Prezident İlham Əliyevin Bərdə
və Yevlax rayonlarına səfəri bölgədə
qurub-yaratmaq əzminə yeni təkan verdi
Respublika Prezidenti İlham Əliyev 2009-cu ildə regionlara ilk səfərini Bərdəyə etdi. Dövlət başçısının hər gəlişi rayonda əsl bayrama çevrilir. Bu dəfə də belə oldu. Çünki ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyeviin yeritdiyi müdrik siyasəti bəyənir və birmənalı şəkildə dəstəkləyirlər. Onların yenə deməyə sözləri çox idi.
Ötən beş il ərzində Bərdə dinamik inkişaf yolu keçmiş, sosial-iqtisadi yüksəklikdə böyük nailiyyətlər qazanmışdır. Əhali əzmlə çalışır, həvəslə tikib-qurur, ölkənin məhsul bolluğuna sanballı töhfələr verir. Bərdədə son beş ildə 9337 yeni iş yeri yaradılmışdır. Bu rəqəm həm də rayonda yeni emal və istehsal sahələrinin, müəssisələrin yaradılması, sahibkarlığın inkişafı deməkdir.
Prezident İlham Əliyev Bərdə Müalicə-Diaqnostika Mərkəzinin, tarix-diyarşünaslıq muzeyinin, şəhər musiqi məktəbinin yeni binasının açılış mərasimlərində iştirak etdi, görülən işlərdən razı qaldı, bərdəlilərin qurub-yaratmaq əzmini yüksək qiymətləndirdi.
Bərdə Müalicə - Diaqnostika Mərkəzinin açılışı ölkəmizin böyük bir regionu üçün son dərəcə əhəmiyyətlidir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Dövlət Neft Fondunun vəsaiti hesabına tikilmiş bu sağlamlıq ocağında 260 nəfər çalışacaq.
Rayon ziyalıları Həsən Həsənov:
- Bərdə həmişə ölkənin qabaqcıl rayonları sırasında olub. Ötən əsrin 70-ci illərindəki şöhrəti yenidən qayıdır. Ancaq bu dəfə müasir dövrə uyğun, tamam yeni şəkildə, yeni məzmunda. Onun indiki görkəmi hamını heyran edir. Yeni salınmış park və xiyabanlar, səliqəli küçələr, milli memarlıq üslubunda tikilmiş əzəmətli binalar, qışda da baharı xatırladan yaşıllıqlar göz oxşayır, könül açır. Dövlət başçısının qayğısı və himayəsi ilə bərdəlilər doğma diyarı cənnətə dondəriblər. Şəhər başdan-başa tikinti meydanını xatırladır. İnkişaf illərlə deyil, günlərlə, aylarla ölçülür. Bu gün bünövrəsi qoyulan bina bir neçə aydan sonra istifadəyə hazır olur. Biz müayinə və müalicə üçün daha Bakıya getməyəcəyik. Avropa standartları səviyyəsində qurulmuş, elmin son nailiyyətləri əsasında istehsal edilmiş avadanlıqlarla təchiz olunmuş bu müasir səhiyyə müəssisəsi sağlamlığımızı qorumaq üçün bizə yüksək səviyyədə xidmət göstərəcəkdir. Həm də bütün müayinə və müalicə pulsuz, yəni, dövlət hesabına olacaqdır. Dövlət başçısının tapşırığı əsasında tikilən bu müəssisə bizim üçün həyati əhəmiyyətə malikdir.
Bərdə Müalicə və Diaqnostika Mərkəzinin açılış mərasimində Prezident İlham Əliyev demişdir: "Bərdə Azərbaycanın qədim şəhəridir, qədim torpağıdır və mən çox istəyirəm ki, burada bütün sahələrdə işlər yaxşı getsin. İnsanlar daha da yaxşı yaşasınlar, ən müasir infrastruktur obyektləri tikilsin, insanlara xidmət göstərən bütün müəssisələr yüksək səviyyədə olsun. Bax, deyə bilərəm ki, bu gözəl müalicə-diaqnostika mərkəzi dünyanın ən yüksək standartlarına cavab verir. Dünyanın ən qabaqcıl tibb müəssisələrində quraşdırılmış avadanlıq burada da var. Bəlkə burada daha da müasir avadanlıq quraşdırılıb, çünki bu, yeni bir səhiyyə müəssisəsi, yeni bir diaqnostika mərkəzidir. Bu quruculuq, inkişaf işləri Azərbaycanın hər bir bölgəsində gedir və daha da sürətlə getməlidir."
