Divardan asılmış qol saatı

 

Onun ad gününü bütün Sovet İttifaqı qeyd edirdi.

O elə gündə doğulmuşdu ki, həmin gün SSRİ-nin bütün xalqları üçün rəmzi mənada kişilər bayramı demək idi.

Amma sovet yerlə yeksan oldu, quruluş da, həmin sistemin təqvimdə yaratdığı basmaqəlib bayramlar da heçliyə gömüldü.

İndi yaddaşlarımızda qəmli və qanlı xatirələri sozalan sovet ordusu əvəzinə tam başqa bir gündə öz doğmaca Milli Ordumuzun bayramını keçiririk.

Lakin fevralın 23-ü Azərbaycandan ötrü təqvimdə munis bir gün olaraq qalır və qalacaq. Bayram kimi qeyd edilir və qeyd ediləcək - görkəmli şərqşünas alim, qiymətli azərbaycanşünas, yazdığı dərsliklərlə bir çox nəsillərin şəxsən tanımadan belə müəlliminə çevrilmiş Həmid Araslının doğum günü kimi.

Onun ad günü əsl millətsevər və cəsur Kişinin, qeyrətli və ləyaqətli Vətəndaşın, örnək Alimin günü kimi gərək indi də, bütün gələcəkdə də minnətdar duyğularla qarşılana.

Bu haqqı Həmid Araslı xalqına yarım əsrdən artıq bir müddətdə qələmi və zəkası ilə təmənnasız xidməti sayəsində qazanıb. Həm də elə həndir-hamar və burulğanlı bir zəmanədə ki, mahiyyəti etibarilə iftixarlı olan belə xidmət hər şeyi, o cərgədə azadlığını və həyatını itirməklə də nəticələnə bilərdi.

Köhnə tarixlə özünü, ata-babasını qəhrəmana döndərənlər olur. Amma odla su arasında yaşaya-yaşaya mənliyini itirməmək, vicdanına sadiq qalmaq, səsini ucadan çıxarmağın məsləhət olmadığı qart zəmanələrdə məqamı gələndə qətiyyət nümayiş etdirə bilmək ər kişilərin işidir.

Akademik Həmid Araslı mülayim rəftarlı, həlim təbiətli, mədəni, həmişə asta danışan, bir az ehtiyatlı kimi təsir bağışlayan, heç vəchlə mübarizəçi, çılğın etirazçı təsiri buraxmayan nurlu insan idi.

1909-cu ildə Gəncədə ruhani ailəsində anadan olmuşdu. Həm də axındakı çox ruhanidən birinin deyil, din və dinşünaslıq aləmində məşhur olan, islami mətləblərlə bağlı bir sıra kitabların, məqalələrin, tərcümələrin müəllifi Məmmədtağı Ərəszadənin oğlu idi. Ərəszadənin ərəbcədən tərcümə etdiyi "Təşrih-i fəraiz"i bu gün əldədir.

Axund Məmmədtağı dini publisistikada hətta Mirzə Ələkbər Sabiri də şikayətlənməyə vadar edəcək qədər... fəal imiş.

Qəzetə şeir aparan Sabir hər dəfə Ərəszadənin uzun yazılarının səhifəyə qoyulması səbəbilə "yerimiz yoxdur" cavabını eşidəndən sonra dözməyərək bir taziyanə də yazmışdı:

 

Molla Ərəszadənin, vah, yenə mabədi var,

Yazdığının yox sonu, ənənə mabədi var.

Gündə çıxan qəzetənin bircəsi boş keçməyir,

Bir gecəlik mətləbin min sənə mabədi var.

 

 Təbii ki, Məmmədtağı Ərəszadə çox istəyirdi özünün də dində, dinşünaslıqda mabədi - davamı olsun.

Və ola da bilərdi.

Atasını da, anası Dürrəbəyimi də erkən itirən Həmid ailəsinin məzacına və dövrün dəbinə uyğun olaraq mollaxana təhsili almağa başlayır. 6 yaşında Gəncədə, Şah Abbas məscidinin nəzdindəki mədrəsəyə verilən Həmid 11 yaşında bu ürfan evindən ayrılanda artıq ayrı zaman başlanırdı. Şuralaşan Azərbaycana bilikli ruhanilər yox, savadlı müəllimlər lazım idi.

