MDU-nun Bakı filialının
açılması Azərbaycan-Rusiya əlaqələrinə
yeni töhfədir
Beynəlxalq
münasibətlər sistemində özünəməxsus
yeri və çəkisi olan Rusiya ilə ölkəmiz
arasında diplomatik münasibətlər 1992-ci ilin aprelində
qurulsa da, ilkin dövrlərdə xarici siyasətdə
buraxılan kobud səhvlər bu ölkə ilə münasibətlərin
normal məcrada inkişafını əngəlləmişdi. 1993-cü ildə
ulu öndər Heydər Əliyev hakimiyyətə
qayıtdıqdan sonra Azərbaycanın xarici siyasət kursunda
etdiyi əsas kardinal dəyişikliklər əvvəlki
iqtidarların dövründə yol verilmiş kobud səhvlərin
aradan qaldırılmasına və milli maraqlardan
çıxış etməklə qonşu dövlətlərlə,
o cümlədən Rusiya ilə münasibətlərin
yaxşılaşdırılmasına nail olundu.
Heydər Əliyev
böyük uzaqgörənliklə rəsmi Bakı ilə
Moskva arasında yaranmış siyasi gərginliyi aradan
qaldırdı. Ulu öndərin siyasi müdrikliyinin nəticəsi
olaraq Rusiyanın Azərbaycana qarşı kəskin münasibəti
dəyişdi, hər iki tərəf üçün
qarşılıqlı anlaşmaya əsaslanan faydalı tərəfdaşlığın
və normal münasibətlərin əsası qoyuldu. Sonrakı illərdə iki dövlət arasında bərabərhüquqlu
prinsiplər üzərində qurulan əlaqələr daha da
möhkəmləndirildi. Tezliklə Rusiyanın Azərbaycanla
bağlı mövqeyində dəyişikliklər
özünü bir sıra məsələlərdə
büruzə verdi. "LUKoyl"
neft şirkətinin "Əsrin müqaviləsi"nə
qoşulması Rusiyanın ölkəmizin yeni neft
strategiyasına münasibətinin göstəricisi idi. Ulu öndər Heydər Əliyev 1994-cü ilin
noyabrında Moskvaya işgüzar, 1997-ci ilin iyulunda isə rəsmi
səfər etmişdi. Bu səfərlər
zamanı iki ölkə arasında siyasi, iqtisadi və digər
sferalarda əlaqələrin inkişafına xidmət edən
sənədlər, o cümlədən "Dostluq, əməkdaşlıq
və təhlükəsizlik haqqında" müqavilə
imzalanmışdı.
Rusiyada Vladimir
Putinin hakimiyyətə gəlməsindən sonra iki dövlət
arasında münasibətlərin daha da möhkəmləndirilməsi
istiqamətində yeni mərhələnin əsası qoyuldu. Vladimir Putinin 2001-ci ilin
yanvarında Azərbaycana, bir il sonra isə ulu öndər
Heydər Əliyevin Rusiyaya səfər etməsi, iki ölkə
arasında müxtəlif sahələrə dair sənədlərin
imzalanması yüksələn xətlə inkişaf edən
münasibətlərin daha da dərinləşməsinə təkan
verdi, dövlətlərarası əlaqələrdə yeni səhifələr
açdı. Hər iki ölkənin
qarşılıqlı əlaqələrə böyük
maraq göstərməsi nəinki siyasi, o cümlədən
iqtisadi, mədəni, humanitar və digər istiqamətlərdə
əməkdaşlığın dönməzliyinin təməlini
qoydu. Azərbaycan və Rusiya arasında
diplomatik əlaqələrin on illiyi münasibətilə
Bakıda Aleksandr Puşkinin, Sankt-Peterburqda isə Nizami Gəncəvinin
heykəlinin qoyulması Heydər Əliyevin Rusiya ilə
bağlı siyasətinin uğurlarından xəbər
verirdi.
Hazırda
özünün iqtisadi və geostrateji üstünlüklərindən
yararlanmaqla yüksək inkişaf fazasına qədəm qoyan
və Cənubi Qafqazın lider dövlətinə çevrilən
Azərbaycan Rusiya ilə münasibətlərin
yaxşılaşmasına böyük önəm verir. Xarici siyasətdə
Heydər Əliyev tərəfindən əsası qoyulmuş
və milli maraqlara söykənən diplomatik əlaqələri
böyük məharətlə davam etdirən Prezident
İlham Əliyev dünyanın geosiyasi prinsiplərinin
formalaşmasına təsir göstərmək imkanları
olan Rusiya ilə münasibətlərin daha da möhkəmlənməsinə
və genişlənməsinə böyük diqqət yetirir.
