Vətənpərvərlik və yüksək peşəkarlıq Heydər Əliyev məktəbindən qaynaqlanır

 

Təhlükəsizlik işçisi yüksək mədəniyyətli, keyfiyyətli işçi olmalıdır. Elə bir işçi ki, şairlə də, bəstəkarla da, yazıçı ilə də, alimlə də, adi vətəndaşla da danışa bilsin. Yəni belə səviyyədə olmalıdır. Əgər belə olmasa, o, ağı qaradan, pisi yaxşıdan, cinayəti səhvdən, səhvi cinayətdən ayıra bilməz.

 

Heydər Əliyev,

Azərbaycan xalqının ümummilli lideri

 

Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş Heydər Əliyev özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratdı və ümummilli lider zirvəsinə yüksəldi. Ulu öndərin yaratdığı dövlət idarəçiliyi məktəbi - müstəqilliyimizi qorumaq, vətənə, millətə, xalqa sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlanır.

"Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm". Ulu öndər Heydər Əliyev bu andını 1993-cü ildə müstəqil Azərbaycanın Prezidenti seçildiyi gün xalqına, bütün dünyaya bəyan etdi. Ulu öndərin həyat və fəaliyyətinin elə bir məqamı, elə bir mərhələsi yoxdur ki, onun bu anda sədaqətinin şahidi olmayasan. Və düşünürsən ki, bu şərəfli ömrü yaşamış insan Vətəninə, canı qədər sevdiyi Azərbaycanına, xalqına sədaqət andını öz pak vicdanı qarşısında içib.

Heydər Əliyev xüsusi xidmət orqanlarında fəaliyyətə başladığı gündən güclü məntiqi, dərin siyasi düşüncəsi və uzaqgörənliyi ilə mövcud rejimin zaman-zaman onun millətinin başına açdığı oyunları, sovet rəhbərliyinin bəzi ittifaq xalqlarına ikili standartdan yanaşmasını çox gözəl başa düşdüyündən, hələ gənclik dövründən öz fəaliyyət strategiyasını müəyyənləşdirmişdir. O, həyatda qarşıya qoyulan məqsədlərə çatmaq yolunun daim elm, bilik əldə etmək və öz üzərində çalışmaqdan keçdiyini bildiyindən səy və bacarığını bu istiqamətə səfərbər etmiş və yönəltmişdir.

SSRİ dövlət təhlükəsizlik orqanlarının vəzifə pillələrində Heydər Əliyev kimi irəliləmək hər azərbaycanlıya nəsib olmurdu. O, məhz öz əzmkarlığı, qətiyyəti, ağlı və istedadı ilə istək və arzularına doğru yol açırdı. Bu dahi şəxsiyyətin vəzifə yüksəlişi, atdığı bütün addımlar gizli-aşkar Azərbaycana, doğma xalqına xidmət naminə idi. Ötən əsrin 37-ci illərində repressiya olunmuş Azərbaycan ziyalılar nəslinin ən qabaqcıl nümayəndələrinin bəraət alması, partizan Mehdi Hüseynzadənin "vətən xaini" adı ilə damğalanmasına imkan verməyib, əksinə, ona "Sovet İttifaqı Qəhrəmanı" adının verilməsi, yetişməkdə olan neçə-neçə istedadlı, yaradıcı insanların sovet rejiminin siyasi təqiblərindən qorunması ulu öndərin göstərdiyi misilsiz xidmətlərin yalnız bir hissəsidir.

Ümummilli lider Heydər Əliyev Azərbaycan təhlükəsizlik orqanlarının tarixinə həm də bu vacib strukturun milliləşdirilməsinə nail olmuş və çəkinmədən demək olar ki, XX əsrin ikinci yarısından etibarən tədricən Azərbaycan təhlükəsizlik orqanlarının imkanlarını yeni, milli mənafeyə xidmət istiqamətinə yönəltmiş bir şəxsiyyət kimi də daxil olmuşdur.