Həmid Arasılı Gəncə darülmüəlliminə - kişi müəllimlər seminariyasına daxil olur və 1921-1926-cı illərdə orada savad alır.

Həmid müəllim sonralar da çox oxumuşdu - həm saysız-hesabsız kitabları mütaliə etmişdi, həm də təhsilini artırmışdı. Pedaqoji institutun dil və ədəbiyyat fakültəsində, aspiranturada təhsil almışdı.

Lakin ömrünün ixtiyar çağlarında bir dəfə özü mənə etiraf etdi ki, uzaq uşaqlıq çağlarında qazandığı sağlam təməl, lap kiçikkən mədrəsədə farscanı, ərəbcəni, köhnə ədəbiyyatı, ərəb əlifbasının bir yığın xətt çeşidlərini, islamın əsaslarını, "Quran"ı mükəmməl öyrənməsəydi, klassik ədəbiyyatımızın sehrli dünyasına gərəyincə nüfuz edə bilməzdi. Sonradan əksəri güllələnmiş, sürgün edilmiş mədrəsə müəllimlərini rəhmətlərlə xatırlayar, onları sadəcə müəllim, molla, axund, pak dindarlar kimi deyil, "üləmalar" - alimlər deyə anardı. "Onlar olmasaydı, mən mən olmazdım, - deyərdi, - mənə biliyi də onlar verdi, adamlığı da onlar öyrətdi", - söylərdi.

Həmid Araslı gəncəliydi və 1920-ci ilin mayından, Şuralar tarixinin ilk ən möhtəşəm antisovet üsyanından sonra bu şəhərdən olanların hər birinə dövlətin şübhəli, belbağlamaz münasibəti vardı. Üstəlik, bu cavan camaat arasında xüsusi sayğı bəslənən nəslin, hörmətli-izzətli bir dinçi ocağın törəməsiydi, yazı-pozu ilə məşğul idi.

Və 1937-də yaşı elə idi ki, əsl tutulası vaxtı idi.

Ancaq tale onu qorudu.

Nə onlarla qələm qardaşını nicatsız girdabına çəkən 1930-cu illər, nə qovğalı 1940-cı illər, nə də 1950-ci illərin əvvəllərində başı üstündə qatılaşan qara siyasət buludları onu zavala uğrada bildi.

Həmid Araslının da minlərlə parlaq ziyalımızdan biri kimi qurban getməsi mümkün idi və onun millətimiz üçün nə qədər əhəmiyyətli bir sima, müstəsna şəxsiyyət olduğunu dolğunluğu ilə təsəvvür etməkçün bir anlıq mütləq fərz etməliyik ki, Həmid müəllimi itirsəydik, nələrsiz qalardıq, hansı boşluqla üzləşərdik.

Həmid Araslı 1930-cu illərdə ədəbiyyatşünaslığa gələndə, qədim söz sərvətlərimizi araşdırmağa başlayanda artıq bu yolun qüdrətli yolçuları, parlaq cığıraçanları yetərincə "seyrəldilmişdilər". Firidun bəy Köçərli 1920-dəcə güllələnmişdi. Salman Mümtaz, Hümmət Əlizadə, Əmin Abid, Vəli Xuluflu, Hənəfi Zeynallı... ədəbiyyatşünaslıqda kəsərli sözü, çəkisi olanlar məhv edilmişdi və edilirdi. Keçmiş mədəni mirası öyrənmək həyat üçün təhlükəli bir məşğuliyyətə çevrilmişdi. Ayrı-ayrı xalqların milli simalarını asta-asta qeyb etdirərək onları bir-birində itirmək, qatmaqarışıq və məchul bir sovet xalqı kimi şəkillənən kütlə yaratmaq başlıca məqsədi olan təzə ideolojinin nəzərində inadla dünəni eşələmək, milli yaddaşı dirçəltmək elə düşmənçiliyə bərabər əməl idi.

Təsadüfi deyil ki, 1937-ci ildə artıq aspiranturanı da, namizədlik dissertasiyasını da bitirmiş olan, bir neçə elmi kitabın və dərsliyin müəllifi, Yazıçılar İttifaqının üzvü Həmid Araslını yaradıb rəhbərlik etdiyi Şərq Əlyazmaları Fondunda məhz sovet məfkurəsinə zidd əski əlyazmaları toplayıb tədqiq etdiyinə görə tutduğu vəzifədən də, komsomoldan da xaric etmişdilər.

