Ombudsman parlamentə hesabat verdi
Martın 6-da Milli Məclisin
növbəti iclası keçirildi. İclası açan
Milli Məclisin Sədri Oqtay Əsədov qadınları
qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar
Günü münasibətilə təbrik etdi. Cari məsələlərin
müzakirəsi zamanı deputatlar Məmmədəmin Rəsulzadənin
vəfatının ildönümü münasibətilə
onun xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sonra Milli Məclisin Sədri
Oqtay Əsədov cari məsələlərin müzakirəsi
zamanı söylənilən fikirlərə münasibətini
bildirdi və gündəlikdəki sənədlərin
müzakirəsinə başlandı. Deputatlar əvvəlcə
Azərbaycan-İrlandiya parlamentlərarası işçi
qrupunun yaradılmasına, həmçinin Azərbaycan-İsrail
parlamentlərarası işçi qrupunun tərkibinə dəyişiklik
edilməsinə razılıq verdilər.
Sonra Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkilinin(ombudsmanın) məruzəsi dinlənildi. Ombudsman
Elmira Süleymanova bildirdi ki, artıq yeddi illik fəaliyyətinə
yekun vurmaqda olan Müvəkkil ötən dövrdə insan
hüquqlarının məhkəmədənkənar
müdafiəsi və pozulmuş hüquqların bərpası
məqsədi ilə bir çox əhəmiyyətli tədbirlər
həyata keçirmişdir.
Digər dövlət
orqanlarının səlahiyyətlərini məhdudlaşdırmadan
və onları əvəz etmədən, mövcud hüquq
müdafiə vasitələrini tamamlayan Müvəkkil bu
müddət ərzində öz fəaliyyətini müstəqillik,
aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət
və qərəzsizlik prinsipləri əsasında qurmuş,
səlahiyyətləri daxilində tədbirlər görməklə
bir çox hallarda pozulmuş hüquqların bərpasına
nail olmuşdur.
Bütün fəaliyyəti
dövründə istər dövlət qurumları, istərsə
də vətəndaş cəmiyyəti təsisatları, o
cümlədən qeyri-hökumət təşkilatları,
habelə kütləvi informasiya vasitələri, həmçinin
beynəlxalq qurumlar və xaricdəki həmkarları ilə
konstruktiv əməkdaşlıq şəraitində fəaliyyət
göstərmiş Müvəkkil həm paytaxtda, həm də
regionlarda əhali ilə müntəzəm görüşlər
və qəbullar, ictimai dinləmələr keçirmiş,
öz məsələhətləri, məsələlərə
bilavasitə müdaxiləsi və aydınlıq gətirməsi,
habelə yerli icra strukturlarını pozulmuş
hüquqların bərpası işinə cəlb etməklə
bu hüquqların müdafiəsinə, bununla da dövlətçiliyin
möhkəmlənməsinə xidmət etmişdir.
Elmira Süleymanova bildirdi ki,
Müvəkkilin fəaliyyəti dövründə onun
ünvanına ümumilikdə 42.260, o cümlədən
2008-ci ildə 8.600 müraciət daxil olmuşdur.
Bu müraciətlərin
ümumilikdə 93 faizi, o cümlədən 2008-ci ildə 86,6
faizi şikayətlərdən ibarət olmuşdur.
Sonra Elmira Süleymanova vətəndaş
və siyasi hüquqların müdafiəsi, iqtisadi, sosial
hüquqların müdafiəsi, əhalinin müxtəlif
qruplarının hüquqlarının müdafiəsi, insan
hüquqları sahəsində maarifləndirmə, elmi-analitik
iş, ictiamiyyətlə, kütləvi informasiya vasitələri
ilə əməkdaşlıq, beynəlxalq əlaqələr
və digər sahələrdə Müvəkkilin
gördüyü işlər barədə ətraflı məlumat
verdi.
Məruzə dinlənildikdən sonra deputatlar məruzə ətrafında çıxış edərək müvəkkilin hesabatı ilə bağlı rəy və təkliflərini bildirdilər. Sonra məruzə səsə qoyularaq nəzərə alındı.
Axşam iclasında deputatlar “Kütləvi informasiya vasitələri haqqında” Qanuna təklif olunan əlavə və dəyişikliyi müzakirə etdilər. Sənəddə Qanunun “Kütləvi informasiya vasitəsinin istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi” adlanan 19-cu maddəsinə əlavələr edilməsi nəzərdə tutulur, mətbu nəşrin redaktoru vəzifəsini daşıyacaq şəxsin ali təhsilli olması tələb edilir.
Deputatların fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Bununla da Milli Məclisin
iclası başa çatdı.
Azərbaycan.-2009.-7 mart.-S.2.