Azərbaycanın tarixi keçmişinə böyük diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyev 1997-ci il martın 23-də Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında sərəncam imzaladı. Bu sərəncamla 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin tərkibində xüsusi xidmət orqanı olan kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradıldığı gün peşə bayramı günü elan edildi. Həmin gün münasibətilə 1997-ci il iyunun 28-də Milli Təhlükəsizlik Nazirliyində keçirilən yığıncaqda ümummilli lider bu qurumun tarixi keçmişindən, milli dövlətçilikdəki rolundan və yerindən, burada çalışan insanların qarşısında duran vəzifələrdən çox dolğun nitq və qiymətli fikirlər söylədi. Həmin tarixi nitqində Heydər Əliyev DTK-dakı fəaliyyətinə toxunmuş və bu orqanlarda kadrların milliləşdirilməsindən danışaraq demişdir:

"...1953-cü ilin sonunda mən birdən-birə əks-kəşfiyyat şöbəsinə rəis təyin olundum. Bu, nadir hadisə idi. Nə qədər çətinliklər çəkdim ki, 37-38-ci illərdən, 30-cu illərdən qalmış və Azərbaycana xəyanət etmiş insanlardan - onların da əksəriyyəti azərbaycanlı deyildi, amma içərilərində belə yaramaz azərbaycanlılar da var idi, - bu orqanları xilas edək və yeni, gənc adamlar cəlb edək, orqanlarda sağlamlaşma işi aparaq. Bu, çox çətin oldu...

...1953-cü ildən saflaşma, sağlamlaşma prosesi gedibdir və mən də bu prosesin bilavasitə iştirakçısı, son illərdə də təşkitlatçısı olmuşam..."

Tarixi faktların təhlili göstərir ki, 1953-cü ildən sonra tədricən bu orqanlarda kəşfiyyat, əks-kəşfiyyat və digər başqa sahələrdə çox peşəkar azərbaycanlı kadrlar yetişmiş, inkişaf etmiş və bu orqanlar azərbaycanlılaşmışdır. Ümummilli lider bütün fəaliyyəti boyu bu orqana doğma münasibət göstərmiş, onun uğuruna sevinmiş, qüsur və çətinliklərinə biganə qalmamışdır. Heydər Əliyev ötən əsrin 80-ci illərinin sonunu, 90-cı illərinin əvvəllərini xatırlayaraq deyirdi: "Bu orqanın işində, burada kadrların təlim-tərbiyə, təhsil almasında, böyüməsində, inkişaf etməsində böyük zəhmətlərim olmuşdur. Bu zəhmətlərimə görə mənim üçün çox acı idi, ağır dəhşətli idi ki, 1988-ci ildən başladılar bu orqanı dağıtmağa. Burada hər şeyi dağıtmağa başladılar".

Nə qədər acı olsa da 1980-ci illərin sonlarının reallığı belə idi. Amma dağılan təkcə təhlükəsizlik orqanı deyildi. Çoxlarının çəkindiyi, yenilməz, qüdrətli və sarsılmaz iradəsi qarşısında aciz qaldıqları böyük siyasi fiquru Kremldən uzaqlaşdırandan sonra Azərbaycana bütün istiqamətlərdən hücumlar başladı. Bu, 20 Yanvar hadisələri zamanı da özünü büruzə verdi. Son nəfəsini yaşayan sovet imperiyası tərəfindən azadlıq və müstəqillik mücadiləsinə qalxmış Azərbaycan xalqını "cəzalandırmaq üçün" 1990-cı ilin Qanlı Yanvar faciəsi törədildi. Həmin vaxt respublikada hakimiyyət böhranının mövcudluğu, zəif, səriştəsiz və təcrübəsiz "liderlərin" peyda olması, kütlələr arasında isə ümidsizliyin hökm sürməsi, müəyyən dövlət strukturlarında çalışan bəzi məmurların qorxaqlığı və mərkəzə yarınmaq meyilləri faciənin maneəsiz törədilməsinə imkanlar verirdi.

