ABŞ-ın
CNBC telekanalı Prezident
İlham Əliyevlə
müsahibə əsasında
Azərbaycanın uğurlarını
geniş tamaşaçı
auditoriyasına təqdim
etmişdir
Azərbaycanın apardığı
uğurlu iqtisadi siyasət, ölkəmizin
malik olduğu neft və qaz
kəmərləri respublikamızın
dünyadakı nüfuzunu
möhkəmləndirmişdir. Digər tərəfdən,
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində
xüsusi əhəmiyyət verilən Nabukko qaz kəməri
layihəsində iştirakla bağlı niyyətini bəyan
etməsi ölkəmizə beynəlxalq marağı daha da
artırmışdır. Amerika Birləşmiş Ştatlarının
nüfuzlu CNBC (Si-en-bi-si) telekanalı da
yayımladığı videomaterialda Prezident İlham Əliyevlə
müsahibə əsasında Azərbaycanın
uğurlarını geniş tamaşaçı
auditoriyasına təqdim etmişdir. Verilişdə
tanınmış analitiklərin fikirləri də səslənmişdir.
Videomaterialda vurğulanır
ki, Davos forumunda müzakirə olunmuş əsas mövzulardan
biri enerji təhlükəsizliyi mövzusu idi. Rusiya ilə
Ukrayna arasında enerji mübahisəsinin Avropanın onlarca
ölkəsində enerji böhranı
yaratdığını nəzərə alaraq, həmin
mövzu, təbii ki, gündəlikdə əsas yeri
tutmalıdır. Böyük həcmdə enerji təchizatında
alternativ mənbə rolunu oynamağa başlayan dövlətlərdən
biri də Azərbaycandır. Vaxtilə mövcud olmuş
İpək yolunda strateji mövqeyi ilə seçilən
ölkənin Prezidenti İlham Əliyev yeni ticarət əlaqələrini
araşdıraraq əməkdaşlıq vəd edir.
Yeni İpək yolunun bərpasını
tənzimləyə biləcək ölkələrdən
söhbət açsaq, təbii ki, onlardan biri də Azərbaycandır.
Asiya ilə Avropanın qovuşuğunda strateji mövqeyə
malik Azərbaycan Rusiya ilə Ukrayna arasında qaz mübahisəsi
fonunda tarazlaşdırıcı ölkə kimi
görünür.
Prezident İlham Əliyev:
“Bu və ya digər halda bu gərginliklər öz mənfi təsirini
göstərir. Bu da öz növbəsində qlobal enerji
sektorunda əlavə gərginlik yaradır. Biz bunu görmək
istəmirik. Biz gözlənilən və davamlı təchizat
marşrutlarını və bütün
iştirakçılar arasında qarşılıqlı
anlaşmanı görmək istəyirik”.
Sərt qış şəraitində
görünür ki, avropalılar mövcud Bakı-Tbilisi-Ərzurum
boru kəmərinə ikinci, əlavə Nabukko boru kəmərinin
çəkilməsini çox böyük razılıqla
qarşılayırlar.
Analitik Yames Nixey: “Azərbaycandan çəkiləcək hər hansı boru kəmərləri alqışlanır. Qərb və Avropa İttifaqı kifayət dərəcədə fəal, birgə işləyərsə və sərmayə qoyuluşuna başlayarsa, Nabukko boru kəməri baş tuta bilər. Layihə barədə prinsip etibarilə razılıq artıq əldə olunmuşdur”.
Azərbaycandan Qərb və Şərq istiqamətlərində boru kəmərləri layihələri həyata keçirilə bilər. İstehlak ehtiyacları sürətlə artan Çin və Hindistan regionları ilə enerjidən asılı olan Avropa arasında yerləşən Azərbaycan bu gün strateji şahmat oyununda özünəməxsus rolunu oynaya bilər.