Bu xaricetmədən həbsxanaya isə bircə addımlıq yol idi.

Hələ Araslının başqa qorxunc günahı da vardı - bir çox dünya kəşfiyyatlarının casusu damğası vurulmuş keçmiş müəllimi Bəkir Çobanzadə ilə müntəzəm yazışmışdı, onunla dostluq əlaqələri olmuşdu.

Zaman o zaman idi ki, kimi aparırdılarsa, əsərləri də yığılır, yandırılır, yasaq edilirdi.

Salman Mümtazın klassik irslə bağlı "Azərbaycan ədəbiyyatı" sırasından buraxdığı kitabların, nəşr etdirdiyi mətnlərin hamısı onun özü ilə birgə "düşmənləşmişdi".

Deməli, Həmid Araslı da gedənlərin sırasına qoşulsaydı, Qətransız, Əbülülasız, Məhsətisiz, Xaqanisiz, Qazi Bürhanəddinsiz, Əvhədisiz, Nəsimisiz, Xətaisiz, Füzulisiz, Məsihisiz, Fədaisiz, Əmanisiz, Qövsisiz, Əssarsız... daha kimlərsiz, kimlərsiz qalacaqdıq.

Həmid Araslı onların əsərlərini topladı, nəşr etdirdi, haqlarında ilk məqalələri, kitabları yazdı.

1930-50-ci illərdə qədim və orta əsrlər ədəbiyyatını səriştə ilə, sistemli şəkildə öyrənən və təbliğ edən başqa bir seçkin alimsə yox idi.

Deməli, Həmid Araslı olmasa, yaxud o da həbs, sürgün, güllə cəzası alanlardan birinə çevrilsəydi, qədim və orta əsrlər söz tariximiz zülmətə qərq olacaq, millət üçün əlçatmazlaşacaqdı.

Orta məktəblərdə 1936-cı ildən tədris edilən "Qədim ədəbiyyat" dərsliyinin, "Ədəbiyyat müntəxəbatı"nın, ədəbiyyat proqramlarının müəllifi Araslı idi. O getsə, bunlar da gedəcəkdi.

Məktəbimizdə klassiklərimizi qorumaqçünsə Həmid Araslının başqa fədakarlıqları da olmuşdu.

Canlı şahidin dilindən eşitdiyim bir əhvalat, yazıçı Ənvər Məmmədxanlının bacısı, bir vaxtlar "Azərnəşr"in əməkdaşı olmuş Həbibə Məmmədxanlının nağıl etdiyi qəziyyə daim məni riqqətə gətirir.

Füzuli indi millətimizə belə yaxın və sevimlidirsə, bu, ilk növbədə Həmid Araslının töhfəsidir.

O, Füzulinin beşcildliyini hazırlayıb nəşr etdirdi, şair haqqında çoxlu məqalə yazdı, araşdırmalarının yekunu olaraq şairi bütün yönləriylə təqdim edən sanballı və bir çox cəhətləriylə indi də köhnəlməmiş monoqrafiyasını doğurdu.

Həbibə xanım kövrələ-kövrələ xatırlayırdı ki, "Azərnəşr"də dərsliklərin müzakirəsi əsnasında bir məşhur tərcüməçi və ədəbiyyatşünas çox kəskin danışaraq Füzulini "ifşa edir", onun qatı dindar, imamlara, hökmdarlara mədhiyyələr yazan mürtəce şair olduğunu deyir, dərsliklərdən çıxarılmasını tələb edir. Acınacaqlısı odur ki, həmin danışan hər halda istedadsız adam deyilmiş, Füzulinin böyüklüyünü kifayət qədər anlayırmış. Lakin çox da təhlükəli, qarayaxa, demaqoq imiş və ona görə də adətən beləsiylə hər kəs mübahisəyə girişməməyə səy edərmiş.

İnkarçı ağzı köpüklənə-köpüklənə, hərzə-hərzə danışır, araya ağır bir sükut çökür, kimsə dinmir və rəngi ağappaq ağarmış Həmid Araslı ayağa qalxır.

Əziz şairini müdafiə edir, onun günlə səsləşən şeirlərindən danışır, "Padişah-i mülk" qitəsindən misal çəkir, gənc nəslin mənəviyyatını zənginləşdirmək üçün Füzulinin tədrisinin vacibdən-vacib olduğunu vurğulayır.