Təqib və təzyiqlər altında olan, qürbətdə yaşamağa vadar edilən Heydər Əliyev bu məqamda xalqına, Vətəninə qarşı təcavüzə, xəyanətə, işğala dözməyib Moskvadan, imperiyanın baş şəhərindən bütün dünyaya sərt bəyanat verdi. Bu tarixi bəyanat çökməkdə olan imperiya ağalarını, onun Bakıdakı əlaltılarını çox ciddi təşvişə saldı. Azərbaycan xalqı, həmin günlərdə kimsəsizləşmiş millətimiz bu səsi gözləyirmiş kimi yenidən kükrədi, coşdu, öz dahi və qüdrətli oğlunu Vətənə səsləyərək özünə rəhbər istədi...

Zaman hər şeyi yerinə qoydu. Amma bu zamanın axarında min bir əziyyətlə, ağıl və zəka ilə qurulub yaradılanların fərqinə varmadan bir anda dağıdılmasının nə böyük fəlakət olduğunu dərindən anlamaq gərəkdir. Biz bu günlərin canlı şahidləri kimi gerçəklikləri yaxşı xatırlayırıq.

Azərbaycan reallıqlarını, 1993-cü ildəki tam mənzərəni ulu öndərimiz mətbuata verdiyi müsahibədə lakonik açıqlayırdı: "İndi Azərbaycanda vəziyyət belədir: iqtisadiyyat büsbütün dağılmışdır. O ki qaldı ictimai-siyasi vəziyyətə, bundan pisini ağıla gətirmək olmaz".

Həyatda elə anlar, elə tarixi məqamlar olur ki, ictimai-siyasi proseslər nə məntiq, nə də əxlaq qanunlarına uyğun gəlir. Amma Heydər Əliyev bütün bu acı, hiddət və qəzəb doğuran gerçəkliyə öz məntiqi, siyasi dünyagörüşü, müdrikliyi ilə yanaşdı və az bir zaman çərçivəsində məhv olmaq təhlükəsilə üz-üzə qalan, mürəkkəb, ziddiyyətli, psixoloji cəhətdən son dərəcə gərgin hadisələri ustalıqla nəzarət altına aldı və müsbət məcraya yönəltməklə elə idarə etməyə başladı ki, bütün dünyanı heyrətdə qoydu. Xalqımızın min illərdən süzülüb gələn tarixinə, adət-ənənəsinə, mədəniyyətinə əsaslanan təcrübəyə söykənən ulu öndərin idarəçilik fəlsəfəsi sayəsində dağılmaq, parçalanmaq həddində olan Azərbaycanda arzusunda olduğu müstəqil milli dövlətçiliyin əsası qoyuldu və ümummilli lider onu cilaladı, möhkəmləndirdi, əzəmətə gətirdi. O, ölkəni təhdid edən vətəndaş müharibəsinin, qardaş qırğınının, dövlət çevrilişi cəhdlərinin qarşısını aldı, qarşılıqlı ittihamlara, hakimiyyət uğrunda gedən çəkişmələrə, ziddiyyətlərə son qoydu.

"Hamımız üçün bir böyük məfhum var: Azərbaycan Respublikası, Azərbaycan xalqı. Bu məfhum ətrafında hamı sıx birləşməlidir" - deyən ulu öndər bütün o ağır məqamlarda xalqın gücünə arxalanır, millətin ona olan sonsuz inamına bel bağlayırdı.