Analitik Daniel Yergin: “Sovet İttifaqının süqutu xəritədə böyük dəyişikliklərlə müşayiət olunmuşdur. Yeni təchizat mənbələri olmaları sayəsində Azərbaycan və Qazaxıstan artıq sürətlə inkişaf edən ölkələrə çevrilmişdir. Onlar okean dövlətləri deyil, buna görə də həmin ölkələr üçün çoxşaxəli boru kəməri sistemi böyük əhəmiyyət kəsb edir”.
Enerji daşıyıcıları Azərbaycanı inkişaf baxımından böyük bir sıçrayışla dünyanın ən qabaqcıl dövlətləri sırasına qoşmuşdur. 2006-cı ildə illik iqtisadi artım 34 faizdən çox olmuşdur. Neftin qiymətlərinin kəskin aşağı düşməsi neft sənayesinin nə dərəcədə həssas bir sahə olduğunu və burada çətin dövrün də ola biləcəyini açıq şəkildə nümayiş etdirmişdir. Bunu nəzərə alan Azərbaycan fəaliyyət dairəsini genişləndirmək qərarına gəlmişdir. Keçmişdə qədim İpək yolunun mühüm hissəsində yerləşən Azərbaycan Transavrasiya informasiya-kommunikasiya texnologiyaları sisteminə inteqrasiyasını gücləndirərək, regionda İKT mərkəzinə çevrilmək məqsədini qarşıya qoymuşdur.
Analitik Anna Valker:
“Təbii ki, Azərbaycanın bunun üçün potensialı
var. Avropa İttifaqı
Asiya ilə Avropa arasında fiber optik kabelin çəkilməsində
xüsusilə maraqlı
olubdur. Azərbaycan isə həmin marşrutun ortasında yerləşir. Əlbəttə
ki, bu, daha
etibarlı kommunikasiyalar
yaratmaqda kifayət qədər asan yoldur”.
Ötən il 40 faiz artmış turizmdən tutmuş kosmik sənayeyə qədər şaxələndirmə
Azərbaycanda ən işlək ifadədir. İqtisadiyyatın müasirləşdirilməsi
bu günün ən mühüm məsələsidir. Ölkə
2012-ci ilə qədər
iki telekommunikasiya peyki buraxmaq və regional innovasiya zonası yaratmaq niyyətindədir.
Prezident İlham
Əliyev: “Biz enerji sahəsində olduğu kimi, İKT sahəsində
də cəlbedici olmalıyıq”.
Analitik Daniel Yergin:
“Astana və Bakıya
səfər edən hər bir şəxs
inkişafa əsaslı
vəsaitlərin yönəldiyinin
şahidi olur. Sosial tələbatlar və infrastruktur xərcləri sahəsində
bu ölkələrə
böyük vəsaitlər
lazımdır. Həmin
vəsaitlər əvvəllər
bu həcmdə mövcud olmamışdır”.
Neft və qazdan əldə olunan gəlirlər artmaqdadır. 2008-ci ilin sonuna Azərbaycanın Dövlət Neft Fondunda 11 milyard ABŞ dolları vəsait toplanmışdır.
Analitik Anna Valker: “Azərbaycanın
bu sahədə əldə etdiyi və Neft Fonduna
yığılan gəlirlərin böyük hissəsi
tikililərin yenidən qurulmasına, yol infrastrukturunun
yaradılmasına sərf olunur. Bu baxımdan Azərbaycan beynəlxalq
təşkilatların və Dünya Bankı kimi maliyyə təsisatlarının
etimadını qazanmışdır və bu, davam etməkdədir.
Həmin təsisatlar da kredit ayırır və bu, yol infrastrukturuna
xərclənir”.
Gələcəyinin
bütövlükdə neft və qaz sektorundan
asılılığının düzgün
olmadığını başa düşən Azərbaycan dəyişikliklərə
uyğunlaşır və Asiya ilə Avropa arasında olan qədim
əlaqələri XXI əsrdə müasirləşdirir.
AzərTAc
Azərbaycan.-2009.-11 mart.-S.2.