Prezident İlham Əliyevin 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə Azərbaycan qadınlarına təbriki

 

Hörmətli xanımlar!

Sizi, bütün Azərbaycan qadınlarını Beynəlxalq qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Biz hamımız dinamik inkişaf edən ölkəmizin irimiqyaslı iqtisadi layihələrin iştirakçısı kimi əldə etdiyi yüksək göstəricilərlə haqlı olaraq fəxr edirik. Bu tərəqqinin bəhrələri respublikamızın hər bir guşəsində özünü aydın hiss etdirir. Həmin nailiyyətlərdə Azərbaycan qadınlarının böyük rolu danılmazdır. Qədim zamanlardan bəri vətənə torpağa sədaqəti ilə seçilən qadınlarımız milli məfkurəyə sadiq qalaraq, bu gün suveren Azərbaycan Respublikasının güclənməsi naminə töhfələr verirlər. Onlara xas olan işgüzarlıq, müdriklik, yüksək daxili mədəniyyət xalqımızın yüzillər boyu təşəkkül tapmış zəngin milli-mənəvi sərvətlərinə sədaqət müasir Azərbaycan qadınının ictimai həyatımızda mövqeyini simasını müəyyən edir.

1918-ci ildə seçib-seçilmək hüququ qazanan Azərbaycan qadını XX əsrdə qısa müddət ərzində bir neçə əsrə bərabər inkişaf yolu keçmişdir. Xalqın maariflənməsi, mədəniyyətimizin yüksəlişi və müasir iqtisadiyyatımızın qurulmasında o, daim yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirmişdir. Cəmiyyətimizdə qadınlara göstərilən yüksək ehtiram mədəniyyət, elm, təhsil, səhiyyə və digər istiqamətlərdə onlara bilik və bacarıqlarını gerçəkləşdirmək üçün əlverişli zəmin yaratmışdır. Qadınlarımız bu gün də müxtəlif sahələrdə, o cümlədən vətəndaş cəmiyyəti quruculuğunda və mədəniyyətlərarası dialoqun formalaşdırılmasında öz intellektual potensiallarını əsirgəmirlər.

Ümidvaram ki, Uşaq ili elan olunan 2009-cu ildə qadınlarımız gələcək nəsillərin milli-mədəni irsə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyəsində var qüvvələrini sərf edəcək, daim yeniləşən ölkəmizin daha da çiçəklənməsi prosesinə layiqincə xidmət göstərəcəklər.

Bayramınız mübarək olsun!

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 mart 2009-cu il.

 

Azərbaycan.-2009.-8 mart.-S.1.