Bütün bunlarla yanaşı, ümummilli lider müstəqil dövlətçiliyin vacib atributlarından biri kimi milli təhlükəsizlik orqanlarının xalqımızın maraqları və mənafeləri naminə fəaliyyətinin daha da təkmilləşdirilməsi işinə mühüm əhəmiyyət verirdi. "Azərbaycanın dövlət müstəqilliyini qoruyan dövlət atributlarının hər birisi bizim üçün əhəmiyyətlidir. Bunların içərisində Milli Təhlükəsizlik Nazirliyi xüsusi yer tutur". Təbii ki, xüsusi yer heç də bu orqana verilən səlahiyyət və diqqətlə ölçülmürdü. Bu xüsusi yer adından da göründüyü kimi, milli təhlükəsizliyin, dövlətçiliyin, ölkədə ədalətin və qanunçuluğun qorunması sahəsində onun üzərinə düşən vəzifələrlə bağlı idi və bu gün də belə olaraq qalır.

Həmin vəzifələrin sadə vəzifələr olmadığı, xüsusi əhəmiyyət daşıdığı üçün bu orqanlarda çalışan kadrların da yüksək hazırlığı, səriştə və peşəkarlığı, intizamı və sədaqətli olması mühüm əhəmiyyət kəsb edir.

Ümummilli lider bununla bağlı milli təhlükəsizlik orqanlarında çalışanların qarşısında ciddi tələblər qoymuş və dəyərli məsləhətlər vermişdir: "Dövlət təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini yerinə yetirir ki, orada peşəkar əhval-ruhiyyə olsun, peşəkar kadrlar və iş üslubu olsun. Peşəkarlıq səviyyəsinin artırılmasının sərhədi, hüdudu yoxdur. Ona görə də siz daim peşəkarlığınızın təkmilləşdirilməsi üzərində işləməlisiniz, oxumalı, öyrənməlisiniz, çox savadlı, bilikli insanlar olmalısınız".

Lakin ötən əsrin 80-ci illərinin lap sonları və 90-cı illərin əvvəllərində ölkənin bütün həyatında baş verən xaos, özbaşınalıq, hərc-mərclik təhlükəsizlik orqanlarının fəaliyyətini də iflic vəziyyətə salmış, orientirlərin itirilməsinə, təhdidlərin düzgün qiymətləndirilməməsinə, hədəflərin isə dürüst müəyyən edilə bilməməsinə gətirib çıxarmışdı. Həmin dövrdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin maddi-texniki bazası əsasında Milli Təhlükəsizlik Nazirliyi yaradıldıqdan sonra buradakı bir sıra peşəkar, səriştəli və təcrübəli kadrların tutduqları vəzifələrdən uzaqlaşdırılması nəticəsində əməliyyat potensialının kəsəri də xeyli azalmışdı.

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun qeyd etdiyi kimi, "mühüm dövlətçilik təsisatlarından olan Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətində dönüş mərhələsi ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə növbəti qayıdışı ilə başlanmışdır. Məhz bu dövrdə nazirliyin özünəməxsus müsbət ənənələrinin bərpası, onların ən dəyərlilərinin yaşadılması üçün təşkilati-əməli tədbirlər görülməsinə başlanıldı".

Bu tədbirlər sırasında kadrların yetişdirilməsi, onların hazırlıq səviyyəsinin artırılması Milli Təhlükəsizlik Nazirliyinin qarşısında duran ən önəmli məsələlərdən sayılır. Bu işdə yenə ulu öndərimizin gördüyü əməli tədbir ən yüksək alqışa layiq oldu. Çünki kadr hazırlığını ali məktəbsiz təsəvvür etmək mümkün deyildi. 1998-ci il dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası yaradıldı. Akademiya milli təhlükəsizlik orqanları üçün kadrların təkmilləşdirilməsini, yüksək ixtisaslı xüsusi təhsilli mütəxəssislərin hazırlanmasını həyata keçirən qapalı ali hərbi təhsil müəssisəsidir. Burada 4 fakültə və 16 kafedra fəaliyyət göstərir. Fakültələrdə tədrisi milli təhlükəsizlik orqanlarında uzun illər xidmət etmiş və böyük təcrübəyə malik yüksək rütbəli zabitlər, elmlər namizədləri və doktorlar, dosent və professorlar həyata keçirirlər. Bu da kursantların və dinləyicilərin gələcək xidməti fəaliyyyətləri üçün zəruri fundamental nəzəri biliklər almasını və xüsusi hazırlığını təmin edir. Bununla yanaşı, akademiyada xüsusi fənlər üzrə mühazirələr oxumaq və praktik dərslər aparmaq üçün Milli Təhlükəsizlik Nazirliyinin rəhbər işçiləri və yüksək ixtisaslı mütəxəssisləri də tədris prosesinə cəlb olunurlar.