 

Bəla Füzulidən sovuşur...

Cənnəti almaq olmaz ağça ilə,

Girmək olmaz behiştə rüşvət ilə.

 

Bunu deyən Füzulidir və XVI yüzildə ustadın dilindən qopan bu hikmət ata sözü kimi bu gün də, gələcəkdə də haqq olaraq qalacaq.

Amansız dövrü bilənlər bilir ki, həmin məqamda Həmid Araslının etdiyini etmək sadəcə bir ədəbiyyatşünasın doğrunu ifadə etməsi deyildi. Əsl qəhrəmanlıq idi. Həmin sözü deməkçün ayağa qalxmaq dövrün şərtləri içində o dünyaya gedib gəlməyə bərabər idi.

Əlbəttə ki, insan Cənnəti mərdanəliyin və dəyanətin sınaqdan çıxdığı belə anlarda qazanır.

Və əlbəttə ki, Həmid Araslının yeri Behiştdir.

Ömrünü həsr etdiyi Nizaminin, Füzulinin yanı...

...Bu gün Azərbaycan balaları böyüyür. Aralarında neçə Oğuz, neçə Beyrək, neçə Tural, neçə Selcan...

Mən çox istəyirəm ki, həmin Oğuzlar, həmin Beyrəklər, həmin Turallar, həmin Selcanlar, bütün indililər və sabahlılar bilsinlər ki, Dədəmizin Kitabını, Qorqud söyləmələrini bu xalqın ruhuna hopduran, nəcib əməlini yerinə yetirərkən olmazın sarsıntılara məruz qalan ilklərdən birincisi də Həmid Araslı olub.

Həmid müəllim Dədəm Qorqud Kitabını ilk dəfə 1939-cu ildə nəşr etdirmişdi, boyları sadələşdirərək müasirlərin qavraya biləcəyi aydın, sadə bir tərzdə xalqa çatdırmışdı.

Sonrakı illərdə də "Dədə Qorqud"a dəfələrlə qayıtmışdı, həm dərsliklərdə, həm elmi yazılarında, həm də bədii improvizələrində Kitabı kütləviləşdirməyə səy göstərmişdi.

1950-ci ildə akademik V.Bartold dastanın tam mətnini rus dilinə tərcümədə Moskvada buraxandan sonra Həmid Araslı qorqudşünaslıqda yeni bir mərhələni başlamaq üçün münasib girəvə yarandığı ümidi ilə həmin rusca mətni M.Təhmasiblə birgə əlavə şərhlərlə Bakıda nəşr etdirir.

Və Azərbaycan kommunistlərinin rəhbəri Mircəfər Bağırov partiyanın XVIII qurultayındakı çıxışında "Kitab-i Dədə Qorqud"un daşını daş üstdə qoymur: "Bəzi ədəbiyyatşünaslar və yazıçılar siyasi sayıqlığını və məsuliyyət hissini itirərək uzun illər ərzində bu zərərli, xalqa zidd kitabı Azərbaycan eposu adı ilə təbliğ etmişlər. "Dədə Qorqud" xalq eposu deyildir. Bu kitab başdan-başa soyğunçuluq və qırğın məqsədilə Azərbaycana gələn oğuz köçəri tayfalarının hakim yuxarı təbəqəsini tərifləməyə həsr edilmişdir. Bu kitab tamamilə millətçilik zəhərilə doludur, müsəlman olmayan başqa xalqlara, əsasən qardaş gürcü və erməni xalqlarına qarşı yazılmışdır".

1951-ci il may ayının 5-də "Ədəbiyyat qəzeti" "hiddətlənirdi": "Pantürkistlər tərəfindən Azərbaycan ədəbiyyatının qədim abidəsi kimi qələmə verilən "Dədə Qorqud" eposunun mürtəce burjua millətçilik mahiyyəti son zamanlaradək ifşa edilməmişdir.