Prezident İlham Əliyevin Bərdəyə səfəri rayonun mədəni həyatında da əlamətdar yeniliklərlə yadda qalacaqdır. Rayonda tarix-diyarşünaslıq muzeyinin açılışı, şəhər musiqi məktəbinin yeni binasının istifadəyə verilməsi dövlət başçısının iştirakı ilə gerçəkləşmişdir.
Rayon mədəniyyət şöbəsinin müdiri Soltan Həsənov:
- Bərdənin
mədəniyyət işçiləri, ziyalıları,
bütün əhalisi bu günlər ikiqat bayram sevinci
yaşayırlar. Novruzun gəlişi ilə dövlət
başçısının səfəri demək olar ki,
üst-üstə düşüb. Prezident İlham Əliyevin
Bərdəyə budəfəki səfəri bizim
üçün xüsusilə əlamətdardır. Bu tarixi
səfər rayonumuzun mədəni həyatında yeniliklərlə
müşayiət olundu. Ölkəmizin qədim paytaxtı
olan Bərdənin yaşı 3 min ili keçib. Bu fikri rayonda
aparılmış arxeoloji ekspedisiyaların nəticələri
də təsdiqləyir. Muzeydə toplanmış qiymətli və
nadir eksponatlar Qarabağın tarixini saxtalaşdırmağa
çalışan nankor ermənilərə elmi və tarixi əsaslardan
qaynaqlanan ən layiqli cavabdır. Görülən işləri
yüksək qiymətləndirən dövlət
başçısı yeni yaradılmış muzeyi daha da zənginləşdirmək,
tariximizə, mədəniyyətimizə qayğı və
diqqətlə yanaşmaq barədə qiymətli tövsiyələrini
verdi. Prezident İlham Əliyevin göstərişi və Heydər
Əliyev Fondunun dəstəyi ilə tikilən 400 şagird
yerlik musiqi məktəbinin açılışı önəmli
hadisədir. Rayonumuzun mədəniyyət
işçiləri milli memarlıq üslubunda inşa
edilmiş, şəhərimizin yaraşığına yeni
naxış vuran bu musiqi məktəbi üçün
dövlət başçısına və xanımı
Mehriban Əliyevaya minnətdardırlar. Şübhə yoxdur
ki, bu musiqi məktəbində yaradılan şərait yeni
istedadların üzə çıxarılmasında
mühüm amil olacaqdır.
* * *
Yevlaxda da ali
qonaqlar hərarətlə qarşılandı. Bu
rayon da son illər sosial-iqtisadi inkişaf sürətinə
görə öndə gedir. Yevlax sürətlə
sənaye şəhərinə çevrilir. Burada son bir neçə ildə neçə-neçə
fabrik və zavod, iri istehsal və emal müəssisələri
tikilib istifadəyə verilmiş, əhalinin məşğulluğu
təmin edilmişdir. Son beş ildə
rayonda 12 mindən çox iş yeri
açılmışdır. Yevlaxda istehsal
olunan sənaye məhsulları rəqabətə
davamlıdır, beynəlxalq bazarda alıcı problemi ilə
üzləşmir. Keçən il
istehsal edilmiş 12.3 milyon manatlıq sənaye məhsulunun təxminən
yarısı ixrac olunmuşdur.