Bu günlərdə 10 illik yubileyini qeyd etmiş akademiyada bütün ixtisaslar üzrə geniş tədris-metodiki və elmi-tədqiqat işləri aparılır. İndi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında tədris prosesinin yüksək səviyyədə təmin edilməsi üçün müasir kompüterlər, bütün texniki imkanlara malik xüsusi təyinatlı siniflər və kabinetlər, zəngin fonda malik xüsusi və ümumi kitabxanalar, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün gözəl tərtibatlı, audio-video qurğularla təchiz olunmuş klub, zəruri avandanlıq, trenajorlarla quraşdırılmış idman zalları, meydançaları kursantların və dinləyicilərin ixtiyarına verilmişdir. Akademiyanın elmi-pedaqoji kollektivi tərəfindən hazırlanmış tədris vəsaitləri, metodiki təlimatlar, monoqrafiyalar, elmi araşdırmalar akademiyanın müasir poliqrafiya avadanlığı ilə təchiz edilmiş nəşriyyat bazasında, irihəcmli xüsusi dərsliklər isə Milli Təhlükəsizlik Nazirliyinin Nəşriyyat-Poliqrafiya Mərkəzində dərc edilir. Akademiyaya qəbul olunmuş kursantlar dövlət təminatına götürülür, hərbi geyimlərlə, gündə üç dəfə yeməklə və yüksək səviyyədə məişət şəraiti yaradılmış yataqxana ilə təmin edilirlər. Onlara təhsil aldıqları dövrdə müasir tibbi avadanlıqlarla təchiz edilmiş yüksək səviyyəli tibbi xidmət göstərilir. Akademiyada təhsil alan hər bir kursanta təqaüd verilir. 2004-2005-ci tədris ilindən milli təhlükəsizlik naziri tərəfindən ümummilli lider Heydər Əliyevin adına hər biri 90 manat məbləğində 10 xüsusi təqaüd təsis edilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı, Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi tərəfindən bu siyasətin həyata keçirilməsinə gündəlik nəzarət nəticəsində akademiyanın ölkənin təhlükəsizlik orqanlarının gələcək fəaliyyətində əhəmiyyətli dərəcədə rol oynayacağı şübhəsizdir. Bir neçə ildir ki, akademiya öz yüksək hazırlıqlı kadrları ilə milli təhlükəsizlik orqanlarının şəxsi heyətinin sıralarını möhkəmləndirir və potensialını artırır.

2005-ci il dekabrın 20-də möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına Heydər Əliyevin adı verildi. Milli Təhlükəsizlik Nazirliyinin bütün kollektivi bu ədalətli tarixi qərarı ömrünün 25 ilini təhlükəsizlik orqanlarında şərəflə xidmət etmiş, xalqına, Vətəninə yüksək sədaqət nümunəsi nümayiş etdirmiş, bu orqanın milliləşməsində böyük xidmət göstərmiş Heydər Əliyevə olan hörmət və məhəbbətin nümunəsi kimi alqışlamışdır. Bu, akademiyanın kursantlarını daha böyük səylə ulu öndərin adına layiq oxumağa, onun arzuladığı, tələb etdiyi kadr kimi yetişməyə çağırır.