"Dədə Qorqud" eposunun Azərbaycan xalqı ilə, onun tarixi, folkloru və dili ilə heç bir əlaqəsi yoxdur. "Dədə Qorqud"da Azərbaycan xalqı üçün yabançı olan həyat tərzi, adət və ənənələr təsvir edilmişdir. Eposda təsvir olunan adamlar azərbaycanlılar deyil, oğuz qəbilələrinin Qafqaza soxulmuş yuxarı təbəqələrinin nümayəndələridir. "Dədə Qorqud" eposunun "qəhrəmanları" soyğunçuluq və basqınçılıqla məşğul olan, Zaqafqaziya xalqlarına qarşı ədavət və dini fanatizmi qızışdıran oğuz xanları və bəyləridir. Eposun məzmunu və ideyası Zaqafqaziya xalqları arasında əsrlərdən bəri davam edən dostluğa ziddir və bu, sovet adamlarının dostluq və qardaşlıq ruhunda tərbiyə edilməsinə yardım göstərə bilməz.

"Dədə Qorqud" eposunun açıqdan-açığa mürtəce və burjua millətçilik mahiyyəti daşımasına baxmayaraq, bəzi ədəbiyyatşünaslar və dilçilər, xüsusilə H.Araslı və Dəmirçizadə bu eposu geniş təbliğ etməyə başlayaraq onu Azərbaycan xalq yaradıcılığının "görkəmli" abidəsi kimi, Azərbaycan xalqının X və XI əsrlərdəki həyat tərzi, adət və ənənələri haqqında guya ən mötəbər təsəvvür yaradan "çox böyük tarixi abidə" kimi qələmə verirdilər. "Dədə Qorqud"un mətnini nəşr edən H.Araslı eposun yalnız ideyasını deyil, onun dilini saxtalaşdırmış və Azərbaycan dilinə süni surətdə uyğunlaşdırmışdır".

Və elə oradaca Həmid Araslının daha bir qəbahəti diqqətə çatdırılırdı: "Yazıçılardan M.İbrahimov və S.Vurğun özlərinin bir sıra məqalələrində və çıxışlarında "Dədə Qorqud" eposunu Azərbaycan xalqının qədim ədəbi abidəsi kimi tərifləmişlər. Lakin M.İbrahimov, S.Vurğun, M.Rzaquluzadə, M.Rəfili və başqaları yığıncaq qarşısında (Azərbaycan yazıçılarının ümumi yığıncağı nəzərdə tutulur - R.H.) öz səhvlərini etiraf etdikləri halda, Həmid Araslı səmimi danışmamış, tənqiddən boyun qaçırmağa və köhnə kobud səhvlərini malalamağa cəhd etmişdir".

...Dədə Qorquda qarşı dövlət səviyyəsində mübarizənin başlanmasının sadə bir səbəbi vardı.

"Qorqud"un rusca mətni ilə bilavasitə tanış olan, yaxud oradakı gürcü-oğuz mübaribələri haqda məlumatlandırılan İosif Stalin göstərişini vermişdi.

Bu ehtimalın gerçəyə söykəndiyini biri yazılı, biri şifahi olan ən azı iki dəlil sübut edir. Birincisi - 1951-ci il iyulun 7-də "Pravda" qəzetində dərc edilən məqaləsində Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının ideoloji məsələlər üzrə katibi Həsən Həsənov yazırdı: "Respublikanın partiya təşkilatı Zaqafqaziyanın qardaş xalqlarına qarşı milli ayrı-seçkilik və ədavət ruhunda olan bu kitabın zərərli, xalqa zidd mahiyyətini ifşa etmək vəzifəsini Azərbaycan ədəbiyyat ictimaiyyəti qarşısında çox kəskin şəkildə qoydu".

1987-ci ildə keçmiş ideoloji katib Həsən Həsənovla Dövlətnəşrkomda mərhum Əjdər Xanbabayevin kabinetində görüşdük. O, katib işlədiyi keşməkeşli dövrün bir bölük dumanlı mətləblərinə aydınlıq gətirdi və Dədə Qorqudla bağlı da söylədi ki, bu əsərlə əlaqədar göstəriş birbaşa Stalindən gəlmişdi, ancaq həmin məsələdə Mikoyanın da barmağı varmış. Ona görə də Bağırov xatanı Azərbaycandan uzaqlaşdırmaq üçün bu əsərin bizə dəxli olmadığı xəttini götürmüşdü.