Yexlaxlılar yaxın keçmişi də yaxşı xatırlayırlar. Cəmi bir neçə il əvvəl əhali Bakıya və başqa qonşu ölkələrə üz tuturdular. Evlərin çoxunun qapısına satıldığı barədə elanlar vurulmuşdu. Mövcud sənaye müəssisələri fəaliyyətini tamamilə dayandırmışdı. Baxımsızlıqdan şəhər bərbad vəziyyətə düşmüşdü. Təbii qaz və elektrik enerjisi fasilələrlə verilirdi. Prezident İlham Əliyev Yevlaxın yüksəlişinə böyük önəm verdi, bölgənin dinamik inkişafını təmin etmək üçün zəruri tədbirlər gördü. Rayona rəhbərliyi gənc və enerjili kadrlara etibar etdi. İndi Heydər Əliyev parkında aparılmış yenidənqurma və bərpa işləri razılıq doğurur. Dövlət başçısı şəhər uşaq xəstəxanasının, Yevlax Xalq Teatrı binasının, şahmat məktəbinin, "EL-TV" regional televiziya şirkətinin açılış mərasimlərində iştirak etdi. Uşaq xəstəxanasının kollektivi ilə görüşündə Prezident dedi: "Mən hər dəfə Yevlaxda olanda, burada yenilikləri görəndə çox sevinirəm. Müxtəlif vaxtlarda Yevlaxda dəfələrlə olmuşam. Son beş il ərzində bu, mənim Yevlaxa üçüncü səfərimdir. 2007-ci ildə son dəfə burada olmuşam və o vaxt dediyim sözlər bu gün də qüvvədədir. Yevlax getdikcə daha da gözəlləşir, daha da müasirləşir, çox gözəl binalar tikilir, çox gözəl abadlıq işləri aparılır. Bax, bu meydan, Heydər Əliyev prospektinin abadlaşdırılması, binaların təmiri - bütün bunlar yəqin ki, sizi də sevindirir, məni də sevindirir. Yevlaxa gələn hər bir vətəndaş bunu görür. Mən çox şadam ki, son illər ərzində Yevlaxda nəinki gördüyümüz bu dəyişikliklər baş verib, eyni zamanda, rayonun iqtisadi potensialı möhkəmlənibdir. Deyə bilərəm ki, son beş il ərzində Yevlax iqtisadi inkişaf baxımından Azərbaycanda ən sürətlə inkişaf edən rayonlardan biridir".
Ömrünün ixtiyar çağını yaşayan, qocaman müəllim Qiyas Quliyev:
- Prezident İlham Əliyevin hər gəlişi Yevlaxda bayrama çevrilir. Biz, yaşlı nəslin nümayəndələri bacarıqlı, yüksək yaradıcılıq qabiliyyətinə malik gənclərimizlə fəxr edirik. Ulu öndər Heydər Əliyev özündən sonra da müstəqil dövlətimizin, Azərbaycan xalqının tərəqqisini, yüksəlişini təmin etmişdir. Xalqın həyat səviyyəsini daim yaxşılaşdırmağı İlham Əliyev uğurla davam etdirir. Biz bunu öz rayonumuzun timsalında aydın görür və qürur duyuruq. Dövlət başçısının hər gəlişi Yevlaxda yeni-yeni sosial obyektlərin, fabrik və zavodların fəaliyyətə başlaması ilə yaddaşlarda qalır. Bu dəfə də ənənə pozulmadı. Şəhərimizdə yeni uşaq xəstəxanası, xalq teatrı, şahmat məktəbi, regional televiziya şirkəti açıldı.
İndi Yevlaxda yaşamaq və işləmək xoşdur. Şəhərimizdəki park və xiyabanlar, qışda da bahar təravətini saxlayan yaşıllıqlar, musiqili fəvvarələr, abadlıq, hər yanda nəzərə çarpan səliqə- sahman könül rahatlığı yaradır. Bizə yol göstərən rəhbər də sağ olsun, onun tövsiyələrini yüksək məsuliyyət hissi və peşəkar yaradıcılıqla icra edənlər də.
Ölkədə qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini Yevlaxın timsalında yüksək qiymətləndirən dövlət başçısı burada yerli sahibkarlığa yaradılan şəraitdən, həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, rayonun sənaye potensialının artmasından da razı qaldı: " Mən ümid edirəm ki, növbəti dəfə Yevlaxa gələndə burada daha yeni gözəl işləri görəcəyəm".
İnanırıq ki, bu, belə də olacaq.
Lazım Quliyev
Azərbaycan.-2009.-6
mart.-S.3.