkdir".
Dostum, görkəmli
fırça ustası,
dünya şöhrətli
Tahir Salahovdan eşitdiyim bu fikir heç yadımdan çıxmır:
"Vaxt çatanda
biz hamımız işıqlı
dünyadan ayrılacağıq.
Unudulanlar da olacaq, könüllərdə,
xatirələrdə yaşayanlar
da. Məsələn,
mən həmişə
can deyib, can eşitdiyim
Mürsəl Nəcəfovu
bu dünyada unutmamışam. O, nümunə
göstəriləsi şəxsiyyət
idi". Belə duyumlu, xoş, səmimi deyimlər çox eşidilir. Peşəkar sənətşünas
xeyli müddətdir ki, işıqlı dünyadan ayrılıb. Özünün, pedaqoji fəaliyyətinin, elmi-publisistik
yazılarının yeri
boş qalıb. Amma Mürsəl Nəcəfov yaddan çıxmır, təsviri
sənətin qayğıkeşi
olduğu üçün
daim ehtiramla yad edilir.
Rafiq Mehdiyev
xalq rəssamı
Azərbaycan.-2009. 5 mart.-S.7.