İkincisi - Ənvər Məmmədxanlı da mənə 1951-ci ildə "Od içində" adlı əsərinə Dram Teatrında qapalı baxış keçirilərkən qəfildən Bağırovun söhbəti "Kitab-i Dədə Qorqud"dan saldığını, bu əsərin türkmənlərin olduğunu söyləyirdi. Ənvər müəllim bunu da deyirdi ki, mən Birinci katibin pyesimi bəyənməsindən bir az ruhlanmışdım, deyəsən müəyyən qədər hissə də qapılaraq etiraz etmək istədim: "Axı dastanda Azərbaycanla bağlı çoxlu əlamətlər, yer adları var.

Bağırov da dərhal çımxırdı: "Orada yazılır ki, at əti yeyirlərmiş. Məgər biz at əti yeyirik?"

Daha bunun qabağında bir cavab verə bilmədim. Amma bu söhbətdən 2 gün sonra Mirzə İbrahimovun dastanın əleyhinə məqaləsi dərc edildi".

"İnqilab və mədəniyyət" jurnalının 1951-ci il 7-ci buraxılışındakı baş məqalə dövlətin mövqeyi idi, bundan qırağa çıxan baxışa Azərbaycanda yer ola bilməzdi: "Azərbaycan xalqı ilə, onun tarixi, folkloru və dili ilə heç bir əlaqəsi olmayan "Dədə Qorqud" eposunun açıqdan-açığa mürtəce və burjua-millətçilik mahiyyəti daşımasına baxmayaraq, Həmid Araslı, Dəmirçizadə kimilər bu eposu geniş təbliğ etməyə başlayaraq onu Azərbacan xalq yaradıcılığının "görkəmli" abidəsi kimi, Azərbaycan xalqının X və XI əsrlərdəki həyat tərzi, adət və ənənələri haqqında guya ən mötəbər təsəvvür yaradan "çox böyük tarixi abidə" kimi qələmə vermişlər".

 Həmin ərəfələrdə Həmid Araslı yüksəlişdə idi. 1940-1941-ci illərdə yeni yaranan Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində elmi katib vəzifəsində çalışırdı. O vaxtdan ta 1945-ci ilə qədər qurulması davam edən ekspozisiyanın mətninin müəllifi, baş məsləhətçisi və rəhbəri də o idi.

Bununla yanaşı, Ədəbiyyat institutunda qulluqdaydı, 1941-ci ildə orada Qədim ədəbiyyat şöbəsini yaradaraq ilk müdiri olmuşdu, 1945-də isə irəli çəkilərək institut direktorunun elmi işlər üzrə müavini təyin edilmişdi.

Həmid Araslı 1943-cü ildə "XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı tarixi" mövzusunda dissertasiya müdafiə edərək alim adına layiq görülən barmaqla sayılacaq qədər az araşdırıcılardan idi.

1944-cü ildə isə Azərbaycan Dövlət Universitetində Yaxın Şərq ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə seçilmişdi.

Və qəfildən təqiblər başlanır.

Sovet hökuməti insanı bir an içində zirvədən yerə çırpmaqda mahir idi, bu rəzalətin bütün məkrli fəndlərinə bələd idi.

Araslı bir göz qırpımında tutduğu bütün vəzifələrdən xaric edilir.

Təkcə universitetdəki müəllimliyinə hələlik toxunmurlar.

Alçaldıcı müzakirələr başlanır, təhqiramiz məqalələr baş alıb gedir.

İclasların birində Yazıçılar İttifaqının sədri ona təpinir: "Səni bu zaldan milislə apartdıraram".

Bu gedişatda ən çox döyülüb-söyülən Həmid Araslı ilə Əbdüləzəl Dəmirçizadə olur.

Çünki Dədə Qorqud mövzusunda müxtəlif məqalələr, bədii əsərlər yazanların hamısı mətbuatda çıxış edərək "səhvlərini" etiraf etsələr də, bu iki nəfər axıradək "düz yola" gəlməyə müqavimət göstərir, dastanı tədqiq və təbliğ etməklə "pis iş tutduqlarını" boyunlarına almırlar.

Stalin ölməsəydi, repressiya buzları əriməyə başlamasaydı, Həmid Araslının aqibəti necə olacaqdı?

O vaxt "səhvlərini" etiraf edənləri, hətta Araslını, Dəmirçizadəni tənqid atəşinə tutanları da qınamıram.

Dövr elə dövr idi, siyasət elə siyasət idi.

Biri canının hayındaydı, biri balalarının taleyini düşünürdü, biri qohum-əqrəbasının fikrini çəkirdi.

