İşıqlı amallar yolunda
Ölkəmizdə milli
teatrın yaranış
tapmasının 135 ili tamam olur. Mirzə Fətəli Axundovun ilk dəfə oynanılan
"Lənkəran xanının
vəziri" və
"Hacı Qara" komediyaları gündən-günə
inkişaf edən, alqışlarla qarşılanan,
sevilən sənətin
əsasını qoymuşdur.
Teatrın tərəqqi
tapmasında Həsən
bəy Zərdabinin, Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin, səhnə yaradıcılığında
Mirzağa Əliyevin,
Kazım Ziyanın, Ağasadıq Gəraybəylinin,
Rza Əfqanlının
və başqalarının
əməyi, xidmətləri
bu gün də ehtiramla yad olunur. Azərbaycanda ilk teatr binasını isə məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev inşa etdirmiş, sənətsevərlərin ixtiyarına
vermişdi.
XIX əsrin sonlarından, XX əsrin əvvəllərindən
başlayaraq Azərbaycan
ziyalıları doğma
millətin arzularını
ürəklərində qoyan
savadsızlığı, nadanlığı,
cəhaləti, dini fanatizmi aradan qaldırmaq üçün
müxtəlif variantlar
düşünüb, çarələr
axtarıblar. İşıqlı
təfəkkür sahiblərinin
gəldiyi qənaət
isə belə olub: teatrı və mətbuatı yaradıb inkişaf etdirmək. Məhz bu ideyalarla cəmiyyətə təsir
etmək, insanları qəflət yuxusundan ayıltmaq, onlara öz hüquqlarını
anlatmaq mümkün idi.
Azərbaycanın ayrı-ayrı bölgələrində
- Bakıda, Naxçıvanda,
İrəvanda, Şuşada,
Qubada, Lənkəranda,
Dərbənddə milli
tərəqqi, azadlıq
uğrunda ardıcıl
mübarizə aparılır,
təbliğat, təşviqat
tədbirləri həyata
keçirilirdi. Adları teatr tariximizin səhifələrinə qızıl
hərflərlə yazılmış
Mirzə Fətəli
Axundov, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə,
Firudin bəy Köçərli, Həbib
bəy Mahmudbəyov, Əbdürrəhim bəy
Haqverdiyev, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Hüseyn Ərəblinski, Xəlil İbrahimov, Hüseynqulu Sarabski, Mirmahmud Kazımovski, Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadə
və başqaları
xalqımızın milli
şüurunun oyanışı
uğrunda böyük
fədakarlıqlar göstərmiş,
cəfalar çəkmişlər.
Milli teatrımızın inkişafında,
yeni-yeni sənət məbədlərinin yaradılmasında
ümummilli lider Heydər Əliyevin böyük xidmətləri
olmuşdur. Ulu öndərin mədəniyyətə
göstərdiyi qayğı,
diqqət o qədər
böyük, hərtərəfli
idi ki, xidmətləri
"Azərbaycan mədəniyyətinin
himayədarı" kimi
yaddaşlarda qalıb.
Unudulmaz şəxsiyyət mütəmadi
olaraq yeni tamaşalara baxmağa gedər, teatr xadimlərinə qayğı
göstərərdi. Sənət adamları
mükafatlara, fəxri
adlara layiq görülərdilər. Bu
ənənə yenə
də uğurla davam etdirilir.
Milli teatrımız, bütövlükdə
Azərbaycan mədəniyyəti
özünün inkişaf,
uğurlu dövrünü
yaşamaqdadır. Paytaxtda və
əyalətlərdə teatr
binaları əsaslı
şəkildə bərpa
və təmir olunur, yeni texniki
avadanlıqlarla təchiz
edilir. Hazırda respublikamızda 30-a yaxın professional teatr,
50-yə qədər xalq
və özəl teatr, 15-ə yaxın konsert təşkilatı fəaliyyət göstərir.
Sənət məbədlərində çalışan, xidmətləri
ilə seçilənlərin
əməyi vaxtaşırı
qiymətləndirilir. Ölkə başçısı cənab
İlham Əliyev ulu öndərin ənənəsini davam etdirir, sözə, sənətə, sənətkara
yüksək qiymət
verir. Dövlət başçısının sərəncamları ilə
teatr xadimləri mənzillə, fərdi təqaüdlə təmin
edilir.
Sənət yolunda cəfalar çəkmiş,
əzab-əziyyətlərə qatlaşıb milli teatrımızın inkişafına
can yandırmış klassiklər
də unudulmur, daim ehtiramla yad edilirlər. Bir sözlə, ölkəmizdə
teatr əsl inkişaf, tərəqqi dövrünü yaşayır,
işıqlı amallar,
ideyalar yolu ilə inamla irəliyə doğru gedir.
T.Ağaoğlu
Azərbaycan.-2009.-8 mart.-S.12.