Seçki prosesinə müdaxilənin qarşısının alınmasına dair dördüncü məlumat sessiyası Şirvanda keçirilmişdir

 

Martın 10-da Şirvan şəhərində Azərbaycan Respublikası Prezidenti İcra Aparatının, Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ATƏT-in Bakı Ofisinin təşəbbüsü ilə dördüncüSeçki prosesinə müdaxilənin qarşısının alınmasına dair məlumat sessiyasıkeçirilmişdir. Sessiyada bölgədəki rayonların icra hakimiyyətlərinin başçıları dairə seçki komissiyalarının sədrləri iştirak etmişlər.

Tədbirdə çıxış edən ATƏT-in Bakı Ofisinin rəhbəri əvəzi Aleksis Şahtaxtinski demişdir ki, təmsil etdiyi təşkilatın əsas məqsədi qurumun üzvü olan ölkələrdə demokratikləşmə prosesinə yardım göstərməkdir. Bu tədbirdən də əsas məqsəd martın 18-nə təyin olunmuş referendumun şəffaf keçirilməsinə və seçki prosesinə müdaxilənin qarşısının alınmasına yardım göstərməkdir. Sessiyanın Prezidentin İcra Aparatı və MSK ilə birgə keçirilməsi bizim səmərəli əməkdaşlığımızın göstəricisidir. Biz ümidvarıq ki, Azərbaycan Respublikası bu siyasi kampaniyanın gedişində də ATƏT qarşısında götürdüyü öhdəliklərə sadiq qalacaqdır.

A.Şahtaxtinski Azərbaycan Prezidentinin seçki ilə bağlı imzaladığı fərman və sərəmcamları, Seçki Məcəlləsinə edilən əlavələri və dəyişiklikləri, bütövlükdə, Azərbaycan cəmiyyətinin inkişaf və təkamülünün məntiqi nəticəsi kimi qiymətləndirmişdir.

Prezidentin İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov sessiyada çıxış edərək ölkəmizdə seçki praktikasının beynəlxalq təcrübənin və cəmiyyətin sosial sifarişinin öyrənilməsi sayəsində xeyli təkmilləşdirildiyini, seçkilərin şəffaflığının və demokratikliyinin təmin olunması prioritetlərinin işlək mexanizminin yaradıldığını bildirmişdir.

H.Mövsümov qeyd etmişdir ki, Azərbaycanın maraqları ATƏT-in maraqları ilə üst-üstə düşür.Ona görə də bu gün bir masa arxasındayıq. Azərbaycan Prezidenti seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün ortaya siyasi iradə qoymuşdur. Natiq əlavə etmişdir ki, son illər ölkədəki 125 dairə seçki komissiyasının 75-i yeni inzibati binaya köçürülmüşdür. Qalan DSK-lərin binaları isə əsaslı təmir olunmuşdur. Dairə seçki komissiyalarının maddi-texniki təchizatı gücləndirilmiş, orta hesabla ölkədəki hər 10 məntəqədən birində veb-kameralar quraşdırılmışdır. Bu, Azərbaycan dövlətinin seçkilərin azad, ədalətli və demokratik keçirilməsinə verdiyi xüsusi önəmin göstəricisidir.

Şöbə müdirinin müavini xatırlatmışdır ki, icra hakimiyyəti başçıları seçici siyahılarının dəqiqləşdirilməsi, dairə və məntəqə seçki komissiyalarının normal fəaliyyəti ilə bağlı məsələlərin həlli ilə yaxından məşğul olmalıdırlar.

MSK-nın katibi Natiq Məmmədov məlumat sessiyasının əhəmiyyətindən danışmış, dairə və məntəqə seçki komissiyalarının fəaliyyətinin icra orqanları ilə əlaqəli olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, belə formatda keçirilən tədbirlərdə həm icra strukturları, həm də beynəlxalq qurumlar öz fəaliyyətlərini ümumi dəyərlər baxımından bir daha müzakirə edirlər.

Tədbirdə rayon icra hakimiyyətlərinin rəhbərlərinə, dairə seçki komissiyalarının sədrlərinə seçki prosesinə müdaxilənin qarşısının alınmasına dair seçki qanununun tələbləri barədə ətraflı məlumat verilmiş, suallar cavablandırılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-11 mart.-S.3.