Həmid Araslının da canı vardı, ailəsi, uşağı vardı, qohumları, yaxınları vardı.

Keçmişdəki zəifliklərinə görə bugündə oturaraq dünəndəkiləri qılınclamayaq.

Fəqət o müdhiş əyyamlarda vüqarını, düzlüyünü, namusunu, əqidəsini qoruya bilmişləri də ucu tutaq, yenilməz ruhlarına baş əyək.

Milləti o cür RUHLAR millət edir.

1981-ci ildə artıq nə Bağırov vardı, nə Stalin, nə də köhnə irticalar. Ədəbiyyatşünaslarımız, yaza bilənlərimiz bəs deyincə idi.

Həmid Araslı artıq yaşlı idi, xəstə idi, səhhət böhranları, xüsusən yüksək qan təzyiqi onu çox narahat edirdi. Lakin İranda Firuz Mənsuri adlı bir nəfər "Tarixin qəlbindəki sirlər" adlı kitab nəşr etdirərək "Şah İsmayıl şair olmamış və "Divan" da yaratmamışdır" yazanda, bunu saxtakar iddialarla isbat etməyə başlayanda yenə ilk dillənən ədəbi vicdanı həmişə oyaq Həmid Araslı idi.

İpək təbiətiylə, kübar ədalarıyla, mehriban xasiyyəti ilə tərs mütənasib olan neştərli məqaləylə çıxış etdi, danılmaz dəlillər və sübutlarla babası Xətaiyə qahmar durdu: "Qəddar Rza və Məhəmməd Rza şahların hakimiyyəti illərində Azərbaycan dilində yazmaq, oxumaq, hətta böyük məclislərdə danışmaq belə qadağan olunmuşdu. Şah nökərləri, xüsusən İranın şovinist ziyalıları və bəzi satqın azərbaycanlı cızmaqaraçılar öz yazılarında tarixi saxtalaşdıraraq sübut etməyə çalışırdılar ki, ümumiyyətlə Azərbaycan dili Azərbaycan ərazisində Səfəvilərdən sonra yayılmış və bu dildə bədii əsərlər yazılmamışdır.

Görünür siz də ana dilinə, ana yurduna, ana südünə xain çıxan şöhrətpərəstlərdən birisiniz. Amma öz bədnam sələflərinizdən bir qədər də irəli gedərək Azərbaycan xalqının ədəbiyyat, dil və mədəniyyət tarixini daha saxta yollarla inkar və təhrif etməyə cəsarət göstərirsiniz.

...Şah İsmayılın ana dilində Xətai təxəllüsü ilə şeirlər yazmasını, Azərbaycan dilinə rəvac verməsini onun üzərində tarixi töhmət adlandırır və öz tədqiqatınızla guya onu bu töhmətdən qurtarmaq istəyirsiniz. Sizin fikrinizcə, öz doğma dilində bədii əsərlər yazıb doğma dilinə rəvac vermək tarixi qəbahət imiş. Bəli, bu, irqçilərin, müstəmləkəçilərin, faşistlərin anlayışıdır. Biz bu fikirlə mübarizəni gələcək əsərlərimizdə də davam etdirəcək, sizi və həmfikirlərinizi hərtərəfli rüsvay edəcəyik".

Bu sətirləri yazanda Həmid Araslı 72 yaşında idi və ömür möhlətinin bitməsinə 2-cə il qalırdı.

Amma kim deyə bilər ki, Həmid Araslı həmin mübarizəsini bu gün davam etdirmir?!

...İlk gəncliyində, 1920-ci illərin ortalarında darülmüəllimini yenicə bitirmiş Həmid Araslı Nəbiağalı kəndinə ədəbiyyat müəllimi göndərilmişdi. Qısa müddətdə Gəncəbasarda öyrətmək və öyrənmək yanğısı ilə dolu bu cavan müəllimin adı dillərə düşmüşdü.

O dövrdə dərs dediyi şagirdlərindən biri ilə xeyli sonra - artıq dünya şöhrətli alim, akademik, Türk Dil Qurumunun fəxri üzvü Həmid Araslı 1969-cu ildə doğma Gəncədə keçirilən 60 illik yubiley mərasimində rastlaşır: "Müəllim, 1927-ci ildə siz bizə tapşırmışdınız ki, xalq hafizəsində qalan şeirləri, yazıya düşməmiş el sözlərini, rəvayətləri, əfsanələri, lətifələri yığaq. Mənim topladığım folklor nümunələri çox xoşunuza gəlmişdi, qolunuzdakı saatı açıb bağışlamışdınız mənə. İndi də o saat ən ali mükafat, ən əziz yadigar kimi evimizin yuxarı başında, divardan asılıdır".