2006-ci il martın 27-də akademiyanın həyatında daha bir əlamətdar hadisə baş verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ali təhsil ocağında ümummilli liderimizin abidəsinin və "Şöhrət" muzeyinin açılışında iştirakı, Silahlı Qüvvələrin Ali Baş Komandanının akademiyaya Döyüş bayrağı verməsi və bir qrup əməkdaşımızı mükafatlandırması bütün şəxsi heyətin yaddaşında silinməz izlər buraxmışdır. Akademiyada görülən işləri yüksək qiymətləndirən möhtərəm Prezident demişdir: "Akademiya ilə tanış olarkən gördüm ki, burada işlər yüksək səviyyədə qurulub, qısa müddət ərzində böyük təmir-tikinti işləri aparılmışdır. Akademiyanın binaları yüksək səviyyədə təmir olunmuş, yeni avadanlıq quraşdırılmışdır. Bir sözlə, indi akademiya ən yüksək dünya standartlarına cavab verir və burada kursantlar əlbəttə ki, bütün bu imkanlardan səmərəli istifadə etməli, yaxşı oxumalı, bu peşəyə yiyələnməlidirlər".

Bu gün Milli Təhlükəsizlik Nazirliyi ən yeni tarixini, müasir, beynəlxalq norma və standartlara uyğun inkişaf dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyevin bütün sahələrdə siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli təhlükəsizlik orqanlarının fəaliyyətini də daim diqqət mərkəzində saxlayır, bu sahənin inkişafı, müasir standartlar əsasında fəaliyyətini təmin etmək üçün dəstəyini heç zaman əsirgəmir. Milli Təhlükəsizlik Nazirliyində baş verən ciddi dəyişikliklər, maddi-texniki bazanın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması, əməkdaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi, əmək haqlarının, hərbi rütbəyə görə maaşların artırılması, böyük bir qrup əməkdaşın mənzil şəraitinin yaxşılaşdırılması məhz bu diqqət və qayğının nəticəsidir.

Əlbəttə, bütün bunlar ümummilli vəzifələrin yerinə yetirilməsinə öz təsirini göstərməmiş deyil. Məhz bunun nəticəsidir ki, Milli Təhlükəsizlik Nazirliyi son illər terror-təxribat fəaliyyətlərinin qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığın digər təhlükəli təzahürlərinə qarşı mübarizədə uğurlu nəticələr əldə etmişdir. Əməkdaşlarımızın yüksək peşəkarlıqla həyata keçirdikləri əks-kəşfiyyat və əməliyyat-axtarış tədbirləri nəticəsində beynəlxalq terrorçu təşkilatlarla əlaqələri olan, yerli və xarici vətəndaşlardan ibarət təhlükəli cinayətkar qruplar ifşa edilərək zərərsizləşdirilmişdir.

2007-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş Milli Təhlükəsizlik Konsepsiyası Milli Təhlükəsizlik Nazirliyinin qarşısında da çox ciddi və mühüm vəzifələr qoymuşdur. Həmin vəzifələrin reallaşmasında bu orqanların kadr siyasətinin rolu mühümdür. Ona görə də kadrların seçilib yerləşdirilməsi zamanı onların peşə, fiziki və mənəvi hazırlığına, bilik səviyyəsinə və dünyagörüşünə xüsusi önəm verilir. Bu seçimdə yenə ulu öndər Heydər Əliyevin xüsusi xidmət orqanlarının qarşısında qoyduğu tələblər və prinsiplər əsas götürülür. Ümummilli liderin layiqli siyasi varisi möhtərəm Prezident İlham Əliyevin dediyi kimi, "Bizə sağlam millət lazımdır, sağlam, yeni gənc nəsil lazımdır. Bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, gözəl təhsil alan, öz biliyi, savadı ilə Azərbaycanın gələcək inkişafına töhfə verəcək gənc nəsil lazımdır, vətənpərvər gənc nəsil lazımdır".