Təsadüfi deyil ki, cənab İlham Əliyev
birinci prezidentliyi dövründə ilk rəsmi səfərlərinin
birini Rusiya Federasiyasına etmişdi. Prezident İlham Əliyev
Vladimir Putinlə görüşdə Azərbaycanla Rusiya
arasında ikitərəfli münasibətlərin
bütün sahələrdə uğurla inkişaf etdiyindən
danışaraq bildirmişdi: "Bizim yaxsı siyasi əlaqələrimiz,
ikitərəfli məsələlərdə, regional əməkdaşlıq
məsələlərində tam qarşılıqlı
anlaşmamız var, bir çox beynəlxalq problemlərdə
mövqelərimiz uyğun gəlir. Azərbaycan
Rusiyanın strateji tərəfdaşıdır və biz bu
strateji tərəfdaşlığa sadiqik. Mən bu xətti davam etdirəcəyəm".
Azərbaycan Prezidenti
İlham Əliyevin Rusiya Federasiyasına rəsmi və
işgüzar səfərləri, 2006-cı ildə Rusiya Prezidenti
Vladimir Putinin, həmçinin Rusiyanın dövlət rəsmilərinin
Azərbaycana rəsmi səfərləri ikitərəfli
münasibətlərə təsirsiz ötüşməmişdir.
Bu səfərlərin müsbət nəticələri
özünü təkcə siyasi sferada göstərməmişdir.
İki ölkə arasında əmtəə
dövriyyəsinin həcminin qısa zaman kəsiyində əhəmiyyətli
dərəcədə artımı iqtisadi əlaqələrin
də yüksək səviyyədə olmasının əyani
təsdiqidir. Təkcə ötən il
iki ölkə arasında əmtəə dövriyyəsinin
artımı 50 faizdən çox olmuşdur. Bütün
bunlar onu göstərir ki, iki ölkə arasında münasibətlər
qarşılıqlı maraqlar, dostluq, mehriban qonşuluq əsasında
qurulursa və bu münasibətlər
proqnozlaşdırıla bilirsə, iqtisadi inkişafla
bağlı bütün məsələlər də
uğurla həll edilir.
2008-ci ildə
Rusiya Federasiyasının yeni Prezidenti seçilən Dmitri Medvedev
ilk xarici səfərlərindən birini Azərbaycana edib. Ötən il
iyulun 4-də Azərbaycana rəsmi səfərə gələn
Rusiya Prezidenti Dmitri Medvedevin Prezident İlham Əliyevlə
görüşündə iki ölkə arasında
münasibətlərin dostluq, mehriban qonşuluq və strateji əməkdaşlıq
prinsipinə əsaslandığı bir daha bəyan olunub. Həmçinin, Azərbaycanın Qafqazda Rusiya
üçün strateji tərəfdaş olduğu
vurğulanıb.
Xatırladaq ki, ötən
ilin noyabrında Bakıda keçirilən "Azərbaycan
XXI əsrdə - uğurun strategiyası" mövzusunda beynəlxalq
"dəyirmi masa"nın gündəliyinin
bir hissəsi Azərbaycan-Rusiya münasibətlərinə həsr
olunmuşdu. 2008-ci il noyabrın 20-də "dəyirmi
masa" iştirakçılarını qəbul edən
Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycanla Rusiya
Federasiyası arasında ikitərəfli münasibətlər
mehriban qonşuluq, strateji tərəfdaşlıq prinsiplərinə
əsaslanır və dinamik şəkildə inkişaf etməkdədir.
Azərbaycan-Rusiya münasibətləri ölkələrimiz
üçün vacib olduğu qədər Qafqaz və Xəzər
regionunun inkişafında da əhəmiyyətli rol
oynayır. Dövlət başçısı
iki ölkə arasında ikitərəfli münasibətlərin
gələcəkdə də uğurla inkişaf edəcəyini
söyləyərək demişdi ki, bunun üçün hər
iki ölkə rəhbərliyinin güclü siyasi iradəsi
və dövlətlərarası möhkəm hüquqi baza
mövcuddur.
İndiyədək
Azərbaycanla Rusiya arasında bütün sahələri əhatə
etməklə yüzdən artıq sənəd imzalanıb.