Həmid Araslının sonu olmayan ömrünün, ölməz klassiklərimizin yaşarı sözlərinə qovuşmuş həyatının birinci əsri bitib, ikinci əsri başlayıb.

Özü çoxdandır ki, həyatda yoxdur.

Amma ədəbiyyatımızdakı, elmimizdəki, ictimai vicdanımızdakı Həmid Araslı saatı işləməkdə davam edir, yenə o saat ən yuxarı başdadır.

Hələ çox illər boyu biz saatlarımızı Həmid Araslının dürüst saatı ilə tutuşdurub düzəltməli olacağıq.

Hələ çox illər boyu biz klassik şeirimizin əlvan dünyasına mötəbər Həmid Araslı körpüsündən keçərək qovuşacağıq.

* * *

Qeyri-adi məhək daşı sayılası irticalı sovet onillərində başını salamat qurtarmaq, üstəlik, həm aşkarda, həm gizlindəki qələmini hər cür şeytançılıqdan qoruya bilmək hünər istəyirdi. Həmid Araslının incə bir məhəbbətlə sevdiyi qızı Nüşabə xanım bir dəfə canını dişinə tutaraq ürəyindəki nigarançılıqdan birdəfəlik qurtulmaq üçün atasına, bəlkə də, həyatında ən çətinliklə dilə gətirə bildiyi sualını verir: "O vaxt kiminsə əleyhinə nəsə yazmamısan?"

Həmid müəllim dərhal və qətiyyətlə cavab verir: "Bir kəlmə də!"

Çamurlu zəmanənin insan sovuran bataqlıqlarından keçərək lehmələrə bulaşmamaq, qələmini murdarlamamaqdan ötrü kişi ömrü yaşamaq lazım idi. Həmid Araslı min cür məhrumiyyət və könül əzabları bahasına olsa da, məhz belə bir ömür sürə bilmişdi. Ona görə də balasının, millətinin və Tarixin qarşısında üzü ağ idi...

* * *

Ağlı kəsəndən sözlə baş-başa olmuş Həmid Araslı son nəfəsinəcən gözəl sözdən doymadı və belə vəsiyyət edir, belə öyüd verir, belə arzulayırdı: "Sənin sinən söz dəryasıdır. Bu dəryanın qiymətli inciləri hələ toplanmamışdır. Sənin qüdrətli əlinlə tarixə yazılan zəngin dastanlar bağlı bir kitabxana kimi dünya oxucularına məlum deyildir.

Əziz ana, gözəl Vətən! Mənim tarix boyu gözü ilə od üfürən, kirpiyi ilə kül süpürən yaradıcı, mübariz xalqım! Aç sinəni, xəzinəndəki bütün incilərin övladlarına bir xatirə olsun. Bizi mərd atalarımızın tarixi faciələri ilə tanış etsin. Onun namuslu həyatı və müqəddəs xatirələri övladının həyat mübarizəsində yollarını məşəl kimi işıqlandırsın. Namərd, nankor, ana südünə, ana dilinə, qüdrətinə kəc baxanlara nifrət daha da artsın!"

Həmid Araslının 1961-ci ildə Vətəninə və Vətən övladlarına yazdığı o məhrəm məktubda bir qədim bayatı da vardı:

 

Apardı çaylar məni,

Həftələr, aylar məni.

Yüküm qurğuşun idi,

Yordu bu taylar məni.

 

Həmid Araslının ömrü uzunu ürəyində, beynində, varlığında gəzdirdiyi, həyatı boyu qayğısını, təəssübünü çəkdiyi yük qurğuşundan qat-qat ağır Söz Yükü idi.

Bu müqəddəs yükü şərəflə daşıyanlarsa heç zaman yorulmaz!..

 

 

Rafael Hüseynov,

Milli Məclisin deputatı,

filologiya elmləri doktoru,

professor, Azərbaycan Milli

Elmlər Akademiyasının müxbir üzvü

 

Azərbaycan.-2009.-11 mart.-S.6.