Bu gün cəmiyyətdə baş verən proseslər milli təhlükəsizlik orqanlarında kadr siyasətinin müntəzəm təkmilləşdirilməsini tələb edir. Ona görə də yaxın gələcək üçün proqnozlaşdırılan proseslər nəzərə alınmaqla Milli Təhlükəsizlik Nazirliyində struktur islahatları aparılmış, yeni xidmət sahələri yaradılmış, bir sıra istiqamətlər daha da genişləndirilmişdir. Təhlükəsizlik orqanlarına həqiqi hərbi xidmətə vətənpərvər, yüksək mədəniyyətə, geniş dünyagörüşünə malik, müvafiq psixoloji və fiziki hazırlıqlı gənclər qəbul olunur, hər bir namizədə fərdi yanaşılır, gələcək fəaliyyətlərində əqli və fiziki potensiallarından səmərəli istifadə olunması üçün onlar daha dərindən, hərtərəfli öyrənilir. Bu sahədə Kadrlar Baş İdarəsinin əməkdaşları üzərlərinə düşən böyük məsuliyyət hissini dərk edir və bu işin öhdəsindən layigincə gəlməyə çalışırlar.

Son illər kadrların seçilib yerləşdirilməsi sahəsində ardıcıl iş aparılmasına, bir sıra istiqamətlərdə kadr potensialının gücləndirilməsinə və keyfiyyət tərkibinin yaxşılaşdırılmasına baxmayaraq, bu sahədə fəaliyyət görülən işlərlə məhdudlaşmır. Dünyanın siyasi-iqtisadi mənzərəsi dəyişdikcə, beynəlxalq aləmdə və regionda gedən proseslərə uyğun olaraq təhdidlər və hədəflər də dəyişir. Deməli, kadrlarla iş prosesində də adekvat tədbirlər görülməlidir. Bu proses dinamikdir, daim davam edəcəkdir. Sadəcə olaraq zamanla ayaqlaşmaq, durmadan təkmilləşmək lazımdır. Milli təhlükəsizliyin etibarlı təmin olunmasında əldə edilmiş uğurların qorunub saxlanması və dönmədən artırılması, ilk növbədə, Milli Təhlükəsizlik Nazirliyində düşünülmüş kadr siyasətinin aparılması və beynəlxalq təcrübənin müsbət tərəflərini mənimsəməklə peşə hazırlığına xüsusi diqqətin yetirilməsi nəticəsində mümkün ola bilər.

Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti üçün Vətənə və xalqa sədaqətin, tapşırılmış sahə üçün məsuliyyət hissinin Heydər Əliyev nümunələri daim örnəkdir. Akademiyaya Döyüş bayrağının verilməsi mərasimində milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov bu məsələlərə toxunaraq demişdir: "Bizim qarşımızda duran ən ümdə vəzifə gəncləri dövlətçilik və vətənpərvərlik, Heydər Əliyev amallarına sədaqət ruhunda tərbiyə etməkdir. Hazırda kadrların seçilib yerləşdirilməsi və təlim-tərbiyəsində bu prinsiplər rəhbər tutulur, eyni zamanda, gənclərimizin fiziki və peşə hazırlığına, müasir bilik səviyyəsinin və dünyagörüşünün formalaşmasına böyük önəm verilir".

Milli Təhlükəsizlik Nazirliyində məhz duzgün kadr siyasətinin həyata keçirilməsinin nəticəsidir ki, terrorçuluqla, onun beynəlxalq formaları ilə, transmilli cinayətkarlıqla uğurlu mübarizə aparılır, ölkə ictimaiyyəti və tərəfdaş dövlətlər tərəfindən təqdir olunan ciddi nailiyyətlər qazanılır. Vətənə, dövlətə və xidməti borca sədaqət, icra intizamına qüsursuz riayət edilməsi uğurların rəhnidir.