Azərbaycan-Rusiya
əlaqələri siyasi, iqtisadi və digər sferalarda
olduğu kimi, mədəni və humanitar sahələrdə də
ürəkaçandır. Bu istiqamətlərdə
münasibətlər son illərdə yüksələn xətlə
inkişaf etmişdir. Qeyd etdiyimiz kimi, hələ
diplomatik əlaqələrin 10 illiyi münasibətilə
Bakıda Aleksandr Puşkinin, Sankt-Peterburqda isə Nizami Gəncəvinin
heykəlləri qoyulmuşdur. 2005-ci ildə Rusiyada
"Azərbaycan ili"nin və 2006-ci ildə
Azərbaycanda "Rusiya ili"nin keçirilməsi iki
ölkə arasında qarşılıqlı anlaşmaya əsaslanan
münasibətlərin yüksək səviyyədə
olduğunu bir daha göstərmiş oldu. Bu,
ölkələrimiz arasında mədəni əlaqələri
daha da genişləndirməklə bərabər, ikitərəfli
tərəfdaşlığın daha da dərinləşməsinə
yol açdı.
Azərbaycanda
yerli rus icmasına yüksək tolerant münasibət
mövcuddur. Təsadüfi deyil ki, Cənubi Qafqaz rusları təşkilatlarının
regional konfransı 2007-ci ilin aprelində Azərbaycanda
keçirilmişdi. O zaman konfrans
iştirakçılarını qəbul edən Azərbaycan
Prezidenti İlham Əliyev bu tədbirin məhz Azərbaycanda
keçirilməsinin Azərbaycan-Rusiya münasibətlərinə
xidmət etdiyini, Cənubi Qafqazda ən böyük rus
icmasının Azərbaycanda yaşamasını əlamətdar
hal hesab etdiyini bildirmişdi. Azərbaycanda rus
icmasına olan xoş münasibətdən Rusiya rəsmiləri
də dəfələrlə öz razılıqlarını
ifadə ediblər.
Rusiya ilə mədəni və
humanitar əlaqələrin genişlənməsində Heydər
Əliyev Fondunun əvəzsiz xidmətləri var. 2006-cı il fevralın 1-də Heydər Əliyev Fonduna
Rusiyanın Puşkin kitabxanası fondundan 2 minə yaxın
kitabın hədiyyə edilməsi münasibətilə tədbir
keçirilmişdi. Tədbirdə çıxışı
zamanı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva bildirmişdi: "Biz bu
gün, şübhəsiz ki, Azərbaycanla Rusiya arasında mədəni
körpü olan böyük rus mədəniyyətini əhatə
edən məkanı saxlamağa nail olduğumuz
üçün fəxr edirik". Mehriban
xanım Əliyeva Azərbaycanın keçmiş sovet məkanında
rus dilində təhsilin kifayət qədər böyük həcmdə
saxlanıldığı yeganə dövlətlərdən
biri olduğunu, ölkəmizdə praktiki olaraq bütün
slavyan dillərində mütəxəssislər hazırlayan
Bakı Slavyan Universitetinin fəaliyyət göstərdiyini də
diqqətə çatdırmışdı.
2006-cı il
iyulun 5-də isə Heydər Əliyev Fondunun kitab nəşri
ilə bağlı daha bir layihəsinin təqdimat mərasimi
keçirilmiş, Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə müxtəlif elm sahələrinə aid Rusiyada nəşr
olunmuş 4 mindən artıq kitab respublikamızın məktəblərinə
hədiyyə edilmişdir.
İki ölkə
arasında təhsil sahəsində uzun müddətdir ki,
uğurlu əməkdaşlığın əsası
qoyulmuşdur.
Hələ 2002-ci ilin fevral ayında iki ölkənin
təhsil nazirlikləri arasında imzalanmış əməkdaşlıq
protokolu tələbə mübadiləsinin inkişafına
yeni təkan vermişdir. İmzalanmış sənəd
çərçivəsində Rusiya tərəfi bu ölkənin
ali məktəblərində Azərbaycan
vətəndaşlarının dövlət xətti ilə təhsil
almaları üçün hər il müəyyən sayda
yer ayırır. Azərbaycanlı tələbələr
Moskvanın müxtəlif nüfuzlu ali təhsil ocaqlarında
- M.V.Lomonosov adına Moskva Dövlət Universitetində, Moskva
Maliyyə Akademiyasında, Rusiya Dövlət Tibb Universitetində,
D.Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetində,
İ.M.Qubkin adına Dövlət Neft və Qaz
Akademiyasında, Moskva Dövlət Cihazqayırma və
İnformatika Akademiyasında, G.V.Plexanov adına Rusiya
İqtisadiyyat Akademiyasında, İ.M.Seçenov adına
Moskva Tibb Akademiyasında və digər universitetlərdə təhsil
alırlar.
Bu günlərdə
ölkəmizdə Rusiya ilə təhsil sahəsində
münasibətlərin genişlənməsinə xidmət edən
növbəti addım atıldı. Bakıda M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin filialının rəsmən
açılışı oldu. Xatırladaq ki,
MDU-nun Bakı filialının açılması barədə
sərəncam ötən ilin yanvarında Prezident İlham Əliyev
tərəfindən imzalanıb. İkitərəfli
humanitar əlaqələrin inkişafı baxımından vacib
əhəmiyyət daşıyan bu sərəncama əsasən
MDU-nun Bakı filialının açılması istiqamətində
zəruri olan bütün tədbirlər
görülmüş, onun maddi-texniki bazasının
yaradılması tam təmin edilmişdir. Hazırda
filialda 3 fakültə - filologiya, kimya və tətbiqi riyaziyyat
fakültələri fəaliyyət göstərir. Burada tədris prosesi MDU-nun proqramları əsasında
qurulmuşdur. Məşğələlər, əsasən,
dünyada ən nüfuzlu ali məktəblərdən
biri olan bu universitetin professor-müəllim heyəti tərəfindən
aparılır. Açılış mərasimində
iştirak edən Prezident İlham Əliyev MDU-nun Bakı
filialının fəaliyyətə başlamasını
böyük siyasi hadisə kimi dəyərləndirib: "Bu,
ölkəmizin həyatında həqiqətən
böyük hadisədir. Mən çox
şadam ki, bu bina yaxşı təmir edilmişdir və indi
bütün müasir tələblərə cavab verir. Əlbəttə, ən başlıcası odur ki,
burada təhsil MDU standartları səviyyəsində
olacaqdır. Bu, ən
başlıcasıdır. Biz çox
şadıq ki, MDU-nun professorları, müəllimləri
buraya gəlir, məşğələlər aparırlar.
Bu, hər cəhətdən çox yaxşı hadisədir:
həm təhsil baxımından, həm də ölkələrimiz
arasında iqtisadi münasibətlər baxımından. Mən
çox şadam ki, Azərbaycanda daha bir ali
məktəb yaranmışdır və ümid edirəm ki,
o, aparıcı ali məktəblərdən birinə
çevriləcəkdir".
Bakıda M.V.Lomonosov adına MDU-nun filialının
açılışında Rusiya Prezident
Administrasiyasının rəhbəri Sergey Narışkin
başda olmaqla böyük nümayəndə heyəti
iştirak edib. Sergey Narışkin
çıxışında MDU-nun Bakı filialının
açılmasının Azərbaycan və Rusiya
Federasiyası ilə yanaşı həm də MDB
üçün əlamətdar hadisə olduğunu bildirib.
Onun sözlərinə görə, 2009-cu il
MDB-də "Gənclər ili" elan edilmişdir. MDU-nun
filialının açılışının da "Gənclər
ili"nə müəyyən mənada dəxli var. MDU-nun
Bakı filialının yaradılması üçün
Prezident İlham Əliyevin göstərdiyi dəstəyə
görə təşəkkürünü bildirən Sergey
Narışkin onu da deyib ki, bu filialın yaradılması iki
ölkə arasında strateji tərəfdaşlıqda
növbəti körpüdür.
MDU-nun Bakı
filialının açılması iki ölkə arasında
təhsil sahəsində münasibətlərin uğurlu
davamı, ən əsası, humanitar sahədə münasibətlərin
genişlənməsinin əyani təsdiqidir. Filialın
açılışında iştirak etmək
üçün Bakıya gələn nümayəndə heyətinin
tərkibində MDU-nun rektorunun, Rusiyanın təhsil və
energetika nazirlərinin və bu ölkənin digər rəsmi
şəxslərinin olmaları həm MDU-nun Bakı
filialının fəaliyyətə başlamasına göstərilən
yüksək diqqətin, həm də rəsmi Moskvanın
ölkəmizlə münasibətlərə son dərəcə
ehtiramla yanaşmasının göstəricisidir.
Rəşad Cəfərli
Azərbaycan.-2009.-6
mart.-S.3.