Nizam-intizam və tərbiyəvi işin təşkili həmişə kadrlarla işin prioritet istiqamətlərindən olub. Ümummilli liderimiz Heydər Əliyev bu məsələyə xüsusi önəm verərək bildirmişdir: "Nizam-intizam Milli Təhlükəsizlik Nazirliyinin işinin əsasını təşkil edən amillərdən biridir. Siz hərbi qulluqdasınız. Hərbi qulluq birinci növbədə nizam-intizam üzərində qurulur. Nizam-intizam gündən-günə möhkəmlənməlidir. Milli Təhlükəsizlik Nazirliyində işləyən sıravi adam da, zabit də, rəhbər işçi də bilməlidir ki, nizamnamə, Konstitusiya, Milli Təhlükəsizlik Nazirliyinin Əsasnaməsi sizin üçün rəhbər və istiqamətverici sənədlərdir. Öz peşəkarlıq səviyyənizi yüksəltmək sizin vəzifəniz olmalıdır. Bu, hər bir ölkənin təhlükəsizlik orqanı üçün vacib olan amildir".

Bu tövsiyələri əldə rəhbər tutan Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi şəxsi heyətin icra, hərbi və xidməti intizama, peşə, döyüş və fiziki hazırlığına xüsusi diqqət yetirir.

Milli Təhlükəsizlik Nazirliyinin bugünkü fəaliyyəti çox maraqlı, eyni zamanda çox məsuliyyətli bir ictimai-siyasi və əməliyyat şəraitində cərəyan edir. Qloballaşma, dünyanı bürüyən iqtisadi böhran və inflyasiya, beynəlxalq terrorçuluğun yeni forma və təzahürləri, müəyyən dini radikallaşma prosesləri, təcavüzkar separatçılıq və ekstremizm, enerji və ərzaq təhlükəsizliyi məsələləri özünü daha qabarıq büruzə verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tarazlaşdırılmış və düşünülmüş müstəqil dövlətçilik siyasəti, milli mənafelərə xidmət edən siyasi və iqtisadi kursu sayəsində ölkəmiz bütün çətinliklərə mətanətlə sinə gərir, sınaqlardan dəyanətlə çıxır, öz tərəqqi xəttini, hər bir sahədə sabitliyi, son illər ardıcıl surətdə yüksələn iqtisadi inkişaf tempini qoruyub saxlaya bilir. Azərbaycanın milli təhlükəsizlik orqanlarının da başlıca vəzifəsi ölkənin daxili və xarici siyasəti üçün əlverişli şərait yaratmaq, təhdidləri proqnozlaşdırmaq, onların qarşısını almaq və zərərsizləşdirməkdir. Milli Təhlükəsizlik Nazirliyi bu yönümdə bütün qüvvə və vasitələrini qarşıya qoyulmuş vəzifələrin layiqincə icrasına səfərbər edir. Kollektivdə yaranmış sağlam əhval-ruhiyyə, müsbət təmayüllər gələcək nailiyyətlər üçün lazımi zəmindir.

"Sabitlik, təhlükəsizlik Azərbaycanda bütün məsələlərin həlli üçün başlıca şərtdir və Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədədir, sabitlik qorunub saxlanılır" - deyən ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bu inamı bizim üçün birbaşa proqram, vəzifə, həm də böyük məsuliyyətdir.

Milli dəyərlərə sadiq olan, ölkənin maraqlarının keşiyində ayıq-sayıq dayanan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları öz fəaliyyətlərini bundan sonra da gücləndirəcək və Azərbaycan xalqının, dövlətinin qarşısında duran böyük, taleyüklü vəzifələrin həyata keçirilməsində fəal iştirak edəcəkdir.

 

 

Əlimusa Əliyev,

MTN-in Baş İdarə rəisi,

general-mayor

 

 

Azərbaycan.-2009.-6 mart.-S.4.